Elektrikin atası:
Bu dəfə birlikdə 19-cu əsrə səyahət edəcəyik. 20-ci və 21-ci əsrin bütün mərhələlərini gözünüzün qarşısına gətirin. Elektrik maşınlarının (məişət əşyaları) həyatımıza girişini, fabrikləri, hazırkı əsri və gələcəyi dəyişdirəcək hər şeyi düşünün. Bütün bunları yaradan, maddəyə, təbiətə, işığa, elektrikə baxışımızı dəyişdirən adam - Maykl Faradey.

Teleqraf.com bu yazıda tarixdə görə biləcəyiniz ən möhtəşəm beyinlərdən birinin hekayəsini təqdim edir.

Maykl Faradey bütün ixtira və kəşflərindən əlavə, sadəcə həyat hekayəsi ilə bu gün hər kəsə nümunə və ilham verəcək obrazdır. Çünki o, həqiqətən həyatına sıfırdan başlayıb. Bu səbəblə ilk olaraq Faradeyin haradan gəldiyi haqqında məlumat verək.

1791-ci ildə Londonda dünyaya gələn Faradey həyata 1:0 geridə başlayanlar sırasındadır. Atası dəmirçi yanında işləyirdi və ailələri çətin dolanırdı. Faradey məktəbə getməyə başlasa da, dərslərini yaxşı oxuya bilmirdi. Bununla yanaşı, evə dəstək olmaq üçün pul da qazanmalı idi. Müəllimləri onun dərslərindəki zəifliyindən şikayət edir, onunla pis davranırdılar. Bu səbəblə Faradey ibtidai sinifi başa vurmamış məktəbi tərk etməli olur. Amma başqalarına üzücü görünən bu hadisə onun həyatında dönüş nöqtəsinə çevrilir.

Məktəbdən çıxdıqdan sonra Faradey fərqli-fərqli işlərdə özünü sınamağa başlayır. 14 yaşında cildləmə fabrikində kitabxana sahibi olan George Riebaunun yanında köməkçi işləyir. Kitabları cildlədikcə onlara göz gəzdirməyə başlayan Faradey beləcə kitab oxumağa başlayır.

Əlinə keçən bütün kitabları dayanmadan oxusa da, ən çox kimya və fizika kitabları diqqətini çəkir. Xüsusilə iki kitab onun üçün daha əhəmiyyətli olur. Onlardan biri İssak Vattın "Zehnin təkmilləşdirilməsi" kitabıdır.

Kitabda standartların təhlükəsindən və tənqidi fikrin vacibliyindən bəhs edilir. Faradey bu kitabı dəfələrlə oxuyur. Digər kitab isə Ceym Marsetin "Kimya söhbətləri" idi. Bu kitabda yazıçı iştirak etdiyi tədqiqatlarda kimya üzrə qeydlərini yazmışdı. Faradey topladığı az pulla tədqiqat ləvazimatları alaraq kitabdakı qeydləri həyata keçirməyə çalışırdı.

Təxminən 7 il kitabxanada çalışan Faradeyin həyatı bir müştərinin ona bağışlayacağı biletlə dəyişdi. Bu, Londonun seçilən şəxslərinin dəvət olunduğu konfrasa giriş bileti idi. Bu, elmi konfrans idi, canlı tədqiqatlar aparılırdı. Faradey isə soylu insanlardan olmadığı üçün tədbirə qoşulmağa çəkinirdi. Nə də olsa üst-başı ilə seçiləcəkdi, insanlar onu dışlayacqdı. Amma yenə də Xamfri Devinin əsas çıxışçısı olduğu konfransa qatılır.

Hər kəs konfransı adi qonaq kimi izləsə də, Faradey hər elementdən bir qeyd alır, öz fikirlərini də əlavə edərək 300 səhifəlik bir kitab ərsəyə gətirir. Daha sonra kitabı konfranslarına qoşulduğu Xamfri Deviyə göndərir. Hadisənin ardınca Devi bir partlayış nəticəsində qəza keçirir. Bu səbəblə görmə və yazı qabiliyyətini itirən Devi kömək üçün qısa müddətlik Faradeyi köməkçi olaraq işə götürür.

Devi sağaldıqdan sonra Faradey yenidən kitab cildləmə işinə geri qayıdır. Lakin qısa müddət sonra Devinin assisenti işdən qovulur və o, Faradeyə rəsmi iş təklif edir. Gənc cildçi oğlan Kral İnstitutunda ən sevdiyi işlə məşğul olmağa başlayır.

1 mart 1813-cü il - 21 yaşlı gənc 8 ay sonra Xamfri Devinin assisenti olaraq 18 ay onunla Avropa turunda iştirak edir. Bu turlar zamanı Andrey Amper, Alessandro Volt kimi məşhur elm adamları ilə tanış olmaq imkanını qazanır. Volt və Amperlə söhbətləri zehnində bir daha sönməyəcək işıqlar yandırır. Bu, artıq hər kəsin haqqında çox danışdığı elektrikin kəşf olunduğu dövr idi. Hər kəs bununla bağlı tədqiqatlar aparır, bu "qəribə güc"ü araşdırırdı.

Alessandro Volt həmin ərəfədə batareyanı icad edərək bir ilkə imza atır. Hər kəs bu icadla nəsə etməyə çalışırdı. Xamfri Devi də Faradeylə birlikdə laboratoriyadan saysız tədqiqatlar aparır və hər kəs kimi bu qəribə gücə məna verməyə çalışırdı.

O dövrə qədər hər kəs elektrikin naqil içindən axan bir cərəyan olduğunu bilirdi. Amma Hans Kristian Orsted adlı danimarkalı fizik elektrik naqillərinin kompasın iynələrinin yerini dəyişdirdiyini gördü. Naqillərin içindən axan bu cərəyan təmas etmədiyi bir şeyə necə təsir edirdi? Orsted buna bir izah tapa bilmirdi.

Faradey Orstedin bu tədqiqatla bağlı məqaləsini oxuyur. Faradey Andrey Amper, Pierre Simon Laplas və Dominique François ilə yeni bir kəşfə başlayır. Bu kəşfdən yola çıxaraq "elektrik maqnit sahəsi yaradır" teoremini aşkarlayır. Bir neçə tədqiqatdan sonra bu maqnit sahəsinin dairəvi olduğunu kəşf edir. Bunu bir neçə kompası elektrik naqilinin ətrafına toplayaraq öyrənir.

Bundan sonra Faradey məşhur civə sınağını həyata keçirir. Əgər elektrik bu tip maqnit sahəsi yaradırsa, maqnit bu sahəni özünə çəkəcəkmi? Bunun üçün civə dolu kasanın içinə kompası cənub tərəfi sabit, şimal tərəfi suyun üstündə qalacaq tərzdə yerləşdirir. Ardınca da kasaya naqil yerləşdirirərək elektrik verir. Haqlı olduğunu görür, maqnit kabelin ətrafında dönməyə başlayır. Daha sonra əksini sınayır. Bu, elektrik enerjisini mexaniki enerjiyə çevirən tarixdəki ilk elektrik motoru olur.

Bəşəriyyəti enerji ilə təmin edəcək sistemin qaralama versiyası ərsəyə gəlir. Sonrakı 10 illikdə Faradey bu kəşfini elm adamlarının dəstəyi ilə inkişaf etdirir və elektrikli motorların sayı çoxalır.

Amma Faradeyin işi bitməmişdi. Bu dəfə Amper Faradeyə yazdığı məktublarında məftillə bükülmüş dairənin də maqnit ola biləcəyini demişdi. Bu fikir Faradeyin diqqətini çəkir və tədqiqatlara başlayır. Axtardığı bu idi: elektrik sahəsi maqnit sahəsi yaradırsa, maqnit sahəsi də elektrik sahəsi yarada bilərmi?

Müxtəlif tədqiqatlar aparır. Maqniti dairənin içində hərəkət etdirir. Maqnit induksiyası əmələ gəlir. Amma bu qısamüddətli idi. Bunu daimi hala gətirmək üçün daha böyük bir mexanizm kəşf etdi. Belə ki, keçirici diski çevirərək elektrik axınını sürəkli vəziyyətə çatdırdı. 1831-ci ilin oktyabrında bir maşınla fasiləsiz elektrik axını yaratmağa nail olur. Bu, insanlıq tarixinin ən vacib kəşflərindən biri idi. Çünki bu kəşf bu gün bildiyimiz bütün elektrik yuvalarında istifadə olunmaqdadır.

Bu kəşf sayəsində televizorlar, kompüterlər istehsal olunmağa başlayır. Doğrudur, bu kəşflərdə digər elm adamlarının tədqiqatları, töhvələri də yer alır. Amma hamısı təkbaşına öz laboratoriyasında oyun oynayan gənc elm adamının kəşflərinin nəticəsində oldu. Faradey yanğına çevrilən qıvılcım oldu. O, elektrokimya sənayesində çox vacib xam maddələrin istehsalı, istifadəsinə yol açır. Qazın mayeyə çevrilməsini də ilk dəfə kəşf edən Faradey soyuducuların ixtira olunmasına tövhə verib.

Faradey o dövr üçün hər kəsə gülməli görünən, işığın gözlə görünməyən işıq yaydığını, işığın elektromaqnit dalğa olduğunu deyir. Lakin bu kəşfini sübuta yetirə bilmir.

Çünki assisentlik Xamfri Devi Faradeyin irəlilədiyini gördükcə ona paxıllıq edir. Onu günahlandırıb, tədqiqatlarını yayımlamaqdan imtina etməyə başlayır. Hər dəfə onun qarışısını almağa çalışsa da, məqsədinə çatmır və dünyadan köçür.

Faradey isə onun yerinə Kral İnstitutunda insanlara konfranslar verməyə başlayır.

Müəllif: Aysel Azad
 
 
 

Dünyapress TV

Xəbər lenti