Fəlakət xəbərçiləri:
Münaqişə zonasında və təbii fəlakət bölgəsində çalışan jurnalistlərin hazırladıqları məhsul auditoriyaya çatanadək xeyli yol keçir. Bu materiallarla tanış olan şəxslərin heç də hamısı onların hazırlanma mərhələsində jurnalistin üzləşdiyi çətinlikləri sorğulamır. Anlaşılandır. Auditoriyaya xəbər lazımdır və bu xəbərin hazırlanmasında media mənsubunun hansı əzablı yollardan keçməsi onu düşündürməyə bilər.

İllərdir, istər Azərbaycanda, istərsə də müxtəlif dövlətlərdə münaqişələri və etiraz aksiyalarını işıqlandıran jurnalist olaraq, bu dəfə Türkiyədəki təbii fəlakət ərazisində rastlaşdığım bəzi məqamları Pressklub.az-ın oxucuları ilə bölüşəcəyəm.

Etiraf edim, bu, peşə fəaliyyətim dövründə işıqlandırdığım ilk zəlzələ hadisəsi idi. Əminəm ki, istər Azərbaycandan, istərsə də dünyanın müxtəlif ölkələrindən olan həmkarlarımın da ilk təcrübəsi idi. Çünki bu, son illərin ən dəhşətli zəlzələsi idi, üstəlik, ərazinin böyüklüyü, dağıntıların və ölüm sayının yüksək olması vahimənin miqyasını daha da artırırdı.

Müharibədən fərqli olaraq, bu miqyasda təbii fəlakəti işıqlandırmaq qat-qat çətindir. Aydın məsələdir ki, birincisi insan “əməyinin məhsulu”dur, digəri isə təbiət hadisəsidir. Müharibə prosesinə təsir etmək olar, amma təbiətin şıltaqlıqları tamam fərqlidir. Jurnalistlər bu şəraitdə necə işləyirlər?

Zəlzələnin dağıtdığı yerdə yuyunmaq, dincəlmək, qızınmaq və normal qidalanmaq üçün şərait olmur. Bu kimi ehtiyacları qarşılamaq üçün zəlzələ olmayan bölgəyə getməlisən, başqa cür mümkün deyil.

Təbii fəlakət zonasına səfərimizin ilk günü, demək olar ki, yatmadıq. Əslində, buna psixoloji olaraq hazır idik, hara getdiyimizi bilirdik, buna görə də yuxu ehtiyacımızı qarşılamaq üçün təyyarədə, hava limanının gözləmə zalında və avtobusda yatmalı olduq. Yuyunmaq istəsək də, bunu edə bilməzdik, çünki zəlzələnin törətdiyi fəsadlar nəticəsində texniki sudan istifadə gigiyenik deyildi. Suyun tərkibi dəyişmişdi, onun təmizlənməsi isə mümkün deyildi, bunun üçün xeyli zaman lazım olduğu bildirilirdi. Ən yaxşı halda, içməli su ilə yuyunmaq və dişləri fırçalamaq olardı. Biz də səfərdə olduğumuz günlər ərzində bu qaydaya əməl etdik. Duş qəbulu, ümumiyyətlə, əlçatmaz xəyal idi.

Haşiyə: Ötən ilin martında Kiyevdə olanda metrostansiyasında sığınacaq şəraitində belə duş qəbul etmişdim. Qatar tunelə daxil olur ha, bax, elə həmin tunelə doğru bir otaq vardı. Orada hamam idi. İçərisində də saç və bədən üçün şampunlar düzülmüşdü. Kiyevdə müharibə gedirdi və əhali metrodan sığınacaq kimi istifadə edirdi.

Yatmaq üçün çadırlar əlverişli məkan olsa da, onun da çatışmayan cəhəti var idi, ələlxsus, odun peçi ilə qızınırdıq. Çünki gecə saatlarında, yuxunun şirin yerində soyuqdan titrəyə-titrəyə yuxudan ayılırdıq. Odun sobasının içindəki taxtalar yanıb kül olduqdan sonra çadır tez soyuyurdu. Buna görə də çadırlarda yatarkən yalnız ayaqqabılar çıxarılırdı, üst geyimimiz, hətta gödəkçə, şərf və papaq da üzərimizdə olurdu.

Çadırlardan əlavə, media mənsubları həm də bölgələrdə yerləşən AFAD inzibati binalarında gecələyirdilər. Burada isə birbaşa dəhlizdə yatmaq mümkün idi. Çadırlarda səhra çarpayısı olsa da, binalarda yalnız yerdə yatmaq olurduq, yəni daşın üzərində. Binalar da soyuq olduğundan altda qalın döşək, üstünüzdə yorğan olmasının da ciddi əhəmiyyəti yoxdur. Təhlükəsizlik tədbirlərinin artırılması üçün qazın verilişində məhdudiyyətlər vardı. Bəzi həmkarlarımız gecəni küçədə, ocaq qarşısında keçiriblər, gündüzlər isə vəzifə borclarını yerinə yetiriblər. Zəlzələdən əziyyət çəkənlərin çadırlarında elektrik sobaları olurdu. Ümid edirik ki, onlar üşümürdülər…

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176600_7.jpg
Biz bir gecəni də media avtobusunda keçirdik. Jurnalistlər buraya işləməyə gəlirdilər – məqalə yazır, fotolara baxış keçirirdilər. Xüsusi internetverici cihazlar ilə hazır materialları redaksiyaya göndərirdilər. Bölgədə internet yox idi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176602_6.jpg
Avtobus bütün gecəni işlək vəziyyətdə qalırdı. Yalnız bu yolla onun içərisini isti və işıqlı saxlamaq mümkün idi. İlk və son dəfə həmin gün uzun müddətdən sonra gödəkçəmi, şərfimi və papağımı çıxardım.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176605_5.jpg
Media avtobusunun içərisində çay, kofe və bəzi çərəzlər var idi. Təbii ki, bütün həmkarlarımız avtobusda gecələmədi. Bir qismi şəxsi nəqliyyat vasitələrinə getdilər və bu avtomobillər də bütün gecə işlək vəziyyətdə idi. Əks halda, onların da içərisi bumbuz olacaqdı.

Türkiyəli həmkarlarımdan birindən maşında gecələmək barədə soruşdum. Cavabı bu oldu ki, indiki şərtlər daxilində ən yaxşısı budur. Bizim media avtobusu və digər nəqliyyatların dayanacağı yanacaq doldurma məntəqəsi idi. Bütün gecə boşalan yanacağı gündüz elə orada doldururdular. Yanımızda da İstanbuldan göndərilmiş yanğınsöndürənlər vardı. Zəlzələdən əziyyət çəkənlərin bir qismi də nəqliyyat vasitələrində gecələyirdi. Gündüzlər avtomobillərin arxa oturacaqlarındakı yorğan və döşəklər aydın görünürdü.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176611_4.jpg
Qida ehtiyacımızı isə zəlzələdən əziyyət çəkənlərin toplaşdığı çadır şəhərciklərində və inzibati binalarda qarşılayırdıq. Cibimizdə pul olsa da, ərzaq almaq üçün mağaza yox idi… Balıq konservi, bulqur, plov, üzərində mal və toyuq əti, bir də mərci və pomidor şorbası.

Zəlzələ bölgəsində fövqəladə vəziyyət elan olunsa da, şəhərlərə giriş-çıxış intensivdir. Türkiyənin və dünyanın müxtəlif yerlərindən buralara yardımlar göndərilir. Bundan əlavə, ölkənin müxtəlif şəhərlərindən polis, jandarma, tibb heyəti əhaliyə xidmət üçün cəlb olunub. Bu halları həm Kahramanmaraş, həm də Hatayda müşahidə etdik. Təbii fəlakətdən istifadə edən bəzi qruplar dağıntılar arasında dalıb, oradan qızıl, pul və digər qiymətli əşyalar axtarırdılar. Buna görə də hər iki şəhərdə dağıntılar qarşısında əli silahlı əsgərlər keşik çəkirdi. Axşam saatlarında isə insanlara hücumlar barədə də eşidirdik. Buna görə də, əsasən Hatay vilayətində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə idi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176613_3.jpg
Hərbçilər gecə-gündüz şəhər boyu patrul xidməti aparırdılar. Axşam Hatayın Antakya şəhəri “ruhlar şəhəri” nə çevrilirdi. Qaranlıq, ətrafda insan boyunu aşan dağıntılar, küçələrdə əllərində avtomat gəzən hərbçilər. Onlar naməlum obyekt görən kimi yaxınlaşır, ya da əllərindəki fənərin işığını həmin obyektin üzərinə salırdılar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176616_2.jpg
Xarabalıqlar arasında irəlilədikcə müxtəlif yerlərdə xilasedicilərlə rastalışırdıq. Onlar bu gün kiminsə ya canlı, kiminsə də cansız bədənini o dağıntılar altından çıxarıblar…

Dağıntılar altında insan cəsədləri vardı. Bəzən ya bilərəkdən, ya da bilməyərəkdən onların qarşısından keçir, yanındakı betonun üzərində fotolar da çəkirdik. İnfeksion xəstəliklərin yayılması riskini nəzərə alaraq, tibbi maskadan və spirtdən istifadə edirdik. Xoşbəxtlikdən bəzi məntəqələrdə bu tip vasitələri əldə edə bilirdik. Gigiyenik şərtlərin minimum səviyyədə olduğu bölgədə özümüzü qorumalıydıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1677176618_1.jpg

Gözləyirlər…
Məsələnin emosional və psixoloji tərəfləri isə tamam başqa yazının mövzusudur. Təsəvvür edin, bir dağıntının qarşısında iki nəfər dayanırdı – onlardan biri kiminsə sağ çıxacağına ümidli idi, digəri isə artıq həyatda olmayan yaxınının cansız bədənini gözləyirdi.

Təcili tibbi yardım və cənazə maşınları eyni cür gözləyirdi. Bizə deyilirdi ki, təcili tibbi yardım maşınını təqib edin, bu o deməkdir ki, hansısa dağıntının altından kiminsə sağ çıxma ehtimalı var.

Bunlar zəlzələ bölgəsində fəaliyyət göstərərkən üzləşdiyimiz halların bir qismi idi, açıq desək, ifadə edə bildiklərimizi yazdıq. Qalanı isə bizdə qalsın…

Seymur Kazımov
Bakı-Ankara-Qaziantep-Kahramanmaraş-Hatay-İstanbul-Bakı

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti