Ardını oxu...
Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümükün olmayıb.
Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.

 
Ardını oxu...
Bu gün dərs olacaq bir hadisəni yaşadım... Əslində, bu, real həyatımızın içimizə çökmüş bir reallığı idi, yeni bir povestimin mövzusu oldu... Amma... Deməli belə: "Araz market"dən isti təndir çörəyi alırdım... Sonra kassaya yaxınlaşdım, gördüm, nəsə süni növbə yaranıb... Belə ki, bir qız uşağı evə çörək, şəkər və çay, sabun, kofe almışdı, amma ödəmə kartında vəsait olmaması səbəbindən kassir silinmə apara bilmirdi... Məcburən növbədən çıxıb kassaya yaxınlaşdım, qızcığazın yanında dayandım, kassir xanımdan bir daha problemin səbəbini soruşdum. "Ödəmə kartındakı məbləğdə kifayət qədər pul vəsaiti çatmır...", - deyə gileyləndi. Soruşdum ki, nə qədər vəsait çatmır? Məlum oldu ki, 3 manatdır... Dedim, xanım, o pulu mən ödəyərəm, o qızı biraxın, tələsirik, növbə çox uzandı axı...
Borclu qız üzümə baxdı: "Yox, istəmirəm, kassa aldığım ərzaqdan ikisini çixsın...", - deyib kassirə hirsli nəzərlərlə baxdı. Vaxt itirməmək üçün, həm də qızcığazı yola gətirmək bəhanəsi ilə dedim, qızım, eybi yox, mən ödəyim, siz gedin... Qızcığac bu dəfə lap əsəbi halda: - Yox, istəmirəm, - deyəndə, onu yola gətirmək üçün bir daha: - Qızım, narahat olma, telefon verərəm, atan 3 manatı mənə qaytarar, - deyə onu sakitləşdirməyə çalışdım... Qızcığaz mənə tərəf mehribanlıqla baxdı... "Sağ olun" demək istədiyi baxışlarından sezilirdi... Amma cəld əlini ərzaq "kulok"una atdı, aldığı ərzaqlardan ikisini kassirin qarşısına ataraq: -Əmi, sağ olun, amma atam sizə o pulu qaytara bilməyəcək...", - deyib aldıqlarını götürüb kassadan aralaşdı... Kassada növbə gözləyən çoxsaylı əsəbi müştərilər isə gülərək: - Bir buna bax, hələ bir...- deyib ardınca gileyləndilər... Qadınlardan biri: - Ay qızım, sizə borc verirlər, niyə əsəbləşirsən axı, atan gəlib qaytarar dəə, niyə imtina edirsən???- deyəndə qızcığaz ani olaraq dayandı, dərindən nəfəs alıb qəribə, özü də məğrur baxışları ilə bayaqdan onu tələsdirməyə səsləyənlərə üzünü çevirdi, yaşarmış gözlərini balaca əlləri ilə silib: - Atam o pulu heç vaxt qaytara bilməyəcək, - dedi və ardınca hıçqıraraq: - Atam şəhid olub...- deyib gözdən itdi...
Hamı kassanın yanında donub qalmışdı... Heç kim evə aparmaq istədiyi ərzağa əl vurmaq istəmirdi...
Asif Merzili
Teref: Xocanin Blogu
 
Ardını oxu...
"Nizaminin xanımı roluna məni Heydər Əliyev seçmişdi..."
Söhbətdən təsirlənmişəm. O qədər səmimidir ki… Suallarımı çıxartdım, istədim o danışsın,
mən susum, oxucu onun həzin lirik musiqi kimi hekayətini dinləsin. Mənim müdaxiləm
dinləyəni o musiqidən ayırmasın…
Həmidə Ömərovadır “oxuyan…” Qalanı bu addan sonra yazılsa, daha doğrudur – Xalq artisti,
professor və sair…
“Atalı idi, analı idi uşaqlar…”
Atam Qazaxlıdır, anam bakılı. Sevib evləniblər, amma sonra ayrılmalı olublar. Daha doğrusu,
anam məni də götürüb, qayıdıb Bakıya. Atam arxamızca çox gəlib-getdi, anamı geri qayıtmağa
razı sala bilmədi. Anam tərs qadın idi. Ailə qurmağa, nikaha yaxşı baxmırdı. Məni də ailə
qurmağa qoymurdu, gələn elçilərə deyirdi ki, Həmidənin əlindən iş gəlmir, bütün gün
çəkilişlərdədir, ondan evdar olmaz. Atamı 17 yaşımdan sonra, öldüyü günəcən, görməmişəm.
1986-cı il ildə vəfat elədiyi barədə teleqram aldım. Kinostudiyada idim, oradan maşın verdilər, 59
qərənfil alıb, getdim məzarına. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı
tanımırdım. Hönkür-hönkür ağladım. İnstitutu bitirəndən sonra içimdə onunla barışmışdım.
Həmişə istəmişəm gedib onu tapım, anamdan qorxmuşam. Çox hökmlü qadın idi. Deyirdim, kaş
məni Qazağa ezamiyyətə göndərəydilər. Gedib gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə
22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd
aparırdım. Ona görə də şəxsi həyatımda nə olur olsun, mən uşağımı atasız qoymadım. Öz
uşaqlığım mənə örnək olub. Oğlumu bu yaxınlarda evləndirdim, daha nənə havasındayam. Sevib
ailə qurmuşam, amma qadın xoşbəxtliyi başqadır. Ölümündən sonra bizə ondan qalan altı dəftər
verdilər ki, görün sizi necə sevirdi. Elə bil həyatında bizdən başqa heç kim olmayıb. Anamla
tanışlığından tutmuş, ayrılıqlarına və ondan sonrakı iztirablarına qədər yazmışdı. Anam cırdı o
dəftərləri.
Qulluqçu Luçetta məni aktrisa etdi
Az.tv-də rejissor Həsən Seyidbəylinin çıxışından eşitdim ki, Azərbaycan incəsənət tarixində ilk
dəfə Moskva Kinematoqrafiya institutunda azərbaycanlı tələbələr üçün kurs açılıb. Dedi,
oxumaq istəyənlər sənədlərini bizim İncəsənət İnstitutuna təqdim etsinlər. Anam istəyirdi mən
həkim olum. Mən də çox sözəbaxan uşaq olduğum üçün tibb institutuna hazırlaşırdım. “Qızıl
medal”a namizəd idim, amma yazıdan mənə 4 verib, medalı başqasına ötürdülər. Mən də, atam
qazaxlıdır, qanımızda ədəbiyyat, yazmaq-yaratmaq olduğu üçün sənədlərimi verdim BDU-nin
filologiya fakültəsinə və qəbul olundum. Heç biri istədiyim peşə deyildi, nə istədiyimi əslində
hələ müəyyən etməmişdim. Qəbul olunsam da özümü yerimdə hiss etmirdim. Elə bilirdim ki,
BDU-da müvəqqəti oxuyuram. Elanı eşidən kimi aparıb sənədlərimi təqdim etdim. Aktrisa olmaq
arzum da yox idi, sadəcə anamın o yaşıma qədər məni “rejim”də saxlamasına bu formada üsyan
edirdim. İki övladını itirdiyi üçün məni sıxma-boğmada saxlayırdı. Gün işığına həsrət idim.
Məktəbdən gəlirdim, yemək yeyirdim, dərslərimi hazırlayıb, günorta yatırdım. Oyanıb, yenə
dərslərimi hazırlayıb anama danışırdım, xoşuna gəlsə, mənə bir saat televizora baxmağa icazə
verirdi. Bu buxovlardan qurtulmaq istəyirdim. Ona görə Yevgeni Matveyevin qarşısında imtahan
verəndə B. Vahabzadənin “Ümid ver mənə” şeirini deyə-deyə ağladım. Həsən Seyidbəyli dedi ki,
qızım, sən bu gözəl gözləri niyə incidirsən, ümid istəyirsən, biz də sənə ümid veririk. Məni qəbul
etdilər. Həmin institutun mühiti mənim kimi özünü ifadə etməkdə çətinlik çəkən utancaqlar üçün
deyildi. Aktyorluq etüddən başlayır, bu, aktyorluq sənətinin əlifbasıdır. Bir yerdə oxuduğumuz
tələbələrin əksəriyyəti bu sahəni əvvəldən seçmiş, hazırlıqlı idilər, onların yanında mən çox zəif
görünürdüm. Hamı səhnəyə can atırdı ki, etüd göstərsin, mən büzüşüb pianonun arxasında
gizlənirdim. 3-cü kursun sonunda dörd tamaşa təhvil verməli idik. Rollar bölüşdürüləndə mənə
tamaşalardan tək birində bir rol düşdü, qulluqçu qız Luçetta. Özümü o yerə qoymadım, amma
çox xəcalət çəkdim. Etüd göstərəndə ağlaya bilməmişdim, məni tənqid etmişdilər, indi çəkilib
kənara, büzüşüb oturmuşam, elə ağlayıram. Birdən müəllimimiz Yelena Savçenko məni göstərib,
dedi ki, baxın, Həmidəyə, görün necə ağlayır, bax bu, həqiqi göz yaşlarıdır. Özümü auditoriyadan
bayıra atdım, girdim gizlin bir yerə, doyunca ağladım və özümə söz verdim ki, mən bu institutu
əla bitirib, yaxşı aktrisa olacağam. Diplomumuzda dram teatrı və kino aktyoru yazılır. Peşənin
bütün incəliklərini səhnədə öyrənirdik. Ona görə tamaşa da verməliyik. Bu Luçetta mənə elə bir
dərs oldu ki, nəhayət, növbəti etüdlərim uğurlu alındı. Luçettanı da çox gözəl oynadım. Üstəlik,
“Həyatın dibində” tamaşasında Palo obrazına gözümü dikmişdim, çünki onu oynayan qız
öhdəsindən gəlmirdi. Qızın bacarmadıqları yerlərdə deyirdim olarmı onu mən göstərim.
Göstərirdim və müəllim məni ona nümunə gətirirdi. Belə-belə özgüvənimi bərpa etdim. Yelena
Savçenko Luçettaya əlavələr etdi və mənim Luçettam əsas rollardan birinə çevrildi. Tamaşadan
sonra Bondarçuk müəllimimizə dedi ki, sən qulluqçu ilə xanımı səhv salmısan. Baş rolu Həmidə
oynamalı idi. Ondan sonra xanım obrazını verdilər mənə. Amma çox nahaq, obrazı bəyənmədim,
çünki xarakterik rolu oynamaq daha maraqlıdır. “Zorən təbib” tamaşasında isə bizimlə bir yerdə
Azərbaycandan getmiş Ella baş rolda oynayırdı. İmtahana bir həftə qalmış Ella hamilə olduğu
üçün onun rolunu verdilər mənə. Məşqlərində iştirak etmişdim, bütün rolu əzbər bilirdim.
Lusindanı da belə oynadım. Gedişatda bütün dörd tamaşanın hamısında rolum oldu, özümü
doğrultdum. Matveyev qulluqçu Luçettanı mənə verməklə elə dərs keçdi ki, axırda aktrisa
oldum.
Biz Bakıya qayıdanda kinonun yaxşı vaxtları idi. Kinostudiyanın dəhlizləri də parıldayırdı. İş
qaynayırdı, dublyajlar, çəkilişlər. Kinoaktyorluq şöbəsi də fəaliyyət göstərirdi. Hər il dörd bədii
film, Moskvanın sifarişi ilə dörd bədii televiziya filmi çəkilirdi. Amma məni 6 ay filmə çəkmədilər.
Bir gün, nəhayət, o dəvət gəldi. Oqtay Mirqasımov dəvət etdi, amma Moskvanın öz namizədi
vardı. Bir az da belə gözlədim. Sonra ardıcıl çəkildim. “Qızıl uçurum”da Şəfiqə, “Anlamaq
istəyirəm”də Çinarə, “Yol əhvalatı” Zümrüd, “Babamızın babasının babası”, “Qorxma, mən
səninləyəm” “Üzeyir ömrü” və sair.
Kinomuzun maddi bazası yoxdur
Dünya kinosunun klassiklərindən olan Roman Polanski ömür boyu qara filmlər çəkmişdi, çünki
uşaqlığı gestapoda keçmişdi, dramatik həyatı vardı. Ona həmişə sual verirdilər ki, sən necə
rejissorsan, necə polyaksan ki, ancaq qara hissləri təbliğ edirsən, bəşəri film çəkmirsən? Heç nə
cavab vermirdi. Müharibədən neçə il sonra bir film çəkdi – “Pianoçu” – və hamının cavabı o
filmdə var idi. O hadisələri yaşaya-yaşaya film çəkə bilməzsən, üstündən zaman keçməlidir.
“Şindlerin siyahısı” da elə yarandı, bütün yəhudi millətinin faciəsini göstərir. O səviyyədə film
çəkmək üçün həm də maddi baza olmalıdır. Bizim kinomuzun maddi bazası yoxdur, bu da
reallıqdır, amma hazırda bizə zaman lazımdır. Çox keçməyəcək, Azərbaycan kinosu sıçrayış
edəcək, buna inanıram. Mərkəzləşmiş sistem dağıldı, 15 respublika eyni vəziyyətə düşdü.
Maddi-texniki bazanın yaradılmasının da yolu var. Azərbaycan ziyalılarına anlatmaq lazımdır ki,
film yalnız ideologiyaya xidmət etməməlidir. Görürsünüz, kommersiya filmləri inkişaf edir, çünki
az pula bayağı film çəkmək olur. Bu mənada, heç olmasa elə kommersiya filmi çəkmək olar ki,
həm ideologiyaya xidmət etsin, həm də pul gətirsin. Dövlətin vəsaiti ilə film çəkən hər hansı
təşkilat pul qazanacaqsa, artıq özünün maddi bazası olacaq, dövlətdən vəsait almayacaq. Bu
yolla Azərbaycan kinosunu yavaş-yavaş dalandan çıxartmaq mümkündür. Rejissorlar ancaq
festival filmləri çəkmək istəyir. Festival filmləri baxılmır. Mən özüm Fəcr festivalının münsiflər
heyətinin üzvü olmuşam. O filmləri maddi-texniki bazası olan ölkələr çəkir. Zeki Dəmirkubuz
istədiyi filmi çəkir, çünki maddi-texniki bazası var, ona vəsait verirlər. Biz də prodüsserlik
məktəbi yaratmalıyıq. Prodüsserlərin film çəkməkdə maraqları olur, çünki oradan qazanc əldə
edirlər. Kinonu biznesmenlər yaradıb. 1875-ci ildə Lümyer qardaşları ilk kino seansı təşkil
edəndə ona biznes kimi yanaşmışdılar. Paris kağız fabrikinin işçiləri idilər, öz bizneslərini
yaradırdılar. Sonra müəllif filmləri, kino sənətkarları yarandı. Kino həm də xalqa xidmət etməlidir.
Kino İttifaqının katiblərindən biriyəm. Masa arxasında kinonu saatlarla müzakirə edib, problemin
həlli yollarını axtarırıq. İllərdir ki, Mədəniyyət və İncəsənət Universitetində kino tarixindən dərs
deyirəm. O da taleyin işidir. Həmin fənni tədris edən müəllim işdən çıxandan sonra mənə təklif
gəldi, mən də qəbul etdim. “Retro” televiziya layihəsi elə kino tarixi idi deyə, mövzu mənə yad
deyildi, kinonu bilirəm. Sonralar düşündüm ki, bəlkə öz ixtisasımdan dərs deyim, amma artıq
zaman keçmişdi, bu sahədə ixtisaslaşmışdım.
Afaq roluna məni Heydər Əliyev seçmişdi
“Nizami” filmi çəkilirdi. Heydər Əliyev də kinoya, xüsusi ilə də tarixi filmlərə diqqət ayırırdı axı.
Deməli, filmin çəkilmiş 20 dəqiqəlik hissəsinə baxıb, soruşub bu qız kimdi? Deyiblər Tamara
Yandıyeva, çeçendi. Deyib Azərbaycanda aktrisa yoxdu ki? Filmin yaradıcı heyəti tez başlayıb
Afaq obrazına azərbaycanlı aktrisa axtarmağa. Kinostudiyanın dəhlizindən keçəndə filmin ikinci
rejissoru Akif Rüstəmov çağırdı məni ki, Həmidə, tez gəl bura. Apardılar məni fotosexə.
Qrimlədilər və şəklimi çəkdilər. Rəhmətlik Heydər Əliyev o vaxt çəkilən bütün şəkillərin içindən
bu şəkli seçib, deyib ki, bu qızı çəkin, qoy özümüzünkü olsun. Bir dəfə də Moskvada dünya
gənclərinin qurultayı keçirilirdi. Biz də getmişdik, heç yadımda çıxmaz, Kremlin Qurultaylar
sarayında açılış oldu, foyeyə çıxanda uşaqlar pıçıldadılar ki, Heydər Əliyev, Heydər Əliyev. Bir
neçə nəfərlə dayanmışdı. Pıçıltımızı eşidib, döndü, bizi basdı bağrına. Yanındakı adamlara fəxrlə
dedi ki, bunlar mənimkilərdi, azərbaycanlılar. Biz də cavan uşaq idik, o rəhmətlik elə fəxrlə dedi
ki, özümüz də başladıq fəxr eləməyə ki, azərbaycanlıyıq.
Qırışları özüm qazanmışam
Moskvada “Nizami” filminə çəkilirdim. Bir yerdə çəkildiyimiz aktrisa ilə gəzirdik, kosmetoloji
mərkəz gördük. Getdim yazıldım həkimin qəbuluna. Həkim soruşdu ki, niyə burnunu əməliyyat
etdirmək istəyirsən? Qayıtdım ki, uzundu, mane olur. Dedi, get, ona görə nə vaxt səni filmə
çəkməsələr, gələrsən əməliyyat edərəm. Həmin hadisədən sonra mənim üçün plastik əməliyyat
mövzusu bağlandı. Kompleksim yoxdur. Eldar Quliyevin “Burulğan” filmində çəkilirdim. Tərəf
müqabilim Litvalı aktrisa idi, 33 yaşlı əməkdar artist Eqle Qabrenayte. Çəkilişlərdə operator dedi
ki, Eqle, saçındakı ağları gizlət. Qız pərt halda dedi ki, mən saçımdakı ağlarla, üzümdəki qırışlarla
fəxr edirəm. Onları özüm qazanmışam. O vaxtdan bu sözlər yadımda qalıb. Mən də o qırışları
özüm qazanmışam. Nənə roluna da çəkilən aktrisa lazımdır.
Sevgi də tale işidir
Bir dost var idi, daha doğrusu, iş yoldaşlarımdan biri. Həmişə mənimlə zarafatlaşırdı. Düz beş il
hər dəfə məni görən kimi bu zarafatı edirdi. Soruşurdu ki, elçilərimi nə vaxt göndərim? Deyirdim
sabah yox, birigün. Deyirdi, onda kartof qızart, bizimkilər gələcək. İranda film çəkilişlərində
biləndə ki, 33 yaşım var və subayam, bir aktrisa məni yaman danladı. Mən də qərarlı gəlmişdim
ki, ailə quracam daha. Bu da yenə məni görən kimi həmin dialoq başladı:
– Elçiləri nə vaxt göndərim?
– Sabah.
– Onda kartof qızart…
Mən zarafat eləmirdim. Dedim, göndərirsən, göndər, göndərməyənin..! Qızardı və “bax
göndərərəm ha” – dedi. Dedim, göndər də…
Anası ağır xəstə idi. Dedim, anana baş çəkmək istəyirəm. Getdik onlara, anası ilə tanış oldum.
Evin tək oğlu olduğu üçün özü getdi çay gətirməyə, qaldıq anası ilə ikimiz. Dedi ki, indiki qızlar
oturub, oturub, yaşı ötürüb, sonra kim gəldi ona gedirlər. Oğlana dedim sən gizlədirsən, amma
anan məni istəmir. Heç nə demədi. Bu məsələ bitdi. Sonra da indiki həyat yoldaşımla tanış
oldum, qısa müddətə ailə qurdum. Ana olmağa hazırlaşırdım, dəhlizdə həmin iş yoldaşımla
rastlaşırdıq. Uzaqdan salamlaşıb hal-əhval tuturduq, hətta zarafatlaşırdıq da. Amma daha o
söhbətə qayıtmırdıq. Bir dəfə yaxınlaşdı ki, anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki,
gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum. Artıq gec idi,
amma oğlan indiyəcən ailə qurmayıb.
“Qaragilə”nin hekayəti
Anam çox əziyyət çəkdi, xəstə idi, yaddaşını tamam itirmişdi. Bir gün mən işdə olanda evdə əlinə
keçən qiymətli nə varsa, götürüb qaçmışdı. Uzun müddət axtardıq, polislər də cəlb olundu.
Nəhayət, psixi xəstəxanadan tapdım, döyülmüş, əlində nə varsa alınmış vəziyyətdə, cırıq
paltarda küncdə oturub “Qaragilə” mahnısını oxuyurdu. O mahnı atamla ikisinin sevimli mahnısı
olub, anamın gözəl səsi vardı. Gətirdim onu evə, işdən çıxdım, rəhmətə gedincə özüm baxdım.
Yekun
Bu günlərdə yaradıcılıq gecəm oldu. Möhtəşəm! Adətən deyirlər ki, sənət adamları bir-birləri ilə
yaxın dostluq etmirlər, bir-birinə həsəd aparırlar, bir-birlərinin uğurlarına elə də çox sevinmirlər.
Amma yaradıcılıq gecəmdə gördüklərimi sözlə ifadə etməyə belə çətinlik çəkirəm, mən bunu
gözləmirdim. Xalq artistləri və Əməkdar artistlər, film və tamaşalardakı tərəf müqabillərim,
tələbə yoldaşlarım çıxış etdilər. Əlbəttə, onlardan bu qədər səmimi sözlər eşitmək məni
fərəhləndirdi. Salondakı tamaşaçılar arasında çox sayda doğmalarım, mənə yaxın olan insanlar,
dostlarım, həmkarlarım, tələbələrim var idi. Tədbir dörd saat davam etdi – insanlar getmək
istəmirdilər. Təşkilatçılar dedilər ki, indiyə qədər belə gecə olmayıb. Bu, qazancdı. Yaxşı
yekundu…
Ramilə QURBANLI
pressklub.az
 

Ardını oxu...
Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

Medicina.az xəbər verir ki, 2019-cu ildən bəri antidepresan dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün cümə günü xəstəxanaya yerləşdirildiyi bildirilib.

Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
 
 
 
Ardını oxu...
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.
 
Ardını oxu...
Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızcığaz danışıb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.
12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.
L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.

 
Ardını oxu...
Dilan Polat ev dustaqlığına buraxıldıÇirkli pulların yuyulmasında adı hallanan Dilan Ev dustaqlığına buraxılıb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Dilan Polat video paylaşıb:

"Bir çox insan mesaj yazıb. Həqiqətən sanki yox kimiyəm. Yanımda olan bir çox insan gördüm. Yanımda olan və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizi çox sevirəm".
Ardını oxu...
Onu artıq “Rusiyanın Tixonovskayası” adlandıranlar var. Kreml onu nəinki seçkidə namizəd statusunda iştiraka, hətta imzatoplama kampaniyasına belə buraxmaq istəmir. Çünki o, Kremlin “cib müxalifəti” deyil və bunu hamı, elə həmin “cib müxalifəti”nin təmsilçiləri də bilir və etiraf edirlər...

Söhbət Putinin sağa-sola ölüm, təhdid, repressiyalar yağdırdığı bir zamanda müstəqil namizəd kimi prezidentliyə iddiasını ortaya qoyan Tver vilayətinin Rjev şəhərindən olan jurnalist Yekaterina Duntsovadan gedir. Hüquq və telejurnalistika sahəsində iki ali təhsilə malik, həmçinin bir neçə il əvvəl Rjev şəhər Dumasının deputatı olan Duntsovanın üç övladı var. Buna baxmayaraq, artıq onu Rusiya siyasi səhnəsində son illərin ən cəsarətli qadını hesab edənlər var. Çünki Duntsova belə bir təhlükəli dönəmdə - Kremlin öz “yetirməsi” olan Priqojini havada partlatdığı, Navalnını uzaq şərqə sürgünə göndərdiyi, Rusiya ziyalı elitasını hətta “xüsusi hərbi əməliyyatı” öz adı ilə - “müharibə” adlandırdığı üçün ölkədən didərgin saldığı, həbs etdirdiyi, “xarici agent” damğası vurduğu, bir sözlə, açıq repressiyaların hökm sürdüyü bir vaxtda sadəcə, prezidentliyə namizədliyini irəli sürməyib. O, həm də ilk bəyanatlarındaca Ukraynada müharibənin dayandırılması, sülh danışıqlarının başlanması və Navalnı da daxil olmaqla, bütün siyasi məhbusların azad edilməsi tələblərilə çıxış edib, öz siyasi islahatlar proqramını təqdim edib.

Müasir Rusiyada belə tələblərlə çıxış edərək, prezidentliyə namizədlik iddiasını ortaya qoymaq xüsusilə də bir qadın üçün doğrudan da böyük cəsarət tələb edir və böyük ehtimalla Navalnının, hətta Priqojinin aqibətini yaşamaq perspektivinin siqnallarını verir...

Duntsovanın prezidentlik iddiası artıq Kremlin onu seçkiyə buraxmayacağı təqdirdə belə geniş ictimai rezonansa səbəb olub. Jurnalistlər onu Vladimir Putinə, Ukrayna ilə müharibəyə qarşı çıxan və rusiyalı siyasi məhbusların azad edilməsini tələb edən yeganə namizəd adlandırırlar.

Artıq Kreml bu potensial namizədi “sevmədiyini” dərhal nümayiş etdirib. Onun öz tərəfdarları ilə görüş keçirdiyi binanın elektrik enerjisi kəsilib. Onun “VTB Bank”dakı hesabı bağlanıb, ödənişləri dayandırılıb, özü prokurorluğa “söhbət üçün” çağırılıb və s. Ən əsası isə onun tərəfdarları imzatoplama kampaniyasına buraxılmayıb. Belə ki, dekabrın 20-də Duntsovanın namizədliyi üzrə təşəbbüs qrupu qeydiyyat üçün sənədləri MSK-ya təqdim edib. Ayın 23-də isə Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupu üzvlərinin təqdim etdikləri sənədlərdə 100 ədəd səhv aşkar edildiyini bildirərək qeydiyyatdan imtina edib. Beləliklə də, hələ ki, Duntsova onun namizədliyinin müdafiəsi üçün imzatoplama mərhələsinə belə buraxılmayıb.

İlk baxışdan belə sual yaranır ki, Kreml cəmi 300 minlik “telegram” kanalı olan və namizədliyini irəli sürənə qədər demək olar, heç kimin tanımadığı bir jurnalist xanımdan nədən bu qədər ehtiyat edir, hətta qorxur? Məsələ ondadır ki, Duntsovanı Putin üçün təhlükəli edən onun hansısa siyasi çəkisi, siyasi bacarıqları, nüfuzu və s. yox, daşıdığı ideya, seçicilərə təklif etdiyi sülh, əminamanlıq, inkişaf gündəliyidir. Rusiya cəmiyyəti hər nə qədər aqressiv, “çar sevən”, imperiyaçı, şovinist xüsusiyyətlərə malik olsa da, artıq müharibədən, ölümlərdən, bütün dünyada “izqoy” olmaqdan, iqtisadi imkanların daralmasından yorulub. Putin isə faktiki olaraq, müharibə, ölüm təhlükəsi, tənəzzül və təcriddən başqa rusiyalılara heç nə vəd etmir. Ona görə də Duntsovanı cazibədar edən yalnız onun təmiz reputasiyası, siyasətdə yeni sima olması, cəsarəti və digər şəxsi keyfiyyətləri deyil, Putindən fərqli olan yeni bir gələcək vəd etməsi, müharibəyə son qoymaq, Rusiyanı dünyaya açmaq və repressiyalar ab-havasını yumşaltmaq perspektividir. Məhz bunlardır Putini və onun rəhbərlik etdiyi hakim klanı qorxudan...

Məlum məsələdir ki, 2024-cü ildə Rusiyada həmişəki kimi real prezident seçkiləri olmayacaq. Müvafiq olaraq, bu prosedurda heç bir müxalifət və ya müstəqil namizəd iştirak edə bilməz və bilməyəcək. Əgər belə olmasaydı, Kreml mütləq hamını, o cümlədən Duntsovanı qeydiyyata alardı.

Buna baxmayaraq, Duntsova hələ ki, təslim olmur. O da maraqlıdır ki, ondan təkcə Kreml yox, Rusiyadakı ənənəvi müxalifət də qorxur. Belə ki, o, imzatoplama kampaniyasına buraxılmadığı üçün “Yabloko” kimi köklü partiyaya müraciət edərək, ona həmin partiya tərəfindən namizədliyinin irəli sürülməsini təklif edib. Lakin partiya lideri Qriqori Yavlinski Duntsovanı öz partiyasının namizədi kimi irəli sürməkdən imtina edib. Yavlinski birmənalı olaraq, özünün seçkiyə qatılmayacağını və “Yabloko” partiyasının namizəd irəli sürməyəcəyini elan edib. Duntsova ilə bağlı suala isə könülsüz cavab verərək, onu tanımadığını və patiyanın seçki ilə bağlı qərarının dəyişməyəcəyini deməklə kifayətlənib. Bu da “Yabloko” liderinin Vladimir Putinlə anlaşdığına dair söz-söhbətləri daha da artırıb.

Eynilə də digər müxalif siyasətçi Boris Nadejdin Duntsova ilə əməkdaşlıq təklifindən imtina edib. Bütün bunlar isə Duntsovanın əhali arasında populyarlığını daha da artırır və onun nə Kremlin layihəsi, nə də “cib müxalifəti” olmadığını bir daha təsiqləyir...

Hazırda Duntsovanı hansı perspektiv gözlədiyi ilə bağlı mülahizələr haçalanır. Təəssüf ki, onların çoxu pessimist çalarlar üzərində qurulub və buraya onun “sındırılmasından”, ələ alınmasından, qorxudulmasından, həbsindən tutmuş fiziki məhvinə qədər bir çox ssenarilər aid edilir. Ancaq istənilən halda, tanınmış rusiyalı politoloq Abbas Qalyamovun dediyi kimi, bu xanıma təkcə indiyə qədər göstərdiyi cəsarətə görə böyük təşəkkür düşür: “Ümumiyyətlə, Duntsovaya bu cəhdinə görə çox minnətdaram. İndi bütün rusiyalılar olmasa da, heç olmasa cəmiyyətin siyasətlə maraqlanan hissəsi Putinin populyarlığının mif olduğunu dəqiq bilir. Duntsova məsələsindən sonra Rusiyada guya “Putinsiz həyatı təsəvvür edə bilməyən dərin xalq” haqqında danışmaq sadəcə, mümkünsüzdür”.

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə artıb. Belə ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

Mövzu ilə bağlı bu dəfə deputatlara, QHT rəhbərlərinə və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməmişik. Bu dəfə boşanmış xanımlar öz real hekayələrini danışıblar.

İlhamə Həsənli:
"Ayrılmağımdan heç vaxt peşman olmamışam, həmişə də deyirəm ki, yenə olsaydı, yenə də ayrılardım. Bunu da deyim ki, zaman çərçivəsində hər ailədə çətinliklər olur və onu geridə qoyana qədər kaş ki, boşanmazdım, belə olmazdı deyə bilirsən. Bu hislər keçdikdə isə boşandığına şükür edirsən.

Həmçinin boşanmaq çıxış yolu deyil və kiçik problemlər varsa, bunu həll etmək olar. Məndə isə vəziyyət başqa idi, ya ayrılmalı, ya da ki, ömür boyu xəstə olmağa razı olacaqdım. Ona görə də seçimim boşanmaq oldu".

Nigar Rzayeva:
"Artıq 2 ildir ki, boşanmışam. İnsanlardan qorxuram, utanıram və mənlə münasibət qurmaq istəyənlərlə də tanış ola bilmirəm. Özümlə isə bacarmıram, elə bilirəm ki, boşandıqdan sonra hamı mənlə pis davranacaq".

Ülviyyə Qafarova:
"Mənim evliliyim cəmi 5 ay davam edib. Ayrılmağımıza səbəb baldızım olub. Evdə mən hamı üçün özümü artıq hiss edirdim. Yoldaşım nə qədər dedi ki, sus, yola ver, amma mən bacarmadım və atam evinə gəldim. Elə bilirdim ki, yoldaşım bununla problemlərin qarşısını alacaq, ancaq heç nə dəyişmədi. Sonradan eşitdim ki, bacısı ona boşanmaq əmrini verib və beləcə, bizim əlaqələrimiz tamamilə qopdu".

İlahə Verdiyeva:
"Bu il ayrılmağımın 4 ili olacaq və peşman deyiləm. Bir oğlum var, ancaq tək ad olsun deyə, yanımda həyat yoldaşının olmasına görə yaşaya bilməzdim. Əlbəttə ki, heç kim boşanmaq istəməz, amma bəzən alınmır və çarə ancaq boşanmaqda qalır".
Günel Qafarova:
"Bir il ərzində ailəli olduq. Uşağımız olmadığı üçün qaynanam, qaynatamla birlikdə bizi boşatdırdılar. İndi isə hamı problemin məndə olduğunu düşünür, bəzən də uşağın olsaydı, boşanmazdın deyirlər".

Sevinc Tanrıverdiyeva: "Evlilikdə hörmətsizliyi, döyülməyə, söyülməyə, ailəyə baxmamağa göz yummaq olmaz. 4 ildir ki, boşanmışam, heç bircə dəfə belə peşman olmamışam. Şükür balamı da, qışqırıqsız, döyülüb söyülməkdən uzaq bir ailədə böyüdürəm".

Gültac İsayeva:
"Mən sevərək ailə qurmuşdum. 1 il rəsmi nikahlı qalsaq da, 5 ayın gəlini oldum. Bacısı ailəmi dağıtdı. Onlar gəlin yox, kölə istəyirdilər. Buna dözmədim və indi peşman deyiləm".

Nərmin Qasımzadə:
"Mənim sevdiyim var idi və həyat yoldaşıma xəyanət etməmək üçün boşandım. Əvvəllər də elə onu sevirdim, amma çox problemlər yaşamışdıq. Ayrıldıqdan sonra sevdiyimlə evləndim, indi isə uşaq gözləyirik və onunla xoşbəxtəm".

Günel Əlizadə:
"Sevdiyimlə 5 il sevgili qaldıq və evləndik. Sadəcə, evlilikdən sonra hər şey dəyişdi. Onu hazırda insan, dost kimi çox istəyirəm, ancaq evli kimi davam edə bilməzdik. Ayrılmaq bizim üçün çətin olsa da, bunu etdik və birgə qərar verdik. İndi isə oğlumuz vasitəsilə görüşür, danışırıq. Heç birimiz isə evlənməmişik. Hələ də çoxlarına təəccüblü gəlir ki, biz necə ayrıldıq. Çünki aramızda yalan, xəyanət olmamışdı. Sadəcə, evlilik və kiçik problemlər bizi yordu".

Xatirə İsmayılova:
"8 ildir ki, ayrılmışam və heç vaxt peşman olmamışam. Ondan sonra başqa biri ilə ailə qurdum və çox xoşbəxtəm. Hazırda azərbaycanlı qadınlar boşanmaqdan qorxur və dözür. İnsan xoşbəxtliyini düşünərək addım atmalıdır".

Son olaraq məsələyə münasibət bildirən psixoloq Rəna Mahmudova boşanmaq ərəfəsində olan xanımlara məsləhətlər verdi:

"Boşanarkən həmişə tərəzinin bir gözünə qazancınızı, o birinə isə itkinizi qoyun və müəyyənləşdirin ki, boşanma sonrası nə qazanıb, nə itirəcəksiniz. O cümlədən - maddi, mənəvi, seksual, qalacaq yer ehtiyaclarını və s. düşünün. Seksual tələbat çətin deyil, onu tapmaq asandır, amma əksinə, bunda da yanılmaq mümkündür. Məsələn, avara, narkoman, kriminal biri ilə də rastlaşa bilərsən. Bəs yerdə qalan tələbatlar? Əsas olan o birilərdir. Onları həll edə bilməyəcəksinizsə boşanmağa tələsməyin".

Qlobal.net bildirir ki, psixoloq əlavə etdi ki, boşandıqdan sonra mütləq qadınlar özlərini dolandıraraq, kiməsə möhtac olmamalıdırlar:

"Bundan başqa əgər ər evində daim əsəbiniz korlanırsa, ətrafınızdakı məsləhətçilərinizi dəyişə bilərsiniz. Bəlkə də ananız, bacınız, xalaqızınız onu sizin gözünüzdən salır, bəlkə də başqaları sizə ərinizi, baş verənləri fərqli təqdim edəcək. Hadisələrə başqa cür yanaşanda, baxanda bəzən problem daha asan həll olunur, əsəbilik itir.

Yox əgər heç biri mümkün deyil, heç bir tələbatınız təmin olunmursa, əksinə o sizin hesabınıza öz tələbatlarını ödəyir və ya ümumiyyətlə siz ancaq itirirsinizsə, bu ailə həyatından arxaya baxmadan getmək lazımdır. Çünki ailə qazanc (maddi, mənəvi, seksual və s.) əldə etmək üçündür. Yox əgər bu ailəlikdən siz heç nə qazanmırsınızsa, ondansa subay olmaq ondan yaxşıdır. Çünki bu zaman heç olmasa, əl-ayağına dolaşıb, yaşamağına mane olan şəxs olmur".

Qeyd edək ki, yazıda hekayələrini danışan xanımların adları şərtidir.
Həmçinin bu mövzu ilə bağlı növbəti yazımızda kişilər öz boşanma hekayələrini, səbəbləri danışacaqlar.
Teref. Xocanın bloqu
 
 
 
Ardını oxu...
Bakıda özündən xeyli kiçik oğlanla sevgi münasibəti yaşamış evli qadın şantajla üzləşib.

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Atlas” klinikasında çalışan Zenfira Əhmədova (ad və soyad şərtidir) təsadüfən tanış olduğu şəxsin törətdiyi cinayətin qurbanına çevrilib.

Anar adlı şəxslə işlə bağlı danışan və daha sonra şəxsi münasibətləri inkişaf etdirən qadın hədə-qorxu ilə qarşılaşıb. Bundan sonra Z.Əhmədova Anarın əməlləri barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci şöbəsinə şikayət edib.

Faktın təsdiqini tapması ilə 1999-cu il təvəllüdlü Anar Məmmədov barəsində cinayət işi başlanılıb və dekabrın 20-də Sabunçu rayon Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmədə zərərçəkmiş qadın başına gələnlər barədə danışıb:

“2022-ci ilin yayından “28 May”da yerləşən “Atlas” adlanan klinikada ayı 300 manata operator menecer kimi işləməyə başlamışam. İşlərimdən biri də klinikanın verdiyi mobil telefonla bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vermək, geriyə zəng vuran şəxslərə xidmətlər barədə ətraflı izah etməkdən ibarət idi. 2022-ci ilin dekabr ayında sonradan adını bildiyim Anar adlı şəxsin də nömrəsinə xidmətlər barədə mesaj göndərdim. Anar xidmətlər barədə məlumat almaq adı ilə geri yığdı. Telefonda xidmətlər barədə məlumat verdim və vəzifəmə uyğun olaraq müştəri kimi Anarla mehriban danışdım”.

Bundan sonra Anar yalandan xəstəliyi barədə qadına danışıb və onun mobil nömrəsi ilə daimi əlaqə saxlamağa başlayıb. Onlar paytaxt ərazisində bir neçə dəfə görüşüblər və cinsi əlaqədə olublar. Lakin daha sonra Anar təsadüfən tanış olduğu qadını şantaj etməyə başlayıb: “2023-cü ilin martında Anar dedi ki, onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki evə gəlim, anası ilə birgə məni gözləyir. Anara yazığım gəldiyindən, həmçinin məndən 25 yaş balaca olduğundan razılaşdım. Meyvə və şirniyyat alaraq Anarın evinə getdim. Anar evdə tək idi, yataqda uzanmışdı. Anasının bir azdan gələcəyini dedi, xəstə bildiyim Anara meyvə soyub yedizdirdim, çay dəmləyərək perojnaları doğrayıb masaya yığdım, 1 saata yaxın Anarın yanında oturdum. O da mənə qayğıkeşliklə yanaşırdı, işimlə maraqlanırdı. Həmin vaxt meyvə və şirniyyat qablarını yuyub evdən çıxmaq üçün sağollaşdım. Sağollaşarkən Anar mənimlə selfi çəkdirməyi xahiş etdi, mən də etiraz etmədim. Anar əlini boynuma keçirərək öz telefonu ilə selfi çəkdi”.

Z.Əhmədova deyib ki, Anarın evində olarkən Anar icazəsiz olaraq onun övladlarının və ərinin nömrələrini götürüb və daha sonra onu hədələməyə başlayıb, görüntülərini ərinə göndərəcəyini deyib:

“Anarın bu kimi hərəkətindən şoka düşüb həyəcanlandım, bundan sonra onun tələbləri ilə razılaşmağa başladım. Ailəmin dağılmasından və övladlarımın üzünə necə baxacağımdan utanaraq 2023-cü ilin may ayında Anarın evinə getdim. Anara yalvarmaqla Anarda insanlıq hissi oyada biləcəyimi düşünürdüm. Onun qarşısında diz çöküb ağladım, izah etdim ki, ərim bilsə məni doğrayacaq. Anar bildirdi ki, məndən ötrü ölür, cinsi əlaqədə olmaq istəyir və təklif etdi ki, cinsi əlaqədə olsaq, əl çəkəcək. Mən də məcbur razı oldum”.

Bundan sonra ağır depressiyaya düşən qadın Anarın şantajlarına boyun əyib. O, həmçinin “Atlas” klinikasından işdən çıxıb və başına gələnlər barədə yaşlı anasına danışıb.

Z.Əhmədovanın anası da Anarla danışsa da, o hədə-qorxu ilə pul tələb etməkdə davam edib və hissə-hissə olmaqla 800 manata yaxın pul alıb. Z.Əhmədova Anardan qurtulması üçün telefonundakı vatsap proqramını silsə də, Anar onun övladlarına “Salam Zemfira xanım, zəhmət olmasa klinikanızdakı xidmətlər haqqında məlumatlar verin”, kimi, mesajlar yazaraq qadını qorxu içində saxlayıb.

Nəhayət Z.Əhmədova polisə şikayət edəndən sonra, Anar həbs edilərək məsuliyyətə cəlb edilib.

Sabunçu rayon Məhkəməsinin 20 dekabr tarixli hökmü ilə Anar Məlikov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (publika.az)

Dünyapress TV

Xəbər lenti