Bəzi QHT-lərin dövlət dəstəyi ilə yaradılmış saytları niyə fəaliyyətsizdir? – ARAŞDIRMA
Cəmiyyətdə yeni münasibətlər modelini formalaşdırmaq, vətəndaş təşəbbüsünü artırmaq, milli maraqların qorunmasını təmin etmək, Azərbaycan həqiqətlərini və haqlı mövqeyini dünyaya çatdırmaq üçün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə böyük ehtiyac var. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən III sektor təmsilçilərinin ən müxtəlif layihələri maliyyələşdirilir. İnsafən, bu maddi dəstək müqabilində bir çox QHT-lər tərəfindən ortaya sanballı iş qoyulur.

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb. Həmin yazını təqdim edirik:

Bu çərçivədə atılan addımlardan biri də müxtəlif sahələri əhatə edən, cəmiyyətin maariflənməsinə töhfə verən onlayn media resurslarının – saytların yaradılmasıdır. Bu, müsbət haldır və birmənalı olaraq təqdir edilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, vaxtilə yaradılan belə saytların bir qismi hazırda işlək vəziyyətdə deyil. Halbuki əhalinin maariflənməsində, informasiya müharibəsinin aktuallığını itirmədiyi indiki dövrdə həmin saytların fəaliyyət göstərməsi zəruridir. Amma di gəl ki, bir-iki il mövcudluğunu qoruyan bu saytlar indi fəaliyyətsizdir. Əgər bir-iki ildən sonra bu saytlar mövcud olmayacaqsa, nə üçün dövlət səviyyəsində onların yaradılmasına dəstək göstərilməli, bu işə maliyyə vəsaiti xərclənməlidir? Buna bir nəzarət mexanizmi varmı?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələr departamentinin müdiri Elnur Bağırlı mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum III sektor təmsilçilərinin müxtəlif istiqamətlərdə təqdim etdikləri saytların yaradılması və saxlanması istiqamətində layihələrə dəstək olur. Onun sözlərinə görə, saytların yaradılması və onların saxlanılması Agentlik və QHT arasında bağlanmış qrant müqaviləsi ilə tənzimlənir: “İnternet saytı yaradılması nəzərdə tutulan layihələr üzrə hazırlanmış saytlar müqavilə öhdəliyinə görə 3 il müddətində aktiv fəaliyyət göstərməlidir. Bu öhdəlik qrant müqaviləsinin müvafiq bəndində QHT-nin vəzifəsi kimi qeyd olunub. QHT-lər Agentliyin qrant müsabiqəsi çərçivəsində hazırlanmış saytların həm işləkliyini, həm də akvitliyini 3 il müddətində təmin etməlidirlər. Agentlik olaraq biz də ildə bir dəfə hazırlanmış saytların monitorinqini aparırıq. Burada əsas meyar saytın aktivliyi və yenilənməsi götürülür. Əgər sayt qeyd olunan kimi aktiv deyilsə və ya yenilənmirsə, bu haqda qeyri-hökumət təşkilatı rəsmi olaraq xəbərdar edilir. Bildiyimiz kimi Agentlik 2021-ci ildən fəaliyyət göstərir. 2021-ci il kiçik qrant müsabiqəsi çərçivəsində 20-dən çox saytın yaradılması və saxlanılması üçün vəsait ayrılıb. Layihələrin hesabatları qəbul edilib və hazırlanmış saytlar aktiv fəaliyyət göstərir”.



“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, istər Şura, istərsə də Agentlik dövründə bir çox QHT-lərin təqdim etdikləri layihələr əsasında müxtəlif saytlar yaradılıb. O, Agentlik dövründə yaradılan saytların funksional olaraq hazırda işlək vəziyyətdə olduğunu diqqətə çatdırıb. Şura dövründə QHT layihələri əsasında yaradılan və hazırda fəaliyyət göstərməyən saytlara gəlincə, A.Allahverənov deyib ki, maliyyələşdirilən layihələrin davamlılığı arzu olunandır: “Müxtəlif layihələr əsasında yaradılan saytlar davamlılıq baxımdan daha geniş imkanlara və əsaslara malikdirlər. Təəssüflər olsun ki, 4-5 il, hətta daha əvvəl yaradılmış bəzi saytlar bu reallıqlara baxmayaraq hazırda fəaliyyətsizdirlər. Halbuki yeni yaradılan sayt normal fəaliyyət göstərdiyi təqdirdə qısa müddətdə populyarlaşır, oxucu auditoriyası toplayır, layihə sahibinə reklam gəlirləri gətirməklə özü-öz maliyyələşməsini təmin edə bilir. Bəzi QHT-lərin bu imkanlardan yararlanmaması məyusluq doğurur. Bu, ya saytların idarə edilməsini bilməməkdən, ya da uzunmüddətli konseptual baxışın olmamasından qaynaqlanır. Nəticə etibarilə görülən iş yarımçıq qalır. Bu, həm də dövlət vəsaitinin qeyri-rasional xərclənməsidir. Ortaya elə bir yanaşma qoyulmalıdır ki, auditoriya, hədəf qrupları düzgün müəyyənləşdirilsin, davamlılıq və faydalılıq təmin olunsun. Bu çərçivədə yaradılan hər hansı saytın uzunömürlü olması üçün kommunikasiyanın yüksək səviyyədə qurulması da vacib şərtlərdən biridir”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov da təəssüflə vurğulayıb ki, Şura dövründə bəzi QHT layihələri əsasında yaradılan önəmli saytların böyük əksəriyyəti hazırda işləmir. O bildirib ki, belə hallara indiki dönəmdə də rast gəlinir: “Bir çox QHT-lər layihə təkliflərilə çıxış edərkən müəyyən saytların yaradılması ideyasını irəli sürürlər. Biz buna çox həssas yanaşırıq. Belə layihələrin böyük əksəriyyəti maliyyələşdirilməyib. Səbəb budur ki, aparılan monitorinqlər vaxtilə hazırlanmış saytların ümumiyyətlə işlək olmadığını ortaya çıxarıb. Yaxud sayt yaradılarkən yerləşdirilən məlumatlar ötən vaxt ərzində yenilənməyib. Bu o deməkdir ki, həmin sayt heç bir əhəmiyyət daşımır, ayrılan vəsait düzgün idarə olunmur. Əgər bu sayt yenilənməyəcəksə, davamlılığı təmin olunmayacaqsa, onun yaradılmasına dövlət vəsaitinin xərclənməsi əbəsdir. Belə layihələr birmənalı olaraq maliyyələşməməlidir”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti