“Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsindəri. O vaxt bədii şuraların üzvləri Tofiq Quliyev, Rauf Atakişiyev, Cahangir Cahangirov kimi bəstəkarlar idilər. Onlar hər adamı da səhnəyə çıxarmazdılar. Ağadadaş Ağayevin bir müddətdən sonra səhnədə çıxış etməyinə razılıq verdilər. O vaxt Ağadadaş artıq məşhur idi. Bu gün Aztv və Mədəniyyət kanalları cəmmiyyətə böyük xeyir verir. Digər kanallar məndən inciməsinlər, çox bayağıdırlar. Şit-şit gülməklə, qalmaqalla, kimisə evləndirməklə gündəmə gəlirlər”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə deyib.
“Əvvəl yaxşı bildiyim aparıcıları izləyirəm, görürəm ki, onlar da dəyişiblər. Nə var, nə var ki, reytinq gəlsin. Bunun bizə ziyanı var, xeyri yox. Telekanallar bizim həyatımızı formalaşdıran mənbədir. Gərək onlar tərbiyəvi mövzulara toxunsunlar. Müğənni çıxır əcaib bədən quruluşu ilə oynayır, bizim uşaqlar axı bilmir bu yaxşıdır yaxud pis?! Bizə axı bütün ölkələrdən baxırlar. Niyə ölkəmiz haqda ayrı-ayrı insanların beynində mənfi rəy formalaşmalıdır? Qalmaqal yaradırlar, sonradan kütlə də onların səviyyəsinə düşür. Qalmaqal əvvəl də olub, guya bizi qalmaqala salmaq istəməyiblər? O vaxtı da bir-birləri ilə küsülü olanlar var idi. Bunu heç kim efirə çıxarmırdı. İncəsənət sahəsi ömür boyu intriqalarla dolu olub” deyə o bildirib.
Sənətkar Şuşa təəssüratlarını da bizimlə bölüşüb.
“Sonuncu dəfə Şuşada 1974-cü ildə olmuşdum. Qastrol səfəri idi, Natəvan xanım da orada iştirak edirdi. Ondan əvvəl “Qaya” kvarteti ilə bir yerdə getmişdik. Şuşa bizim ölkəmizin ən gözəl yerlərindən biridir. Oranın təbiəti kimi mənə elə gəlir ki, dünyada təbiət yoxdur. Heç ağlıma da gəlməzdi ki, illər sonra yenidən Şuşanı görə bilərəm. Natəvan xanımla birgə 3-cü “Xarıbülbül” festivalında iştirak etdik. Fizuli aeroportunda biz endik, Şuşaya avtobuslarla getdik. Mənim ürəyim ağrıdı. Elə bil ki, Fizulidə atom bombası partlayıb, Naqasaki onun yanında yalandır. Bütün kəndlər dağıntılar içərisində idi. Artıq böyük bərpa işləri gedir. Əlbəttə ki, buna uzun müddət lazımdır. Çox yüksək səviyyədə konsert keçdi. Hava bir az sərt idi. Şuşanın abu-havasından idi ki, bütün Cıdır düzünü rəqs, musiqi bürümüşdü. Dostlarımızı görüb sevindik. Rasim Balayevlə qol qaldırıb, sevincimizdən oynadıq. Çox gözəl tədbir idi, yüksək səviyyədə təşkil olunmuşdu” deyə sənətkar bildirib.
Rafiq Seyidzadə bu gün də musiqi ilə məşğul olduğunu deyib.
“Mən həmişə musiqi sənəti ilə məşğulam. Başıma, yaşıma baxmayaraq musiqi ilə daim ünsiyyətdəyəm. Son 5-6 ildir ki, nisbətən ara vermişəm. Bəzən götürüb saksafonu ifa edib, cavanlığımı, gənclik illərimi yada salıram” deyə sənətkar bildirib.