
“Müharibə 2022-ci ilin fevralında başlayandan bəri ilk dəfə Zelenski danışıqlardan kənarda qaldı”. Britaniyada nəşr olunan “The Telegraph” qəzeti Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yürütdüyü siyasətin ilkin nəticələrini təhlil edərkən bu qənaətə gəlib. ABŞ lideri dünənki bəyanatı ilə Ukraynanın müttəfiqlərini möhkəm qəzəbləndirib, Rusiya rəhbərliyini sevindirib, dünya ictimaiyyətini isə çaş-baş qoyub...
Fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Ər-Riyada keçirilən görüşə Ukrayna prezidenti dəvət edilməmişdi. Avropa İttifaqı liderləri də ABŞ-Rusiya danışıqlarından kənarda saxlanılmışdı. 5 saata qədər davam edən görüş bir nəticə ilə bitib: tərəflər danışıqları davam etdirməklə bağlı razılığa gəliblər. Rusiya XİN rəhbəri Sergey Lavrov isə təfərrüatlara varmadan bildirib ki, işğal olunmuş ərazilərin qaytarılması, Qərb ordularının Ukraynaya gətirilməsi, Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi və onun NATO-ya inteqrasiyası birmənalı olaraq qəbuledilməzdir. Beləliklə, Rusiya tam güzəştsiz mövqe nümayiş etdirdi və Trampın atəşkəs, sülh təşəbbüsünün indiki mərhələdə mümkün olmadığını anlatdı. Bəs ABŞ lideri köhnə-yeni tərəfdaşının bu reaksiyasına hansı reaksiyanı verdi? Bu barədə bir qədər sonra...
Üç ildir davam edən müharibənin bilavasitə və əsas iştirakçılarının prosesdən kənarda saxlanması kəskin narazılıq doğurub. Prezident V.Zelenski Ər-Riyad görüşünün nəticələrini tanımadığını elan etdi, Avropa liderləri də eyni mövqeni bölüşərək, Parisdə toplaşıb vəziyyəti müzakirə etdilər. Zirvədə konkret qərarlar qəbul edilməsə də ABŞ-sız Ukraynaya hərbi, siyasi, iqtisadi dəstəyin davam etdirilməsi barədə ilkin razılıq əldə olunub.
Dünən nüfuzlu “Politico” jurnalı diplomatik mənbələrə istinadla yazıb ki, Avropa İttifaqı Ukraynaya 6 milyard avroluq hərbi dəstək verə bilər. Vurğulanır ki, böyük hərbi yardım paketi liderlərin bazar ertəsi Parisdə keçirilən fövqəladə toplantısında hər hansı konkret qərarın əldə olunmamasından sonra Aİ-nin Ukraynanı dəstəkləmək əzminin bariz nümayişi olacaq. Güclü hərbi dəstək Ukraynaya silahlı qüvvələrini gücləndirməyə, Rusiyanın cəbhə xəttində hücumlarının qarşısını almağa və Kiyev sülh danışıqlarına hazırlaşarkən şəhərlərini hava hücumundan qorumağa kömək edə bilər. Bu, həmçinin Aİ-nin öz nümayəndə heyətini danışıqlara əlavə etmək üçün iddiasını gücləndirə bilər. “Politico” iki diplomatik mənbəyə istinadən qeyd edir ki, 6 milyard avro başlanğıc rəqəmdir və zaman keçdikcə 10 milyard avroya və ya daha çox arta bilər.
Trampın reaksiyasına gəldikdə, o, Moskvanın sülh üçün qoyduğu baryerləri qınamaq əvəzinə, gözlənilmədən Ukrayna lideri Zelenskini hədəfə aldı. Prezident mətbuat konfransında “Üç il davam edən döyüşlərdən sonra Səudiyyə Ərəbistanında ilkin danışıqlarda yer almadıqları üçün özlərini xəyanət edilmiş kimi hiss edə biləcək ukraynalılara mesajınız varmı” sualına belə cavab verib:
“Baş verənlərdən həqiqətən məyus oldum. Mən bunu üç ildir müşahidə edirəm. Bu, prezident olsaydım heç vaxt baş verməyəcək bir müharibədir. Bilirsiniz, İkinci Dünya Müharibəsindən bəri nadir hallarda gördüyünüz çox sayda insanlar ölür. Deyirsiniz, ukraynalılar məyusdurlar ki, onların yerləri yoxdur, danışıq masasında. Amma üç ildir, ondan xeyli əvvəl də yerləri var. Bunu çox asanlıqla həll etmək olardı. Alababat bir danışıqçı illər əvvəl çoxlu torpaq itirmədən, insan həyatını itirmədən və sadəcə olaraq xarabalığa çevrilmiş şəhərləri itirmədən həll edə bilərdi bunu. Deməli, onlar masada yerləri olmamasından narahat olurlar, demək istəyirəm ki, kimsə çoxdan gedib sövdələşmə aparmalı idi. Mən prezident olsaydım, Putin bunu heç vaxt etməzdi. Yeri gəlmişkən, bizdə oktyabrın 7-si (HƏMAS-ın İsrailə hücumunu nəzərdə tutur - müəl.) də olmazdı”.
Tramp Ukrayna hakimiyyətini qınaqdan bir qədər də uzağa gedərək, Kremlin təbliğat maşının tezislərinə açıq dəstək verib. O, jurnalistin “Biz eşidirik ki, Rusiya istənilən sülh sazişini imzalamaq üçün Ukraynanı yeni seçkilər keçirməyə məcbur etmək istəyir. ABŞ bunu dəstəkləyəcəkmi” sualına müsbət cavab verib:
“Vəziyyət belədir ki, Ukraynada seçkilər olmayıb, hərbi vəziyyət elan olunub, Ukrayna lideri, - mən bunu deməyə nifrət edirəm, amma onun reytinqi 4%-ə düşüb və ölkə bərbad vəziyyətdədir. Böyük bir söküntü kimi görünür ölkə. Yəni, Rusiya Kiyevə qıymadı, bunu etmədi, çünki oraya çoxlu raket atmaq istəmirlər. 20% etdilər, amma 100% etmək istəsəydilər, yəqin ki, çox tez baş verərdi Kiyevin dağılması. Amma elə şəhərlər var ki, onlar tamamilə dağılıb. Bəli, mən deyərdim ki, onlar masa arxasında oturmaq istəyəndə Ukrayna xalqı desin ki, bilirsiniz, bizdə çoxdandır seçki yoxdur? Bu, Rusiyanın işi deyil. Mən bunu deyirəm, bir çox başqa ölkələr də belə deyir. Bilirsiniz, Ukrayna sadəcə olaraq məhv edilir”.
Ağ Evin sahibi bununla kifayətlənməyib, Bayden hakimiyyəti dövründə Ukraynaya verilən hərbi, iqtisadi yardımların hesabını da soruşub: “Prezident Zelenski keçən həftə dedi ki, ona verdiyimiz pulun yarısının harada olduğunu bilmir. Yaxşı, biz onlara, məncə, 350 milyard dollar verdik. Bəs verilən bu qədər pul haradadır? Hara gedir? Mən heç vaxt belə bir hesabat görməmişəm. Ona görə də sülh görmək istəyirəm, daha bütün bu insanların öldürüldüyünü görmək istəmirəm. Amma bu gün eşitdim, yaxşı, yaxşı, bizi dəvət etməyiblər. Amma üç il orada idin. Bunu üç il əvvəl dayandırmalı idin. Heç başlamamalıydın. Razılaşa bilərdiniz”.
Maraqlıdır, Trampın 350 milyard dollarlıq yardım barədə məlumatları haradan aldığı məlum deyil. Təqribi hesablamalara görə, Birləşmiş Ştatların Ukraynaya bütün yardımlarının həcmi 100 milyard dollara çatmayıb.
Mətbuat konfransında Trampa sual verilib ki, Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəkləyirmi?
Cavabında deyib: “İstəyirlərsə, dəstəkləyirəm. Mən bilirəm ki, bunu Fransa, Böyük Britaniya və başqa ölkələr qeyd edib. Əgər bizim sülh müqaviləmiz olarsa və orada hərbi qüvvələr olacaqsa və Avropa bunun zəruri olduğunu görsə, onda qoy olsun. Biz oraya hərbi qulluqçular yerləşdirməyəcəyik, amma onların hərbçiləri orda olsun, buna etiraz etmirəm. Əsas odur ki, sülh və ya atəşkəs olsun. Atəşkəs də bir variantdır. Bilirəm ki, Fransa çox gözəl jest etmək istəyir”.
Belə məlum olur ki, Tramp Ukraynanın çox istədiyi, amma Kremlin qətiyyətlə qarşı çıxdığı Kiyevə təhlükəsizlik zəmanəti də vermək niyyətində deyil. Ümumiyyətlə, ABŞ liderinin Ukrayna ilə bağlı niyyəti aydın deyil, dediklərindən belə nəticə çıxarmaq olar ki, o, Ukraynanın kapitulyasiyası hesabına müharibəni bitirib, Rusiyanı sanksiyalardan azad etmək istəyir.
Sonda yenidən “The Teleqraph” qəzetində dərc olunan məqaləyə qayıdaq. Müəlliflər vurğulayır ki, Zelenskinin vəzifəsindən kənarlaşdırılması Putinin əsas məqsədidir. Çünki heç kim Kremlin Ukraynanı əsarət altına almaq və onun ruhunu sındırmaq ambisiyalarının qarşısını almaqdan ötrü Zelenski qədər iş görməyib: "Rusiya FSB-sinin onu öldürə bilməməsi biabırçılıq hesab olunur. İndi Kreml hesab edir ki, əsas ümid Ukraynanı seçkilərə sövq etmək, seçkiyə həmişəki adi sxem üzrə müdaxilə etmək və hakimiyyətə Zelenskinin heç zaman imzalamayacağı alçaldıcı sülh müqaviləsini imzalayan moskvapərəst “marionetka” gətirməkdir".
Qəzetin yazdığına görə, Zelenskini vəzifədən uzaqlaşdırmaq cəhdləri ciddi çətinliklərlə üzləşəcək. Çünki Rusiya üçün indi Ukrayna seçkilərinə təsir etmək müharibədən əvvəlki kimi asan deyil: "Əhalinin əksəriyyəti Putinin adı gələndə tüpürür. Dezinformasiya ilə cəmiyyətdə Zelenskiyə qarşı nifrət oyandırmaq olmaz. Ukrayna əhalisinin ən çox moskvayönlü təbəqəsi onsuz da ruslar tərəfindən işğal olunmuş və buna görə də Ukraynadakı seçki prosesində iştirak edə bilməyən Donbasda yaşayır".
Qəzet qeyd edir ki, Putin və Tramp Zelenskini seçki yolu ilə səhnədən çıxarmaq istəsə də, onların bu planının müvəffəqiyyət qazanacağına heç kim təminat verə bilməz.
Yekunda qeyd edək ki, ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir. Şübhəsiz bu görüş baş tutarsa, dünya təkcə onların danışığından yox, “bədən dili”ndən də çox şeyi anlayacaq...
Turqut