“Azərbaycan hökumət başçısı bərk hirslənib və erməni katolikosunu ağır sözlərlə kabinetindən qovub...”
“Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı...”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

Şimali Azərbaycan İkinci Dünya müharibəsindən sonrakı dövrdə...- XXXXIV mövzu

(Əvvəli burada:)

Qonşuların verdiyi ərazilər hesabına müstəqil dövlət olmuş Ermənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O, Türkiyənin Şərqi Anadolu torpaqlarına, Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialı idi. Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq üçün imperiyanın mərkəzi hakimiyyətində təmsil olunan A.Mikoyanın təşəbbüsü ilə gizli olaraq “Qarabağ Komitəsi” yaratdılar [3, s.109]. Ermənistan rəhbəri Qriqori Arutinov Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə müraciət etdi. Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi [44]. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq, onunla bağlı idi, onun hesabına yaşayırdı. Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya verdi. ÜİK(b) P MK –nın katibi Qeorqi Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b) P MK-nın birinci katibi M.C.Bağırova yazılı məlumat göndərildi və ona öz rəyini bildirmək təklif olundu. M.C.Bağırov 1945-ci ilin dekabrında MK-ya yazdığı məktubda bildirdi ki, Ermənistanın Dağlıq Qarabağla əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırov cavab məktubunda bildirdi ki, Azərbaycan Dağlıq Qarabağı Şuşa istisna olmaqla Ermənistana şərti olaraq güzəştə gedə bilər, amma o halda ki, müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş ərazilər (Zəngəzur, Dərələyəz, Vedibasar, Göycə, Dilican, Borçalı, Qaraçöp, Dərbənd və s.) Azərbaycan SSR-ə qaytarılsın [36, s.89]. Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planlarını pozdu. Mərkəzi hökumət problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anladı. Məhz buna görə də, imperiya hakimiyyəti məsələnin “arxivə verilməsini” vacib saydı...

Ermənilər Cənubi Qafqazda özlərinə yer etdikdən sonra zaman-zaman azərbaycanlıları öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1906, 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı yaşayan kəndlər dağıdılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma yurdlarından qovulmuşdular. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinist niyyətlərindən əl çəkməmişdilər. Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də bu siyasətlərini davam etdirdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç müttəfiq dövlət (ABŞ, SSRİ, Böyük Britaniya) başçısının Tehran konfransında (28 noyabr-1 dekabr 1943-cü il) SSRİ-İran münasibətləri məsələsinin müzakirəsindən istifadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə, Ermənistana köçürülməsi razılığını aldılar. Onlar xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyabr tarixli fərmanı verməsinə nail oldular [3, s.110]. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarını verdi [2, s.81-83]. Azərbaycanlıların Qərbi Azərbaycandakı doğma yurdlarından kütləvi deportasiyası 1953-cü ilədək davam etdi [21, s.32; 30, s.72]. Mənbələr həmin vaxt deportasiya edilənlərin sayının 150 min nəfərə çatdığını qeyd edir. Bununla həmin vaxt Ermənistanda yaşayan 400 mindən çox azərbaycanlının təxminən üçdə bir hissəsi [3, s.111] qədimdən yaşadıqları ərazilərdən çıxarıldılar.

Bu hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilirdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi qiymətini aldı. Bu faciəli hadisəyə siyasi qiymət ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanında verildi. Sənəddə bu hadisə ermənilər tərəfindən SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqırımı cinayəti kimi qiymətləndirilmişdir [15].

Sovet rəhbərliyinin 19 fevral 1954-cü il tarixli fərmanla Krımı RSFSR-in tərkibindən çıxararaq Ukraynaya verməsindən [41, s.545] (bu akt Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyinə həsr edilmişdi) sonra ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən fəallaşdılar. 1956-cı ilin aprelində Ermənistan kommunist partiyasının rəhbəri S.Tovmasyan Kremlə məktubla müraciət edərək, İrəvan universitetində iclas keçirildiyi və Dağlıq Qarabağla Naxçıvanın Ermənistana verilməsi tələblərinin irəli sürüldüyünü bildirdi [49]. Erməni kilsəsi təşəbbüsü ələ götürdü. Erməni katolikosu II Vazgen 1958-ci ildə Bakıya səfər etdi, hökumətin rəhbəri Sadıq Rəhimovla görüşü zamanı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdi. Şahidlərin bildirdiyinə görə, S.Rəhimov bərk hirslənib və erməni keşişini ağır sözlərlə kabinetindən qovub. Bu hadisədən az sonra S.Rəhimov vəzifəsindən azad edildi [26]. Bəzi məlumatlara görə, SSRİ Ali Sovetinin sədri A.Mikoyan 1964-cü ildə N.Xuruşşovun ona bir qədər xoş yanaşdığından sui-istifadə edərək, Dağlıq Qarabağın Ermənistan SSR-yə verilməsinə dair təklif verib. Şahidlərin bildirdiyinə görə, N. Xuruşşov çox sərt münasibət bildirərək deyib: “DQMV ermənilərinin bir sutka ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını təmin etməyə hazıram” [48, s.11].

SSRİ-də hakimiyyət dəyişikliyi, L.Brejnevin hakimiyyətə gəlməsindən sonra ermənilər yenidən fəlallaşdılar, qondarma “erməni soyqırmı”nın 50 illiyinə hazırlaşmağa başladılar. Həmin dövrdə Türkiyə ABŞ-la yaxınlaşmış, hərbi sahədə geniş əməkdaşlıq qurulmuş, İncirlik hərbi bazası isə SSRİ üçün ciddi təhdid mənbəyinə çevrilmişdi. Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı. Ermənilər eyni zamanda Dağlıq Qarabağa iddialarını da yenidən gündəmə gətirməyə çalışdılar, SSRİ rəhbərliyinin ünvanına müraciətlər göndərdilər. Azərbaycan xüsusi xidmət orqanları 1966-cı ildə Dağlıq Qarabağda bir neçə millətçi qrupu aşkar edərək zərərsizləşdirdi [5, s.324-325]. Ermənistan SSR-nin tanınmış adamları, partiya və hökumət rəhbərləri davamlı şəkildə Moskvaya müraciətlər göndərirdilər. 1966-cı ildə Ermənistan SSR KP MK-nın birinci katibi A.Koçinyan, Nazirlər sovetinin sədri B.Muradyan, bir qrup elm və mədəniyyət xadimi Sovet dövlətinin rəhbərliyinə müraciətlər göndərərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini əsaslandırmağa çalışırdılar.

Həmin dövrün ən faciəli hadisəsi 1967-ci ilin iyun-avqust aylarında Xocavənd rayonunun Kuropatkino kəndində baş verdi. Bir erməni uşağının ölümündə azərbaycanlıları ittiham etdilər, məktəbin direktoru Ərşad Məmmədov, onun qardaşları Ələmşah və Zöhrab həbs edildi. Onların işinə Xankəndi məhkəməsində baxıldı, iş əlavə istintaqa göndərildi. Bu qərar erməni millətçilərini qane etmədi. Bir qrup erməni onları aparan həbsxana maşınının qarşısını kəsib aşırdı, onları vəhşicəsinə qətlə yetirdi və yandırdı. Yaranmış gərgin vəziyyəti çox çətinliklə nizama salmaq mümkün oldu. Az sonra məlum oldu ki, həmin uşağı öz qohumu öldürüb. Bu hadisə zamanı da Moskva həqiqi canilərin cəzalandırlmasına imkan vermədi, ermənilərin təxribatçı hərəkətlərinə qarşı təsirli tədbirlər görülmədi. Azğınlaşan ermənilər silahlı təxribatlara da əl atdılar. 1969-cu ildə Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından azərbaycanlıların toplaşdığı yerə qumbara atıldı, 3 nəfər yaralandı. Ermənilərin bu hərəkəti də cəzasız qaldı [7].

1969-cu ildə Ermənistan növbəti dəfə Azərbaycandan torpaq qoparılmasını rəsmiləşdirdi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd ərazilərimizdən 2 min hektardan çox torpağın Ermənistana verilməsinə dair Azərbaycan rəhbərliyinin 5 may 1938-ci il tarixli qərarını təsdiq etdi. Azərbaycan rəhbərliyinin uzun müddət təsdiq etmək istəmədiyi bu qərara görə, Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonun Çayzəmi ərazilərinin, Qazax rayonu Kəmərli kənd ərazilərinin, KəlbəcƏr rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi və digər ərazilər Moskva rəhbərliyinin təzyiqi ilə Ermənistana verilirdi [39]. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qərarın icrası dayandırıldı. 1973-cü ildə Dağlıq Qarabağın partiya rəhbərliyində dəyişiklik edildi, erməni millətçilərindən nisbətən uzaq olan Boris Gevorkov Qurqen Melkumyanın yerinə rəhbərliyə gətirildi. Bununla regionda erməni millətçilərinin fəaliyyətinin qarşısını xeyli dərəcədə almaq mümkün oldu.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev MK-nın birinci katibi seçildi [11]. Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi [8]. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi [16, s.58]. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çox cəhətli siyasi dövlətçilik fəaliyyəti sayəsində bütün diqqət respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı [9, s.1]. H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı [29, s.193]. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyn Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi [14, s.173].

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərinin aparıcı təhsil və elm mərkəzlərinə oxumağa göndərildi [23]. 1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. «Gəncə» adı yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Rayonlara Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi [3, s.146].

İmperiya rəhbərliyinin yaratdığı maneələrə, qərəzli münasibətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının əksər sahələri uğurla inkişaf edirdi. İmperiya ciddi problemlərlə üzləşir, dərin böhran dövrünü yaşayırdı. Azərbaycan isə çətin şəraitdə iqtisadi göstəricilərini yüksəldirdi [50, s.142, 147]. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı. 1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynadı. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi [46, s.140]. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq müqayisələri proqram metodologiyasına görə, XX əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı inkişafının yüksək həddinə çatdı və 1980-ci illərin əvvəlində adambaşına ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünyanın 220 ölkəsinin içərisində 112-ci yeri tutdu. Bu, həmin vaxt təxminən Türkiyənin göstəricilərinə yaxın idi [47]. 70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə işə salındı [6]. 1970-80-ci illərdə başlanğıcını 1967-ci ildən götürən metro tikintisi sahəsində böyük uğur əldə olundu. «Ulduz» , «Bakı Soveti» (“İçərişəhər”), «Neftçilər», «Memar Əcəmi», «Əhmədli» stansiyaları istifadəyə verildi [34, s.263].

1970-80-ci illər Azərbaycanın mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü oldu. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, tədrisin səviyyəsi xeyli yüksəldi. Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verildi [3, s.171]. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırıldı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı [19, s. 138; 18]. 1970-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi [45, s.86].

Təbiət elmləri sahəsində görkəmli alimlərdən Xudu Məmmədov, Azad Mirzəcanzadə, Mirəli Qaşqay, Şəfaət Mehtiyev, İxtiyar Bəxtiyarlı və başqaları mühüm araşdırmalar aparırdılar [10]. Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olundu. Ziya Bünyadov, Cəmil Quliyev, Fəridə Məmmədova, Süleyman Əliyarlı, Mahmud İsmayılov, Oqtay Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər elmin inkişafında mühüm rol oynadılar [28, s.200-228]. 1970-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildinin çapdan çıxması mühüm hadisə oldu.

Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər oldu. Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynadılar. Bədii nəsrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunurdu. Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı [12].

Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk qadın bəstəkar kimi Şəfiqə Axundova «Gəlin qayası» operasını yazdı. Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycan film» kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi [13].

İmperiyanın mahiyyətinə uyğun məhdudiyyətlərə, təzyiqlərə, ideoloji ştamplara baxmayaraq Azərbaycan elmi, təhsili, mədəniyyəti tarixi köklərinə, insanların fərdi keyfiyyətlərinə, təfəkkürünə söykənərək inkişafını davam etdirdi.

Ədəbiyyat:

1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956). – Azərbaycan dili. Prezident kitabxanası, s. 32.- files.presslib.az/projects/ remz/pdf/atr_dil.pdf.

2. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər). Sənədlər toplusu. Bakı, “Zərdabi LTD” nəşriyyatı, 2013.

3. Azərbaycan tarixi. Yeddi cilddə, VII cild. Bakı, “Elm”, 2008.

4. AzTV-nin yaranmasından 67 il keçir.- oxu.az/society/696022.

5. Axundova E. Heydər Əliyev: şəxsiyyət və zaman. 1-ci hissə (1923-1969). Bakı, “Ozan”, 2007.

6. Bakı Dərin özüllər zavodu.- azerbaijan-news.az/az/posts/detail/baki-derin-ozuller-zavodu-1665434826.

7. Dağlıq Qarabağın Sovet dövrü Heydər Əliyev...- banker.az/dagliq-qarabagin-sovet-dovru-heyder-eliyev-ermenilerin-butun-mekirli-planlarinin-qarşisini-almişdi/.

8. Əliyeva İ. Azərbaycanın yüksəlişində mühüm mərhələlərin başlanğıcı.- azerbaijan-news.az/view-152013/azerbaycanin-yukselisinde-muhum-merhelenin-baslangici.

9. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.- “Respublika” qəzeti, 30 dekabr 2000-ci il, s. 1.

10. Əlizadə A. Azərbaycanda müasir iqtisadi durum və fundamental elm.- “Azərbaycan” qəzeti, 2014, 29 mart, s. 4.

11. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü.- azerbaijan.az/ related-information/146.

12. Həbibbəyli İ. Sosialist realizmindən milli istiqlaladək.- “525-ci qəzet”, 2017, 6 yanvar, s. 8,10.

13. Xavəri S. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyəti.- edebiyyatqazeti.az/news/muzakire/52-xx-esrin-60-80-ci-iller-azerbaycan-medeniyyeti.

14. Qaffarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, “Elm”, 1999.

15. “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 dekabr 1997-ci il.- e-qanun.az/ framework/4099.

16. 1978-ci il Konstitusiyası.- files.preslib.az/projects/remz/pdf/atr_kons.pdf.

17. Mircəfər Bağırovun varisi: “Cəsədini tapdıq, oğlunun yanında dəfn elədik”.- web.archive.org/web/20190123071735/ //news.milli.az/country/ 564732.html.

18. Muradov A. Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair.- “Azərbaycan müəllimi” qəzeti, 2012, 13 aprel, s. 5.

19. Müstəqil Azərbaycan 10 il. Statistika məcmuəsi. Bakı, “Səda”, 2001.

20. Nuriyeva İ. Azərbaycan tarixi. Texniki ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.

21. Paşayev A. Köçürmə. Bakı, “Gənclik”, 1995.

22. Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz). Poladdan bir yarpaq. Bakı, “Elm və təhsil”, 2013.

23. Rüstəmov F. Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsilli kadr hazırlığı.- muallim.edu.az/news.php?id=24039.

24. Siyasi tarix: mühazirə kursu, II hissə. Bakı, “Azərbaycan Ensiklopediyası NPB”, 1998.

25. Şamil Əzizə, Şamil Əli. Azərbaycanın müstəqilliyinə ömür həsr edənlər.- academia.edu/38508198/Cahid_Hilaloğlu_və_Çingiz_Abdullayev_Mədəniyyət_Dünyasındain_pdf.

26. Vazgen, Papa və Sadıq Rəhimov.- sia.az/news/articles/552040.html.

27. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı, “Kitab klubu”, 2013.

28. Zülfüqarlı M. Azərbaycan tarixi. İkinci Respublika dövrünün tarixşünaslığı (1920-1991-ci illər). Bakı, “Çaşıoğlu”, 2001.

29. Altstadt A.L. The Azerbaijani Turks. Pours and identity under Russian Rule. Stanford, 1992.

30. Broers L. Armenia and Azerbaijan: Anatomy of a Rivalry.- Edinburgh University Press, 2019.

31. Hull J. “The Second Industrial Revolution: The History of a Consept”, Storia Della Storiografia, 1999, Issue 36.

32. Qəzənfərqızı A. “Novruz under the Soviet Union.- visions.az/en/news/ 892/14b15f4d/.

33. Азербайджан в 1920-91 годы.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/az/terms/ 20212/cild/12.

34. Азербайджан в цифрах в 1990 году. Баку, «Азернешр», 1991.

35. Азербайджанская ССР 50-летию Великого Октября. Баку, «Статистика», 1967.

36. Алиев И. Нагорный Карабах. История, факты, события. Баку, «Элм», 1989.

37. Багиров Мир Джафар Аббас оглы.- Справочник по истории Коммунистической партии и Советского Союза 1898-1991.- web.archive.org/web/20121014031703/ http:/www.kvowbysight.info/ BBB/01187.asp.

38. Велизаде И. Вели Ахундов-человек из «оттепели».- azertag.az/ ru/xeber/ Veli_Ahundov_chelovek_iz_ottepeli-95/014.

39. Верховный совет Азербайджанской ССР (1920-1991-е годы.- meclis.gov.az/news/-az.php?id=15&lang=ru.

40. «Весь обмарался»: как убивали Берию.- gazeta.ru/science/ 2018/12/ 23/_a_12_12105331.shtml.

41. Закон СССР «О передаче Крымской области из состава РСФСР в состав Украинской ССР. Москва, Издание Верховного Совета СССР, 1954.

42. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.

43. Мингечаурская ГЭС.- booksite.ru/fulltext/1/001/008/076/626.htm.

44. Мустафа Н. Депортация 1948-1953 годов.- iravan.preslib.az/ru/1948-1953_deportasiyasi.html.

45. Народное образование и культура в Азербайджанской Республике. Стат. сборник. Баку, «Азернешр», 1992.

46. Народное хозяйство Азербайджанской ССР в 1985 году. Стат. ежегодник. Баку, «Азернешр», 1986.

47. Общая характеристика экономики.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/terms/20227/cild/12.

48. Помреев Ю. Кровавый омут Карабаха. Баку, изд. «Азербайджан», 1992.

49. Притязания армян к АзССР после второй мировой войны (1945-1960-е гг.).- azerhistory.com/?p=21958.

50. Промышленность СССР. Стат. сборник. Москва, «Финансы и статистика».

51. «Установить нормы отпуска…»// «Российская газета», 2020, №96 (8150), s. 29.

52. Фурман Д.Е. Азербайджан и Россия: общества и государства. Москва, «Летний сад», 1999.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti