Ardını oxu...
İnsanlar onun “müharibə oyunları”ndan ölürlər və müharibələr oyuncaq deyil, realdır

Fevralın 29-da Putin Rusiyada hakimiyyəti dövründə - təxminən əsrin dörddə biri qədər olan hakimiyyəti dövründə Federal Məclisə ən uzun və mənasız müraciəti oldu. Sitatlara və ciddi təhlilə layiq olan parlaq və siyasi əhəmiyyətli tezis praktiki olaraq yoxdur. Buna görə də, hətta Rusiyanın ictimai sferasında Putinin nitqinin məzmunu deyil, forması – çıxışın ən uzun olması (iki saatdan çox), dəqiqəbaşı alqışlar, Kadırovun yoxluğu müzakirə və şərh şərh edilir.

Sovet memlərini xatırlayıram: “uzun, boş çıxışlar”, “uzun, lap uzun sürən alqışlar”. Yalnız mızıldanan Brejnevin yerinə öskürən Putin var. O vaxt baş katibin Sov.İKP-nin qurultaylarında mənasız çıxışları olurdu. İndi isə “suveren” Rusiya Federasiyasının Federal Məclisinə öskürərək mesaj verilir, amma əslində mesaj Kreml əyanlarınadır.

Xırda və mənasız sözləri çıxsaq, Putinin əsas seçki vədi müharibədir. “Xüsusi hərbi əməliyyat” vədi - "sonsuz və sərhədsiz". Amma eyni zamanda, müxtəlif sosial qruplara seçkiqabağı vədlər səsləndi, bütövlükdə “milli layihə”lərdən danışıldı. Putin “milli layihələrdən” danışan zaman Nabiullinanın (Rusiya Mərkəzi Bankının rəhbəri) və Siluanovun (Rusiya Federasiyasının maliyyə naziri) üzlərinə baxsaq, mimikalarına diqqət etsək, aydın olur ki, bütün bunlar üçün pulları yoxdur (onsuz da müharibəyə maliyyəni güclə çatdırırlar). Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev isə deyir: “Pul yoxdur, amma siz dayanmalısınız”.

Putinin elan etdiyi Rusiya Federasiyasının “Uzun və aktiv yaşam” adlı yeni “milli layihə”sinə reaksiya verməyə bilmərəm. Müharibə və seçki vədlərinin birləşməsini nəzərə alaraq, bu “milli layihə”ni “Şimal Hərbi Dairəsində qısa, lakin çox fəal həyat” adlandırmaq daha düzgün olardı.

Yenə də Qərbə təhdidlər və eyni zamanda amerikalılara müraciət edilib ki, strateji məsələlərdə razılığa gəlməyə hazır olsunlar. Amma bütün bunlar artıq baş verib, hətta daha konkret formada, indiki kimi mücərrəd deyil.

Putin rus raketlərinin adlarını nə böyük məmnuniyyətlə səsləndirdi! Vova adlı azyaşlı oğlan raketlərlə sanki əsgərlər kimi oynayır. Sadəcə, insanlar onun “müharibə oyunları”ndan ölürlər və müharibələr oyuncaq deyil, realdır.

Müəllif: Vladimir Fesenko - Ukrayna “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Tevos Arşakyan: “Ermənistan daxilində gərginliyin yaranması da tamamilə mümkündür”

Hrant Mikaelyan: “Ermənistanda ərazilərin Rusiya tərəfindən ilhaqınadək mənfi ssenarilər mümkündür”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına müsahibəsi zamanı İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu bəyan etməsi KTMT ölkələrinin narazılığına səbəb olub. Xüsusilə, Rusiya və Belarusdan həm rəsmi, həm də qeyri-rəsmi şəkildə Ermənistana qarşı açıq təhdidlər səsləndirilir.

Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, “Ermənistan təşkilatı tərk etsə, KTMT dağılmayacaq, lakin İrəvan bu qərara tələsməməlidir. Çünki sonradan KTMT-yə daxil olmaq çətin olacaq”.

Ermənistana təhdid təkcə Lukaşenko tərəfindən səslənməyib. Moskva da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vasitəsilə bəyan edib ki, “hüquqi olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən elan edilmiş KTMT üzvlüyünün dondurulması barədə İrəvandan müraciət daxil olmayıb. Kreml hələlik bu məsələyə tam aydınlıq gətirilməsinin şahidi deyil. Rusiya İrəvanın mövqeyini dəqiqləşdirməyi gözləyir”.

Bununla yanaşı, Moskva rusiyalı deputatların, politoloqların və ekspertlərin vasitəsilə Ermənistana xəbərdarlıq edir. Belə ki, Ermənistanın uzun illərdir dostu olduğunu deyən və əslində hər zaman Ermənistanı dəstəkləyən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində “Paşinyan KTMT-dən çıxmaqla kifayətlənməyəcək” deyib və davam etdiyi fikirlərində təhdid səsləndirib.

“Paşinyan daha sonra Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasını tələb edəcək”, - deyən Zatulin Ermənistan ərazilərinin Rusiya tərəfindən mümkün ilhaqına eyham vurub: “Gümrü bir vaxtlar Aleksandropol adlanan şəhərdir”.

Rusiyalı hərbi ekspert Ruslan Puxov isə Paris və Yeni Dehlidən silah alınması ilə bağlı danışıb və deyib ki, ermənilər həmin silahlardan istifadəni bacarmayacaq: “Ermənistan antidronlarla yanaşı, haubitsa və çoxsaylı reaktiv raketlər də alır. Bunlar tamamilə fərqli kalibrli sistemlərdir. Bunlardan istifadə ermənilər üçün çətin olacaq. Həm də silahların dili ingilis dilidir, bu da tətbiqi çətinləşdirir?”. Bununla ekspert Ermənistanın Rusiya çətiri altından çıxmasının İrəvan üçün baha başa gələcəyinə işarə edir.

Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət Fakültəsinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov isə qeyd edib ki, Ermənistan Qərb ölkələrilə əlaqələri genişləndirmək istəyir: “Hansı ki, bu ölkələr Rusiyaya düşməndir. Rusiyaya düşmən olan ölkələrlə İrəvanın əməkdaşlığı genişləndirməsi Moskvada mənfi qarşılanır. Qonşularla münasibətləri nizamlamadan, Qərbdən dəqiq təhlükəsizlik zəmanəti almadan Rusiya ilə münasibətləri korlamaq çox riskli addımdır. Hesab edirəm ki, Qərb bu zəmanətləri heç vaxt verməyəcək. Bu addım sadəcə olaraq Ermənistanı dövlətçiliyinin dağılması astanasına gətirəcək”.

Ekspertlər bildirirlər ki, Ermənistanın Rusiyaya qarşı apardığı siyasəti Moskva cavabsız qoymayacaq və cəza tədbirləri həyata keçirəcək. Erməni analitik Tevos Arşakyan hesab edir ki, Moskvadan İrəvana kifayət qədər təzyiq olacaq və bu, aydındır: “Ermənistan daxilində gərginliyin yaranması da tamamilə mümkündür. Yeri gəlmişkən, Paşinyan bu barədə artıq xəbərdarlıq edib. Amma məncə, Paşinyan bu siyasətindən geri çəkilməyəcək. Ümid etmək istəyirəm ki, Paşinyan və ya onun yerinə kim gələcəksə, ruhdan düşməyəcək, bu siyasəti davam etdirəcək. Çünki Rusiyadan qopmaq siyasəti Ermənistanın inkişafı deməkdir”.

Daha bir erməni politoloq Hrant Mikaelyan isə bildirir ki, İrəvanın bu addımlarının, hərəkətlərinin Ermənistan üçün mümkün nəticələri pis olacaq: “Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı yalnız Paşinyanın sözlərinin nəzərə alındığını göstərir, lakin onlara əsas reaksiya sonra gələcək. Ümumiyyətlə, bu, keçmişdə olduğu kimi, Ermənistan vətəndaşları üçün bəzi yeni fəsadlara səbəb olacaq. Ola bilsin ki, yenidən sərhəddə hərbi təchizatla bağlı problemlər yaransın. Ermənistanda təmsil olunan rus hərbçilərinin davranışı pisə doğru dəyişəcək”.

“Hətta Ermənistanda ərazilərin Rusiya tərəfindən ilhaqınadək mənfi ssenarilər mümkündür. Məlumdur ki, Zatulin Kremlin danışan dilidir. Onun Gümrü ilə bağlı dedikləri sıradan sözlər deyil, İrəvana xəbərdarlıqdır”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Kilsə yeni konstitusiyaya və hökumətə qarşı

Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı qızğın müzakirələr davam edir. “Hraparak” qəzetinin məlumatına görə, Ermənistanın konstitusiya islahatları üzrə komissiya və şura üzvləri martın 1-də Baş nazir Nikol Paşinyanla görüşəcək və ölkənin yeni konstitusiyasının hazırlanması məsələsini müzakirə edəcəklər.

Paşinyanın sözlərinə görə, Ermənistana konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. O, yanvarın 18-də Ədliyyə Nazirliyinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib: “Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional reallıqlarda daha rəqabətli və həyat qabiliyyətli edəcək konstitusiyamız olmalıdır”.

Konkret desək, söhbət Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən konstitusiyanın preambulasından gedir ki, burada öz növbəsində “Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında 1 dekabr 1989-cu il tarixli qərara istinad edilir. Bu kontekstdə Bakı Ermənistan konstitusiyasının Müstəqillik Bəyannaməsinə istinad etməyəcəyini gözləyir, çünki hər hansı milli qanuna görə, Azərbaycan ilə Ermənistan arasında sərhədlər və ərazilərlə bağlı dövlətlərarası saziş mübahisəli sayıla bilər və gələcək siyasi liderlər Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Paşinyanın verdiyi qərarların qanuniliyinə etiraz edə bilərlər.

Paşinyanın bu niyyəti müxalifət düşərgəsində ağrılı reaksiyaya səbəb olub və bu, erməni kilsəsinin yeni konstitusiyanın qəbulu təşəbbüsünü şübhəli sayması ilə bağlı bəyanatı ilə davam etdirilib.

“Ali Ruhani Şura yeni konstitusiyanın qəbulu təşəbbüsünü çox şübhəli hesab etdi, xüsusən də ictimai dairələrdə bunun həm də kənar məcburiyyətin nəticəsi kimi qəbul edildiyini nəzərə alırıq. Ermənistanın müxtəlif yüksək rütbəli rəsmilərinin, eləcə də Azərbaycan Prezidentinin yeni konstitusiyanın qəbulu ilə bağlı çıxışları yalnız mövcud şübhələri daha da artırır”, - deyə erməni kilsəsinin bəyanatında bildirilir.

Eyni zamanda, erməni kilsəsi hesab edir ki, “konstitusiyanın əsasını milli-mənəvi simvollar, xalqın keçmişinin xatirəsi, millətin arzu və istəkləri təşkil edir”.

Son sözlərə, yəni millətin arzu və istəklərinə gəlincə, daha ətraflı dayanmaq istərdim. Tarix boyu erməni kilsəsi qonşu xalqlara qarşı nifrət və ərazi iddialarının formalaşmasında əsas rol oynayıb. Məsələn, Birinci Dünya müharibəsi ərəfəsində katolikos V Gevorq Surenyants Rusiya imperiyasını bu müharibənin ilk növbədə ermənilərin özləri üçün təhlükə yaratmasına baxmayaraq, Osmanlı imperiyasına qarşı tez bir zamanda hərbi əməliyyata təhrik etdi. 1915-ci ildə türklərə qarşı üsyan qaldıran ermənilərin taleyi məlumdur.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra katolikos VI Gevorq Çorekçyan Sovet İttifaqı, ABŞ və Böyük Britaniyanın rəhbərlərinə müraciət edərək, “erməni ərazilərinin” Sovet Ermənistanına qaytarılması üçün Türkiyəyə təzyiq göstərməyi xahiş etdi. Katolikos I Vazgen isə 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninə ünvanladığı məktubda Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı.

Erməni kilsəsinin məqsədyönlü fəaliyyəti və səyləri nəticəsində 1980-ci illərdə etnik azərbaycanlılar Ermənistandan zorla qovuldu və bununla da Azərbaycana qarşı çoxdankı ərazi iddiaları planının həyata keçirilməsinin açıq mərhələsi başladı.

Başqa dövlətlərin ərazisində fəaliyyət göstərən erməni kilsələri Qarabağa müharibəyə göndərilmək üçün erməni gəncləri cəlb edir, həmçinin Qarabağ separatçıları üçün pul yığımı təşkil edirdilər. Erməni keşişləri əllərində silahla da Azərbaycan ərazilərinin işğalında, dinc azərbaycanlıların qətlində fəal iştirak ediblər.

İndi də Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra erməni ruhaniləri öz inanclılarının revanşist əhval-ruhiyyəsini qızışdırmaqda davam edir, düşmənçiliyi fəal şəkildə qızışdırır və bununla da Azərbaycanla münaqişənin alovunun sönməsinə imkan vermirlər. Onlar öz kütlələrinə xristian dininin tələb etdiyi kimi mehriban qonşuluq və qonşu sevgisini öyrətmirlər.

Dirçəliş, çoxəsrlik istək və arzular adı altında erməni kilsəsi açıq şəkildə Azərbaycanla ölümcül qarşıdurmadan danışır. Bununla da onlar erməniləri əbədi düşmənçilik və nifrət qurbangahında qurban verməyə hazırlayırlar.

Müəllif: Asif Aydınlı
ayna.az
 
 
 
Ardını oxu...
Yollarımızdakı potensial köhnə avtobuslar nə zaman dəyişdiriləcək?

Azərbaycanın yollarında hələ də potensial təhlükəli avtobuslar şütüyür. Bir tərəfi əyilmiş, qapısı sona qədər bağlanmayan, təkərləri yeyilmiş, ən sadə təhlükəsizlik tələblərinə cavab verməyən avtobuslar texniki cəhətdən nasaz və köhnə olsalar da, sərnişinlər yenə də ondan istifadəyə məcbur olur.

Bu avtobuslar o qədər nasazdır ki, normadan bir az artıq sərnişin minən kimi böyürü üstə əyilməyə başlayır və bütün yolu əyilmiş halda gedir. Nə düz-əməlli oturacaqları var, pəncərələr ya bağlanmır, ya da açılmır, natəmizlik də öz yerində… İçinin iyrənc dərəcədə çirkli, virus və xəstəlik mənbəyi olması bəs deyilmiş kimi, hələ havaya elə qara, zəhərli tüstü buraxır ki, avtobusun keçdiyi ərazidə rahat nəfəs almaq mümkünsüz olur. Pəncərələrin açılıb-bağlanmaması yayda və qışda bu avtobusları dözülməz edir. Yayda insanlar istidən bişir, qışda da soyuqdan donur.

Bəs bu avtobuslar niyə yeniləri ilə əvəz edilmir? Bunun üçün nə zaman hərəkətə keçiləcək?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sözçüsü Tural Orucov Pressklub.az saytına açıqlamasında deyib ki, məsələnin həlli ilə bağlı danışıqlar aparılır.

“Ölkə üzrə avtobus parkının yenilənməsi ilə bağlı təhlillər aparılıb. Mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında bu məsələ qaldırılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqələrdə müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.

Müsahibimiz bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək: “Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Pressklub.az-a bildirib ki, Bakıda çox pis vəziyyətdə olan avtobusların sayı 300-ə yaxındır.

“Son üç ildə avtobus parklarının vəziyyəti acınacaqlı a gəlib. Problemlərin həlli üçün çeşidli islahatlar getməlidir. Ümumiyyətlə, avtobuslar dəyişməlidir. Çünki bizdə bütün yük avtobusun üzərindədir. Avtopark dövrün tələbinə cavab verməlidir. Köhnə, istifadəyə yararsız avtobusların fəaliyyəti dayandırılmalı, yenilərlə əvəz edilməlidir”.

Müsahibimiz deyib ki, şəhərin yükü relsli nəqliyyatın, yəni, tramvayın, metronun və elektrik qatarının üstündə olmalıdır. Avtobuslarla bağlı yaranan problem bir növ bu nəqliyyat vasitəsinə yönəlmənin fəsadıdır.

Avtobusların yararsız olması bəs deyilmiş kimi yol hərəkəti qaydalarına məhəl qoymadan, avtobusu öz qaydalarına uyğun idarə edən sürücülər də az deyil. Yeri gəlmişkən, müasir dünyada həyatımızın ayrılmaz hissəsinə çevrilən nağdsız ödəmə sistemi bir çox hallarda köhnə avtobuslar dan yan keçir. Nağdsız ödəmə sisteminin olmaması səbəbindən əlavə gəlir əldə etməyə çalışan sürücülər sürəti artırır, lazımsız manevrlər edir, sürət həddini aşaraq qəza təhlükəsi yaradırlar.

Təsadüfi deyil ki, ötən il avtobus sürücülərinin törətdiyi 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 24 nəfər ölüb, 37 nəfər yaralanıb. Qəzaların da əksəriyyəti köhnə avtobuslarla bağlıdır.

Günay Elşən
 
Ardını oxu...
Yüksək qiymətlər paytaxtda mənzillərin likvidliyini azaldıb, satış zəifləyib

Uzun müddət ərzində daşınmaz əmlak bazarında qiymətlər yüksəlirdi və göründüyü kimi, psixoloji maksimum həddə çatdı. Bəzi məlumatlara görə, paytaxtda təklif olunan mənzillərin sayı tələbatı xeyli üstələyib və hətta yeni tikililərin ən işlək seqmentində vəziyyət durğunluğa yaxındır.

Bəzi saytlar bu sahədəki mənbələrə istinadən yazır ki, ölkənin əsas şəhərində çoxmənzilli mənzil bazarında durğunluq müşahidə olunur. Artıq bir neçə aydır ki, Bakıda kvadratmetr almaq istəyənlərin sayı təklif olunan daşınmaz əmlakın kütləsindən xeyli azdır.

Tələb təklifi üstələyib, daşınmaz əmlakla bağlı əməliyyatlar azalıb, satıcılar alıcı tapa bilmirlər. Ekspertlər əmindirlər ki, bu vəziyyət paytaxtda mənzillərin qiymətinin həddindən artıq yüksək olması ilə bağlıdır.

Çox deyilib ki, yeni tikililərdə və ikinci dərəcəli mənzil fondunda mövcud qiymətlər mənzilə ehtiyacı olan sadə vətəndaşlar üçün praktiki olaraq əlçatmazdır. Paytaxtda orta əmək haqqı 940 manat və 1200 manat arası olsa da, Bakının Nərimanov, Yasamal və Nəsimi rayonlarında köhnə yaşayış fondunda bir otaqlı mənzilin qiyməti 100 min manata, iki otaqlı mənzillərin qiyməti 130-140 min manata, üç otaqlı mənzillər isə 150-170 min manata satılır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov AYNA-ya deyib ki, ən çox yeni tikililərdə mənzillər bahalaşıb: “Bakının məşhur yerlərində orta hesabla 3 otaqlı mənzillər təxminən 250-300 min manata başa gəlir. Paytaxtın mərkəzində isə dəbdəbəli mənzillərin hər kvadrat metri 4 min manatdan bahadır”.

Qiymətlərin və maaşların bu vəziyyətində mənzil almaq əksər ailələrin büdcəsinə uyğun gəlmir. Güzəştli ipoteka kreditləşməsi sistemi ilə mənzil problemi yaşayanların hamısını əhatə etmək də problemlidir. Bəzi məlumatlara görə, mənzil almaq üçün güzəştli uzunmüddətli kreditlərin şərtləri artıq aztəminatlı ailələrin dəstəklənməsi hədəflərinə uyğun gəlmir.

Yalnız orta gəlirdən yuxarı qazanan vətəndaşlar mövcud qiymətlərlə və maliyyə institutlarının şərtləri ilə belə kredit üçün müraciət edə bilərlər. Eyni zamanda, paytaxtda mənzillərə tələbatı investorlar - daha çox pul qazanmaq üçün boş vəsaitlərini daşınmaz əmlaka yatıran vətəndaşlar diktə edir. Yəni bahalaşan mənzillər bank əmanətləri üzrə orta faizləri keçən inflyasiya fonunda çox sərfəli investisiya aləti kimi istifadə olunur.

Məlumdur ki, qiymət artım tempi səngisə də, ötən ilin sonunda inflyasiya 8,8 faiz təşkil edib, kommersiya banklarının orta faiz dərəcələri isə 6-7 faiz arasında qalır. Rəsmi məlumatlara görə, investorlar bir ilədək müddətə və 30 min manatdan çox olmayan qısamüddətli investisiyalara üstünlük verirlər.

Maliyyə bazarı ekspertləri bunu qeyri-müəyyənlik vəziyyəti ilə izah edirlər - vətəndaşlar uzun müddət daha böyük məbləğdə investisiya qoymaqdan qorxurlar. Daşınmaz əmlak başqa məsələdir. İnvestorlar bunu daha az riskli və daha sərfəli qənaət variantı hesab edirlər.

Yaxşı qiymət dinamikasını nəzərə alsaq, son illər daşınmaz əmlaka tələbat xeyli artıb və bu, bildiyimiz kimi, qiymət artımı üçün ən mühüm stimuldur. Lakin qiymətlərin artması bu sahəyə kapital cəlb etməklə yanaşı, potensial alıcıları da qorxuda bilər.

Hazırkı qiymət pikləri nəinki psixoloji səviyyəni pozdu, həm də potensial alıcılar üçün kapital mənzillərin likvidliyini aşağı saldı. Xərclənmiş pulları qaytara bilməyəcəklərindən və çox bahalı kvadratmetrlərin icarəyə verilməsindən və ya sonradan satışından pul qazana bilməyəcəklərindən qorxurlar. Bir obyekti xərclənəndən aşağı olmayan qiymətə satmaq və ya almaq imkanı ilə bağlı qeyri-müəyyənlik satışı yavaşladır.

Daşınmaz əmlakın likvidliyini qiymətləndirərkən onun fərdi xüsusiyyətləri nəzərdə tutulur ki, bu da onu ən qısa müddətdə maksimum qiymətə satmağa imkan verəcək. Və əgər diqqət potensial məhsul kimi mənzilin cəlbediciliyinə yönəlibsə, o zaman çox yüksək qiymət alıcıları qorxuda bilər.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyevin fikrincə, qiymətlərin həddindən artıq artması və satışın azalması qiymətlərin aşağı düşməsinə səbəb ola bilər: “Hazırda bazarda kəskin tələbat çatışmazlığı var. Əgər belə davam edərsə, Bakıda bir kvadratmetr mənzilin qiyməti düşə bilər”.

Müəllif: Emma Rzayeva
Ardını oxu...
Müdhiş ssenari: Fevralın 28-də “birləşmə” qərarı qəbul ediləcək, fevralın 29-da isə Putin...

Kişinyov Tiraspola “tələsik addımlar” atmamaq barədə xəbərdarlıq edib. Moldovanın Reinteqrasiya Bürosunun bu bəyanatı Dnestryanı bölgənin Rusiyaya “birləşmək” xahişi ilə çıxış edə biləcəyi ilə bağlı yayılan informasiya kontekstində səslənib.


Moldova hökuməti bildirib ki, Dnestr çayının sol sahilində baş verən hadisələri diqqətlə izləyir, daima ATƏT və digər beynəlxalq tərəfdaşlarla əlaqə saxlayır.

“Bizdə olan məlumata görə, regionda vəziyyətin daha da pisləşə biləcəyinə hesab etmək üçün heç bir əsas yoxdur. Biz əminik ki, Tiraspol tələsik addımların hansı nəticələrə gətirib çıxara biləcəyini başa düşür”, – Baş nazirin müavini Oleq Serebryanın başçılıq etdiyi idarədən bildiriblər.

Fevralın 28-də Tiraspolda “prezident” Vadim Krasnoselskinin təşəbbüsü ilə bütün səviyyəli “deputatların” VII qurultayı keçiriləcək. Nümayəndələr Moldovanın “iqtisadi təcavüzü”nü müzakirə edəcəklər. Buna Kişinyov hökumətinin yanvarın 1-dən Dnestryanı bölgənin xarici iqtisadi fəaliyyətindən mərkəzi büdcəyə vergilər yığmaq qərarı səbəb olub. “Dnestryanı Moldova Respublikasının Dövlət Gömrük Komitəsinin” ilkin məlumatlarına görə, bu addım “respublikaya” ildə 16 milyon ABŞ dolları məbləğində ziyan vura bilər. Onlar iddia edirlər ki, artıq Kişinyovun bu qərarı nəticəsində qiymətlər qalxıb, o cümlədən sosial əhəmiyyətli mallar, qida və dərman bahalaşıb.

“Kişinyov, eləcə də beynəlxalq iştirakçılar bilməlidirlər ki, iqtisadi məcburetmə tədbirləri Dnestryanı bölgənin siyasi cəhətdən təslim olmasına gətirib çıxarmayacaq”, – “prezident” vurğulayıb.

Yerli müxalifətin təmsilçisi Gennadi Çorba sosial şəbəkə hesabında yazıb ki, Dnestryanı bölgə bu tədbirdə Rusiyanın tərkibinə qəbul olunmağı xahiş edə bilər. O, bunu Rusiya prezidenti Vladimir Putinin fevralın 29-na Federal Məclisə planlaşdırılan müraciəti ilə əlaqələndirib.

“Forumda Dnestr çayının sol sahilində yaşayan vətəndaşlar adından Dnestryanı bölgənin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi səsləndirilməlidir və Putin fevralın 29-da bu barədə müraciətini elan edəcək. Federal Məclis isə “xahişi” təmin etmək üçün tez bir zamanda qərar qəbul edəcək”, – Çorba yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskvanın Dnestryanı bölgədə yaşayan vətəndaşlarını tək qoymayacağını” bəyan etmişdi.

Moskvanın indiki vəziyyətdə belə bir təxribata əl atması təhlükəsi nə dərəcədə yüksəkdir? Dnestryanı bölgənin “birləşdirilməsi” ilə bağlı belə bir addım hansı nəticələrə gətirib çıxara bilər?

Moldovanın tanınmış ekspertləri Pressklub.az-ın suallarını cavablandırıblar.

Siyasi elmlər doktoru, dosent, Moldovanın ABŞ, Meksika və Kanadadakı keçmiş səfiri, parlamentin keçmiş deputatı, CUB partiyasının sədri, ASEM-in müəllimi İqor Muntyanu hesab edir ki, Kişinyov Tiraspolun yaranmış vəziyyətdən istifadə edərək fevralın 28-də növbəti dəfə Rusiyanın bir hissəsi olduqlarını və Rusiyanın müdafiəsini tələb etdiklərini bəyan etməsini gözləməkdə haqlıdır.

“Bu, Ukraynada baş verənlərə bənzəyir – ərazinin ələ keçirilməsi və Rusiyanın hərbi əməliyyat da daxil olmaqla, işğalçı addımları. Tiraspolun Rusiyadan təxminən 1000 km aralıda yerləşən anklav olması Kişinyovu arxayınlaşdıra bilməz. Çünki son 10 ildə sərhədlər toxunulmazlığını itirib. Mən səhv etmədim: müharibə 2014-cü ilin fevral-mart aylarında başlayıb. O zaman Rusiya Federasiyasının “nəzakətli” qoşunları Krım yarımadasını Ukraynanın qanuni hakimiyyətindən təmizləyərək, Rusiyaya sadiq oyuncaq rejim qurdular”, – siyasətçi bildirib.

Amma o, bir nüansı qeyd edir. “Rusiya özünün yeni “əlaltısına” yetişə biləcəkmi, yaxud fevralın 28-də keçirilməsi planlaşdırılan qurultay regionun işğaldan azad edilməsinin başlanğıcı olacaqmı. Çünki istənilən addım əks-addıma səbəb olur. Tiraspol sürətlə Rusiya Federasiyasının tərkibinə daxil olmaq ssenarisi üzrə hərəkət etsə, Kişinyov öz vətəndaşlarını müdafiə etmək hüququna malikdir (bu regionun sakinlərinin 90%-i Moldova Respublikasının vətəndaşlarıdır) və bölgədəki bütün qüvvələri təcili şəkildə “ayıltmaq” üçün bütün təsir rıçaqlarından istifadə edəcək.

Bu mənada Reinteqrasiya Bürosunun bəyanatları məntiqlidir və ardıcıldır. Lakin Kişinyovun prioritet alətləri əleyhdarlarını sıxışdırmaq üçün hərbi vasitələr deyil, hüquqi vasitələr, vətəndaşlarının hüquq və öhdəlikləri, Dnestr sahilləri arasında qarşılıqlı iqtisadi əlaqə vasitələri olacaq.

Ümid edirəm ki, bu dəfə Kişinyov yarımçıq tədbirlərlə kifayətlənməyəcək, çünki Tiraspol hakimiyyətinin siyasi avantüraları artıq hamını boğaza yığıb. Biz başa düşürük ki, regionun uzağı görə bilməyən liderləri Moskva qarşısında fərqlənmək istəyirlər və yüz minlərlə insanın taleyini riskə atmaqdan məmnun olardılar. Lakin Dnestryanı bölgədə heç də hamı separatçıların avantürasını canları ilə ödəməyə hazır deyil”.

Muntyanu izah edir ki, Kişinyovun vergi yığmaq üçün bütün hüquqi əsasları var: “Bizim dövlətimizin Moldova qanunları ilə qeydiyyatdan keçən bütün iqtisadi agentlərdən gömrük vergisi toplamaq kimi mübahisə edilməyən hüququ var. Moldova Avropa İttifaqının qayda və normalarına uyğunlaşır, danışıqlar prosesi zamanı qanunların bütün ölkə ərazisində, o cümlədən Dnestryanı bölgədə riayət ediləcəyinə təminat verməlidir. Başqalarının oyununu oynamaq lazım deyil: hər şey vahid və bölünməz Moldova Respublikası dövləti çərçivəsində həyata keçirilməlidir. Başqa cür alınmayacaq”.

Siyasi şərhçi Viktor Çobanu hesab edir ki, Dnestryanı bölgə ilə bağlı belə bir ssenarinin Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlandığına şübhə etmir.

“Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) da hibrid müharibə çərçivəsində xüsusi əməliyyatlar barədə xəbərdarlıq edib. Onların həyata keçirilməsi ehtimalı özündə sürpriz elementi ehtiva etməli idi. Bu barədə ictimai səviyyədə danışılandan sonra bu ehtimal xeyli azaldı. Belə bir ssenarini tam istisna etmək olmaz. Çünki Dnestryanı bölgənin xüsusi xidmət orqanları Moskvadan tapşırıq alıblarsa, o zaman hesabat verməli olacaqlar. Amma hesab edirəm ki, güc strukturlarından başqa vəziyyətin belə gərginləşməsinə heç bir qüvvələri razı deyil.

Əgər Rusiya xüsusi xidmət orqanlarının Dnestryanı bölgə ilə bağlı xüsusi əməliyyatı uğurlu alınarsa, o zaman onların Qaqauziya ilə də eyni ssenarini sınayacaqlarını istisna etmək olmaz. Ümid edək ki, bu vəziyyətə çatmayacaq. Amma Kreml minimum ssenari üzrə hərəkət etsə belə, onun Moldovadakı agentləri Avrointeqrasiya ilə bağlı elan edilmiş referendumu, hətta prezident seçkilərinin özünü də belə, ləngitməyə qadirdirlər. Əgər onlar referendumun uğursuz olmasına nail ola bilsələr, bu bizim Avropa istəyimizə güclü zərbə vuracaq. Bundan əlavə, bu, 2025-ci ildə Kremlyönlü qüvvələrin qələbəsi üçün açıq-aydın bir təkan olacaq.

Hakimiyyət təhdidləri zərərsizləşdirmək üçün təcili tədbirlər görməlidir. Avrointeqrasiyası nə qədər cəlbedici görünsə də, həm təşviqə, həm də müdafiəyə ehtiyac duyur. Adi müharibədə olduğu kimi hibrid müharibədə də gecikmə ölümcül ola bilər…”, – Cobanu əmindir.

Rauf Orucov
pressklub
Ardını oxu...
ABŞ post-Putin dövrünə hazırlıq görür
Rusiya müxalifətinin lideri, saxta ittihamlarla 19 illik həbs cəzasına məhkum edilmiş Aleksey Navalnının “Qütb canavarı” cəzaçəkmə müəssisəsində qətlinə Qərbin sərt reaksiya verəcəyi ilə bağlı ehtimal gerçəkləşməyə başlayıb. Fevralın 23-də ABŞ Rusiyaya qarşı ən ağır sanksiya tətbiq edib.


Qeyd etmək lazımdır ki, hələ üç il əvvəl Aleksey Navalnı həbs edilərkən prezident Cozef Bayden bəyan etmişdi ki, Navalnı həbsxanada ölsə, bu, Rusiya üçün dağıdıcı hadisə olacaq.

ABŞ-ın fevralın 23-də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bu prosesin başlandığını söyləmək olar. Çünki ilk dəfə olaraq, ABŞ Rusiyanın məlumat (data) emalı mərkəzlərini və onların provayderlərini hədəf alıb. O mərkəz və provayderləri ki, onlar Qərb şirkətlərindən avadanlıq və proqram təminatı lisenziyaları alıblar. Sanksiya ilə data emalı mərkəzlərinin və onların provayderlərinin texnologiya və sərmayə qaynaqlarına çıxışı bağlanıb. Bu isə müasir iqtisadiyyatın beyini hesab olunan data emalı mərkəzlərinin və onların provayderlərinin tədricən çökməsinə səbəb olacaq. Data emalı mərkəzlərinin çöküşü isə iqtisadiyyatın daha sürətlə dağılmasını qaçılmaz edəcək.

Rusiya Bankının (Mərkəzi Bank) milli ödəniş sistemi olan “Mir” kartlarının operatoru olan Milli Ödəniş Kartı Sisteminə qarşı tətbiq olunan bu sanksiyanı Rusiyanın SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemindən təcrid edilməsindən sonra ən güclü qadağa hesab etmək olar. Rusiya hakimiyyəti “Mir” kartlarının qəbul edildiyi ölkələrin sayını artırmaq üçün çox güclü iş aparırdı. Bunun üçün bir sıra siyasi və iqtisadi güzəştlərə gedirdi. İndi isə ABŞ “Mir” kartlarına qarşı qadağa tətbiq edib. Bu isə o deməkdir ki, İran və Şimali Koreya kimi təcrid olunmuş ölkələr istisna olmaqla, digər ölkələrin maliyyə sistemləri “Mir” kartlarından istifadənin qarşısını alacaqlar. Əks halda, “Mir” kartlarını qəbul edən ölkələrin özü sanksiyaya məruz qalacaq. Çin və Türkiyə banklarının Rusiyadan ödənişləri qəbul etməkdən imtinası göstərir ki, heç kim özünü Rusiyaya görə qurban vermək istəmir. ABŞ son sanksiya ilə “Mir” kartları ilə yanaşı, Rusiyanın səkkiz bankına da sanksiya tətbiq edib. Sanksiyaya məruz qalan banklar arasında Avangard, Beynəlxalq Maliyyə Klubu, Rostfinans, Çelindbank, Modulbank, Databank, Dəniz Bank və Sürətlibank daxildir. Bu banklar ABŞ-da müxbir hesabları və dollar əməliyyatları aparmaq imkanı olmayan ən sərt sanksiya siyahısına daxil daxil ediliblər. Batareya istehsalçıları, logistika firmaları, eləcə də təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan sanksiyalar da Rusiya üçün çox ağır fəsadlar doğuracaq. Rusiyanın mülki aviasiyasının çox ağır vəziyyətdə olduğunu da nəzərə alsaq, təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan qadağaların nələrə səbəb olacağını ehtimal etmək olar. Bu qadağalar Rusiyanın mülki aviasiyasının tamamilə məhvinə səbəb olacaq.

Rusiya sənayesinin əsas strukturlarından olan metal istehsalçıları, o cümlədən Rusiyanın ən böyük xüsusi polad istehsalçısı olan Meçel Qrupuna qarşı tətbiq edilən sanksiya Rusiyada metallurgiyanın çökməsini qaçılmaz edəcək. Bundan başqa, sanksiyalar enerji daşıyıcılarının hasilatından, satışından gəlir əldə etməyə yönəlmiş fəaliyyətlərlə məşğul olan, eləcə də sanksiyalardan yayınmağa kömək edən hüquqi və fiziki şəxslərə qarşı yönəlib.

Eyni zamanda, Vaşinqton Rusiya hakimiyyətinin bir qrup təmsilçisinə qarşı da qadağalar tətbiq edib. Onların arasında Putinin siyasi varisi olacağı gözlənilən Tula vilayətinin qubernatoru Aleksey Dyumin adının da olması göstərir ki, Vaşinqton post-Putin dövrünə hazırlıq görür. Dyuminlə yanaşı, “Vaqner” Özəl Hərbi Şirkətinin yeni rəhbəri Andrey Trosşev, Qara dəniz donanmasının komandirinin müavini Arkadi Romanov, Rusiya-Belarus İttifaqının dövlət katibi Dmitri Mezentsev və Rusiyanın Minskdəki səfiri Boris Qrızlov, Federal Penitensiar Xidmətin direktorunun birinci müavini Valeri Boyarinev, Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsinin rəisi Vadim Kalinin, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Natalya Komarova, Penza vilayətinin qubernatoru Oleq Melniçenko və Ryazan vilayətinin qubernatoru Pavel Malkov daxildir.

ABŞ-la yanaşı, Avropa İttifaqı, Böyük Britaniya və Avstraliya da Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyaların Rusiya iqtisadiyyatının daha sürətlə dağılmasına səbəb olacağı şübhə doğurmasa da, ən əsası bu qadağaların son olmayacağıdır. Əksinə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib ki, bu hələ başlanğıcdır: “ABŞ hakimiyyəti Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini davam etdirəcək”.

Con Kirbi bundan sonra Rusiyaya qarşı hansı məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyinə aydınlıq gətirməsə də, yeni qadağaların daha sərt olacağı şübhəsizdir. Nəzərə almaq lazımdır ki, Qərb ölkələrində qərarlar, xüsusilə də sanksiyalar bir qayda olaraq uzun müzakirələrdən sonra qəbul olunur. Həmin sanksiyaların tətbiqinə nəzarət mexanizmləri olmadan onlar tətbiq edilmir. Buna görə də ehtimal etmək olar ki, Bayden administrasiyası müvafiq strukturlarla müzakirələr aparır və daha ağır sanksiyalar tətbiq edəcək.

Bu ehtimalı doğuran başqa məqamlar da var. ABŞ Ədliyyə Nazirliyi VTB-nin rəhbəri Andrey Kostini sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Ədliyyə Nazirliyinin rəsmisi Kostinin sanksiyaları pozmasına görə iki nəfərin saxlanıldığını bildirirlər. Vadim Volfson və Qannon Bond adlı şəxslər Kostinə məxsus 12 milyon dollarlıq əmlakın sanksiyalardan yayındırılmasında rusiyalı iş adamına kömək etməkdə ittiham olunurlar. Qeyd edək ki, Kostinin rəhbərlik etdiyi VTB Putinin şəxsi bankı hesab olunur. Bankın rəhbəri Andrey Kostin hələ 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır. Kostin separatçı DXR və LXR-in “müstəqilliyi” Rusiya tərəfindən tanıdıqdan sonra sanksiyalara məruz qalıb.

ABŞ Ədliyyə Nazirliyinin sanksiyalardan yayınmağa cəhd hallarına qarşı mübarizəni sərtləşdirməsi qadağaların dağıdıcı gücünü artır. Bütün bunlar aydın şəkildə göstərir ki, Rusiyanın gələcəyi ilə bağlı fikirlər qərarlara çevrilib və Moskvanın ondan xilas olmaq imkanı yoxdur.
Xaqani Cəfərli
pressklub
Ardını oxu...
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır ki, sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Kurtuluş bunu deyərkən ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib:
“Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaqdır”.
Gürcü nazirin bu sözləri mənə maraqlı gəldi. Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstanın Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Bakı və Ankara üçün həssas olan Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün şərait yaradarsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayaran ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb.
Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub.
Makron “böyük yeddilərin” Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır.
Ekspertlər Makronun son hərəkətini “böyük yeddilər”dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq olan Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi?
Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Avropa Birliyi (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı, bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, AB son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi:

“Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəfə alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. AB rəsmilərindən biri “The Guardian”a Kremlin AB-nin iqtisadi-ticari sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib.

Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var.

ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyib. AB Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Məsələn, ötən ilin dekabrında Çin lideri Si Cinpinlə görüşən AB rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb”.

Təhlildə vurğulanır ki. Pekin Brüsselin qərarını sərt tənqid edib:

“Pekin AB-nin Çin şirkətlərinə qarşı sanksiyalarını “beynəlxalq hüquqa zidd” adlandırıb. Çin Xarici İşlər Nazirliyi şirkətlərinin maraqlarını qoruyacaqlarını açıqlayıb. Buna baxmayaraq, Çinin Avropa şirkətlərinə qarşı adekvat addımlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-ci ildə Çinlə AB arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.
 

Dünyapress TV

Xəbər lenti