Yaşı 70-i ötmüş deputatların yenidən namizəd olub-olmayacağı son günlər ən çox müzakirə olunan mövzulardandır.
Qocaman millət vəkillərinin yerlərini gənc və savadlı kadrlara verməsi ilə bağlı çağırış edənlərin sayının artması bu məsələni gündəmdən düşməyə qoymur.
Yenisabah.az xəbər verir ki, yaşlı deputatlarla bağlı problem son günlər ciddi xarakter almağa başlayıb. Yaşı 70-i haqlamış və ömrünün 8-ci onilliyinə qədəm qoymuş əksər parlament üzvlərinin yenidən namizəd olması şübhə altına düşüb.
Qeyd edək ki, Milli Məclisin yaşlı deputatları hər vəchlə bu mövzuda danışmaqdan yayınırlar.
Parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra jurnalistlərin suallarını cavablandıran İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Aqil Abbas, Asim Mollazadə, Eldar İbrahimov, Tahir Kərimli kimi qocaman deputatlar konkret mövqe bildirməkdən çəkiniblər. Hətta Milli Məclisin vitse-spikeri, tarixçi-professor Fəzail İbrahimli də seçki marafonuna qoşulub-qoşulmayacağını hələ dəqiqləşdirmədiyini deyib. Bu siyahının daha da genişlənəcəyinə, mübarizədən kənarda qalacaq millət vəkillərinin siyahısına yeni adların əlavə olunacağına şübhə yoxdur.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, tərəddüd içərisində olan deputatların bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərarını gözləyir. Bəzilərinə isə birmənalı olaraq seçkiyə qatılmamaq tövsiyə olunub.
Görünən odur ki, Milli Məclisin budəfəki tərkibi təkcə yeni simalar deyil, həm də gənc deputatlarsın sayının çoxluğuna görə əvvəlkindən xeyli fərqlənəcək.