1927-ci ildə “Lubyanka”da (eyni adlı meydanda yerləşən xüsusi xidmət orqanlarının fəaliyyət göstərdiyi inzibati bina) terror aktı törədildikdən sonra SSRİ Xalq Komissarları Soveti birinci şəxslərin mühafizəsi ilə bağlı müvafiq qərar qəbul edib. Bu vaxta qədər yüksək ranqlı dövlət məmurlarının, o cümlədən sovet liderinin təhlükəsizliyini cəmi bir neçə nəfər mühafizəçi təmin edib. Beləliklə, 1927-ci ildən sonra SSRİ liderlərinin təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində olub. Stalinin hakimiyyəti dövründə mühafizə sistemi daha da gücləndirilib. Ayrı-ayrı mənbələrdəki göstəricilərə görə Stalinin mühafizəçilərinin ümumi sayı 1500 nəfər olub. 1943-cü ildə bu say 3000-ə çatıb. Bununla yanaşı Kremlin ərazisini 1200 zabit və əsgərdən ibarət xüsusi təyinatlı alay da mühafizə edib.
25 ildən artıq bir müddətdə Stalinin mühafizəsinə general Nikolay Vlasik rəhbərlik edib. Araşdırmaçıların qənaətinə görə Vlasik və onun tabeliyində olan mühafizəçilər Stalinə qarşı son dərəcə sədaqət nümayiş etdiriblər və vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəliblər.
Maraqlıdır, bəs Stalin necə, o, öz mühafizəçilərinin qayğısına qalıbmı? Sovet lideri onu qoruyanlara necə münasibət bəsləyib?
Məsələ ilə bağlı müxtəlif versiyalar mövcuddur. Məsələn, Nikita Xruşşov öz xatirələrində qeyd edib ki, Stalin mühafizəçilərə qarşı həmişə sərt və kobud davranıb, onlara nökər kimi baxıb. Stalinin ən yaxın silahdaşlarından biri sayılan Vyaçeslav Molotov isə fərqli bir fikir səsləndirib:
“Stalinin mühafizəçilərə münasibəti Kreml məmurlarına olan münasibətindən daha isti, daha mehriban olub. Mən dəfələrlə onun mühafizəçilərlə səmimi söhbətlərinin, mehriban rəftarının şahidi olmuşam. Dəfələrlə Stalinin mühafizə sistemində xidmət edən əməkdaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı göstərişlərini eşitmişəm…”
Belə fərqli fikirlərlə yanaşı Stalinin mühafizəçilərə münasibəti ilə bağlı maraqlı faktlar da çoxdur. Hətta soyuq qış günlərinin birində Stalin mühafizə rəisi general Vlasiki məcbur edib ki, çəkmələrini soyunub sıravi mühafizəçiyə versin. Həmin hadisəni Vlasik öz xatirələrində aşağıdakı kimi xatırlayıb:
“Adətən biz Kremldən bağ evinə qayıdanda mühafizəçilər Stalinin gözünə görünmürdülər. Yəni onların mövqeyi elə yerdə olunudu ki, gözə dəymirdilər. 1941-ci ilin qışı idi. Cəbhədə vəziyyət ürəkaçan deyildi. Havalar da çox sərt keçirdi, güclü qar yağmışdı. Gecədən xeyli keçmiş, təxminən 3-4 radələrində Kremldən bağ evinə qayıdırdıq. Maşın həyətə daxil olduqdan sonra Stalin düşdü, həmişə olduğu kimi sakit baxışlarla ətrafa göz gəzdirdi və ağır addımlarla evə yaxınlaşdı. Bu məqamda Stalin boş vaxtlarında gəzişdiyi həmişəyaşıl kollarının ətrafındakı enli cığırdan səs gəldi. Mən dərhal özümü ora atdım. Stalin də yerindən tərpənmədi və bir neçə saniyədən sonra kolluğa yaxınlaşdı. Səs mühafizəçi Melnikovun yıxılmağının səsi idi. O, ayağa qalxaraq özünü tənzimlədi və farağat formasında Stalinin qarşısında dayandı. Stalin isə sakit səslə sorğu suala başladı:
-Yuxulu adamın yıxılmağı təəccüblü deyil. Yıxıla-yıxıla dövləti ayaq üstə saxlamaq olmaz. Sənə istirahət vaxtı verilmir?
-Verilir, yoldaş Stalin, mən yuxulu deyildim. Sadəcə ayağım sürüşdü.
Stalin onu dinlədikdən sonra çox diqqətlə Melnikovun ayaqlarına baxdı:
-Arxamca gəlin.
O, həyətin sağ tərəfində yerləşən mühafizəçilərin otağına üz tutdu. İçəri keçdi, kətilildə yerini rahatladıqdan sonra üzünü Melnikova tutdu:
-Melnikov, cəkmələrini soyun.
Nə baş verdiyini anlamırdıq. Melnikov çəkmələrini soyunduqdan sonra Stalin onları əlinə götürdü. Çəkmənin sağ tayının dabanı yox idi və daban hissəsində böyük yırtıq yaranmışdı:
Melnikov, sən bütün gecəni qarın üstündə bu çəkmə ilə dayanırsan? Çəkmənin ölçüsü neçədir?
43
General, sən hansı öıçüdə çəkmə geyinirsən.
43, yoldaş Stalin
Soyun çəkmələrini.
Mən sakitcə çəkmələrimi çıxartdım. Stalin onları götürüb Melnikovun qarşısına qoydu:
-Geyin bu çəkmələri, get xidmətini davam etdir.
Sonra o, Melnikovun çəkmələrini göstərərk üzünü mənə tutdu:
-Sən onsuz da bütün günü mənim qəbul otağımda oturursan, bir işi icra edəndə də 5 metrlik yolu da maşınla gedirsən. Sən dabansız çəkmədə də gəzə bilərsən, götür geyin.
Çox xoşagəlməz bir vəziyyət yaranmışdı. Amma nə etməli, bu Stalinin əmri idi. Mən dabansız çəkməni geyinməyə məcbur idim…”
Bu hadisənin səhərisi günü Stalin Vlasiki yanına çağırıb:
-Sizə bir saat vaxt verirəm. Mühafizə əməkdaşlarının əşya, ərzaq və pul təminatı ilə bağlı mənə ətraflı arayış təqdim edin. Arayışda parıldayan çəkmələrinizi qeyd etməsiniz də olar.
Məhz həmin arayışı təqdim etdikdən sonra Stalin mühafizəçilərin mənzil məişət şətaitinin və digər təminatların yaxşılaşdırılması ilə bağlı müvafiq göstəriş verib.
İlham Cəmiloğlu,
Teref. Xocanın Blogu