Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.
Bu barədə Zabrat sakini Röyal Alıfzadə Sonxeber.az-a məlumat verib. O bildirib ki, yol kənarında zibil qabları olmadığından tullantılar ətrafa yayılır və qoxudan ərazidən keçmək olmur.
"Biz burada bir neçə vaxtdır yaşayırıq. Sadəcə olaraq bizim evimizin yanı, o cümlədə hər tərəf zibillikdir. Elə olur ki, zibilləri gəlib qapının önünə belə atırlar. Neçə dəfə bildirmişik ki, zibilləri bura tullamasınlar. Ərazidə heç zibil qabları belə yoxdur. Kifayət qədər zibil qabları olsa bu hallar yaşanmaz. Zibillərin olduğu yer yola yaxındır. Zibillər yoldan çox uzaq deyil və Daş bazarının yanındadır. Daş bazarından təqribən 1 km məsafədə bu zibilləri görmək mümkündür. Təmizlik işləri görülsə yollarda düzələr və buna çox vəsait lazım olmaz".
Şikayətçinin sözlərinə görə, bəzi şəxslər zibilləri hara gəldi atırlar və zibilliyə yığılan həşəratlar ətrafı bürüyüb. Eyni zamanda qurumlara müraciət edilsə də, şikayətə baxan olmayıb.
" Zibillər hara gəldi atılır və fikirləşmirlər ki, burada yaşayış var. Bir neçə dəfə məsələ ilə bağlı söz-söhbət yaranıb. Problemə görə aidiyyatı qurumlara bir neçə dəfə zəng vurdum. Zəngə cavab verən olmadı. Bələdiyyə müraciətlərimizə cavab vermir. Qonşularda dəfələrlə danışıblar. Bu barədə heç bir iş görmürlər".
Qeyd edək ki, paytaxt və rayonlarda yaşayan sakinlər hara gəldi atılan tullantılardan, zibilxanaların vaxtında təmizlənməməsindən şikayət edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq.