“Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsindəki yollar bərbad gündədir. Havalar istidir deyə hazırda gedib-gəlmək qismən mümkündür. Nəzərə alsaq ki, yağışlar başlayacaq, sonra ümumiyyətlə yerimək mümkün olmayacaq. Küçələrdə dərin dəliklər əmələ gəlib. Su həmin yerlərə dolur və qaranlıq vaxtı təhlükəli vəziyyətlə üz-üzə qalırsan. Bizim məhəlləmizə yaxın bəzi küçələrə asfalt örtüyü var, amma ara küçələrdə asfalt yoxdur. O küçə də çox uzun küçədir, nə qədər sakini var. Evlərimiz də nəmişlik çəkir”
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Cavanşir Məmmədzadə deyib. O daha sonra əlavə edib.
“Taksi gəlmir, öz şəxsi maşınlarımızla gedib-gələ bilmirik. Tez-tez avtomobillərimiz sıradan çıxır. Ucqar kənd yolları bizim yolumuzdan yaxşıdır. Sarı torpaq, bir də ovulmuş daşdandır yollarımız. Uşaqlar məktəbə gedib-gələ bilmir. Küçələrə asfalt çəkiləndə qonşular yığışıb aidiyyatı qurumlara məktub yazdılar ki, bizim küçəni də asfaltlasınlar. Amma bir tədbir görülmədi, məktublarımız cavabsız qaldı. Problemlər bununla bitmir. Məhəlləyə yaxın bir zibillik də var. Həmin o zibillik dolub-daşır. Gecə saat 11-12-dən sonra oradan keçmək təhlükəlidir. Sahibsiz itlər zibilliyə axışır” deyə şikayətçi bildirib.