![]() |
![]() ![]() ![]() |
|
İrəvana qaçan keçmiş xunta başçısı Samvel Şahramanyan əski parçası sayılan “fərman” imzalayıb və bununla da “artsaxın ləğvi haqqında” 2023-cü il sentyabrın 26-da imzalanmış qərarı qüvvədən salıb. “Yeni Müsavat” məlumat verir ki, bu barədə hüquqşünas Roman Yeritsyan öz feysbuk səhifəsində yazıb.
Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Şahramanyanın qərarına sərt reaksiya verib. Onun sözlərinə görə, “Ermənistanda başqa heç bir dövlət yaradıla bilməz və başqa dövlətin ləğvi haqda qərar ləğv edilə bilməz”.
Çaxoyan bildirib ki, Şahramanyanın verdiyi bəyanatların Ermənistanda heç bir hüquqi qüvvəsi yoxdur: “Çünki ləğv edilmiş dövlət yalnız öz ərazisində bərpa oluna bilərdi. Lakin bu baş vermədi. Amma Ermənistan Respublikasının ərazisində bu mümkün deyil”.
Çaxoyan mifik dövlətçiliyi “öz kabinetindən” idarə olunan bir şey kimi qəbul edənləri kəskin tənqid edib: “Əks təqdirdə, ”artsax"ın ləğvinə imza atan və dövlətə öz kabinetinin məntiqi ilə yanaşanlar bir gün Latın Amerikasında və ya Afrikada başqa bir dövlət yaradacaq və ya ləğv edəcəklər", - deyə o, istehza ilə vurğulayıb.
Erməni mediası bununla bağlı yazıb ki, beləcə, Paşinyan hakimiyyəti uydurma “artsax”a münasibətdə öz rəsmi mövqeyini təsdiqləyib: “Artsax”ın ləğvi məsələsi artıq yuridik olaraq bağlanıb və Şahramanyanın öz qərarını ləğv etmək və ya Ermənistan ərazisində hansısa varis yaratmaq cəhdlərinin heç bir hüquqi əsası yoxdur və bu, siyasi manipulyasiya kimi qəbul edilir", - şərhdə vurğulanır.
Rəsmi İrəvanın bu mövqeyini hakimiyyətin separatçı ünsürlərə qarşı son və həlledici həmləsi saymaq olarmı? O halda, yəni Paşinyan hökumətinin prinsipial mövqeyinin davamı kimi İrəvanda separatçıların ofisi də bağlanacaqmı? Ümumiyyətlə, hakimiyyətin revanşist-separatçılara qarşı sərt davranışın səmimiyyətinə inana bilərəkmi?
Bu arada “Hraparak” qəzetinin yazdığına görə, bir qrup separatçı Şahramanyanla görüşüb və ondan fikrini soruşub. Lakin o, növbəti “seçki”lərdə “namizəd” olmayacağını bildirib. Başqa “namizəd”lərin isə adlarının siyahı şəklinə salınaraq, təqdim edilməsini istəyib. Lakin belə birinin hələ üzə çıxmadığı qeyd edilib.
Bundan başqa, separatçılar yenidən Qarabağa “qayıdış” nağıllarını gündəmə gətirməyə başlayıblar. Onlardan biri Artak Beqlaryan bildirib ki, bunun üçün bir neçə mərhələni keçmələri lazımdır. Onun sözlərinə görə, hazırda əsas vəzifə Ermənistanı gücləndirməkdir. “Yəni qısaca desək, bizim güclü inkişaf etmiş Ermənistan Respublikamız olmalıdır”.
O qeyd edib ki, bütün erməni xalqının milli ideologiyası, milli elitası və buna əsaslanan effektiv idarəçiliyi olmalıdır. “Bunun əsasında əminəm ki, zaman keçdikcə biz də Qarabağa qayıda bilərik. Əminəm ki, Qarabağın qaytarılması mümkündür. Bu, zaman məsələsidir. İstər bir neçə ildən, istərsə də onilliklərdən sonra”.
Separatçılar hələ çox belə nağıllar uydurub, vaxtilə taladıqları və istismar etdikləri Qarabağı və ermənilərə “xəyal plov” yedirtməyə çalışacaqlar. Amma arzuları heç vaxt çin olmayacaq. Separatçı Nahapet Sarkisyan bildirib ki, Balasanyan, Şahramanyan və digərləri Qarabağda talançılıqla məşğul olublar. Onun sözlərinə görə, bu gün onların özlərini “qəhrəman” kimi təqdim etmələri Qarabağdan köçmüş ermənilərə təhqirdir. “Biz onların korrupsiya əməlləri və talançılıq fəaliyyəti ilə araşdırma aparacağıq”.
Göründüyü kimi, bu separatçı tör-töküntüləri həm bir-birini ittiham edir, həm utopik arzular qurur, həm də artıq mövcud olmayan qondarma qurumun fəaliyyətini bərpa qərarları verir. Bu vəziyyətdə isə Paşinyanın ofisindən səslənən bəyanatdan sonra İrəvanın növbəti addımlarının atılması gözlənilir.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ermənistan qarşısında məsələ qaldırmalıdır. “Bakı İrəvandan tələb etməlidir ki, separatçıların bu kimi bütün hərəkətlərinə qadağa qoyulsun, ofis verilməsin, toplaşa bilməsinlər. Bu şəxslər artıq mifik fikirlərdən oyanıb Ermənistanda yaşamağa öyrəşməli, iş tapmalıdırlar. Şahramanyan kimi qorxaqların indi Ermənistanda hansısa qərar verməsi birbaşa bu ölkənin sülh prosesinə zərbədir. Paşinyan Qarabağın Azərbaycana aid olduğunu söyləyir, sülh mətni razılaşdırılıb, amma İrəvanda ərazi iddiaları irəli sürən tör-töküntülər fəaliyyət göstərirlər. Buna dərhal son qoyulmalıdır. Çünki daha əvvəl spiker Simonyan onların fəaliyyətini Ermənistan dövlətçiliyi üçün təhdid adlandırıb. Paşinyan da bəyan edir ki, real Ermənistan qurulmalıdır. Belə vəziyyətdə isə hansısa oyunların qurulması, cəfəng ideyaların irəli sürülməsi yalnız Ermənistana ziyandır”.
Professor hesab edir ki, onların İrəvandakı fəaliyyəti Azərbaycana təhlükə yaratmır, lakin Ermənistana sülh yolunda, Ankara və Bakı ilə normallaşma prosesində bir əngəldir: “Biz Xankəndidə separatizmi məhv etmişik. Ordumuz antiterror əməliyyatı nəticəsində separatçı ünsürləri darmadağın edib, onların rəhbərlərinin bir hissəsi Bakıda mühakimə olunur, qanun qarşısında cavab verirlər. Bundan əlavə, bu qüvvələrin yenidən Qarabağa yerləşməsi, burada qondarma rejim qurmaq planları mümkün deyil. Buna nə onların gücü var, nə dövlətimiz imkan verər. Ona görə də İrəvanda oturub evcik-evcik oynayanlar ürək bulandırırlar. Bundan da Paşinyan hakimiyyəti narahat olmalıdır. Çünki biz Ermənistandan ərazi iddialarına son qoymağı tələb edirik, Konstitusiyadan çıxarılmasını gözləyirik, bu yandan isə ərazi iddiası ilə separatçılar yeni proses başlamağa cəhd göstərirlər. Güman edirəm ki, Çaxoyanın bu açıqlaması növbəti addımların atılmasına gətirib çıxaracaq. Paşinyan da bunu dərk edir”.
Q.Hüseynlinin fikrincə, separatçıların fəallaşmasının bir səbəbi də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bəzi Avropa fondlarından Qarabağdan könüllü getmiş “qaçqınlara yardım” adı ilə qonorar qoparmaq hiyləsidir: “Ancaq Paşinyan hökuməti seçim etməlidir. Əgər bu oyunlara son qoyulmasa, sərt və radikal qərarlar verilməsə, deməli, sülhdə səmimi deyil, separatçıların fəaliyyətində maraqlı tərəfdir. Çaxoyanın bu açıqlamasından sonra biz növbəti addımların atılmasını gözləyəcəyik. Eyni zamanda, rəsmi Bakı İrəvana bu məsələlərlə bağlı xəbərdarlıq etməlidir. Yəni bizim sülh müqaviləsi üçün iki məlum şərtimiz var, separatçıların İrəvanda əl-qol açmasına imkan verməmək də əlavə tələbimiz olmalıdır. Bu qüvvələr sülh sazişinə açıq təhdid sayılırlar”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”