
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə iyunun 11-də açıqlanacaq.
İqtisadçı-ekspert Xalid Kərimli “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Səbəb ondan ibarətdir ki, Mərkəzi Bank hesab edir ki, inflyasiya 5.9 faiz olmasına baxmayaraq, Mərkəzi Bankın gözləntilərinə uyğun gedir. Qarşıdakı 12 aylıq proqnozlar hazırdır və hesab edirlər ki, buna da uyğun olacaq. Elə bu səbəbdən də faiz dərəcəsinin aşağı salınmasını istəməyiblər. Həm də hesab edirlər ki, bundan sonrakı inflyasiya, əsasən, xarici faktorlardan asılı olacaq. Buna görə də faiz dərəcəsinin artırılması qərar verilməyib. Çünki xaricdən gələn malların qiyməti ölkədəki inflyasiyaya təsir edəcək. Bu səbəbdən də faiz dərəcəsini artırılması qərarına ehtiyac duymamalarına gətirib çıxarıb”.
Ekspert qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlamasının əsas səbəblərindən biri də son dövrlərdə bankların faiz xərclərinin artması daha da aktivləşib.
“Onsuz da son dövrlərdə ölkədə faiz dərəcələri artıb. Bu aspektdən ona da getməməyi və gözləməyi diqqətdə saxlayıblar. Bundan əvvəlki iclasda da onların inflyasiya ilə bağlı proqnozları hesab edirlər ki, indi də proqnozdakı kimi qalmaqdadır. Burada pozitiv məsələlər də var. Tədiyyə balansında profisitin olması müsbət amil kimi qeyd olunur. Baxmayaraq ki, neftin qiyməti müəyyən qədər düşüb, amma yenə də ölkənin ticari müsbət həddədir. İndiki məqamda Mərkəzi Bankın faiz dərəcələrini dəyişməməsi daha çox “gözləyək görək nə olacaq?” prinsipindən irəli gəlir”.