Süni intellekt insanları axmaqlaşdırır?
Süni intellektə (Al) güvənərək gündəlik işlərimizi yerinə yetirmək, uzun müddətdə düşünmə qabiliyyətimizi zəiflədə bilərmi?

"DogruXeber.az" xəbər verir ki, "Microsoft" və Kernegi Mellon Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, bu ehtimal mövcuddur.

Elektron kalkulyatorlar istifadəyə verildikdən sonra insanların kağız-qələm ilə riyazi hesablamaları unutduğunu çoxumuz bilirik. "Microsoft" və Kernegi Mellon Universitetinin tədqiqatçıları süni intellektin də oxşar bir problemə səbəb ola biləcəyini bildirir.

Süni intellektə etibar etdikcə düşünməkdən uzaqlaşırıq

Aparılan araşdırmaya görə, insanlar AI vasitələrindən həddindən artıq istifadə etdikdə tənqidi düşünmə bacarıqları zəifləyir. Başqa sözlə, insanlar sürətlə "axmaqlaşır" və düşünmə/mühakimə qabiliyyətlərini itirirlər.

Xüsusilə süni intellektdən istifadə edərək ev tapşırıqlarını yerinə yetirməyə öyrəşən gənc nəsil, mühüm zehni bacarıqlarını inkişaf etdirmək şansını əldən verə bilər.

Araşdırma necə aparılıb?

Tədqiqatçılar 319 nəfərdən ibarət informasiya sahəsində çalışan işçiləri seçib, iş yerlərində süni intellekt alətlərini necə istifadə etdiklərini öyrənmək üçün sorğu keçiriblər.

Onlardan aşağıdakı suallara cavab vermələri istənilib:

- Verilən tapşırıqları necə yerinə yetirirlər?
- Bu tapşırıqları yerinə yetirmək üçün süni intellektdən nə dərəcədə istifadə edirlər?
- AI-ya nə qədər etibar edirlər?
- Süni intellektin təqdim etdiyi nəticələri necə qiymətləndirirlər?
- Süni intellektsiz eyni tapşırığı yerinə yetirmə bacarıqlarına nə qədər güvənirlər?

Araşdırmanın sonunda maraqlı bir nəticə əldə olunub:

- İnsanlar süni intellektə nə qədər çox güvənirlərsə, işi bir o qədər AI-ya həvalə edirlər.
- Bəzi iştirakçılar AI-nin həqiqi bacarıqlarını tam qiymətləndirmədən və səhv etmə ehtimalını nəzərə almadan onun nəticələrinə güvənərək işlərini ona tapşırırlar.

Bu nəticələr, süni intellektin düşündüyümüzdən daha ciddi bir risk yaradaraq insanların qərarvermə və düşünmə proseslərini zəiflədə biləcəyini göstərir.

Tənqidi düşüncə hələ də mümkündürmü?

Bununla belə, araşdırmada iştirak edən bəzi şəxslər süni intellektin düzgün işləməsinə daha az güvəndikdə, öz tənqidi düşünmə bacarıqlarını daha çox istifadə etdiklərini bildiriblər. Lakin, ümumilikdə insanların AI-nin təqdim etdiyi nəticələrə güvənməyə meyilli olduğu müşahidə olunub.

Bu araşdırma süni intellektin gündəlik həyatımıza təsirini və uzunmüddətli istifadəsinin insan zehni üzərində yarada biləcəyi mümkün fəsadları anlamaq baxımından vacib bir xəbərdarlıqdır.

Dünyapress TV

Xəbər lenti