Ardını oxu...
 

Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.

Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Ardını oxu...
ABŞ-ın Gürcüstandakı səfirliyi təsdiqləyib ki, prezident Co Baydenin administrasiyası gürcü nümayəndə heyəti ilə görüşdən imtina edib və baş nazir İrakli Kobaxidzeni qəbul etmək dəvətini ləğv edib.

Səfirliyin bəyanatına görə, bu addım Gürcüstan hökumətinin "antidemokratik hərəkətləri, ABŞ və Qərbə yönəlmiş dezinformasiya və mənfi ritorika" ilə əlaqədardır.

Kobaxidze, BMT Baş Assambleyasında Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən şəxs olaraq qəbul ediləcək şəxslər siyahısında olub

Xatırladaq ki, 16 sentyabrda ABŞ Gürcüstandan olan iki məmur və iki fərdi şəxsə qarşı sanksiyalar elan etmişdi. Sanksiyalara səbəb dinc etirazların zorakılıqla yatırılması və "xarici agentlər" haqqında qanuna qarşı baş verən hadisələrdir. Sanksiyalara məruz qalan şəxslər arasında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili və müavini Mileri Laqazauri, həmçinin Rusiyayönlü partiyanın liderləri Koka Morqoşia və Zura Maxaradze var.

Bundan əlavə, müxalif “Formula” telekanalı xəbər verir ki, Aİ ölkələri arasında Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması barədə razılıq əldə edilib. Baş nazir Kobaxidze bu şayiələri "ucuz şantaj" adlandırıb.
 
Ardını oxu...
ABŞ Nümayəndələr Palatası gələn həftə hökumətin bağlanmasının qarşısını almaq üçün səylərini artırıb. Bir çox Respublikaçı qanunverici federal xərclərin azaldılması ilə bağlı uğursuzluğa görə partiyalarının rəhbərliyi ilə qarşıdurmaya hazıdır.

Müvəqqəti qanun layihəsi dekabrın 20-dək hökumət əməliyyatları üçün illik maliyyələşdirmənin cari səviyyəsini təxminən 1,2 trilyon dollar səviyyəsində saxlayır. Bu, noyabrın 5-də keçiriləcək prezident seçkilərinə bir neçə həftə qalmış minlərlə federal işçinin müvəqqəti işdən çıxarılmasının və geniş spektrli dövlət xidmətlərinin bağlanmasının qarşısını alacaq.

Nümayəndələr Palatasının spikeri Mayk Conson Nümayəndələr Palatasında cüzi çoxluğa malik Respublikaçılar Partiyası daxilində müxalifətə qalib gəlmək üçün Qaydalar Komitəsindən yan keçərək qanunvericiliyi qəbul etmək üçün parlament manevrindən istifadə etməyi planlaşdırır.

O, uğur qazansa, demokratların çoxluq təşkil etdiyi Senat da qanun layihəsini çərşənbə günü səsə qoyaraq imzası üçün prezident Co Baydenə göndərmək niyyətindədir.

Nümayəndələr Palatasının əhəmiyyətli sayda Respublikaçısının tədbirin əleyhinə səs verəcəyi gözlənilir. Daha əvvəl prezidentliyə namizəd Donald Tramp qanun layihəsinin qəbulu ilə federal seçkilərdə vətəndaş olmayanların səs verməsinə qarşı mübahisəli qadağanın rəsmi təsdiqi olmasa halda hökumətin bağlanmasınıı müdafiə edəcəyini deyib.
 
Ardını oxu...
  

Bölgədə neoimperialist maraqlar güdən, Ermənistandan alət kimi istifadə edənlərə sərt xəbərdarlıq; Zəngəzur dəhlizinə və COP29-a qarşı kampaniya aparanların ifşası davam edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı və bu çıxışda Qərbə, Ermənistana verdiyi çox mühüm mesaj və xəbərdarlıqlar yəqin ki, hələ bir müddət xaricdəki lazımi ünvanlarda təhlil ediləcək, nəticələr çıxarılacaq. Xüsusən də Prezidentin o sözləri ki, daha heç kim Azərbaycanla ultimatum və şantaj dilində danışa bilməyəcək. 

İlham Əliyevin vurğuladığı kimi, son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Bununla belə, türkofobiyadan, islamofobiyadan doğan “ikili standartlar” əsasında qurulmuş ittihamlar davam edir. Ancaq Prezidentin söylədiyi kimi, bu, nə bizim iradəmizə, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz: “Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Dövlət başçısı habelə müasir dünyamızın daha bir acı reallığına diqqət çəkdi. Bildirdi ki, beynəlxalq hüquq anlayışı artıq tam sarsılıb, 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər də.

“Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”, - Prezident qeyd edib.

Bu əslində yaxın və orta perspektiv üçün Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyub saxlamaq, əhalimizin təhlükəsizliyini təmin etməyin “yol xəritəsi”dir. Yəni “barıtımızı” daima quru saxlamalı, heç vaxt arxayınlaşmamalıyıq. Prezidentin vurğuladığı kimi, xüsusən də o səbəbə ki, Ermənistanda revanşist qüvvələr təzədən baş qaldırmaqdadır. “Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər”, - dövlət başçısı vurğulayıb.

“Yol xəritəsi”nin əsasında duran daha bir mühüm element-test, İlham Əliyevin ifadə elədiyi kimi, “kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır”.

Ardını oxu...

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında Ali Baş Komandanın təcavüzkara xəbərdarlığının Ermənistana addımlarını daha diqqətlə atması üçün ciddi əsas olacağını qeyd etdi: “Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışı Azərbaycanın güc, qüdrət və imkanlarının inikas olunduğu və ölkəmizin diktə edən hərbi-siyasi güc kimi nüfuzunun bir daha əks olunduğu reallıqlarının bəyanı hesab olunmalıdır. Bildiyiniz kimi, dövlət başçımızın çıxışı Azərbaycanın və bütövlükdə regionun təhlükəsizlik konfiqurasiyasından tutmuş, münasibətlər, iqtisadi, siyasi, sosial aspektlər də daxil, bütövlükdə ümumbəşəri maraqları ehtiva edən bütün sferaları əhatələdiyi üçün əslində regionun gələcək inkişaf konsepsiyası üçün həm də yol xəritəsi xarakteri daşıyırdı. Lakin aydındır ki, dövlət başçımızın çıxışında əsas diqqət regionun təhlükəsizlik arxitekurasına yönəldi və bu proseslər daha çox Azərbaycanla Ermənistan və Qərb imperializminin Azərbaycana münasibəti üzərində təhlil edildi və aidiyyəti istiqamətlərə Azərbaycan lideri tərəfindən xəbərdarlıqlar olundu. Dövlət başçımız açıq şəkildə vurğuladı ki, Vətən müharibəsi və antiterror tədbirlərində şanlı zəfərlərimizdən sonra Azərbaycanın hazırkı dərinləşən ziddiyyətlər fonunda gərgin situasiyaya baxmayaraq mövqeyi daha da möhkəmlənib. Xüsusən ölkəmizdə həyata keçirilən güclü ordu quruculuğu prosesi, qurulan yeni müdafiə sənayesi sistemi, habelə çoxsaylı əks həmlələrə baxmayaraq Azərbaycanın beynəlxalq münasibətlər platformasında ard-arda qazandığı qələbələr artıq bizi istəməyən qüvvələrin belə regionda Azərbaycanın hərbi-siyasi güc kimi imkanları və mövqeyi ilə hesablaşmasına gətirib çıxarıb. Lakin cənab Prezident onu da qeyd etdi ki, bu gün arxayınlaşmaq üçün heç bir səbəb yoxdur. Xüsusən Ermənistanda hələ də revanşist ab-havanın mövcudiyyəti, o cümlədən Qərb imperializminin Ermənistanı durmadan silahlandırması, açıq və gizli şəkildə, bu və ya digər formada hərbi-siyasi dəstəyin verilməsi fonunda Azərbaycanın yeganə yolu daha güclənmək, hərbi-siyasi imkanlarını daha da artırmaqdır. Yəni dövlət başçımız bundan sonra da hərbi imkanlarının artırılması istiqamətində tədbirlərin davam edəcəyini və daha da gücləndiriləcəyini gizlətmədi. Bu isə öz növbəsində bölgədə neoimperialist maraqlar güdən, yaxud Ermənistandan alət kimi istifadə edərək regionda öz təcavüzkar maraqlarını təmin etmək istəyən qüvvələrə qalib dövlətin müzəffər lideri tərəfindən aydın və birmənalı xəbərdarlıq idi. 3 il ərzində Ermənistanı və dolayısı ilə havadarlarını iki dəfə kapitulyasiyaya məcbur edən bir liderin bu kimi bəyanatları, heç şübhəsiz ki, aidiyyəti beynəlxalq subyektlər tərəfindən diqqətlə izlənilir. Heç şübhəsiz ki, bu xəbərdarlıq təcavüzkar beynəlxalq subyektlərin, o cümlədən Ermənistanın addımlarını daha diqqətlə atması üçün ciddi əsas olacaq”.

Ardını oxu...

Elxan Şahinoğlu

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə, yazıda qeyd olunanlardan əlavə, Azərbaycan Prezidentinin çıxışının digər istiqamətlərinə də toxundu və çox mühüm sitatlar gətirdi: “Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə çıxışı zamanı təhlükəsizlik siyasətini əhatə edən mesajlar verib. Birincisi, İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlı qalmasının doğru olduğunu bildirib: "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır".

Sərhədləri bağlı qalmasının Azərbaycanı xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. İkincisi, İlham Əliyev Qərbin Ermənistanı silahlandırdığını dedi: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah-sursat göndərilir. Bir sıra Qərb ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırır. Onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”. Üçüncüsü, xarici dairələrin Azərbaycana qarşı yeni planlar hazırladığını söylədi: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib. Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azərbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, o ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, “Ermənistan ordusunda beşinci kolon” mövcuddur. Bu isə o deməkdir ki, həmin beşinci kolon müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. İlham Əliyev Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıblar” cümləsini işlədib. Yəni “xarici dairələr” dedikdə bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.
 
Ardını oxu...
Kipr adasında iki xalq və iki dövlət mövcuddur, federasiya sistemi artıq qəbuledilməzdir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) adada sülhün və əməkdaşlığın tərəfdarıdır. Ərdoğan, həmçinin, beynəlxalq ictimaiyyəti ŞKTC-ni tanımağa və iqtisadi əlaqələr qurmağa çağırıb.
 

Ardını oxu...
Prezident İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışında sülh istəməyən Ermənistana və Ermənistanı dəstəkləyən dairələrə birmənalı mesajlar verdi, xəbərdarlıq edildi.

Bunu APA-ya açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov bildirib.

Zaur Məmmədov deyib ki, Qərbin Ermənistana dəstəyi təsadüfi deyil. Cənubi Qafqazda tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması hazırda BMT Təhlükəsizlik Şurasında yer alan 5 dövlətdən 4-nün bu və ya digər şəkildə iştirakı ilə baş tutub və həmin dövlətlər Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasında, status-kvonun dəyişməsində maraqlı deyildi: “Vaxtilə ermənilər üçün bölgədə heç zaman mövcud olmayan dövlət quran, Zəngəzuru iki hissəyə parçalayaraq qərb hissəsini Ermənistana verən, Qarabağda muxtar vilayət quran beynəlxalq subyektlər bu gün də anti-Azərbaycan siyasəti apararaq, bölgədə maraqlarını həyata keçirmək üçün əllərindən gələni edirlər. Azərbaycanın sülh təklif etməsi fonunda məğlub və işğalçı Ermənistana silah satmaq, bu ölkəylə hərbi və texniki əməkdaşlığı gücləndirmək təbii ki, sülhə yox, yeni müharibəyə xidmət edir. 21-ci əsrdə işğalçı ölkənin bəzi Qərb ölkələri tərəfindən mükafatlandırılması çox pis bir örnəkdir. Məsələn, tarixə baxsaq, faşist Almaniyasına münasibətdə qlobal cəzalandırma mexanizmi işə düşmüşdü. Ancaq indi Ermənistana fərqli münasibət var. Üstəlik, Azərbaycanı Qarabağın dağlıq hissəsində etnik təmizləmədə günahlandırmaq, öz müqəddəratını təyin etmək məsələsini yenidən gündəmə gətirmək cəhdləri müşahidə edirik. Nəinki müdafiə, hətta Ermənistana hücum təyinatlı texnika və silahlar hədiyyə olunur, müxtəlif vasitələrlə, fondlarla Ermənistana yardımlar, ianələr ayrılır”.

Politoloq qeyd edib ki, bunların fonunda Azərbaycan hərbi gücünü artırır: “Prezident İlham Əliyev də parlamentdə çıxışında bəyan etdi ki, bu istiqamət bundan sonra da əsas prioritet olacaq. O cümlədən Azərbaycanın müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir”.

Zaur Məmmədov Ermənistanın məqsədyönlü şəkildə sülh prosesini pozduğunu söyləyib: “Sülh sazişi layihəsi ilə bağlı Ermənistanın son cavabının 70 gün sonra Azərbaycana təqdim olunması da bundan xəbər verir. Bu onun göstərir ki, Ermənistan COP29-un keçiriləcəyi bu ildə Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətində deyil, vaxtı uzadır. Son vaxtlar Ermənistanda “Dağlıq Qarabağ” ifadəsinin tez-tez səslənməyə başlaması, Ermənistan Baş naziri və xarici işlər nazirinin Azərbaycanın Qarabağda antiterror əməliyyatları aparmasının ildönümündə etnik təmizləmədən bəhs etməsi, bu ölkədəki siyasi dairələrin Azərbaycan əleyhinə açıqlamaları, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyanın dəyişdirilməməsi, Minsk qrupu ilə bağlı mövqedə dəyişiklik olmaması göstərir ki, bölgədə müharibə riski artmaqdadır. Əgər bu il sülh sazişinə imza atılmasa, o halda gələn ildən başlayaraq şərti sərhəddə vəziyyətin daha da gərginləşməsi müşahidə oluna bilər. Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəddə atəşkəsi pozması, kəşfiyyat-diversiya xarakterli addımlar atması, Qərbdən gələn hərbi mütəxəssislər tərəfindən Ermənistan ordusunda təlimlərin keçirilməsi təsadüfi sayıla bilməz. Bundan əvvəl Zəngəzur bölgəsinə Avropa İttifaqının xüsusi missiyası adı altında kəşfiyyatçı və döyüşçüləri gətirən Qərbdəki bəzi dairələr vahid ssenari əsasında hərəkət etdiklərini göstərirlər. Fransa və ABŞ-dakı müəyyən dairələr Zəngəzur dəhlizində möhkəmləndikdən sonra bölgədə geosiyasi maraqlarını həyata keçirmək üçün yeni təxribatlara əl atmaq niyyətindədir. Biz əvvəllər belə planların necə həyata keçirildiyini Avrasiyanın digər yerlərində görmüşük. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin apardığı siyasət Cənubi Qafqazda da qarşıdurmanın kəskinləşməsi ehtimalını yüksəldir. Amma hər kəs, xüsusən Ermənistanın arxasında duran qüvvələr başa düşməlidir ki, heç kəs Azərbaycanı öz yolundan çəkindirə bilməyəcək. Əgər təhdidlər davam edəcəksə, Azərbaycan Ordusu lazımi addımları atacaq. Doğurdan da sülh müqaviləsinin imzalanması üçün real şans var. Bunun üçün Azərbaycanın çox sadə şərti var. Əgər söhbət dayanıqlı sülhdən gedirsə, o zaman Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını rəsmi şəkildə bildirməli, yeni Konstitusiya qəbul etməlidir. Əgər Ermənistan yeni Konstitusiya qəbul etmirsə, deməli, Azərbaycana qarşı ərazi iddiaları davam edəcək. Vaxtilə Azərbaycan torpaqlarında qurulmuş Ermənistan indi də Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını davam etdirəcəksə, aqibətini düşünsə yaxşıdır”.

Ardını oxu...
Əliyev Milli Məclisdə çıxışı zamanı sərhədin müdafəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd etdi. Sərhədin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəb mövcuddur.
Birincisi, texniki olaraq qiymətləndirmək olar. Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağlıq relyef görülməli olan işləri ikiqat çətinləşdirir.
İkincisi, Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları daşınır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətdə ABŞ da daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir.
Üçüncüsü, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, hətta Çinin maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiyanı şərtləndirə bilər.
Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır.

Asif Nərimanlı - Dia-az.İnfo
 
Ardını oxu...
Suriya prezidenti Bəşər Əsəd Məhəmməd Qazi əl-Cəlalinin başçılıq etdiyi yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Prezidentinin Aparatı məlumat yayıb.

Əvvəllər Rabitə və Texnologiyalar Nazirliyinə rəhbərlik edən Cəlali baş nazir təyin edilib.

Bundan başqa, kadr dəyişiklikləri nəticəsində Miqdadın yerinə onun müavini Bassam Sabbah Xarici İşlər Nazirliyinin rəhbəri olub. Miqdad Suriyanın vitse-prezidenti təyin edilib.
 

Ardını oxu...
  

ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə ikitərəfli münasibətləri, habelə regional və qlobal mövzuları müzakirə edib.

Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində baş tutub.

“Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi üçün çalışmağa davam edəcəklərini bildirib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Türkiyə lideri “İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi qırğınların regional və qlobal sülhə zərər verdiyini, insan haqları və beynəlxalq hüququn pozulmasına son qoyulmalı olduğunu, dünya dövlətlərinin hamılıqla sülhyönümlü hərəkət edəcəyi təqdirdə, İsrailin dayanmaq məcburiyyətində qalacağını” vurğulayıb.//Report

 
 
 

Dünyapress TV

Xəbər lenti