Ardını oxu...
Politoloq: “İran zənginləşdirilmiş uranı tez bir zamanda silaha çevirmək üçün lazımi imkanlara malikdir”

Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar gözləniləndən qat-qat uğurla keçdi. ABŞ Prezidenti Donald Trampın görüş ərəfəsində İran hədəflərinə irimiqyaslı hücumları təşkil etməklə hədələməsinə baxmayaraq, hər iki tərəf dialoqu “ciddi, əsaslı və əla” adlandırıb. Hazırda Amerika və İran tərəfləri aprelin 19-da planlaşdırılan danışıqların ikinci raunduna hazırlaşır. İran niyə yalnız sərt təhdidlərdən sonra güzəştə getdi, Tramp həqiqətən nəyə nail olmağa çalışır və təhdid ritorikasına baxmayaraq, hər iki tərəf nə üçün eskalasiyada maraqlıdır? Bu sualların cavabı dünya gündəmində maraq kəsb edir.

İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar şənbə günü, aprelin 12-də Omanın paytaxtı Maskatda baş tutdu. İranı xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. Oman diplomatları bir nümayəndə heyətindən digərinə mesaj ötürərək vasitəçi kimi çıxış ediblər.

“Vasitəçilər vasitəsilə” formatına baxmayaraq, Əraqçi və Vitkoff bir neçə dəqiqə də olsa, şəxsən danışıblar.

Bütövlükdə, danışıqlar aşağıdakılarla nəticələnib: ABŞ İrandan uranı silah səviyyəsinə qədər zənginləşdirməyi dayandırmağı tələb edib, İran isə sanksiyaların ləğvini tələb edib.

Maraqlıdır ki, İran görüşdən bir neçə həftə əvvəl amerikalılarla hər hansı əlaqədən qəti şəkildə imtina etmişdi. Fevral ayında İran hökumətinin sözçüsü Fatemeh Mohacerani deyib: "Güclü mövqedən aparılan danışıqları danışıqlar adlandırmaq olmaz. Maksimum təzyiq olduğu halda danışıqlardan danışmaq olmaz".

Lakin aprelin əvvəlində Tramp ultimatum verdi: ya İran görüşə razılıq verəcək, ya da “görünməmiş güc” zərbələri ilə üzləşəcək.

“Vəziyyət çox təhlükəlidir. Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq. Onların uğurlu olması İranın maraqlarına uyğundur. Razılaşmasalar, partlayışlar olacaq”, Amerika lideri xəbərdarlığında qeyd etmişdi.

Görünür, məhz bu təhdidlər və yeni sanksiyalar perspektivi İranı mövqeyini dəyişməyə məcbur edib.

“The New York Times” yazır ki, İranın Ali Rəhbəri Seyid Əli Xamneinin yaxın ətrafı gözlənilməz eskalasiyadan qorxaraq onu əvvəlki sərt kursundan əl çəkməyə inandırıb.

Danışıqların tərəfdarları arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri və parlamentin hazırkı sədri Məhəmməd Bağır Qalibaf, həmçinin Prezident Məsud Pezeşkian da var. Onların fikrincə, dialoqdan imtina İran, ABŞ və İsrail arasında qaçılmaz müharibəyə səbəb ola bilər. Üstəlik, ciddi daxili böhran kontekstində bu, yeni sosial sarsıntılar yarada bilər.

Göründüyü kimi, Omandakı danışıqlar qarşılıqlı güzəştlərlə yekunlaşıb. “The Wall Street Journal” (WSJ) xəbər verir ki, ABŞ qismən kompromislərə hazır olduğunu nümayiş etdirib. Nəşrin mənbələrinə görə, İran nüvə proqramını məhdudlaşdırmaq üçün üç şərt irəli sürüb: nüvə sektoruna qarşı sanksiyaların yumşaldılması, İranın xaricdəki aktivlərindən istifadəyə icazə və İran neftinin çinli alıcılarına təzyiqin dayandırılması. Bunun müqabilində İran tərəfi ABŞ-ın 2018-ci ildə Trampın prezidentliyi dövründə imtina etdiyi 2015-ci il sazişində göstərilən uranın zənginləşdirilməsi parametrlərinə qayıtmağa hazırdır.

Amerikalı strateqlər hələ də prinsipcə, uranın zənginləşdirilməsinə qarşı çıxsalar da, WSJ-nin məlumatına görə, Vitkoff sərt tələblərdən imtina edib və müzakirələrin 19 aprel şənbə günü, İtaliyanın paytaxtı Romada baş tutacaq ikinci raundda davam etdirilməsini təklif edib. İran tərəfi isə bu təklifə “hə” deyib.

“Danışıqlar tamamilə qarşılıqlı hörmətlə, sakit və konstruktiv atmosferdə keçib”, - deyə İran Xarici İşlər Nazirliyi dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.

Bununla belə, “Politico” nəşrinin yazdığına görə, ABŞ ehtiyat edir ki, İran ehtiyatda saxladığı uranı istifadəyə hazır nüvə silahına çevirmək üçün vaxt qazanır.

İran üzrə rusiyalı ekspert Anastasiya Kislitsina “Lenta.ru”ya deyib ki, Tramp danışıqların nəticələrindən razı qalmasa, İranın nüvə obyektlərinə zərbə endirilməsi ehtimalı artacaq. Analitik İsrailin danışıqlar uğursuz olarsa, Amerikanın hərəkətlərini dəstəkləyə biləcəyini söyləyib: “Düşünmürəm ki, İsrail danışıqların hər hansı nəticəsi ilə razılaşacaq. Əgər ABŞ nəticələrdən razı qalmasa, İsrail çox güman ki, təcavüzü dəstəkləyəcək”.

Ekspert həmçinin İranın hava hücumundan müdafiə sisteminin müxtəlif istiqamətlərdən hücumları dəf etmək qabiliyyətinin şübhə altında olduğunu vurğulayıb: “İsrail əvvəllər də nüvə obyektlərinə dəqiq zərbələr endirib və nəticəsiz olmayıb. Hesab edirəm ki, İran müxtəlif istiqamətlərdən hücumlarla üzləşməli olacaq. Biz həm ələ keçirmələri, həm də tək-tək də olsa strateji hədəflərə uğurlu zərbələri xatırlamalıyıq”.

“Əminəm ki, İran zənginləşdirilmiş uranı tez bir zamanda silaha çevirmək üçün lazımi imkanlara malikdir. Həddindən artıq zərurət yarandıqda isə Tehran ondan istifadə etməyə hazır olduğunu açıq şəkildə bəyan edə bilər. Davamlı hərbi təhdidlər uran ehtiyatlarının gizli ərazilərə səpilməsinə səbəb ola bilər. Bu, vəziyyəti daha da qəlizləşdirə bilər”, Kislitsyna söyləyib.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Dünən güclü yağışlardan sonra Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisinin ölməsi, həmçinin xəsarət alanların olması ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb. Bu cür təhlükəli havada işəgötürənlər kəskin tənqid edilir və bildirilir ki, bu, əmək hüquqlarının pozuntusudur. Hətta ölümə səbəb olan və işləmək tapşırığı verən şirkət rəhbərinin həbs edilməsi tələb edilir.
Qanunvericilik bu barədə nə deyir?
TEREF in məlumatına görə, Globalinfo.az-a danışan vəkil Vamiq Şükürov deyib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsininə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:
“İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” adlı Əmək Məcəlləsinə edilmiş əlavə var. Belə ki, həmin qaydalara görə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma işləri; 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi işləri dayandırılır. Bunun öhdəliyi birbaşa direktorun, rəhbərliyin üzərinə düşür. Onun borcudur ki, belə bir havada işi dayandırsın. Qeyd edilən tələblərin pozulduğu müəyyən olunarsa, təbii ki, qanunvericiliklə tədbirlər görülür. Cinayət Məcəlləsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda – üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur”.
Vəkil bildirib ki, burada istisna hallar da mövcuddur:
“Bəzən ekskavatorun fəaliyyəti elə birbaşa xilasedici işlərlə bağlı olur. Məsələn, təcili yardım zamanı yaxud hansısa baş vermiş qəzalı vəziyyəti aradan qaldırarkən işlərin dayandırılması qaydaları həmin hallara aid deyil”.
 
Ardını oxu...
Trampın sülh səylərinə açıq istehza və: Putin “dostunu” gülüş obyektinə çevirir

ABŞ Prezidenti Donald Tramp Sumıya hücumu şərh edərkən bildirib ki, ona Rusiyanın “səhv etdiyini” deyiblər. Rusiyanın Krivoy Roq və Sumıya endirdiyi zərbələr nəticəsində həlak olan 11 uşaq təkcə “səhvlərin” qurbanı deyil. Odessaya gecə hücumu, Xerson və Donetsk vilayətlərində hər gün dinc əhalinin qətlə yetirilməsi, Zaporojye, Xarkov, Dnepr və digər şəhərlərə hücumlar – bunlar “səhv” deyil. Bunlar qorxu yaratmaq üçün istifadə edilən terror üsullarıdır.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri düzgün qeyd edib: “Bu, eyni Trampın sülh səylərinə açıq istehzadır. Putin “dost” Trampı gülüş obyektinə çevirir”.

Avropada faktiki konsensus var: Rusiya xristianların bayramında onlarla dinc sakini öldürdü, Putin sübut etdi ki, atəşkəs istəməyən yeganə şəxs odur.

Eyni zamanda, Donald Trampın müttəfiqləri bütün gücləri ilə onun üçün manevr imkanları saxlamağa çalışır və vurğulayırlar ki, Trampın dayandırmaq istədiyi məhz belə terrorlardır. Amma bu və ya digər şəkildə məntiqi zəncir bağlıdır.

Ay yarım bundan əvvəl Tramp bir proses qurdu: “Biz dialoqa başlayacağıq və görəcəyik ki, həqiqətən kim sülh istəmir. Rusiyadırsa, cəzasını çəkəcək”. Bunlar onun sözləridir. Hətta xəbərdarlıqda deyilirdi: “Lazım gələrsə, cəzalandıracaq”.

Yol tamamlandı. Ətrafda hamı deyir: budur faktlar, sülh istəməyən yeganə şəxs Putindir. Və bu səhv deyil. Tədbir gör. Əgər bir şey deyirsənsə və hərəkət etmirsənsə, sən kimsən?

İki həftədən sonra Trampın səlahiyyət müddəti 100 günə çatacaq. O, bu xəttə çox pis fonda yanaşır, cənub sərhədinin möhkəmləndirilməsi istisna olmaqla, ideyalarının bütün əsas istiqamətlərindən faktiki olaraq geri çəkilir. Bu o deməkdir ki, Trampın super gücü – aqressiv blef – fəaliyyətini birdəfəlik dayandıracaq. Həm də belələrinə Nobel mükafatı vermirlər.

ABŞ lideri bunu hiss etməyə bilməz. Ona görə də istisna etmirəm ki, yaxın günlərdə mayın əvvəlinə kimi hansısa simvolik deeskalasiyaya işarə etmək üçün Putinə həqiqətən də təzyiq etmək cəhdi (çox güman ki, qeyri-ictimai) olacaq. Əks halda, pis vəziyyət yaranacaq: artıq hamı “bu, Baydenin müharibəsidir” eşitdi, amma hamı hegemonun çarəsiz olduğunu da görəcək.

Və daha bir məsələ. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Sumıda onlarla mülki vətəndaşı qətlə yetirən Rusiya hərbi birləşmələrinin rəhbərləri haqqında məlumatı dərhal toplayıb. Bu, Kəşfiyyat İdarəsinin məlumatlı olduğuna və terrorda iştirak edənlərin hamısının ədalətli cəzalandırılacağına dair aydın siqnaldır. Təbii ki, bunun üçün bir qədər vaxt lazım olacaq. Amma onların başına nə gəlsə də, heç kim “niyə?” sualını verməyəcək. Bu cinayətkarlar üçün ən təhlükəsiz yer Ukrayna həbsxanasıdır.

Müəllif: Oleksey Kopıtko - Hərbi analitik, Ukrayna müdafiə nazirinin keçmiş müşaviri.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.
Ardını oxu...
Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək.
Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.
Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə enerji dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdır. Ölkələrimizin iştirakı ilə strateji meqa layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Prezident İlham Əliyev Gürcüstanlı həmkarı ilə görüşdən sonra mətbuata açıqlamasında bu məqama xüsusilə toxunaraq bildirdi ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.
Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcək. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki addımların atılacağı planlaşdırılır.
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
Əminik ki, bu səfər Azərbaycan-Gürcüstan əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək.


Metin Hüseynov - siyasi sərhçi, politoloq
 
Ardını oxu...
Əvvəlcə ən vacib məqamı xüsusilə vurğulayaq: KİV-lər, Konqres, Baş Prokurorluq, FTB və MKİ Trampı dayandıra bilməyəcək. Bu qurumlar artıq onun nəzarətindədir. Trampa müqavimət göstərə biləcək yeganə instansiya — Ali Məhkəmdir.
Bir neçə gün əvvəl Ali Məhkəmə qərar çıxardı ki, Trampın ABŞ-da qanuni yaşayan bir şəxsi Salvadora deportasiya etməsi tamamilə qanunsuzdur və həmin şəxsin geri qaytarılması tələb olunur.
Dünən isə Tramp bu qərara tabe olmayacağını açıq şəkildə bəyan etdi. Bu, ABŞ tarixində demək olar ki, ilk dəfə baş verir. Ali Məhkəmə qərarları həmişə mübahisə olunmaz, toxunulmaz sayılıb.
Ali Məhkəmədə hazırda 6 mühafizəkar və 3 liberal hakim var. İlk baxışdan Tramp bu orqana da nəzarət edir kimi görünə bilər — çünki mühafizəkar hakimlərin ona ideoloji yaxınlığı mövcuddur. Amma bu — yalnız zahiri təəssüratdır. Həqiqi sınaq, Prezidentin Ali Məhkəmənin qərarlarını tanımadığı anda başlayır.
Qeyd edilən iş üzrə Ali Məhkəmə yekdilliklə — 9-0 səs nisbəti ilə qərar çıxarıb. Bu o deməkdir ki, Trampa yaxın hesab olunan 6 mühafizəkar hakim də onun əleyhinə səs verib. Məsələ hüquqi baxımdan o qədər açıq-aşkar idi ki, heç bir tərəddüd olmadı.
Buna baxmayaraq, Tramp bu qərara tabe olmaqdan imtina edib. Lakin Ali Məhkəmə bu addımı cavabsız qoymayacaq. Məhkəmə müstəqildir, hakimlər ömürlük təyin olunurlar və belə bir presedentsiz hörmətsizliyi qəbul etməyəcəklər. Onlar anlayırlar ki, ölkənin gələcəyi məhz onların mövqeyindən asılı olacaq. Özlərinin tarixi məsuliyyətini və ölkə üçün kritik rolunu dərindən dərk edirlər.
Təkrar edək: ABŞ tarixində heç kim Ali Məhkəmənin qərarını icra etməkdən imtina etməyə cəsarət etməmişdi.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
  

Rusiya da son “kartı” işə salır; Kremlin əl-qolu açılmamış Paşinyan bu addımları atmalıdır...

Azərbaycan və Ermənistan arasında sülh sənədi mətninin razılaşdırılması ilə iki ölkənin barışığı yolunda mühüm addım atıldı. Bu səbəbə sülh əleyhdarları artıq hərəkətə keçib. Hərçənd sənədin imzalanması üçün İrəvan daha iki şərtə əməl etməlidir.

Onlar bəlli. Əks halda, anlaşma uzunömürlü olmayacaq. Azərbaycan Paşinyan iqtidarı ilə deyil, Ermənistanla, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Pozucu qüvvələr üçün son unikal “fürsət” də elə budur: həmin iki şərtin reallaşmasını əngəlləməklə iki qonşu xalqın və ölkənin barışığına imkan verməmək...

“Qraparak” erməni qəzetinin yazdığına görə, təxminən bir ay öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanı kurasiya edən Dmitri Kozakı Rusiya Prezidentinin Administrasiya  rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə əvəzləyib. Nəşr bildirir ki, yeni təyinat Ermənistanın Kreml üçün mühüm istiqamətlərdən biri olduğunun sübutu sayıla bilər: “Kiriyenko administrasiyada nüfuzlu şəxsdir və Putin ona etimad bəsləyir. Məlumatlara görə, Kriyenko artıq bir sıra erməni siyasətçi ilə danışıqlar aparıb, hətta bəzilərini Kremldə qəbul edib. Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan onunla Moskvada görüşüb. Köçəryanın ofisi isə ənənəvi olaraq şərh verməkdən çəkinir”.

Köçəryanın Rusiya lideri ilə isti münasibətlərini də nəzərə alsaq, məlumatın səhihliyinə şübhə qalmır. Şübhə yox ki, Bakı türməsinin “darıxdığı” Xocalı hərbi canilərinin (Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan) və ya hansısa digər radikal-revanşist qüvvənin hakimiyyətə gəlişi Azərbaycanla sülh sazişinin imzalanmasını uzaq perspektivə atacaq. Hansı ki, Rusiyanın da strateji maraqlarına uyğundur. Çünki Moskva bölgədə ənənəvi olaraq konfliktlər sayəsində öz mövcudluğunu saxlamağa çalışır. Görünür, Moskva sülh sənədinə qarşı son “kartı”nı işə salmağa hazırlaşır. Belədirmi?

Xatırladaq ki, Putin başda olmaqla, Rusiyanın ən yüksək çinli rəsmiləri Qarabağı Azərbaycanın tərkib hissəsi elan edən Nikol Paşinyanı hələ də bağışlaya bilmirlər. Köçəryanlar, sərkisyanlar, ohanyanlar üçün isə təbii ki, “artsax” kitabı bağlanmayıb. Bu səbəbə revanşistlər Ermənistan konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması üçün hər şeyi edir və edəcəklər. Hansı iddialar ki, Kremlin də maraqlarına uyğundur. Ona görə ki, bu, kapitulyant ölkədə Rusiyanın hərbi mövcudluğunu zəruri edir. Eyni zamanda bu iddialar Azərbaycana qarşı istənilən vaxt müharibəyə başlamaq üçün “hüquqi” əsasdır.

Eləcə də Minsk Qrupunun saxlanması konfliktin bitmədiyi görüntüsünü yaratmağa xidmət edir. Ancaq bir var, müxalifətdə olub belə çirkin məqsədlər üçün çalışasan, bir də var əlində hakimiyyət varkən. Əlbəttə ki, ikinci halda revanşistlər özlərini daha rahat hiss edəcəklər. Üstəgəl, onlar Rusiyanın birbaşa himayəsi altında olacaqlar. Odur ki, hakimiyyət səbirlə öz xalqını sülhə hazırlamalıdır. Paşinyan hökuməti gerçəkdən də öz cəmiyyəti üçün yeni dağıdıcı müharibə arzulamırsa, sülh və əmin-amanlıq naminə Bakı ilə sülh müqaviləsinin tezləşməsini istəyirsə, o zaman tələsməli, revanşist dəstə hakimiyyətə qayıtmamış, Güney Qafqazda Kremlin əl-qolu təzədən açılmamış konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmağın yolunu tapmalıdır. Bunu parlament səviyyəsində etmək mümkünsə, parlament çərçivəsində etməlidir...

Bəs Kreml “Köçəryan projesi”ni gündəmə gətirə bilərmi?

Ardını oxu...

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın çoxdankı arzusudur. Onun fikrincə, bunun üçün hazırda sosial baza yoxdur, çünki keçmiş prezident Köçəryanın nüfuzu yerlərdə sürünür. Bununla belə, Kremlin Ermənistanda təsir imkanlarının qaldığını deyən Q.Hüseynli hesab edir ki, o “kart”ın biri də hər nə qədər zəifləmiş olsa da, keçmiş “Qarabağ klanı”dır: “Rusiya prezidenti ötən il Yeni il bayramı münasibətilə  Köçəryana və Sərkisyana təbrik məktubu göndərmişdi. Baş nazir, erməni xalqı qala-qala təbrik sabiq prezidentlərə ünvanlanmışdı. Deməli, Rusiya prezidenti hələ də onlara dəstək verir. Düşünmürəm ki, bu dəstək onların iqtidara qayıdışını təmin edəcək, lakin təzyiq aləti olaraq qalmaqdadırlar. Ümumiyyətlə, Putinlə Köçəryan şəxsi əlaqələrə sahibdir, ona görə Paşinyan keçmiş prezidenti həbs etdirəndə Kreml lideri onun azad edilməsini istəmişdi. Bu baxımdan, Moskvada bəzi görüşlərin və məsləhətləşmələrin olması mümkündür. Məqsəd Ukraynada müharibə qurtarandan sonra Ermənistanda təzyiqlərə başlamaqdır”.

Professorun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağda yeni müharibənin başlanmasına səbəb olmayacaq, lakin sülh müqaviləsinin imzalanmasını daha da çətinləşdirəcək: “Təsəvvür etmirəm ki, Xocalı qatili Köçəryan hakimiyyətə qayıtsın. Erməni xalqı onun kimilərdən çox çəkib. Paşinyanın reytinqi aşağı düşsə də, yenə də seçkidə üstünlük qazanır. Əgər Köçəryan kimilər yenidən hakimiyyətə gələrsə, Azərbaycanla danışıqlarda böyük pauza olacaq. Çünki Qarabağa olan iddianı yenidən gündəmə gətirəcək, revanşist mövqe tutacaq, Bakı isə onunla bir masaya heç oturmaq istəməyəcək. Çünki onun yeri hakimiyyət kürsüsü yox, Araikin yanıdır. Odur ki, hər şey 2026-cı ildən asılıdır. Əgər Paşinyanın partiyası parlament seçkilərində qalib gəlsə, o zaman iqtidar daha da möhkəmlənəcək. İnanıram ki, belə də olacaq. Bəli, Paşinyan üçün çətin seçki olacaq, amma qalib gələcək. Burada Ermənistan hakimiyyətini dəstəkləyən Qərbin də maraqları var. Onlar Paşinyanın qələbəsi üçün təbliğat maşınını gücləndirəcəklər. Eyni zamanda Türkiyə və Azərbaycanın da siyasi-diplomatik manevrlər edərək Paşinyanın iqtidarda qalması üçün müəyyən jestlər etməli olduqlarını düşünürəm. Bu, Zəngəzur dəhlizi, regionun gələcəyi və ən vacib məsələ - yekun sülh müqaviləsi üçün labüddür. Yəni Paşinyanla bu prosesi başa vurmalıyıq. Bu nöqteyi-nəzərdən, Kremlin planlarını alt-üst etmək lazımdır”.

Ardını oxu...

 Arif İsmayılbəyli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli isə hesab edir ki, Rusiyada keçirilən gizli görüşlər revanşist müxalifətin gücləndirilməsinə xidmət edir. Onun qənaətinə görə, Rusiya 2026-cı il parlament seçkilərinə hazırlaşır: “Moskva anlayır ki, çevriliş mümkün deyil. Gürcüstanda da alınmadı, seçki yolu ilə Saakaşvilini dəyişməyə nail oldular. Eyni ssenari Ermənistan üçün hazırlana bilər. Sadəcə, Gürcüstanda yeni siyasi qüvvə meydana çıxmışdı və bu gün də iqtidardır. Yəni Şevardnadzenin adamları deyildilər. Ermənistanda isə Paşinyana qarşı qüvvə keçmiş prezidentlərdir, onların isə xalq içində hörməti qalmayıb. Ona görə Rusiya yeni siyasi qüvvə ortaya çıxara bilməsə, gələn il Paşinyan revanşistləri seçkidə məğlub edəcək. Hər şeydən öncə rəsmi İrəvan anlamalıdır ki, Rusiyanın Ukraynada əl-qolu açılmamış Azərbaycanla sülh məsələlərini tezləşdirməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Ardını oxu...
"Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Taksi sisteminin cari çatışmazlıqları hansılardır?

Baş verən yol-nəqliyyat hadisələrində günahkar kimdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qəbul edilən qərarlar taksi fəaliyyətində nəyi dəyişdi?

Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.

Ətraflı Baku TV-nin süjetdə:

 
Ardını oxu...
“Qarabağ klanı”nın son günlər Ermənistanda yenidən fəallaşması revanşist müxalifətin Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirməsi ilə müşayiət olunur.

“Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”. Keçmiş qondarma rejimin “müdafiə naziri”, hazırda Ermənistan parlamentinin deputatı Seyran Ohanyan belə deyib. Uydurma rejimin nümayəndələrindən ibarət bir qrup etirazçı ilə görüşən Ohanyan erməni separatizminin bərpasına çağıran şovinist açıqlamalar verib.

“Hər bir erməni üçün Qarabağın taleyi böyük əhəmiyyət kəsb edir. Sosial problemlərlə yanaşı, gələcək tale baxımından ciddi işin aparılması lazımdır. Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”, -deyə Ohanyan qeyd edib.

Xocalı soyqırımının təşkilatçısı Ohanyan 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarına görə Azərbaycanı “soyqırımı” törətməkdə ittiham edib.

““Qarabağ xalqı”nın subyektivliyini, “Qarabağ xalqı”nın statusunu qorumaq, kollektiv və təhlükəsiz qayıdışını təmin etmək lazımdır. Ermənistan hakimiyyətinin bu məsələdə davranışı çox təhlükəlidir. ATƏT-in Minsk Qrupunun mövcud formatında danışıqlar prosesi davam etməlidir. Çox mürəkkəb proses gözlənilir, lakin davam etməlidir”, - deyə Ohanyan vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyası Ermənistan hökuməti tərəfindən dayandırılmış aylıq 50 min dram sosial yardımın bərpası tələbi ilə bağlıdır.

Seyran Ohanyanın daim revanşist baxışları ilə seçilsə də, məhz etirazçıların yanına gedərək bu fikirləri səsləndirməsi bir qədər fərqli siyasi mesajları özündə əks etdirir. Yəni Ohanyan radikal müxalifətin mövqeyini açıqlayıb. Onun bu mövqeyi daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablanıb. Ohanyan qarşıdan gələn seçkilərdə eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi revanşist müxalifətin siyasi platformasının tezislərini elan edib.

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi kilsə etirazlarının iflasa uğramasından sonra Robert Köçəryanın yenidən siyasi təşəbbüsü ələ almaq niyyətini görmək olar. 2026-cı ildə sabiq prezident Serj Sarkisyanın seçkilərə qatılmaq ehtimalı azdır. Əvvəla, Sarkisyanın Köçəryanla siyasi ədavəti olduğundan, onların vahid siyasi blok yaratması qeyri-mümkündür. Digər tərəfdən, Serj Sarkisyanın bu yaxınlarda nəvələri ilə parkda fotoşəkil çəkdirib paylaşması onun siyasətdən getməsi və seçkilərdə yerini daha cavan bir liderə verməsi mesajı kimi başa düşülə bilər. Ancaq Köçəryan üçün bütün revanşist müxalifəti öz ətrafında toparlamaq heç də asan görünmür.

Son rəy sorğularına görə, sabiq prezidentin siyasi reytindi 2 faizdən də aşağıdır. Ohanyanın şovinist çıxışları revanşist qüvvələrin seçki prosesində Qarabağ “kartı”ndan istifadə etməyə üstünlük verəcəyini göstərir. Lakin müxalifətin vədləri siyasi baxımdan tamamilə qeyri-realdır. Çünki artıq Qarabağ münaqişəsi olmadığına görə, Qarabağ “kartı” da yoxdur.

Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilər üzərində Azərbaycanın suveren hüquqlarını tanıyıb və postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını qəbul edib. Ona görə də Ohanyanın fikirləri daha çox siyasi populizmdir. Revanşist müxalifət seçki kampaniyasında Baş nazir Nikol Paşinyanı müharibədə məğlub olduğuna görə növbəti dəfə satqınlıqda ittiham etməyə hazırlaşır. Paşinyan isə məğlubiyyətin və xəyanətin bünövrəsinin özündən əvvəlki üç prezident tərəfindən qoyulduğunu iddia edir. Bu mənada seçki prosesində hər iki tərəfin sarsıdıcı məğlubiyyətə görə siyasi məsuliyyəti bir-birinin üzərinə atmağa çalışacağı aydındır.

Ohanyan da daxil olmaqla radikallar ermənilərdə hakimiyyətə gələcəkləri təqdirdə Qarabağa qayıtacaqlarına və bununla da sanki işğal dövrünün status-kvosunu bərpa edəcəklərinə dair ümid yaradırlar. Ohanyanın guya ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirmək barədə utopik çağırışları da buna hesablanıb. Halbuki, keçmişi geri qaytarmaq zaman baxımından heç cür mümkün deyil.

Belə bir cəhd Ermənistanın 44 günlük müharibədən daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara bilər. Çünki Azərbaycan hərbi cəhətdən 2020-ci illə müqayisədə bir neçə dəfə güclənib. Eyni zamanda, həm bölgədə geosiyasi balans, həm də beynəlxalq siyasi şərait Azərbaycanın xeyrinə dəyişib.

Müşfiq Abdulla
"Cebheinfo.az"
 
Ardını oxu...
Trampın bəyanatları Fransanın özünü “Avropanın hərəkətverici qüvvəsi” kimi göstərməsi üçün katalizator oldu

Getdikcə daha çox Fransa ilə bağlı xəbərləri görürük. Fransız siyasətçiləri çox danışırlar, amma az iş görürlər. Lakin indi hər şey başqa cürdür və biz Parisin necə fəallaşdığını müşahidə edirik ki, bu da ukraynalılar üçün sərfəlidir. Bu, Putin və Trampın sözün əsl mənasında zorla özünümüdafiəyə doğru itələdiyi Avropa üçün də sərfəlidir.

Rusiya ilə hər şey aydındırsa, ABŞ-la bağlı bu o qədər də aydın deyil. Bir tərəfdən Vaşinqton NATO-da qalır, digər tərəfdən isə Avropadakı mövcudluğunu zəiflədir və Avropa İttifaqı üçün tariflər tətbiq edir. Bu, sözün əsl mənasında hansısa qeyri-adekvat qonşunun avropalıların özləri hələ güclərini toplamış halda onlara hücum etməsi üçün “dəvət” kimi görünür.

Ağ Ev administrasiyası Şərqi Avropadan qoşunlarını tədricən çıxarır, eyni zamanda, hərbi büdcəsini rekord həddə - 1 trilyon dollara çatdırır. Tramp ad günündə hərbi parad keçirməyi də düşünür... Bütün avtokratların çox sevdiyi paradlar isə cəmiyyətin hərbiləşməsinin real göstəricisidir.

Yəni Tramp güc toplayır və ölkəni böyük müharibəyə (yaxud müharibə təhlükəsinə) hazırlamağa başlayır. Yəqin ki, Avropa deyil: İran (və onun etibarlı qüvvələri, xüsusən də husilər) və Çin Trampın bu cür jestlərinin ən bariz “ünvanı”dır. Baxmayaraq ki, Qrenlandiyanı da xatırlamaq olar. Lakin ada artıq Amerika hərbçiləri tərəfindən tamamilə hərbiləşdirilmişdir, ona görə də amerikalıların onu nəzarətə götürmək üçün burada nəsə etməsinə ehtiyac yoxdur. Bu, yalnız arzu və nəticələrlə üzləşməyə hazır olmaq məsələsidir.

Yanvarın sonunda Fransanın xarici işlər naziri Jan-Noel Barrot danimarkalılara Qrenlandiyaya qoşun göndərməyi təklif etdi. Lakin danimarkalıların bu müzakirəni davam etdirmək "istəkləri" yox idi. Ancaq aprelin 3-də Danimarkanın Fransız Mistral 3 MANPADS alacağı məlum oldu. Görəsən niyə...?

Aprelin 1-də isə Fransa ilə Latviya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın “intensivləşməsi” barədə məlumatlar ortaya çıxdı. Bu, artıq Rusiya üçün bir siqnaldır. Bu, Ukrayna ilə barışıq əldə olunacağı təqdirdə Rusiya Federasiyası tərəfindən “qonşulardan biri ilə yerli müharibə” gözləntiləri ilə bağlı “Baltikyanı müdafiə xətti”nin yaradılması fonunda baş verir.

Üstəlik, Ukraynanı dəstəkləyəcəklərini vəd edən və Kremllə barışıq əldə olunacağı təqdirdə “sülhməramlı kontingent” yaratmağa çalışan Britaniya və Fransanın başçılıq etdiyi ölkələr blokunu - “İstəklilər Koalisiyasını” da xatırlamalıyıq. Bütün bunlar amerikan və digər silah istehsalçılarını fransız tərtibatçıları ilə əvəz etmək cəhdləri ilə bağlı xəbərlər selinin fonunda baş verir.

Ümumiyyətlə, son aylar Fransanın hərbi-sənaye sektorunda fəallığı ilə bağlı çoxlu xəbərlər yayılıb. Beləliklə, MBDA Fransa sözün əsl mənasında Ukrayna təcrübəsinin uyğunlaşdırılması olan (lakin daha bahalı və döyüş sınaqları olmadan) “Akeron” ailəsinin "dron raketləri" təqdim etdi. Buna görə də fransızlar “Air Bus”u öz şirkətləri hesab edirlər. O, nəinki ənənəvi təyyarələrini və helikopterlərini daha fəal şəkildə inkişaf etdirir, hətta mövcud hədəf təyyarəsi əsasında pilotsuz LOAD qırıcısını da inkişaf etdirir. Layihənin məqsədi hava hücumundan müdafiə pilotsuz təyyarəsinin yaradılmasıdır ki, bu da Ukrayna təcrübəsinin uyğunlaşdırılmasıdır. Fransa özü də “Rafale” təyyarələri alır, lakin nüvə silahı daşıyıcısı versiyasında.

Üstəlik, Fransa mart ayında kəşfiyyat peykini buraxdı. Yeri gəlmişkən, Ukraynanın An-124 təyyarəsi tərəfindən buraxılış nöqtəsinə çatdırıldı. Həmçinin Tramp Ukrayna ilə kəşfiyyat mübadiləsini dayandırdıqda məhz Fransanın E-3CF hava-desant kəşfiyyat təyyarəsi “Rafale”nin müşayiəti ilə Qara dəniz üzərində kəşfiyyat aparıb. Təxminən eyni vaxtda fransızlar köhnə müqavilələr əsasında rumınlara vertolyotlar və digər silah növləri verdilər.

Və “Patriot”un əvəzi olaraq, Fransa artıq Ukrayna ilə xidmətdə olan və ekspertlərin kiçik həcmli raket istehsalı ilə yaxşı, lakin hələ də “xam” layihə kimi qiymətləndirdiyi SAMP/T-nin Fransa-İtaliya analoqunu təklif edir. Yəni bu, yaxşı bazadır, lakin hələ də inkişaf etdirilməlidir. O cümlədən Ukrayna təcrübəsi nəzərə alınmaqla. Eyni zamanda, Fransa barıt istehsalını bərpa edir.

Lakin Tramp administrasiyasının Avropaya qarşı qeyri-müəyyən və bəzən açıq-aşkar düşməncəsinə bəyanatları Fransanın özünü daha da “Avropanın hərəkətverici qüvvəsi” kimi göstərməsi üçün katalizator oldu. Axı “təbiət boşluğa nifrət edir” və əgər amerikalılar bazarı azad etməklə özlərinə problemlər yaradırlarsa və almanlar seçkilərdən sonra heç bir şəkildə özlərini toparlaya bilmirlərsə (italyanlar və digər avropalılar bu rolu öz üzərinə götürməyə hazır deyillər), deməli, Paris vəziyyətdən istifadə edir. Ukrayna isə bu işdə öz təcrübəsi ilə ona kifayət qədər kömək edir. Çünki bu, bizim üçün də sərfəlidir.

Makron martın 14-də ən böyük silah istehsalçıları ilə görüşdə amerikalıların hər şeyi əvəz etmək kursunu açıqladı. O, eyni tezisi Fransa potensialının pilot layihəsi olan “İstəklilər Koalisiyası” çərçivəsində keçirdiyi görüşlərdə də təkrarlayıb.

Biz mahiyyət etibarı ilə “Yeni Antanta” formatında hərbi ittifaq olmasaydı, ən azı onun üçün güclü “əlfəcin” görürük. Burada Rusiya İmperiyasının əvəzinə Ukrayna Qara dənizdə hərbi qüvvə kimi qəbul edilir.

ABŞ Yaxın Şərq və Asiyada özünü gücləndirmək üçün Avropadakı varlığını azaldarkən, Fransa əksinə, Afrikadan kontingentini çıxararaq Avropadakı fəaliyyətini artırır. Mart ayında fransızlar Seneqaldan, fevralda isə Kot-d'İvuardan çəkilməyə başladılar. Ancaq burada onları təəssüf ki, ruslar və çinlilər “əvəz edirlər”. Çinlilər - maliyyə və iqtisadi cəhətdən, ruslar isə - məhz hərbi qüvvə kimi.

Kreml bu yaxınlarda Mali, Niger və Burkina Faso hərbi xuntaları arasında “Qarşılıqlı Müdafiə Paktı”na yeni təkan verib, onların xüsusi əməliyyat qüvvələrini silahlandırmaq və təlim keçmək vədi verib.

Emmanuel Makronun fəaliyyəti bir çox tarixi paralellər yaradır, çünki fransızların zəngin hərbi tarixi var. Baxmayaraq ki, De Qolldan sonrakı onilliklər Fransa üçün Amerika “çətiri” altında deqradasiya dövrü idi. Antanta isə belə bənzətmələrin sonuncusu deyil.

Fransa tarixindən başqa bir tarixi nümunə də var ki, o, cənab Makronun hərəkətlərinə yaxın ola bilər. Bu Napoleondur. Amma onların ən məşhuru deyil, ilk Napoleonun qardaşı oğlu olan III Napoleon Bonapart. O, həm də Fransanın ikinciiİmperatoru və İkinci Respublikanın ilk və sonuncu prezidenti idi.

Məhz Lui Napoleon Krım müharibəsi zamanı Moldovanı və Valaxiyanı ruslar tərəfindən tutulmaqdan qorumaq və Balkanları Osmanlı İmperiyasının təsiri altına salmaq bəhanəsi ilə Rusiyaya qarşı kifayət qədər uğurla vuruşdu.

Fransada rusiyapərəst Le Penin təmsil etdiyi müxalifətin indi məhdudlaşdırılması erkən Lui Napoleonun hərəkətləri ilə bağlı müəyyən dejavu yaradır.

Fransa digər Avropa ölkələri ilə nə qədər güclü müttəfiqdirsə, Ukrayna üçün bir o qədər yaxşıdır. Lakin Krım müharibəsi süjet xəttinə baxmayaraq, III Napoleonun şəxsiyyəti Makron üçün daha çox mənfi simvoldur. Çünki o, bütün digər hərbi macəralarını itirdi. Beləliklə, o, Meksikada hərbi yürüşə başladı, Mexiko şəhərini tutdu, orada “imperiya” qurdu və Avstriya arxdukesini kukla imperator təyin etdi.

Vətəndaş müharibəsi ilə parçalanan və nəhayət müflis olan Meksikada Fransanın hökmranlığı altında olan Avstriya “imperatoru”... Doğrudan da, nə səhv ola bilər? Yeddinci ildə fransızlar artıq kifayət qədər maliyyə olmadığı üçün oradan qaçmağa məcbur oldular və Fransanın özündə kifayət qədər ciddi problemlər başladı.

Bəs III Napoleon necə hərəkət etmək qərarına gəldi? Hərbiləşməni dayandırdı, iqtisadiyyatı bərpa etdi, yoxsul əhaliyə dəstək verdi. Təkcə bu qədər? Xeyr, o, Almaniyaya hücum etmək qərarına gəldi. Daha doğrusu, o zaman yenicə yüksəlişdə olan və özü imperiya olmaq arzusunda olan Prussiyaya. Məhz fransızlar üzərində qələbələrindən sonra almanlar Elzas və Lotaringiya kimi əsas iqtisadi rayonlarla birlikdə özləri üçün belə bir imperiya aldılar. Bundan sonra Fransanın özündə uzun sürən böhran və revanşizm başladı və bu, sonradan Birinci Dünya müharibəsi ilə nəticələndi. Bundan sonra revanşizm Almaniyanı bürüdü və İkinci Dünya müharibəsi baş verdi...

Çünki o, yalnız hakimiyyətinin əvvəllərində Avropanın digər dövlətləri ilə koalisiya yaratmağa çalışıb. Və nəticə verdi. Lakin sonra o, hər yerdə özü hərəkət etmək qərarına gəldi. Bu isə əks effekt verdi, ərazinin itirilməsi ilə nəticələndi.

Makronun Avropa silah bazarını inhisara almaq cəhdləri isə fransızlara daha çox qazanc əldə etməyə imkan verə bilər. Lakin Avropada yenidən silahlanma tempini cilovlaya bilər – bu, məhz Lui Napoleonun “üslubudur”. Bu, müasir Fransanın qaçmalı olduğu təcrübədir. Yalnız digər ölkələrlə, o cümlədən Ukrayna hərbi-sənaye kompleksi ilə əməkdaşlıq Aİ və Paris üçün “uğur düsturu”dur.

Ancaq əsas nəticə başqa bir şey olacaq. Dünya böyük müharibəyə hazırlaşır. Bunun “qaynar” formatda, yoxsa “İkinci Soyuq Müharibə” kimi baş tutacağı başqa sualdır. Lakin qlobal münaqişə artıq baş verir. Bu, hələ ilkin mərhələdir. Fransa isə yeni geosiyasi reallıqda cazibə mərkəzlərindən biridir. Eynilə Ukrayna kimi. Bu yeni ittifaqların hələ çox uzun yolu var. Axı Almaniya bu dəfə güclü potensialı ilə İngiltərə və Fransaya qarşı deyil, onlarla birlikdə olacaq. Əsas odur ki, tərəfdaşlar "yorğanı" öz üzərlərinə çəkməyə çalışaraq sürətini azaltmasınlar və oxşar şəraitdə keçmişin səhvlərini təkrarlamasınlar.

Müəllif: Andrey Popov – Ukraynalı analitik.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.
 

Dünyapress TV

Xəbər lenti