Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11,0 faizini təşkil edib. Həmin dövrə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.
2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub. Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, daxili işlər orqanlarının əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, bu kateqoriyadan olan şəxslərə və ya onların vərəsələrinə (vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq) I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə müəyyən edilib.
Ətraflı
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 aprel tarixli 3218 nömrəli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olub və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilib.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.
İlkin məlumatlara əsasən, 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib.