Bakıda fantastik qiymətə villalar satışa çıxarılır.
Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.
Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Sözügedən villaların qiymətinin baha olmasına baxmayaraq, alıcıların olduğu iddia edilir. Bəs reallıqda bu evlərə tələbat necədir?
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, dəbdəbəli evlərin müxtəlif satış səbəbi olur:
“Bir çox hallarda dəbdəli villaları tikən şəxslər o evdə demək olar ki, yaşamırlar. Yaşamaq üçün hər bir imkan və lazımı şərait olsa da, o evdə yaşayış olmur, ev boş qalır. Evin mühafizəçisi, xadiməçisi və digər xərcləri çəkilir. Bildirim ki, həmin əmlaklarda daimi yaşayış olmadığına görə satışa çıxarılır. Satışa çıxarılma səbəbi müxtəlif olsa da, amma əsasən yatırım məqsədi ilə dəbdəbəli evlər tikilir və lazım olduqda satışa çıxarılır”.
İqtisadçı-alim Vüqar Qocayev isə hesab edir ki, ölkədə tikilən bir çox villalar mövcud kapitalın devalivasiyadan sığortalanması üçün tikilir:
“Bakı və ətraf ərazilərdə bağ evləri villalar tikilir. O evlər olduqca fantastik qiymətə təklif edilir. Əlbəttə, ölkəmizdə villalara təklif çox tələb isə azdır.
Düzdür, iş adamları, yüksək maaşla çalışan məmurlar o evləri ala bilirlər. Ancaq ümumilikdə götürsək, tələb az təklif isə çoxdur. Məhz bu səbəbdən o evlərin satışda çox olduğunu görsək də, lakin alıcı sayında kəskin azalma müşahidə edə bilərik. O evi alanlar əsasən gələcək yatırım və yaxud əllərində olan kapıtalı sığortalamaq üçün alırlar ki, inflyasiya olanda, o evi mövcüd dəyərindən daha baha qiymətə təklif edə bilsinlər”.