"İndiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Bundan əlavə MSK sədri bugünki iclasda parlament seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınan partiya nümayəndələrinin sayını açıqlayıb.
"İndiyə qədər 24 partiyanın 287 nümayəndəsinin namizədliyi qeydə alınıb", o qeyd edib.
Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və 9 qurumdan 101 beynəlxalq müşahidəçi qeydə alınıb.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb.
Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.