![]() |
![]() ![]() ![]() |
|
Ermənilər və onların bir sara havadarları zaman-zaman Azərbaycana böhtan atırlar ki, guya Qarabağda erməni abidələri dağıdılıb. Amma bunu sübut edən fakt ortaya qoya bilmirlər. Onlardan fərqli olaraq, Azərbaycan ermənilərə aid tikililərə toxunmur. Hərçənd onların heç biri qədim deyil. Bununla belə, erməni təbliğat maşını yalanlar üfürməkdə davam edir.
Bu dəfə erməni mediası (nyus.am) uydurub ki, guya Azərbaycan Ağdərənin Vəng kəndində “1941-45-ci illər vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni, "artsax" azadlıq müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirən xaçkarı və həlak olmuş azadlıq döyüşçülərinin heykəlləri olan xatirə divarını dağıdıb". Əlavə edilib ki, bu informasiya “artsax monu” feysbuk səhifəsində qeyd olunub.
Lakin bunun bir cəfəngiyyat olduğu məlumdur. Əvvəla, axtarış zamanı feysbukda “artsax monu” adlı səhifə çıxmır. İkincisi, bu yalanın məhz indiki ərəfədə tirajlanması təsadüfi deyil. Çünki nasizm üzərində qələbənin 80 illiyi yaxınlaşır, Rusiya lideri Azərbaycan Prezidentinə bu münasibətlə təbrik məktubu göndərib, dövlət başçısının da Moskvadakı paradda iştirakı gözlənilir. Belə bir vaxtda ermənilər Rusiyanın diqqətini cəlb etməyə, Azərbaycanı ləkələməyə çalışırlar.
Yeri gəlmişkən, müharibə canisi Vitali Balasanyan bu il nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb. O, bunu Putinə məktubunda qeyd etmişdi.
İndi isə bu ağ yalanın erməni mediasında işıqlandırılması ilə nəyə nail olmaq istəyirlər? Bu, Putinə yarınmaq deyilmi?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər Qarabağdakı abidələrlə bağlı zaman-zaman siyasi möhtəkirlik edirlər. Beynəlxalq təşkilatlara yanlış məlumat verərək Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına çalışırlar. Bəzən bu istəklərinə nail də olurlar: “Əslində bəzi beynəlxalq təşkilatlar və mərkəzlər də ermənilərin bu yalanlarına uymağı özləri də istəyirlər. Çünki onların Azərbaycana qarşı qərəzli mövqeyi var, bəzilərinə erməni diasporu, erməni lobbisi təsir göstərir. Müstəqil siyasət həyata keçirən Azərbaycanı bu şəkildə ram eləməyə çalışırlar. Bir tərəfdən Qarabağdan ermənilərin zorla köçürüldüyü yalanını yayırlar, o biri tərəfdən Qarabağdakı erməni "tarixi abidələri"nin guya dağıdıldığı uydurmasını dünyaya car çəkirlər. Bir tarixçi kimi əminliklə deyirəm ki, Qarabağda tarixi erməni abidəsi yoxdur və heç zaman olmayıb. Çünki ermənilər o əraziyə Çar Rusiyası tərəfindən 19-cu əsrdə köçürülüblər. O zamana qədər Qarabağda heç vaxt erməni yaşamayıb. Qarabağda erməni millətinin tarixən yaşadığını təsdiqləyən bir dənə də olsun tarixi fakt, dəlil, abidə, qəbir və digər sübutlar yoxdur. Qarabağdakı alban xristian abidələrini ermənilər xislətlərinə uyğun olaraq erməni abidələri kimi təqdim edirlər. Həmin abidələri isə Azərbaycan dövlət səviyyəsində qoruyur və bərpası işlərini həyata keçirir".
A.Nağı vurğuladı ki, ermənilər əllərində abidələrin dağıdılmasını əks etdirən bir dənə də olsun fakt olmadan yalan danışırlar. 1941-1945-ci il müharibəsi ilə bağlı qurulmuş abidəyə də Azərbaycan heç bir zərər vurmayıb: “Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlər, qətliamlar, vandallıqlar həyata keçirmiş erməni quldurlara qurduqları bədnam "abidələr" isə təbii ki, dağıdılmalıdır. Çünki həmin quldurların etdikləri cinayətlər II Dünya müharibəsində nasistlərin etdiklərindən də betər cinayətlər olub. İnsanlıq əleyhinə cinayətlər törətmiş quldurlara abidə ucaltmaları ermənilərin faşist düşüncəli olduğunun bir sübutudur. O qədər həyasızlaşıblar ki, Putini də aldatmağa çalışırlar. Vitali Balasanyan Putinə müraciətində II Dünya müharibəsində ölmüş 90 min erməninin Qarabağda yaşayan ermənilər olduğunu yazır, eyni zamanda Azərbaycana qarşı işğalçılıq müharibəsində insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşmüş insanlarla eyniləşdirir. Öz aləmlərində Putini aldadacaqlarını zənn edirlər".
Həmsöhbətimiz dedi ki, Azərbaycan hərbi canilərə ucaldılmış hər hansı “abidə”ni öz ərazisində saxlaya bilməz. Bunu hər kəs bilməlidir: “Müəyyən məsələlərdə Azərbaycan tolerantlıq nümayiş etdirir. Ancaq hesab edirəm ki, bu məsələdə tolerantlığa yer ola bilməz”.
Akif Nağı onu da qeyd etdi ki, Xocalı canisi Serj Sərkisyanın bu yaxınlarda verdiyi müsahibədə Qarabağa getmək şansı olsaydı birinci valideynlərinin və dostlarının məzarlarını ziyarət edəcəyini söyləməsi əslində ermənilərin “Qarabağda abidələrimiz, qəbirlərimiz dağıdılır” vay-şivəninin tamamilə əsassız olduğunu dolayısı ilə ifşa etmiş olur: "Deməli, Serj Sərkisyan kimi hərbi cani azərbaycanlıların abidələri və qəbirləri dağıtmadığına əmindir, bilir ki, Azərbaycan tolerantdır və ermənilərdən fərqli olaraq heç vaxt abidələri, qəbirləri dağıtmaq və yer üzündən silmək kimi vandallıqla məşğul olmurlar. Yəni Sərkisyan əmindir ki, onun kimi qulduru yetişdirmiş valideynlərinin və hərbi cani olan dostlarının qəbirləri salamatdır. Ancaq Serj Sərkisyan Qarabağa ayaq basmaq haqqını itirib. O özü də etiraf edib ki, Xocalı soyqırımının təşkilində şəxsən iştirak edib. Bu cinayəti onun Azərbaycan torpağına ayaq basmaq hüququnun olmadığını deməyimiz üçün kifayətdir. Sərkisyan və Balasanyan kimi kimi canilər bundan sonra Azərbaycan torpağına ancaq əli qandallı məhbus kimi ayaq basa bilərlər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”