
Azərbaycan səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olması haqda daha bir dəhşətli fakt
Azərbaycanda təhsil sisteminin çox bərbad durumda olduğu kimsəyə sirr deyil. İllərdir təhsilimizi “bataqlıq” dan çıxarmağa cəhdlər olunsa da, vəziyyət günbəgün daha da ağırlaşır. Belə ki, müstəqillik qazandıqdan sonra bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmağa çalışsaq da, indiyədək nəinki bir addım qabağa gedə bilmişik, əksinə, təhsilimiz Sovetlər Birliyi dönəmində olduğundan daha bərbad duruma düşüb.
Əlbəttə, hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Təhsili inkişaf edə bilməyən dövlət heç bir sahədə uğur qazana bilməz. Əslində, bu gün Azərbaycandakı uğursuzluqlarımızın səbəbi də məhz təhsilimizin “qəbrə qoyulması” ilə bağlıdır. Bir ölünü diriltmək mümkün olmadığı kimi, artıq “fatihə”si oxunan təhsilimizi də “həyata qaytarmaq” mümkün deyil. Çünki təhsil kökündən dəyişikliyi, yəni yenidən “doğuluşu” sevir. Biz isə alt “ölünü diriltməyə”, yəni kosmetik islahatlarla bu sahədə hansısa uğur əldə etməyə cəhd edirik. Şübhəsiz, bu istiqamətdə həyata keçirilən bütün cəhdlər də uğursuzluğa məhkumdur.
Bir daha vurğulayaq ki, təhsilimizin bərbad duruma salınması bütün sahələrdə, xüsusilə də tibb sahəsində böyük problemlərə, hətta faciələrə səbəb olmaqdadır. Tibb sahəsini ona görə xüsusi vurğulayırıq ki, burada insan faktorundan söhbət gedir. Yəni hər birimiz bu və ya digər səbəbdən həkimə müraciət etmək məcburiyyətində olduğumuz üçün, tibb sahəsinə diqqət ayırmağımız heç də səbəbsiz deyil.
Amma çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycanda təhsilsiz, biliksiz həkimlər ordusu nəinki bizim sağlamlığımızın qayğısına qalır, əksinə, bəzi hallarda daha ciddi problemlərlə qarşılaşmağımıza səbəb olurlar. Əlbəttə, söhbət bütün həkimlərdən getmir, hər zaman olduğu kimi, burada da istisnalar var. Amma əfsuslar olsun ki, bizdə bu istisnalar çox az olduğundan, insanların böyük kəsimi həkimə müraciət edərkən, nə qədər qəribə səslənsə də, həyatını təhlükəyə atmış olurlar. Çünki bu gün həkim diplomu ilə çalışan bir çox “tibb işçiləri” vətəndaşlara “qəssab” gözü ilə baxır, lazım oldu-olmadı onları kəsib-doğramağa can atırlar. Və yaxud da heç bir zərurət olmadığı halda insanlara yararsız, bahalı “firma dərmanları” yazmaqla, öz gəlirlərini güdürlər.
Əslində, bizi bu yazını yazmağa vadar edən də məhz bu cür həkimlərdən birinin tükürpərdici əməlidir. Hörmətli oxuculara agah olsun deyə bildirək ki, indi qələmə alacaqlarımız çox yaxın qohumumuzun başına gələnlərdir və inanırıq ki, bizim kimi, sizlər baş verənlərdən dəhşətə gələcəksiniz.
Bəli, bu yaxınlarda xanım qohumlarımızdan biri öz yaxın tanışına qan vermək üçün özəl klinikalardan birinə müraciət edir. Analiz zamanı tibb işçisi ona ciyərinin “çox dəhşətli vəziyyətdə” olduğunu, özünün isə “Hepatit C” virusuna yoluxduğunu söyləyir. Həmin vaxtadək sağlamlığı ilə bağlı heç bir şikayəti olmayan xanım, təbii ki, bu sözlərdən gərgin psixoloji sarsıntı keçirir. O, bu haqda həyat yoldaşına məlumat verdikdən sonra, yenidən başqa bir tibb müəssisəsində analiz verməyi qərara alırlar. Bu məqsədlə ilk öncə 1 sayli şəhər klinik xəstəxanasına (“Semaşko”), hepatoloq həkim L.A.-ya müraciət edirlər. Sözügedən tibb işçisi xanımı dinlədikdən sonra onu analiz vermək üçün laboratoriyaya yönləndirir. Xanım analiz verdikdən təxminən iki saat sonra nəticə bəlli olur. Maraqlıdır ki, bu zaman da onun qanında “Hepatit C” virusu aşkarlandığı bildirilir.
Bundan sonra xanım və həyat yoldaşı yenidən hepatoloq həkimə müraciət edirlər. L.A. analizin nəticəsi ilə tanış olduqdan sonra xanıma bildirir ki, onun və həyat yoldaşının “Hepatit C” virusuna yoluxduqları şübhəsizdir və hər ikisi təcili müalicə almalıdır. O, hətta bir aylıq müalicə xərcini də açıqlayır - 380 manat. Əlavə edir ki, sağalmaq üçün 3 ay müalicə almalıdırlar. Həkimin bu fikri xanımın həyat yoldaşında şübhələr oyadır. Ən azı ona görə ki, o, hələ analiz verməsə belə, hepatoloq onu “xəstə” çıxarıb. Bu səbəbdən, o, həyat yoldaşına təklif edir ki, daha bir tibb müəssisəsində analiz versin, xəstə olduğuna tam əmin olsunlar. Həmin vaxt L.A. onlara bildirir ki, başqa tibb mərkəzində analiz verib, əlavə xərc çəkməyə ehtiyac yoxdur. O, xanımın “Hepatit C” virusuna yoluxub-yoluxmadığını yüz faiz müəyyənləşdirmək üçün onu növbəti dəfə PCR testi vermək üçün laboratoriyaya yönləndirir. Maraqlıdır ki, normalda bu analizin cavabı 1 həftəyə çıxsa da, cəmi 2 saat sonra nəticə bəlli olur. Bundan sonra hepatoloq L.A. analizin nəticəsini ortaya qoyaraq, xanıma həyat yoldaşı ilə birlikdə təcili müalicə almağı tövsiyyə edir. Lakin onun tövsiyyəsi bir növ təkid xarakteri daşıyır.
Həkimin bu israrından şübhəyə düşən xanım və həyat yoldaşı müalicəyə başlamaq haqda qərar vermək üçün bir gün vaxt istəyirlər. Elə həmin günün axşamı hepatoloq yenidən xanıma zəng açaraq, “vəziyyətin çox ağırdır, bir gün də ötürə bilməzsən, zaman sənin əleyhinə işləyir”, - deyir. Sözsüz ki, həkimin bu “canıyananlığı” qarşı tərəfin şübhəsini bir qədər də artırır. Bundan sonra onlar dost-tanışın məsləhəti ilə daha bir həkimə müraciət etməyi qərara alırlar.
Ailənin güvəndiyi hepatoloq həkim xanımın analiz nəticələrinə baxdıqdan sonra məlum olur ki, əslində, 1 sayli şəhər klinik xəstəxanasında (“Semaşko”) verilən testlərin hər ikisi sıradan qan analizləri olub, PCR testi aparılmadan, yəni xanımın qanında “Hepatit C” virusunun olduğu təsdiqlənmədən, həkim onu ciddi psixoloji sarsıntıya salıb və ağır müalicə almağa təhrik edib. Xanımın ciddi psixoloji sarsıntı keçirdiyini görən tanış hepatoloq onu əmin edib ki, qanında “Hepatit C” virusu yoxdur və ümumiyyətlə, ümumi qan analizinin nəticəsinə əsasən bu haqda yekun qərara gəlmək mümkün deyil və onu müalicəyə məcbur edən həkimin davranışları tibb adına qara ləkədir. Bu baxımdan, o, xanıma nəticəsi bir həftə sonra bəlli olacaq PCR analizi verməyi məsləhət bilir.
Həkimin bu sözlərindən sonra xanım və həyat yoldaşı xeyli rahatlıq tapsalar da, yenə də növbəti həftəni ciddi həyəcan içində gözləyiblər. Həftənin tamamında isə məlum olub ki, xanımın qanında “Hepatit C” virusu aşkarlanmayıb və ümumiyyətlə onda bu xəstəliyin heç bir əlaməti yoxdur. Bu xəbəri böyük sevinclə qarşılayan ailə istər-istəməz həkimə belə bir sual ünvanlayıblar: Bəs nə üçün əvvəlki 3 analizin nəticəsi onun qanında “Hepatit C” virusunun olduğunu göstərib? Bu zaman həkim onları başa salıb ki, bir çox qadınlarda hətta illər öncə aldıqları hansısa müalicə ilə əlaqədar bu cür nəticələr ortaya çıxa bilər və bu, normaldır. Bunun üçün tam əmin olmaq məqsədilə onlara PCR testi vermək məsləhət görülür…
Hörmətli oxucularımız da təsdiq edərlər ki, təkcə bu fakt Azərbaycan tibb sahəsinin hansı durumda olduğunu ortaya qoyur. Əlbəttə, bütün bunlar həm də onu göstərir ki, bu cür savadsız həkimlərin ucbatından ölkəmizdə nə qədər sağlam insanlar şikəst qoyulur, heç bir səbəb olmadan ağır müalicə prosesinə cəlb olunur, psixoloji sarsıntıya məruz qoyulurlar.
Nə yazıq ki, bu cür savadsız həkimlərin sayı heç də az deyil. Nəzərə alsaq ki, gün ərzində təkcə “Semaşko”ya minlərlə vətəndaş müraciət edir, zənnimizcə, burada onların başına hansı oyunların açıldığı haqda əlavə izahat verməyə ehtiyac qalmır.
Bax, bütün bunlar həm də təhsilimizin bugünkü bərbad duruma salınması ilə bağlıdır.
Jalə FAMİLQIZI hurriyyet.az