Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Erməni təcavüzünə qarşı Şadlinskinin müqavimət hərəkatı” adlı süjetdə 1918-1920-ci illərdə özünə Qafqazda dövlət qurmaq istəyən ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Vedibasarda yerli əhali olan azərbaycanlılara qarşı soyqırımı törətməsindən, Böyük Vedi hadisələrindən bəhs edilir.
Bildirilir ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil edib.
Qeyd olunur ki, ermənilər törətdikləri cinayətləri, qətliamları qarşı tərəfin ayağına yazmaq vərdişini milli xüsusiyyətə çeviriblər və 1919-cu ildəki Vedi hadisələri buna nümunədir.
Süjetdə “Böyük Vedi əməliyyatı”nın uğursuzluğuna aydınlıq gətirilir: “1918-ci ilin payızında daşnaklar Yaycı kəndinə basqın zamanı məğlubiyyətə uğrayırlar. Bundan qəzəblənən daşnaklar Əmovu kəndinə hücum edir, qadınlara, qocalara və uşaqlara qanlı divan tutub qılıncdan keçirir, 200-dən çox adamı öldürüb quyulara atırlar. Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. 1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb yandırılıb. Azərbaycan kəndlərində yarım milyondan çox əhali pərən-pərən düşüb”.
Vurğulanır ki, erməni mənbələrində Böyük Vedi hadisələri ilə bağlı məlumatların yalan olduğu üzə çıxır: “Azərbaycanlılar Abbasqulu bəy Şadlınskinin komandanlığı ilə ciddi müqavimət göstərib erməniləri yerlərində oturdublar. Daşnaklar törətdikləri cinayətlərə, qətliamlara baxmayaraq Vedi əhalisini ram edə bilməyiblər. Məhz bu acığa görə bu hadisəni üsyan kimi qələmə verib, azərbaycanlıların erməni və assurlara qarşı soyqırımı etdiklərini uydururlar. Gerçək budur ki, 1918, 1919, 1920-ci illərdə Vedibasar, Dərələyəz və Naxçıvan dinc əhalisini, bütövlükdə Qərbi Azərbaycanın hər yerində soyqırımı ermənilər törədib. Bunu elə Ararat hökümətinin başçısı da etiraf edib. Daşnak hökümətinin Baş naziri Kacanzuni yazır ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik. Ermənilər isə öz gerçək tarixini yox, nağılları öyrənmək və təbliğ etməklə məşğuldular”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 14-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.
“Unikal”ın məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib.
Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Elvin Vüqar oğlu Mürvətov yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib. Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Kamran Bayram oğlu Dəmirovu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Bu gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Əhmədova Bikə Bədəl qızı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.
TEREF bildirir ki, Bakupost.az-a verilən məlumata görə, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.
O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.
Bu gün Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir fakt bəlli olub.
TEREF bildirir ki, Bakupost.az-a daxil olan məlumata görə, Əhməd bir müddət bundan əvvəl də cinayət törədib.
Belə ki, onun yaxın dostunu bıçaqladığı bildirilir. Deyilənə görə, hadisəyə səbəb dostunun Əhmədin ünvanına söyüş söyməsi olub.
Məlumatda o da bildirilir ki, o zaman tərəflər məsələni öz aralarında həll ediblər.
Qeyd edilir ki, güləşlə məşğul olan Əhməd vaxtilə Azərbaycan çempionu olub. Onun qətlə yetirdiyi və əslən Qazax rayonundan olan atası Mehman Əhmədovun da idmançı olduğu bildirilir.
52 yaşı olmasına baxmayaraq, güclü və fiziki cəhətdən sağlam olan Mehman Əhmədovun oğlu tərəfindən necə qətlə yetirməsi də ailəni tanıyanların təəccübünə səbəb olub.
Dağıstanın Kazbekovski rayonunda 15 nəfər kafedə yeməkdən zəhərlənib.Foodinfo.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.“Hazırda dördü uşaq olmaqla, ümumilikdə yeddi nəfər xəstəxanada müalicə alır. 5-i uşaq olmaqla 8 nəfər evdə ambulator müalicə alır. Bütün xəstələr Dılım kəndindəki iaşə məntəqələrindən birində yemək yeyib” deyə məlumatda bildirilir.
Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
***
18.20
Bakıda 3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
17.27
Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat verib.
Hazırda hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
***
16.58
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Tanınmış vəkil Əkrəm Həsənov Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda status yazıb. Vəkil həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə "bicbala"ların dünyaya gəldiyini vurğulayıb.
TEREF vəkilin bu xüsusda yazdığı statusu təqdim edir:
"Ali Məhkəmənin təəccüblü mövqeyi: süni mayalanmaya gedən kişilər, ehtiyatlı olun!
Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir.
İşin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub. Onu dərc edir və işin mahiyyətini qısaca izah edirəm.
Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər.
Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.
Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.
Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki "bicbala"ların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var! / müsavat.com