
Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar...
Naxçıvanda kartofun qiyməti iki dəfə bahalaşıb. Monopolistlərin Türkiyədən 20 qəpiyə alıb gətirdikləri heyvanlar üçün nəzərdə tutulan yemlik kartof əhaliyə 2 manata satılır. Yerli sakinlərə qonşu ölkədən mal alıb gətirməyə ciddi qadağa qoyulduğundan, onlar kartofu bu qiymətə almağa məcbur olurlar. Türkiyədə normal kartofun kilosu 40-50 qəpiyədir.
Naxçıvanda bir müddət əvvəl kartofun qiyməti 70-80 qəpik olub, həm də normal keyfiyyətdə. Bakıda qiymətlər qalxdıqdan sonra monopolistlər kartofu burada da bahalaşdırıblar.
Yerli sakin F. Səfərov deyir ki, keyfiyyətsiz kartof satışı ilə bağlı yerli Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb:
“Monopoliyanın bir ucu da gedib onlara çıxır deyə, susurlar. Laboratoriyaya aparmağa ehtiyac yoxdur, qida üçün nəzərdə tutulmadığı gözlə də görünür. Bunu bir kasıb etsəydi, dərhal başının üstünü kəsdirib, yüksək məbləğdə cərmələyərdilər. Bayramdan əvvəl Bakıda kartof və soğanın qiyməti qalxmağına baxmayaraq Naxçıvanda qalxmamışdı. Bir neçə gündür ki, qaldırıblar. Qalxmasına baxmayaraq çox keyfiyyətsizdir. Kartof yalnız heyvan yeminə istifadə etmək üçün nəzərdə tutulub. Saatlarla qaynadırsan, bişmir. Qiymətləri də bahadır. Əvvəllər 70-80 qəpiyə normal kartof alırdıq. Kasıb təbəqə qarnını doyuzdurmaq üçün daha çox istifadə edir. İndi həm bahalaşdırıblar, həm də keyfiyyəti yoxdur.”
Əhaliyə baha qiymətə texniki və yemlik sort kartof verildiyindən satıcılar da şikayət edirlər. Onlardan B. Rzayev deyir ki, başqa seçimləri olmadığından, bu kartofu alıb, əhaliyə satırlar:
“Təəssüflər olsun ki, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. İnsan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar bizə dəyərindən 10 dəfə baha qiymətə satırlar. Halbuki, toxumluq adı ilə gətirilən bu kartoflara gömrük rüsumu da ödənilmir. Çünki bununla bağlı Nazirlər Kabinetinin qərarı var. İmkan versələr, özümüz gedib keyfiyyətli kartof alıb gətirib, 70-80 qəpiyə satarıq.”
"Gündəlik Naxçıvan"