Emin Əmrullayevin təhsil siyasəti, yoxsa ticarəti?
Son illər istər orta, istər ali təhsil müəssisələrində qalmaqallardan, kriminal hadisələrdən əlavə,
istəyənin (ixtisas fərqi olmadan) təhsil sahəsində çalışması və bütün bunların mümkünlüyünün yeganə yolunun rüşvət olduğu düşüncəsi insanların elmə, təhsilə olan marağını 0-a endirib.
Hələ məktəbəqədər təhsil müəssisələrinin bahalı avtomobil idarə edən, zəngin müdirlərini demirik. İşlərindəki nöqsanlarından əlavə hər ay valideynlərdən qeyri-qanuni pul yığıldığını yüksək səslə etiraf etdiyi halda bu gün də fərqli müəssisədə eyni vəzifəni tutan Fəranə Məhərrəmova kimi müdirlər, laborant işi üçün 4 min manat rüşvət aldığı deyilən, bu iddialardan sonra sadəcə yeri dəyişdirilib, sanki mükafatlandırırmışcasına daha böyük məktəbə rəhbər təyin olunan Həcər Mahmudova kimi direktorlar bu sahədə bir deyil, beş deyil, on deyil, onlarladır.
Təbii ki, bütün bunlar Emin Əmrullayevin təhsil siyasətinin, əslində bir ticarət olduğu düşüncəsini yaradır. Və bu kimi cəzasızlıq halları çoxaldıqca, özbaşınalıq, etiraz və narazılıqlar da artmaqda davam edir.
Sosial mediada hər gün bir məktəbdən dava-dalaş, kriminal və ifadə etmək nə qədər ağrılı olsa da bunu da qeyd etməliyik ki, əxlaqsızlıq xəbərləri yayılır.
Bəs bu kimi hadisələrə Emin Əmrullayev necə müdaxilə edir, yaxud qarşısının alınması istiqamətində hansı addımları atır?
"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza müraciət edən Ağdam rayonunun Birinci Yüzbaşlı kənd sakini İlhami Nəsibov sakini olduğu kəndin orta məktəbinin direktoru Polad Zeynalovun əlindən bütün kənd sakinlərinin zara gəldiyini deyib.
Polad Zeynalov məktəbdə istədiyini edir.
İlhami Nəsibovun sözlərinə görə, "2020-ci ildə Polad Zeynalovun atası olan keçmiş direktor dünyasını dəyişən kimi o, hansısa yollarla dərhal direktor vəzifəsinə gəldi. 26 yaşlı kitabxanaçı Polad Zeynalovun birbaşa onun yerinə - direktor kürsüsünə gəlməsi bütün kənd sakinlərini təəccübləndirdi. İndi artıq o, balaca məktəbdə Zeynalovun 17 nəfərə yaxın qohumu işləyir.
Məktəbi "ata mirası kimi yiyələnən" Polad Zeynalov gələn yoxlamanın suallarına doğru cavab verən, məktəbdəki neqativləri deyən uşaqlara qarşı kin bəsləyir, onları incidir. Belə ki, bu ilin yanvar ayında gələn yoxlama qrupuna onuncu sinifdə oxuyan Elsevər adlı şagird məktəbdə coğrafiya fənninin tədris olunmadığını və dərnəklər təşkil edilmədiyini deyib. Bundan sonra direktor həmin şagird barəsində polis və prokurorluq orqanlarına şikayət edərək, güya qız şagirdlərə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Hüquq-mühafizə orqanları araşdırdılar və onun şikayətinin həqiqəti əks etdirmədiyi məlum oldu. Bundan sonra artıq Elsevərə qarşı qərəzli münasibət başlayıb.
Sonuncu dəfə bir neçə gün əvvəl məktəbin Lamiyə adlı müəllimi Elsevərə qarşı şagird yoldaşlarının yanında təhqiramiz ifadə (küçüyün balası deyib) işlədib. Yoldaşlarının yanında pərt olan yeniyetmə ona cavab qaytardığına görə isə məktəbdən qovulub. Bu səbəblə Elsevər günlərdir təhsildən kənarda qalıb.
Bundan əlavə, qeyd edim ki, bir neçə il əvvəl direktorun evində müxtəlif çaplı silah-sursat aşkar olundu, lakin buna görə o, özü yox, ağbirçək anası məsuliyyətə cəlb olundu. Yenə də direktor bu böyük məsuliyyətdən kənarda qala bildi. Ondan narazı olan 20-yə yaxın kənd sakinlərini isə məhkəməyə verib. Hazırda 10 nəfərin məhkəmə prosesi yekunlaşmaq üzrədir, daha 10 nəfər barəsindəki proseslər isə davam etdirilir.".
Həmçinin İlhami Nəsibovun redaksiyamıza göndərdiyi sənədlərdə göstərilir ki, direktorun Ağdam Statistika komitəsində məsləhətçi işləyən qardaşı Murad Zeynalov əyani ali təhsil aldığı müddətdə (2000-2001) paralel olaraq hərbi xidmətdə olub, Polad Zeynalov özü isə 2005-ci ildə məktəb direktoru ola-ola hərbi xidmət keçib.
Maraqlıdır!
Silah məktəb direktorunun nəyinə lazımdır?
Dövlət qurumlarında vəzifə tutan Zeynalov qardaşları ali təhsil, hərbi xidmət və dövlət işini eyni vaxtda necə edə biliblər?
Hörmətli Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti, hörmətli Elm və Təhsil Nazirliyi Zeynalov qardaşlarının bu cür möhüblərini düzmək hansı qanunlarla tənzimlənib?
Qeyd edək ki, İlhami Nəsibovun iddiaları ilə bağlı redaksiyamız tərəfindən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib.