“Bravo”da çalışan kassirlərdən biri müştərinin “Umico” hesabından gizli bonus çəkərək özünə alış-veriş edib.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət ünvanlayan Sinəm Qəhrəmanlı adlı müştəri hadisənin “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Bravo”da baş verdiyini bildirib.
“6 iyun saat 20:04 radələrində “Bravo”nun “İnşaatçılar” metrostansiyası, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən filialından su aldım və ödənişi kartla etdim. Həmin an “Umico” kartı təqdim etdikdə mənə kassadakı oğlan dedi ki, xanım, aparat işləmir, mümkünsə kodu yazın. Bonusu adətən tətbiq üzərindən yüklədirəm, ilk dəfə belə alındı. Razılaşdım. Oğlan yüklədi, ödəniş edib çıxdım. Bonus da yükləndi. 7 iyun tarixində isə baxdım ki, bonusdan 17 azn 37 qəpik xərclənib. Zəng edib “Umico” əməkdaşı ilə danışdım. Dedilər ki, 7 iyun gecə saatlarında alış-veriş edilib. Təkzib etdim və elə 7 iyun günü “Bravo”ya yaxınlaşdım. Mənə menecer nə desə yaxşıdır? “Xanım, kassir kodu yadında saxlayıb və sizdən sonra bonusla ödəniş edib. 17 manat 40 qəpik biz sizə kompensasiya edərik”. Neçə ildir, istifadə etdiyim kart bloklanıb. Hirs, əsəb məni bürüyüb, amma bunlar üçün bunu açıqlamaq bu qədər rahatdır? Heç kəsə güvənməyək indi? Təsəvvür edin, kassir özünə içkilər, siqaret, hətta çərəz və çipslər alıb. Adamda rahatlığa bax. Və “Bravo” bunun qarşılığında xüsusi heç nə etmədi. Mənə 17 manat, 30+5+2 qəpik xərclənən pulu verdilər. Nə üzr istəyən oldu nə də heç nə. Mənə qalan əsəb və illərdir istifadə etdiyim kartın bloklanmağı oldu. Heçkəsə etibar etməyin kartlarınızı dostlar.Deməyim budur ki, siz siz olun, “Umico” istifadəçiləri, belə hal ilə rastlaşmamaq üçün kartı etibar etməyin!”, – S.Qəhrəmanlı deyib.
Müştərinin şikayətinə “Bravo” Müştəri Xidmətləri tərəfindən belə mövqe bildirilib:
““Bravo”da qarşılaşdığınız xoşagəlməz hal üçün sizdən üzr istəyirik. Sizə şəxsi mesajlarda müraciət olunmuşdur. Xahiş edirik, nəzər yetirəsiniz…”