"Əslində, Bakı şəhəri bu qədər adam üçün hesablanıb. 2,5 milyon insan Bakıda rahat yaşaya bilər. Amma Statistika Komitəsinin hansı rəqəmi elan etməsindən asılı olmayaraq, bu gün Bakı şəhərində 5 milyondan çox əhali var. Bundan əlavə, yarım milyon əhali də gəlib-gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Dövlət Statistika Komitəsinin Bakı şəhərində yaşayan əhali sayının 2024-cü il yanvarln 1-də 2 344 888 nəfər olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, gün ərzində Bakı şəhərində 5 milyon əhali hərəkət edir:
"Bu isə Bakı kimi şəhər üçün iki dəfə çoxdur. Ona görə də Bakıda tıxac problemi var. Axşam-səhər əhali işə gedib-gələndə metroda, nəqliyyatda sıxlıq yaranır. Tıxaclar gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi müşahidə olunur. 5 milyondan çox əhalisi olan şəhərin nəqliyyatını riyazi proqramlarla idarə edirlər. Mən özüm Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişəm ki, şəhərin nəqliyyat sistemi hansı proqramla idarə edilir? Mənə cavab verdilər ki, nəqliyyat niyə riyazi proqramla idarə olunmalıdır, heç bir riyazi proqram yoxdur. Amma dünyada 5 milyon əhalisi olan 2-ci bir şəhər yoxdur ki, onun nəqliyyat sistemi riyazi proqramlardan biri ilə idarə olunmasın. Bu səbəbdən əhali Bakı şəhərində problem yaşayır".
Akif Nəsirli Bakının sıx şəhər olduğunu xatırladıb:
"Əslində isə geniş küçələrə, prospektlərə, şəhər içində bağlara, yaşıllıqlara malik olmalıdır. Bundan əlavə, onun meqapolisi də sıx tikilir. Son illər Xırdalan şəhəri salınıb. Masazırda şəhər salınıb, Sulutəpədə fərdi yaşayış evləri tikilib. Bunlar Bakının mərkəzində necədirsə, elə həmin ərazilərdə də sıx şəkildədir. Yolları dar, binalar bir-birinin içində tikilir və s.".
Akif Nəsirli qeyd edib ki, Bakı şəhəri daş heykəllərdən ibarətdir:
"Bu da həm ekoloji, həm də psixoloji cəhətdən Bakını dözülməz bir şəhərə çevirib".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində yaşayan əhalinin sayı 2024-cü il yanvarln 1-i vəziyyətinə 2 344 888 nəfər olub. Bundan 1 150 030 nəfərini kişilər, 1 194 858 nəfərini qadınlar təşkil edib.