“Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub”.
Bu barədə “Bizim Lənkəran” Feysbuk səhifəsində paylaşım edilib.
Bu paylaşımdan sonra yaşanan hal sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətindən Yeniavaz.com-a bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb:
“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.
Qeyd edək ki, sözügedən qala XVIII əsrə aid edilir.