Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi və birliyin Özbəkistandakı səfiri Toivo Klaar “Qarabağ ermənilərinin qayıdışı”ndan danışarkən, ölkəmizin əleyhinə təxribatçı fikirlərə yer verib. Klaar ermənilərin qayıdışını “xüsusi hal” kimi dəyərləndirsə də, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıdışının bununla əlaqələndirilməsinin əleyhinə çıxıb. Avropalı diplomatın bu qərəzli şərhini necə qiymtələndirmək olar?

- Əslində, həmin şəxs artıq hansısa məsələlərə təsiretmə mexanizminə malik deyil, fəaliyyəti keçmişdə qalıb. Bundan sonra hansısa məsələlərə yanaşmada şərhçi kimi çıxış edə bilər. Amma dediyi sözlərin məntiqi yoxdur. Azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi ilə ermənilərin Azərbaycanı könüllü tərk etmələrini ayrıd edə bilməməsi, ən azı, məntiqinin zəif olmasından irəli gəlir.

Azərbaycan Ermənistandan fərqli olaraq, etnik erməni vətəndaşlarının qayıdışının önünü kəsmir, sadəcə, bütün ölkələrdə olduğu kimi, bəlli şərtlər var: Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımızla yaşamaq. Azərbaycan ilk gündən bunu bəyan edir, bu şərtləri qəbul edənlərin geri dönə biləcəyini, onlar üçün heç bir problemin olmayacağını bildirir. Hətta bununla bağlı portal da yaradıldı. Ötən il ermənilər könüllü şəkildə Qarabağ və ətraf rayonları tərk edəndə Azərbaycan rəsmi şəkildə müraciət elədi ki, qalıb yaşaya bilərlər, onların təhlükəsizliyinə Azərbaycan dövləti zəmanət verir.

İndi qarşı tərəfə baxaq: Ermənistan indiyədək bir cümlə ilə belə deyibmi ki, 1987-1991-ci illərdə zorla öz yurdlarından qovulmuş azərbaycanlılar Ermənistana qayıda bilərlər. Hətta onlar da deyə bilərlər ki, Ermənistan vətəndaşlığını qəbul edib qayıtsınlar. Hətta bu cümləni belə işlətmirlər. Necə olur ki, Azərbaycan beynəlxalq hüquqla davranaraq bəyanatlar verir, amma bəzi avropalı diplomatlar və rəsmilər bunu da, Ermənistanın beynəlxalq hüquqa uyğun olmayan davranışlarını da görməzdən gəlirlər?! İndi bunun “özəl məsələ” kimi qiymətləndirilməsi məntiqsizlikdir.

İnsan taleyi, insan haqları zamana bağlı məsələ deyil. Almaniya İkinci Dünya Müharibəsindən hələ də soyqırımı, təqib, təzyiq, zərər və deportasiyaya məruz qalmış yəhudilərə kompensasiya ödəyir. Görün üzərindən neçə il keçib? Demək, bu, zamana bağlı məsələ deyil. İndi azərbaycanlıların 1988-ci ildə zorla qovulması ilə bağlı beynəlxalq hüquqda hansı ayrıcalıq ola bilər? Buna görə də, həmin şəxsin məsələ ilə əlaqədar yanaşması nəinki kökündən yanlış və qərəzlidir, həm də beynəlxalq hüquqa ziddir.

- Ümumiyyətlə, axır vaxtlarda bəzi qərbli diplomatlar və parlamentarilər yenidən “ermənilərin Qarabağa qayıdışı məsələsi”ni gündəmdə saxlamağa çalışırlar. Ermənistan mediası da bu zərərli tezis əsasında silsilə materiallar dərc etməyə başlayıb. Niyə Qərbdə bəzi siyasi dairələr yenidən bu anti-Azərbaycan tezisi və ya separatçı gündəmə qayıtdılar?

- Burada bir məsələni ayırmaq lazımdır, dövlətlər səviyyəsində Azərbaycana qarşı belə bir tələblə çıxış edən yoxdur, əlbəttə, Fransanın bəzi rəsmilərinin sərsəm açıqlamalarından başqa. Hansısa şəxslər, məsələn, amerikalı konrqesmen və senatorlar, yaxud Avropa Parlamentinin deputatlarına gəlincə, onlar özlərini təmsil edirlər, dövlətlərini yox. Onlar öz fikirlərini səsləndirə bilərlər. Amma Azərbaycanın ABŞ və Fransa istisna olmaqla, Avropa Birliyi üzvləri ilə dövlətlərarası münasibətlərində bu məsələ gündəmə gəlməyib.

Digər yandan, bəzi məsələlərdə Qərb diplomatlarının açıqlamaları Azərbaycana sərf edir. Məsələn, son zamanlarda ABŞ-dən Zəngəzur yolunun açılması ilə bağlı verilən açıqlamalar Azərbaycanın xeyrinədir. Bu, Ermənistan tərəfindən qıcıqla qarşılanır və medialarında həmin şəxslərin ünvanlarına təhqiramiz ifadələr səsləndirməkdən belə çəkinmirlər. Niyə ermənilər onlara belə aqressiv münasibət göstərirlər? Çünki bunlar rəsmi şəxslərin açıqlamalarıdır, dövlət və hökumətin mövqeyini ifadə edir. Azərbaycana qarşı açıqlamalar isə hansısa siaysətçi, parlamentari və ya şəxsin yanaşmasıdır, yəni dövlətlərin rəsmi mövqelərini ifadə eləmir. Bunlar fərqli məsələlərdir.

Ermənistanı narahat edən budur ki, onlar məsələləri dövlətlərarası münasibətlərə gətirə bilmirlər, amma Azərbaycan Zəngəzur dəhlizi məsələsini ABŞ rəsmiləri vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim etməyə nail olub.

- Bəs ABŞ niyə israrla Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir, nə baş verir ki, Vaşinqtonda bu mövzunun üstündə durmaq zərurəti yaranıb? Amerikadan son olaraq dövlət katibinin köməkçisi Ceyms Obrayen bir neçə gün əvvəl bu haqda danışıb.

- ABŞ Şərq-Qərb dəhlizinin Rusiyadan yan keçən qollarının olmasında maraqlıdır. İndi nə qədər müharibə və sanksiyalar olsa da, hələ də Çin və ətrafından dəmir yolları ilə Avropaya daşımaların 80-90 faizi Rusiya üzərindən həyata keçirilir. Burada texniki və siyasi problemlər yaşanır.

Siyasi problem odur ki, sanksiyalar qoyulub, Rusiyanı sıxmaq istəyirlər, amma yenə də bu ölkənin üzərindən alış-veriş edirlər. Bu da daxili ictimaiyyətdə ciddi narazılıq yaradır, izah edə bilmirlər.

Texniki məsələ odur ki, Rusiya üzərindən daşınan yüklərin sığortalanmasını Avropa və dünya şirkətləri sanksiyalara görə üzərlərinə götürmək istəmirlər. Buna görə də, ABŞ Rusiya və Belarusdan yan keçən dəhlizlərin açılmasında maraqlıdır. Burada da, demək olar ki, hazır və işə düşməsi mümkün olan yollardan biri Azərbaycanın mərkəzində olduğu Orta dəhliz layihəsidir. Bu xətlə Azərbaycan, Zəngəzur və Türkiyə üzərindən Avropaya rahat yük daşımaq mümkündür.

Bir məsələ var ki, Rusiya Zəngəzurdan keçəcək yolları öz nəzarətində saxlamaq istəyir, əsas düyün budur. Heç Azərbaycanla Ermənistan arasında bununla bağlı ciddi fikir ayrılığı yoxdur. ABŞ-nin mövqeyi budur ki, yollar hansı ölkənin ərazisindən keçirsə, o ölkənin suveren qanunları əsasında fəaliyyət göstərməlidir. Rusiya isə israr edir ki, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarına o nəzarət eləsin.

ABŞ də çalışır ki, Ermənistanın bu məslədə Rusiya qarşısında üstünlüyü olsun. Yəni yol Rusiyanın əlində olmasın. Məsələdə düyün nöqtəsi Azərbaycanla Ermənistan arasındakı anlaşılmazlıqda deyil. Ermənistan dəfələrlə bəyan edib ki, kommunikasiyaların açılmasında problem görmür, Azərbaycan da haqlı olaraq bunu tələb edir.

Əsas məsələ yola nəzarət və ya dəhlizin Ermənistandan keçən hissəsinin təhlükəsizliyi ilə bağlıdır. Buna kim zəmanət verəcək və hansı qaydalarla fəaliyyət göstərəcək? ABŞ-nin israrı ondan ibarətdir ki, Azərbaycandan keçən yollara Azərbaycan, Ermənistandan keçən yollara da Ermənistan nəzarət eləsin. Bunlar həm də, Ermənistanla Rusiya arasındakı dərin problemləri bir az da dərinləşdirərək, İrəvanı Moskvadan daha çox qoparmaq cəhdləridir.


Ardını oxu...
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
–Qüdrət bəy, Qərbin bəslədiyi "uşaqlar” və bəzi 70 yaşında xərifləmiş debillər Azərbaycanda öz türk kimliyi ilə fəxr edənlərin 1937-ci ildə olduğu kimi repressiyalara məruz qalacaqlarını söyləyirlər. Bu kimi açıqlamalara münasibətinizi bilmək istərdik.
 
-İqtidarı tənqid etmək olar və mümkündür, hətta bəzən vacibdir. Biz də zəruri hesab edəndə bunu edirik, hər kəs bunu edə bilər və çoxları da edir. Amma riyakarlığın miqyasına baxın ki, dünənə qədər Ərdoğanı korrupsiyada, insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqda, avtoritarizdə ittiham edənlər, belələrini tapıb efirə çıxaranlar indi Türkiyəni öyən, amma yumşaq bir qardaş tənqidinin də yer aldığı məqaləyə görə Ərdoğanın "müdafiəçisinə" çevriliblər. Düşünürlər ki, əllərinə bəhanə keçib, iqtidara xalqın dəstəyini azaltmaq üçün Trükiyə-Azərbaycan münasibətlərini korlamaq da olar. Amma yanılırlar. Onları dinləyəndə adamın ürəyi bulanır. İlham Əliyev dəfələrlə bəyan edib ki, biz böyük türk ailəsinin üzvüyük. Türk Dövlətləri Təşkilatının yaranmasında və güclənməsində Azərbaycanın xüsusi rolu olub. "Şuşa Bəyannaməsi”ni də Ərdoğanla İlham Əliyev imzalayıb. İlham Əliyev hər zaman Türkiyənin Vətən müharibəsində verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib. Bunu görməmək üçün olduqca qərəzli olmaq lazımdır. Rus dilinin Azərbaycanda tədrisinə qarşı çıxan debillər, çünki onların qənaətinə görə, Afrikada heç kim bu dili bilmir, anlamırlar ki, rus dili bizə Afrikada ünsiyyət qurmaq üçün lazım deyil, hazırda türk xalqları və keçmiş sovet respublikaları arasında ünsiyyət vasitəsidir və Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır. Zamanında İlham Əliyevin sərəncamı ilə yüksək vəzifələr tutub bundan məmnun olanlar, atalarının bu iqtidar haqqında dediklərini unudanlar, xarici kəşfiyyat ələ alana qədər iqtidarın fəaliyyətini xarici telekanallarda vəsf, mədh edənlər bu gün ağız-ağıza verib, utanmadan nə gəldi danışırlar. Başa düşmürlər ki, fəaliyyətləri ilə yalnız süfrə üzərində uçan milçək effekti yarada bilərlər. Yazıqlar olsun!
 
-Hamı Ermənistanla sülh sazişi imzalamağa yaxın olduğumuzu söyləyir. Siz necə düşünürsünüz?
 
-Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır. Görünən odur ki, Ermənistan Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə təzyiqləri artırmalıdır. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq.
 

Ardını oxu...
Hazırda məcburi köçkün həyatı yaşayan şair, pedaqoq Mirmehdi Rəsulun Yenisabah.az-a müsahibəsi...

- Mirmehdi bəy, qızınız Fidan İbişova qəbul imtahanında yüksək nəticə - 657 bal topladı. Bu münasibətlə sizi təbrik edirik. Mətbuatdan oxuduq ki, Fidan Qarabağ Universitetini seçib. Bu qərar onun özünə aiddir, yoxsa tələbənin uzaq yolunu yaxın etmək istədiniz?

- Əslində sizə bəllidir. Ona görə ki, siz bilirsiniz biz 1993-cü ildən qaçqın düşmüşük, məcburi köçün həyatı sürmüşük. Qarabağ bizim hamımız üçün doğmadır. Mən övladımın topladığı bala nisbətdə onun hansı qərar verməsindən asılı olmayaraq, qərarının arxasındaydım. O, ölkənin istənilən ali məktəbini seçə bilər və o balla qəbul ola bilərdi. Sadəcə olaraq, övladımın özünün istəyi və qərarı oldu ki, işğaldan azad edilmiş Qarabağın incisi olan Xankəndində yaradılmış, inanıram ki, ölkənin ən inkişaf etmiş və perspektivli ali təhsil ocağı olacaq, Qarabağ Universitetində təhsil alsın. Mən də onun qərarını dəstəklədim. turbo az mercedes

- Qarabağ Universiteti bu il ilk dəfə tələbə qəbulu elan edir. Universitetdəki təhsilin səviyyəsi ilə bağlı hər hansı bir praktika mövcud deyil. Fidanın orta məktəbdəki uğurlarının orada da davam edəcəyinə inanırsınızmı? Sizcə, Qarabağ Universiteti 4 il sonra Azərbaycan cəmiyyətinə savadlı, peşəkar və bacarıqlı kadrlar təqdim edə biləcəkmi?

- Müasir dövrdə hamımız artıq bilirik ki, informasiya əlçatandır və sosial şəbəkələrdən, internet resurslarından və televiziya kanallarından informasiya almaq mümkündür. Aldığımız informasiya və gördüyümüz kadr seçimi, bu gün Qarabağ Universitetinin özünün rəhbərliyi və prezidentimiz, cənab Ali Baş Komandanımızın da nəzarəti altında ora seçilən kadrların məlumatlarına baxanda, deməyə əsas verir ki, gələcəkdə çox yüksək nəticələr əldə ediləcək. Mən belə düşünürəm ki, oradakı təhsil Azərbaycan təhsilində yenilik, innovativlik gətirəcək. Qarabağ Universiteti dünya reytinq cədvəlində ilk pillələrdə olan universitetlərdən biri olacaq.

- Nədən bu qənaətə gəldiniz? Universitet rəhbərliyi ilə görüşünüz olub? Ümumiyyətlə, oradakı kitabxana və tədris bazası ilə bağlı hər hansı əlavə məlumatlarınız varmı?

- Mənim şəxsi heç bir görüşüm olmayıb, heç bir münasibətim yoxdur. Sadəcə yenə də deyirəm, biz uzun illərdir bacarıla bilməyən şeyləri bacardıq. Biz bütün dünyaya göstərəcəyik ki, Qarabağ zamanın bütün dövrlərində hər zaman döyüş bölgəsi olmayacaq, həm də elm və inkişaf bölgəsi olacaq. Buradan həm Azərbaycan, həm region, həm də bütün dünya üçün bacarıqlı və istedadlı kadrlar yetişəcək. Biz Qarabağda elmi, təhsili inkişaf etdirə biləcəyik. Bu mənim fərdi intuisiyamdır, istəyimdir və mən buna inanıram. Təhsil Nazirliyinin paylaşımlarında, xəbər resurslarında gördük ki, orada yüksək elmi-texniki baza yaradılıb. Tələbələr pedaqoji heyət üçün lazım olan bütün resurslar var. İnanıram ki, biz bunu bacaracağıq və orada böyük bir elm ocağı yaradacağıq.

- Siz özünüz Xankəndində olmusunuzmu? Müharibədən yeni çıxmış bu şəhər tələbələrin yetişməsi üçün uğurlu məkan sayıla bilərmi?

- Mən Xankəndidə, Şuşada, Laçında, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə olmuşam. Bu ərazilərdə 2020-2023-cü il arası dönəmlə, 2024-cü il arasındakı fərq çoxdur.

- Hazırda Xankəndidə müharibənin izləri qalırmı?

- Bəli, Xankəndidə müharibənin izləri var.

- Sizcə, bu 17-18 yaşlı tələbələr üçün bir diskomfort yaratmayacaq ki?

- Mən əksinə fikirləşirəm. Bu 17-18 yaşlı uşaqlar üçün daha stimulverici ab-hava yaradacaq. Orada müharibənin mənfi çalarları var, amma o mənfi çalarların özündə müsbət şey görürəm ki, erməni vandallığını, qəsbkarlığını öz gözləri ilə görəcəklər. Həmin uşaqlar, gənclər orada gülüstanın yaranmasında, oranın gözəlləşməsində iştirak edəcəklər. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu o torpaqları yoxdan var elədi.

- Siz Qarabağ bölgəsinin tanınmış ziyalısı, qələm adamı olduğunuz üçün bu sualı vermək istəyirik. Qarabağa getmək istəyənlər çoxdur, amma çoxu turist kimi getmək istəyir. Necə düşünürsünüz, Xankəndinə gedənlər uzun müddət orada qalacaqlarmı?

- Mən 2023-cü ilin sentyabr ayının əvvəllərində öz sosial şəbəkə hesabımda, bizim 24 saatlıq anti-terror əməliyyatı olmamışdan öncə, Azərbaycan Respublikasının Təhsil Nazirinə müraciət etmişdim. Müraciətim Xankəndidə pedaqoji fəaliyyət göstərmək və orada daimi məskunlaşmaqla bağlı idi. Bu gün də o fikirdəyəm. Mənim həyat yoldaşım sinif müəllimidir. Hər ikimizin sertifikasiya imtahanındakı diaqnostik nəticəsi yüksəkdir. Mən və ailəm bizə “Qayıdış” qəsəbəsində yaradılmış şəraitlə bağlı çox “sağ ol” deyirəm və gedib Xankəndidə orta məktəbdə müəllim kimi işləməyə hazıram.

- Bu istəyinizlə bağlı hansısa quruma rəsmi formada müraciət etmisinizmi?

- Bəli. Elm və Təhsil Nazirliyinə, eyni zamanda Qarabağ Regional Təhsil İdarəsinə bu haqda məlumat vermişəm. Xankəndinə köç başlanan zaman mənim orada işlə təmin olunmağım barədə məlumat veriblər.

-Bu qərara gəlməyinizdə, Fidanın Qarabağ Universitetini seçməsi nə dərəcə rol oynadı? Sizə, Qarabağın başqa bir bölgəsində iş təklif edilsə, qəbul edərsinizmi?

- Mən bu qərara gələndə Fidan 11-ci sinfə təzə başlamışdı. Onda Qarabağ Universiteti barədə heç bir təəssüratımız yox idi. Bu gün mənim övladım oranı istəyir və sırf özünün seçimidir. Mənim Xankəndidə işləmək istəyimin qızımın orada təhsil alması ilə heç bir əlaqəsi yoxdur. Qarabağın digər bölgələrində də işləməyə hazıram. Əsas odur bilim ki, mənim də o torpaqların inkişafına zərrə qədər köməyim dəydi.

- Necə düşünürsünüz, Qarabağ Universitetini seçən fidanlar çoxmu olacaq? Söhbət yüksək bal toplayıb, həmin universiteti seçmək istəyən abituriyentlərdən gedir...

- Bu gün mətbuatda, sosial şəbəkələrdə və universitetin özünün rəsmi saytında dərc olunan məlumatda seçim öncəsi abituriyentlərin sayına baxanda bilmək olur ki, bəli, çox olacaq. Burada heç də bəzilərinin fikirləşdiyi kimi, aşağı balla, əyalət təfəkkürü ilə az bal toplayanlar yox, yüksək bal toplamış abituriyentlər müraciət edəcək. Mən deyərdim ki, Qarabağ Universiteti Azərbaycanın “Oksford”u olacaq.

- Hazırda abituriyentlər üçün həlledici mərhələ yaxınlaşır. "Qarabağ Universitetini seçim yoxsa seçməyim" sualı qarşısında qalan yüzlərlə abituriyent var. Bir valideyn və pedaqoq kimi, ixtisas seçimi ərəfəsində olan abituriyentlərə və valideynlərə nə tövsiyə edirsiniz?

- Mən istər pedaqoq, istərsə də valideyn kimi də çıxış edə bilərəm. Hamımız bilirik ki, biz bir millət kimi, övladımıza bağlıyıq. Yəni övlad daha şirindir. Mən öz övladıma oranı rəva bilirəmsə, mənim övladım oranı seçirsə, demək ki, mən oranı daha perspektivli və daha yaxşı bilirəm. Ona görə də, bütün valideynlərə daha dəqiq düşünməyi və daha yaxşı olanı seçməyi arzulayıram. Xalqımız bilir ki, Qarabağ Universitetinin gələcəyi yaxşı olacaq. Bütün övladlara uğurlar arzulayıram!

- Son olaraq, deyə bilərsinzimi, valideyn övladın seçiminə müdaxilə etməlidirmi?

- Bu bir az mürəkkəb sualdır. Əslində valideyn övladının seçiminə müəyyən qədər müdaxilə etməlidir. Övladlarımız təcrübə baxımından hələ gəncdir. Valideynlər həyatda nəyin nə olduğunu daha yaxşı bilir. Düzdü, gənclər inkişafı, tərəqqini daha tez mənimsəyirlər. Amma deyərdim ki, valideyn övladın seçiminə müdaxilə yox, istiqamət verməlidir.

Ardını oxu...
 

İLK YAYIM SAATI: 02.08.2024 - 19:28

İllərdir sənətdə olmasına baxmayaraq, tamaşaçı onu son bir ildə tanıdı. Ulduzu birdən-birə parlayan müğənni az zaman içində səmimiyyəti, qeyri-adi açıqlamaları ilə tanındı və rəğbət qazandı.

Musavat.com xəbər verir ki, Lent.az-ın müsahibi şou-biznesin dəli qızı Ofeliya Şabanovadır. 

Niyə dəli qız deyirik? Oxusanız, anlayacaqsınız.

-  Ofeliya xanım,  şou-biznesin içinə birdən-birə bomba kimi düşdünüz. İndiyə qədər harada idiniz?

-  Əslində 12 yaşımdan toylara gedirdim. 23 ildir sənətdəyəm. 12 yaşımdan oxumağa başlamağımın, ana-ata qulluğunda durmağımın  səbəbi var idi. Kasıb bir ailədə dünyaya göz açdım. Balakənin Bedağar kəndində doğulmuşdum. 4 uşaq idik. Anamız xərçəngə tutuldu, 47 yaşında dünyasını dəyişdi. 13 yaşımdan bacı-qardaşlarıma analıq elədim. Uşaq anadan yetim qalır atadan yox. Anamız rəhmətə gedəndən sonra çox çətin oldu.  Atam gəncliyində pəhləvan olub, kəndir üstündə gəzirdi. Kənd yerində iş yox, dolanışıq çətin. Mən də Allahın verdiyi bu nemətdən, səsimdən istifadə eləməyə başladım. Bəzi ifaçılar deyirlər ki, səhnəyə əziyyətlə gəlmişəm. Amma heç kim mənim qədər əziyyət çəkə bilməz.

 - Nə olub çətinliyiniz?

 - Müğənnilərin 90 faizi sponsorla gəlib, onların hesabına ortalıqda bərq vururlar. Mən tək başına oldum. Bir ərim, bir də şairə Sahilə Pənahın sayəsində səhnədəyəm. Sahilə Pənah indi məndən inciyib, amma nə eləsə haqqı var. 16 yaşımda ərimlə tanış olub evləndim, həyatımın yükünü çiynimdən aldı, məni quyudan çıxartdı. İndi çox xoşbəxtəm, 2 oğlum var. Ceyhun 14, Yusif 8 yaşındadır.

- Oğlunuza ərinizin adını qoymusunuz?

- Bəli. Həyat yoldaşım mənim üçün yerdəki Allahdır, Allahdan sonra həyat yoldaşım. Allahdan sonra ona baş əyirəm. Ona görə hər kəsi silib ata, hamının üstündən xətt çəkə bilərəm. Ətrafımızda olan hər kəs bilir, mən ərimə mama, ana deyirəm. Birdən yadımdan çıxır, adam arasında da deyirəm, deyir camaat eşidir nə edirsən?

- Ərinizə niyə ana deyirsiniz ki?

- Çünki anamı çox istəmişəm. O da mənə evlənəndən sonra ana qayğısını hiss etdirib, hər şeyim olub. Yoldaşım kömək etdi, Bülbül adına orta ixtisas məktəbini bitirdim, amma sonra Pedaqoji Universitetə daxil oldum. İlk ustadım da həyat yoldaşım olub. Oxumasa da musiqini məndən yaxşı bilir. 

- Oxuma desə, sənəti atacaqdınız?

- 2 il oxumağıma icazə vermədi, oxumadım. Amma elə bərk xəstələndim ki, həkimə aparmalı oldu. Depressiyaya düşmüşdüm. Dedi bu qızın səsini əlindən almısan, qoy oxusun düzələcək. Başladım yenidən oxumağa və hər şey keçdi getdi. Anamdan sonra həyatımda ən çox rol oynayan insan o olub. Bu yaxınlarda bir ağır xəstəlikdən keçdim. Düzdür, media yazdı ki, məndə xərçəng tapılıb, Allaha şükür xoş xassəli şiş oldu, bəd deyilmiş. Düşmənlərim elə bildi, öləcəm, amma ölmədim, əfsanə geri döndü. Xəstələnəndə gördüm ki, bu həyatda dost, yoldaş, bacı, qardaş hamısı özünədir. Elə bildilər öləcəm, maraqlanan olmadı, sağalandan sonra yazanlar mənə lazım deyil.

 - Kimdir ki, sizin düşmənləriniz?

- Adamın düşməni yaddan olmur, doğmalarından olur. Amma indi onların adlarını çəkib reklam eləmək istəmirəm. Canımdan, qanımdan olan adamlar idilər. Arxadan zərbə vurdular mənə. Yoldaşıma böhtan atdılar, bir nəfəsdə sildim. Nə zaman gəlib ondan üzr istəyərlər, bəlkə onda bağışlayaram. Mən bağışlamağı bacarmıram. Mən Allahdan sonra həyat yoldaşımdır deyirəm, ona görə bütün dünyanı qarşıma alaram.

- Yoldaşımın ayağını yuyuram deməklə dilə-dişə düşdünüz.

- Yoldaşımın ayağının, ayaqqabısının tozuna qurban olaram. Bu söz niyə trend oldu anlamıram. A balam, qadın yoldaşının ayağını yuyar da. Hər gün corablarını özüm geyindirib işə yola salıram. Onurğasında problem yaranmışdı. Onu əzizləyə-əzizləyə özüm yuyundururdum, kim eləməlidir ki, bəyəm? O evə gəlmədən biz evdə süfrəyə əl uzatmırıq. Süfrə açılmır. Mənim ailəm mənim dünyamdır və həyatda mənə hər şeydən əzizdir. Deyirlər bəlkə əri imkanlı kişidir, ona görə onu belə sevir. Yox, adi dövlət məmurudur. Əsəbiləşəndə üzünü görmə. Mən onun dilini bilirəm. Amma onun üstümdə haqqı var və ona belə sevgi göstərirəmsə, bu  sevgini o özü qazanıb. Ondan sevgi gözləməmişəm, qadın özü-özünü sevdirməlidir. Öz əməlləri ilə. Qadın kişinin güzgüsüdür. Qadına baxıb onun ərinin necə biri olmasını anlamaq olar.

Onun səhvi də mənim üçün düzdür. Əsəbi olanda cavab vermirəm. Hirsi soyuyandan sonra deyirəm bəlkə filan məsələni elə yox belə eləsək yaxşı olardı. O da etiraz eləməyib.

- Yoldaşınızdan ötrü bu qədər dəli-divanəsiniz. Bəs onun hansı səhvini bağışlamazsınız? Nə hadisə olsa, ondan üz döndərərsiniz?

- Xəyanət etsə, bağışlamaram. Yenə deyirəm bağışlaya bilmirəm. Mən hamının gözü önündə “ayağının tozuna qurban olum” dediyim kişi bunu mənə edərsə, ölərəm.

-  Qısqancsınız?

-  Çox qısqancam. Evə gələn kimi telefonunu qurcalayıram. 

- Danışdıqca dilinizdən Allah kəlməsi düşmür. Yoldaşınız desə ki, dini qaydalarla bir xanımla da evlənmək istəyirəm. İslamda halal sayılır da bu.

- Dünyanı dağıdaram. Kəbinimi kəsiləndə molla o sualı verdi, soruşdu ki, müsəlman adətincə siz halal edərsiniz əriniz ikinci xanım alsın? Necə qışqırdımsa, molla özü də qorxdu. Əsla razı olmaram. Onu özümə də qısqanıram. Kişinin qısqanclığı qeyrətdən, qadının qısqanclığı şeytandan gəlir. 

- O sizi qısqanır?

- Hər yerə birlikdə gedirik, amma məclislərə daxil olmur. Deyirəm “gəl, sən olanda yaxşı oxuyuram. Deyir arvadım oxusun mən də əl çalım?”

- Ofeliya, bu qədər dəlisov açıqlamalar verirsiniz, doğru deyəni 9 köydən qovarlar deyiblər. Dostunuz qalıb?

- Real insanam bəzəyim düzəyim yoxdur nə görünüşümdə nə həyatımda. Müğənnilərə deyirəm özünüzlə məni qarışdırmayın, mən siz ola bilmərəm, siz də mən. Bəzən belə dəli dolu danışdığıma görə deyirlər Elnarə Abdullayevaya bənzədirsən özünü. Əsla. Bizim heç bir oxşarlığımız yoxdur və özümü heç bir müğənnidən kiçik hesab eləmirəm. Guya bu sənət aləmində Elnarə xanımdan başqa ədəbli xanım yoxdur, ola bilməz? Heç kimin dünyasına qarışmıram. Şou-biznes deyirlər, şor biznesdir o. Bilirsiniz onlar nə qurdlardılar? Məclislərinə çağıranda da 15 dəqiqə oturub gəlirəm. Deyirlər reklam  üçün belə danışdım. Gəl əyri oturaq düz danışa, yox e, əyri niyə otururuq, elə lap düz oturub düz də danışaq. Danışıramsa dilim var, dilçəyim də var ki danışıram. Lap düz edib danışıram. Keçmişimdə üzümü qara edəcək heç nəyim yoxdur, namusum, qeyrətim yerində. Nə demişəmsə əcəb eləyib demişəm. Hərdən zarafat edirəm ki, bəzi müğənnilər sözləri ilə guya “vilkalayırlar, mən bir başa baltalayıram”. Dost insanın ailəsidir.

- Sənətin dəli qızı adını alacaqsınız bu gedişlə...

-  Hə düz dediniz. Sosial şəbəkədə adım Ofeliya Dəlisoy gedir. Reklam üçün  çalışsaydım, özümə yumruq boyda dodaq, yanaq düzəltdirərdim. Bədənimi şəkilləndirib armudu stəkana oxşadardım. Yarım metr dırnaq, kirpik düzdürərdim. Bunlar mənilik deyil. İnsanlar bu qara-qura, çəlimsiz qızı sevdilər. Süni gözəllik sünidir də. Mən nəyim var onu deyirəm, yalan danışmıram. İntellektual insanlar süni şeyləri sevmir. 

Mən bəzi müğənnilərin kütləsinə, dinləyicisinə hörmətsizlik etməkdən qorxuram, özlərindən yox. Şou biznesdəki bir çox müğənnilər mənim gözümdə dovşan kimi bir şeydir.

- Vasif Məhərrəmli bir dəfə dedi ki,  indi müğənni xanımların hamısı ərim - ərim sözünü işlədir  ərləri olması ilə öyünürlər.

- Bunu da məndən götürdülər. Gördülər mən ailəmlə  öyünürəm, bunu bizim insanlarımız sevdilər, onlar da başladılar “ərim” deməyə. Amma onlar hansı ərləri ilə öyünürlər?  Başqalarından borc aldıqları kişilərlə?

Görürəm, çoxları toylara yarıçılpaq gedir. Bəzi toy sahiblərini də anlamıram ha. Toya gətirir çılpaq müğənnini, əlinə verir mikrofonu,  deyir uşağıma xeyri-dua ver. Onun  özü nədir, sənin gəlininə oğluna verdiyi xeyir-dua nə olsun? Heç verəsi də deyil. Çünki xoşbəxt deyil özü. Kişilər o müğənniləri toylarına öz kefləri üçün gətizdirirlər. Toydan sonra gedirlər başqa yerlərə. Bilirik də. Müğənni var sənətkardır, müğənni də var kabinet müğənnisidir.

- Müğənni Qumral efirdə dedi ki, mən kabinetlərdə oxuyuram və orada yaxşı pullar verirlər. Bir çox sayılıb, seçilən sənətkarlar da olur elə məclislərdə.

- Düz deyir də. Nəyi var, onu deyir. Kabinet müğənniləri N qədərdir. Nə yaxşı cəsarətli qızdır. Düzünü deyib.

 - Toyda çətin vəziyyətlərdən necə çıxmısız?

-  Hamıya şəxsiyyətinə görə qiymət verirlər də. Mənə hörmətsiz yanaşan olmayıb. Kişi məclislərinə getmirəm. İki dəfə prodüserimin səhvi üzündən kişi məclisinə getməli olmuşam, yarımçıq qoyub çıxmışam. Özümü narahat hiss etdim. Tək getmirəm məclislərə.

- Toylarda hamının bozbaş dediyi o mahnılardan oxuyursunuz?

- Biz günahı izləyicilərin üstünə yıxırıq, amma günah mahnını oxuyandadır. Elə mahnılara tələb yoxdur, sənəti olmayanlar ya belə şit mahnılarla, ya da vulqar görünüşləri, bədənləri ilə diqqət çəkirlər. Bəzi cızığından çıxan sözləri olan mahnılar var ki, milyon versələr oxumaram. 

- Sənətini sevdiyiniz müğənnilər kimdir?

- Mənim üçün bir nömrəli sənətkar Flora Kərimovadır. Gülyaz Məmmədovadan dərs almışam. Gülyanaq Məmmədovanın mahnıları ilə yaşayıram.

-  Elza xanım və bacısı ilə problem yaşadınız. Ümumiyyətlə, üstünüzə sənət camiəsindən hücum çox olur?

-  Gözləri götürmür yəqin. Mənim üçün önəmli deyillər. Mən gözəl deyiləm ki, gözəlliyimə paxıllıq edirlər, mənim ancaq sənətimə, səsimin tempinə paxıllıq edə bilərlər. Baxırlar ki, qara-qura bir qızdır, çəlimsiz 40 kilo. Gözəlliyi yoxdur amma, səsi sənəti özündən böyükdür. Düzünü deyir, səmimiyyətim ilə az zaman içində insanların sevgisini qazandım. Gözləri götürmür. Hər müğənnini kütlə qəbul etmir axı. Xalq artistləri də var aralarında. Deyirlər estetiki yoxdur, bədən şəkilləndirmə də eləməyib, orasına-burasına silikon doldurmayıb, amma onu sevirlər.

Azərbaycanda yeganə müğənniyəm ki, jurnalistlərlə çox açığam, istənilən suala cavabım var. Çünki gözükölgəli deyiləm.

Müsahibədən sonra Ofeliyanın “Allahım” dediyi  həyat yoldaşını da gördüm. Dedim, “siz Allahın sevgili qulu imişsiniz, sizi bu qədər sevən bir xanımınız var”. Cavab verdi ki, bu hörmət qarşılıqlı olmasa belə münasibət yaranmaz. Üzə çıxmaq, birlikdə görünmək istəmədilər deyə, fotolarını paylaşmadım. Gözə gəlməkdən çəkindi deyə.

 
 
 

Ardını oxu...
Hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü qeyd olunur. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Artıq Azərbaycan kinosunun yaranmasından 126-cı il ötür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Milli Kino Günü münasibəti ilə “Yeni Müsavat”ın əməkdaşı Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudovla söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Əbdül bəy, öncə Milli Kino Günü münasibəti ilə sizi təbrik edirik. Milli kinomuzda sizin də özünüzə məxsus yeriniz, imzanız var. Bu gün “Azərbaycan kinosu can verir”, “milli kinomuz çoxdan çöküb” kimi fikirlərlə tez-tez rastlaşırıq. Necə düşünürsünüz, milli kinomuz əvvəlki simasına nə zaman geri dönə biləcək?

- Bəli, 2 avqust bizim bayramımızdır. Bu münasibətlə Nizami Kino Mərkəzində böyük tədbirimiz olacaq (müsahibə 2 avqustda alınıb). Yəni, hazırda olmayan, amma nə vaxtsa olan kinomuzun bayramını keçirməyə çalışırıq. Gün o gün olsun ki, milli kinomuz əvvəlki simasına geri dönsün, bərpa olunsun, həmin günü də bayram kimi qeyd edək.

Bəli, bu gün milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik. Aşağı səviyyədə biz yalnız onun müzakirəsini aparıb, təkliflər verə bilərik. Yəni, kinonuzun yenidən dirilməsi üçün yüksək səviyyədə dövlət qayğısı lazımdır.

Ümumiyyətlə, biz bu məsələni 30 il uzatdıq, gecikdirdik, əlimizdə olan texnika da artıq müasir tələblərə cavab vermir. Amma nə yaxşı ki, bu gün Mədəniyyət Nazirliyində bu məsələ ilə bağlı ciddi maraqlanırlar, xüsusi qayğı var. Şəxsən mən özüm nazir Adil Kərimli ilə dəfələrlə görüşüb, kinomuz haqqında müzakirələr aparıb, təkliflərimi vermişəm. Görünəni budur ki, Adil Kərimli kinomuzun dirçəlməsinə çalışır və biz də ümid edirik ki, yaxın vaxtlarda uğurlu nəticə olacaq.

Hesab edirəm ki, teatrlar kimi kinomuza da dövlət statusu verilsin.

- 126 il ərzində xeyli filmlərimiz çəkilib. Həmin filmlər arasında hansı sizin üçün klassikadır, möhtəşəmdir?

- Bugünkü eybəcər, rüsvayçı prodakşnların fonunda bizim bütün milli kinolarımız klassikadır.

- Son vaxtlar hansısa milli kinolarımızın məsxərəyə qoyulduğunu, barəsində “heç bir mənası yoxdur” kimi fikirlər səsləndiyinin şahidi oluruq...

- Bir daha qeyd edirəm, hazırda prodakşnların çəkdiyi filmlərin heç bir peşəkarlığa, milli kinomuza dəxliliyi, aidiyyəti yoxdur. O ki qaldı köhnə filmlərimizə, qeyd etdiyim kimi, onların hər biri yeni çəkilənlərin fonunda klassikadır.

- Məlum olduğu kimi, bu ilin mart ayında iki kino ittifaqı birləşdi, sədri Xalq artisti, dəyərli aktyorumuz Rasim Balayev seçildi. Bu dövr ərzində kinematoqrafiyaçılar arasında birlik yarana bildimi, bir araya gəlindimi?

- Bəli, Allaha şükür ki, iki ittifaqı bir araya gətirib, birləşdirdik. Amma bir məsələ var, prinsipə əsasən kino ittifaqının kino istehsalatına heç bir aidiyyəti yoxdur. Yəni, Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı sadəcə kinoda ömür-gün sürən, hazırda xəstə, ehtiyacı olan kinoçulara müəyyən dəstək verir və yaxud barələrində prezidentə, nazirliyə müəyyən təqdimatlar, məktublar göndərirlər. Bir daha qeyd edirəm, qurum kimi onun Azərbaycan kino yaradıcılığına heç bir aidiyyəti, təsiri yoxdur, yalnız ictimai işlərlə məşğuldur.

O ki qaldı kinoçuları birləşməsinə, bir araya gəlməsinə, bəli, birləşdik. Xatırlayırsınızsa, mart ayında quruma sədr seçiləndə alayarımçıq, gülməli də olsa bir konfrans keçirdik. Rasim Balayev quruma sədr seçildi, Şəfiqə Məmmədova da rəsmi istefa verdi. Buna baxmayaraq, Şəfiqə Məmmədova 5 aydır ki, ittifaqa aid olan otağı, nə də maşının açarını təhvil vermir. Ümumiyyətlə, bu məsələni kinoya aid etmək, qarışdırmaq olmaz. Bu, ictimai problemdir və hesab edirəm ki, yaxın zamanlarda öz yoluna qoyacağıq.

- Bəs Şəfiqə Məmmədova ilə münasibətləriniz necə, düzəlibmi?

- Çox yaxşıdır. Biz onunla tələbə yoldaşı olmuşuq. Konfransda istefa verəndən sonra gördüm ki, tək-tənha qalıb. Ətrafında, başında birləşib, onun hesabına gündəmə gələnlərdən biri də həmin vaxt ona yaxın gəlmədi. Amma mən ona yaxınlaşdım, qucaqlayıb, öpdüm, təsəlli də verdim. O da bunu normal qarşıladı.

Ümumiyyətlə, həmin konfrans çox qəribə şəkildə keçirilmişdi və mətbuat da bilir, mən seçkidə iştirak etmədim. Konfransda nə hesabatlar verildi, nə müzakirələr aparıldı. Tələm-tələsik Şəfiqə Məmmədovaya istefa verdirib, Rasim Balayevi sədr seçdilər. Amma 5 aydır ki, təşkilat yoxdur, Rasim Balayev bir qapıda, Şəfiqə Məmmədova da digər qapıda qalıb. Yəni ortada bir anlaşılmaz vəziyyət var. Amma bir daha qeyd edirəm, əsas məsələ milli kinomuzun dirçəlməsi, kinostudiyamızdır.

- Kinostudiyadan söz düşmüşkən, bu günlərdə “Azərbaycanfilm”in rəhbərliyi gözlənilmədən istefa verdi, sonrada qurumda xeyli sayda istefalar olduğunu eşitdik. Nə məsələdir? Kinostudiyada nə baş verir? Hazırda vəziyyət necədir?

- Mən ayda 3 dəfə hazırda xarabalığa çevrilmiş o kinostudiyaya gedib baxıram, kövrəlirəm, ağlayıram, əsəbiləşirəm, sonra da geri dönürəm. Demək, vaxtilə 2 mindən çox işçisi olan kinostudiyada bu gün cəmi 40 adam qalıb. Hazırda studiyanın rəhbəri bizim öz kadrımız, Moskvada təhsil almış Azər müəllimdir. Onunla görüşdüm, mənə dedi ki, cəmi 40 işçisi var, onların da arasında 2 nəfər xanım analıq məzuniyyətindədir, digər iki nəfər də xəstədir. Kinostudiyanın işıq və su pulunu da ödəyə bilmirlər, gəlib tez-tez kəsirlər, onlar da qaranlıqda, susuz qalırlar. Yəni hazırda kinostudiyada vəziyyət bu cür acınacaqlıdır.

- Tamaşaçılar sizi daha çox “Yeddi oğul istərəm” filmindəki Qasım obrazı ilə tanıyırlar. Yəni Şeyx Əbdül Mahmudov deyəndə gözümüzün önünə ilk olaraq, Qasım obrazı gəlir. Bəs sizin üçün hansı obraz və yaxud hansı film daha doğma, yaxındır?

- Mənim üçün obrazın böyük-kiçiyi yoxdur. Mənim ruhumun rolu “Nəsimi” filmindəki Dərvişdir, amma mədəni ideologiyamın başında “Yeddi oğul filmi” dayanır, insan obrazı kimi isə məni çox kövrəldən “Şərikli çörək” flmindəki aldadılan oğlan obrazıdır. Ruhum və əqidəm isə “Şah İsmayıl Xətai”, “Ağa Məmməd Şah Qacar” filmidir ki, onların da artıq ssenarisi hazırdır və son nəfəsimə qədər çalışacağam ki, onları çəkim, ərsəyə gətirim.

- May ayında sizin 80 yaşınız tamam oldu. Amma nədənsə yubiley tədbirini görmədik. Səbəb nədir? İl ərzində 80 illik yubileyinizi qeyd etməyi düşünürsünüzmü?

- Səbəb mənim kinomuz uğrunda apardığım mübarizədir. Hər zaman haqqı tələb edirəm. Fikirlərim də çox zaman kimlərinsə xoşuna gəlmir. Doğrudur, mədəniyyət naziri Adil Kərimli şəxsən məni çağırıb, yubileyimi təbrik etdi. Alim Qasımov və digərləri də orada idi. Amma yubileyim yaradıcılıq şəklində qeyd olunmadı. Milli Kino Gününü geridə qoyum, bundan sonra bu məsələni gündəmə gətirəcəm. İnsanların zəhmət haqqını vermək lazımdır.

- Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı da yubileyinizə biganə yanaşdı?

-Bəli. Onlar mənə düşmən kimi yanaşırlar. Məni heç təbrik də etmədilər. Halbuki iki kino ittifaqını mən birləşdirdim, Rasim Balayev də gəlib sədr seçildi. Sözün doğrusu, mən onlardan heç təbrik gözləmirdim də. Çünki onlar mənim üçün kino adına heç bir əhəmiyyət kəsb etmirlər. Halbuki, həmin ittifaqda oturanlar zamanında məni özlərinə müəllim kimi görür, mənimlə görüşməyi özlərinə şərəf sayırdılar. Bəs indi nə oldu, nə dəyişdi? Mən ömrümün 60 ilini bu kinoya həsr etmişəm. Hətta Xalq artisti Hacı İsmayılov məni təbrik edib və mən həmin vaxt ölkədə olmadığım üçün təbrik teleqramını ittifaqa göndərib, ittifaq isə o məktubu belə mənə verməyib...

Amma bu gün, 2 avqust bizim bayramımızdır. Ona görə də bütün kinoçuları bu bayram münasibəti ilə təbrik edirəm. İnanıram ki, milli kinomuz tezliklə bərpa olunacaq.
 

Ardını oxu...
Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Həmas lideri İsmayıl Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra Tehranda qətlə yetirilməsi bölgədə yeni bir gərginliyə yol açıb. Tehranın atacağı addımlar fonunda Yaxın Şərqdə proseslərin istiqamətinin dəyişməsi ehtimal edilir...

- Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. Lokal toqquşmalar genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. İsrailin İranın paytaxtında Həmas liderini öldürməsi İran-İsrail gərginliyini bir az daha artıracaq. Hazırda İran qisas əlaməti olaraq yenə qırmızı bayraq qaldırıb. Amma bu o demək deyil ki, Tehran intiqam aksiyasında uğur qazanacaq. İran general Qasım Süleymaninin də intiqamını ala bilmədi. Bunun əvəzində ABŞ-nin İraqdakı boş hərbi bazasını vurdu. Eyni zamanda İsrail Suriyada iranlı generalları öldürdü, konsulluğa raket zərbəsi endirdi.

Buna cavab olaraq İranın göndərdiyi yüzlərlə raket İsrail tərəfindən neytrallaşdırıldı. Bir İsrail hərbçisinin burnu belə qanamadı. İndi isə faktiki olaraq İranın dəvət etdiyi qonaq öldürüldü. Bu addımın İranda prezidentin andiçmə günü olması da təsadüfi deyil. HƏMAS lideri İsmayıl Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkianın inaqurasiyasında öldürülməsi onun imicinə böyük zərbədir.

- Sizcə, İsrailin bu addımı atmaqda əsas məqsədi nə idi? Bu, İranın yeni siyasi xəttinə necə təsir edə bilər?

- Bu, İsrail tərəfindən qəsdən atılmış addımdır. Əslində İsrail bu addımı başqa ölkədə də ata bilərdi. İranda etməklə İsrail Pezeşkianı mühafizəkar mövqeyə sürükləmək istəyir. Çünki Pezeşkianın islahatçı obrazı, Qərbə olan münasibətləri İsrailin maraqlarına ziddir. İsrail ehtiyat edir ki, sabiq İran prezidenti Həsən Ruhaninin dövründə olduğu kimi o, Qərblə nüvə anlaşması əldə edərək, bu istiqamətdə fəaliyyətini davam etdirə bilər.

- İranda formalaşan yeni siyasi konyuktura üçün bu, nə dərəcədə təsirlidir? Türkiyənin bu məsələyə yanaşması necə olacaq?

- HƏMAS liderini ona görə Tehranda öldürdülər ki, Pezeşkian Qərblə anlaşa bilməsin. Tükiyə də bu hadisəni qınayıb. Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə sərt xəbərdarlıq ünvanlamışdı. Sözsüz ki, bu hadisəyə görə, Türkiyənin İsraillə müharibəyə başlaması Ankaranın maraqlarına uyğun deyil.

- Artan gərginlik və siyasi basqılar rəsmi Təl-Əvivin davranışlarına nə kimi təsiri ola bilər?

- Fakt odur ki, bütün bunların fonunda İsrail Qəzzada hərbi əməliyyatlar aparır. Eyni zamanda Livan və Suriyada bir çox mövqelərə zərbələr endirir. Bundan öncə də İsrailin İrandakı casus şəbəkəsi çox ciddi əməliyyatlar icra edib. Yaxın 10-15 il ərzində İsrail İranın atom elektrik stansiyasında çalışan bir çox alimlərini öldürüb. Təl-Əviv heç vaxt bu hadisələri təsdiq və təkzib etməyib. Bu da onların fəaliyyət üslubudur.

- Bölgədə artan gərginlik Azərbaycan üçün nə vəd edir?

- Sözsüz ki, gərginlik artacaq. Rusiya-Ukrayna müharibəsinin geniş miqyas alması, başqa oyunçuların da bura daxil olması vəziyyəti gərginləşdirdiyi kimi Yaxın Şərqdə də eyni ssenarinin baş verməsi mümkündür. Hətta lokal toqquşmalar genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Azərbaycan bölgədə hər hansı müharibənin əleyhinədir. Amma Azərbaycanı da mürəkkəb duruma sürükləmək istəyirlər. İran qonşu ölkədir, Türkiyə qardaş, müttəfiq dövlətdir, İsrail isə tərəfdaşdır. Bu ölkələr arasında olan gərginlik isə Azərbaycanın maraqlarına ziddir.
Ardını oxu...
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda əvvəlcə Ali dini lider Ayətullah Seyid Əli Xameneyi ilə görüşüb. Baş nazirin daha sonra İran Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Xameneyi Paşinyanla görüşdə yenidən Zəngəzur dəhlizi məsələsinə toxunub və bildirib ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir. Xameneyi Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Ayətullah həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidir.

Pezeşkianla görüşdə isə Ermənistanın Baş naziri İranın yeni seçilmiş Prezidentinə inauqurasiya mərasimində iştirakının İranla münasibətləri dərinləşdirmək istəyindən xəbər verdiyini bildirib və İranla çoxtərəfli əməkdaşlığın ölkəsi üçün son dərəcə vacib olduğunu vurğulayıb. İran Prezidenti öz növbəsində iki xalqın çoxəsrlik dostluğunun qarşılıqlı fəaliyyət üçün möhkəm təməl olduğunu deyib. Pezeşkian həmçinin regiondakı vəziyyətə toxunaraq, Tehran üçün təhlükəsizlik və sabitliyin əhəmiyyət daşıdığını deyib və bütün mövcud problemlərin dialoq yolu ilə həllinə çağırıb.

Mövzuya dair AYNA-nın suallarını cavablandıran Xalq şairi, bir neçə çağırışı Azərbaycan Milli Məclisinin üzvü olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, rəsmi Tehranın mövqeyi dəyişməyib:

- Birincisi, onu deyim ki, Xameneyi çoxdandır İranın dini yox, ümumilikdə rəhbəridir. Dinlə yanaşı, İranın siyasi, ideoloji, hətta iqtisadi hakimiyyəti Xameneyinin əlindədir. İranın siyasətinə o, rəhbərlik edir. O, sadəcə dini rəhbər olsaydı, məsələlərə də dini cəhətdən yanaşardı. Amma bu adam Zəngəzur dəhlizindən danışır, siyasi bəyanat verir. Özü də Xameneyinin Zəngəzur dəhlizi barədə danışması ilk dəfə deyil, bundan əvvəl də bəyanatlar verib. Hər dəfə də Ermənistana mesaj verir ki, Zəngəzur dəhlizinin açılmasına razılaşmayın, bu, ermənilərin əleyhinədir.

Sadəcə İrəvanda oturanlar anlamalıdırlar ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın xeyirinədir. Bu dəhliz Ermənistanı Türkiyə ilə birləşdirir, Avropaya çıxarır, gələcəyini təmin edir. Ermənistan rəhbərliyi anlamalıdır ki, İran özünün maraqlarına görə Zəngəzur dəhlizinin açılmasını istəmir, özünün mifik Hindistan-İran-Avropa dəhlizində maraqlıdır. İran istəmir ki, Azərbaycan və Ermənistan dünyanın logistika qovşağına çevrilsin. Məsələ budur və belə bəyanatların arxasında dayanan da məhz budur.

- Azərbaycan türkü olan Pezeşkianın hakimiyyətə gəlməsi İran-Ermənistan münasibətlərində dəyişikliyə ümid verirmi?

- Dediyim kimi, İranın daxili və xarici siyasətinə rəhbərlik edən Xameneyidir. Bu gün guya İran İslamın təəssübünü çəkir, amma müqəddəs “Quran”ı təhqir edən, “Quran”ı inkar edən, məscidlərdə donuz saxlayan Ermənistana dəstək verir. Pezeşkianın İranın bu siyasətini tamamilə dəyişəcəyinə ümid azdır. Pezeşkianın bəyanatları onu göstərir ki, bir çox addımlar atacaq, imkanları daxilində işlər görəcək. Təbii, zaman göstərəcək ki, hansı dəyişiklikləri edə biləcək. Amma yenə deyirəm, İranın dövlət siyasətini tamamilə dəyişdirəcəyi real görünmür.

- Bəs islahatçıların təmsilçisi olan Pezeşkian Azərbaycan türkləri ilə bağlı məsələlərdə nələri dəyişə bilər?

- Pezeşkianın Prezident kimi bir çox məsələlərə təsiri ola bilər. O, İranı orta əsr düşüncəsindən normal dövlətçilik düşüncəsinə çəkə bilər. Çünki hazırkı yol İrana heç nə vəd etmir. Bu gün müqəddəs İslam dəyərlərini cəhalət rejiminə çevirmiş İran rejimi var. Bu gün bu rejimin mahiyyəti tam dərk edilmir. Əvvəlcə bu düşüncə sistemində müəyyən dəyişiklik ola bilər. İkincisi, Pezeşkian nazir olarkən də, deputat olarkən də Azərbaycan türklərinin, ümumilikdə İranda yaşayan xalqların hüquqlarının təmini ilə bağlı məsələləri gündəmə gətirirdi. Həmin xətti tam olmasa da, davam etdirəcəyi gözləniləndir.

Təbii ki, bir Azərbaycan türkü olaraq, Pezeşkian türklərin haqlarının təminində səlahiyyətləri çərçivəsində addım ata bilər. İndidən dəqiq proqnoz vermək çətindir. Ona görə də, bir müddət onun siyasi addımlarını izləmək və ondan sonra qiymət vermək lazımdır. Pezeşkianın andiçmə mərasimi yeni keçirilib, təzəcə İran Prezidenti postuna əyləşib. Bundan sonra nələr edəcək, onu zaman göstərəcək.
 
 
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistanın sülhə daha yaxın olduğu bəyan edilib. Sizcə, Bakının mövcud şərtləri və həll edilməmiş digər məsələlər fonunda tərəflərin yekun razılaşmaya imza atması nə dərəcədə real görünür?

- Burada söhbət sülh prosesinin mahiyyətindən gedir. Sülh siyasi məna daşıyan bir termindir. Təbii ki, bunun bəzi mərhələləri var. Sülh prosesinə aparan yolda əsas istiqamət 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sənəddir. İndi isə tərəflər gələcək sülh üçün prinsiplər barəsində danışıqlar aparır.

Bu prinsiplər sənədinin artıq 80-90 faiz səviyyəsində razılaşdırılması ilə bağlı bəyanatlar səslənir. Azərbaycan və Ermənistan tərəfindən bu istiqamətdə açıqlamalar verilir. Sülh dedikdə məhz bu amil başa düşülür. Ona görə də, bu razılaşdırılan əsas nəticə - prinsiplər sənədi kimi xarakterizə oluna bilər.

- Belə çıxır ki, tərəflərin yekun sülh müstəvisində qəti edəcəyi elə də böyük məsafə qalmayıb...

- Sözsüz ki, sülhə aparan yol uzundur. Bundan sonra da danışıqlar davam edəcək. Müxtəlif mövzulara aid müzakirələr bitdikdən sonra müxtəlif sənədlər əldə ediləcək. Bu sənədlər isə yekun sülh sazişi kimi bir razılaşma ilə nəticələnə bilər.

Eyni zamanda müxtəlif sahələrə aid bir neçə sazişdən ibarət razılaşma sənədi imzalanmış olar.

- Sərhədlərin dəqiqləşməsi və kommunikasiya xətlərinin açılması kimi vacib prinsiplərin bir razılaşmada əksini tapması mümkündürmü?

- Delimitasiya və demarkasiya ilə bağlı ayrıca bir sənədin əldə edilməsi mümkündür. Ya da bu, yekun sülh sazişinin tərkib hissəsində yer ala bilər. Həmçinin kommunikasiya xətlərinin açılmasına dair xüsusi bir sənədin razılaşdırılması ehtimalı var. Hətta bu məsələlərə aid olan hissənin yekun sülh sazişində, ya da ayrıca bir sənəd kimi imzalanması realdır. Azərbaycan tərəfi də məhz bu məsələləri bəyan edib.

- Amerikadan növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verilib. Çin və Rusiyadan yan keçən kommunikasiya xəttinin açılması Ağ Ev tərəfindən gündəmə gətirilib. Bu istiqamətdə Azərbaycan və Ermənistandan keçəcək kommunikasiya xəttinin açılması önə çəkilib...

- Bu məsələyə aid bölgədən uzaqda olan ölkələrin və qüvvələrin maraqları müxtəlif var. Çin Orta Dəhliz layihəsinin icrasında maraqlı olduğunu bəyan edib. Bakı ilə Pekin arasında aparılan danışıqlarda yol infrastrukturuna külli miqdarda investisiya yatırılmasına hazır olduğu qeyd edilir. Artıq bu məsələyə görə Çin tərəfindən Gürcüstanda bir limanda investisiya planı əsasında işlər görülür. ABŞ də bu məsələdə nə dərəcədə maraqlı olduğunu bəyan edib. Rusiya da Zəngəzur dəhlizinə aid müxtəlif fikirlər səsləndirib.

- Sizcə, Bakının Zəngəzur dəhlizinin hansı şərtlər əsasında açılmasında maraqlıdır?

- Azərbaycanın isə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Burada əsas amil Azərbaycanın özünün əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya yaratmağa nail olmaq niyyətidir.

Vaxtilə bolşeviklərin qərəzli qərarları nəticəsində Azərbaycan iki hissəyə bölünüb. Nəticədə tarixi Azərbaycan torpaqları olan Zəngəzur Ermənistana verilib. Təbii ki, bu vəziyyət Azərbaycanın dövlətçiliyinə çox böyük ziyan gətirən bir haldır. Azərbaycanın da indiki halda istəyi odur ki, bu məsələ həllini tapsın.

- Digər şərtlərin təmin edilməməsi fonunda dəhlizlə bağlı Azərbaycanın ortaya qoyacağı mövqe nəyə əsaslanır?

- Tarixi ədalət bərpa edilməlidir. Vaxtilə Azərbaycan xalqının icazəsi və rəyi olmadan ermənilərə verilən torpaqlar geri qaytarılmalıdır. Eyni zamanda bunun əksinə olaraq ekstreterial şəkildə dəhliz yaranmalıdır. Bununla da Azərbaycan dövlətinin iki hissəsi arasında təhlükəsiz, sərbəst gediş-gəliş yaranmış olacaq.

Azərbaycan bu məsələdə digər ölkələrin öz maraqlarını irəli sürməsi fonunda özünün fundamental maraqlarından geri çəkilməyəcək.
 
 
 

Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hazırkı situasiyada Azərbaycanla Ermənistan arasında sülh və yaxud müharibə mövzuları ətrafında söhbətlər gedir. Sizcə, hansı teziz daha güclüdür?

- Əslində indiki halda bu tezislərin heç biri güclü deyil. Çünki Ermənistan sülh istəmir. Azərbaycan isə müharibə tərəfdarı deyil. Ona görə də, indi şahmatda olduğu kimi “pat” vəziyyəti yaranıb. Amma bölgədə yenidən müharibənin başlamasında maraqlı olan tərəflər var. Bu, daha çox Fransa və ABŞ-dir. Şimal və cənub qonşularımızda da müəyyən qüvvələr bu məsələdə maraqlıdır. Faktiki olaraq regionda sabitlik istəməyən daha çox Qərbdir. Onlar regiona daxil olmaq niyyətindədir. Bunu isə bacarmırlar. Gürcüstan əllərindən çıxıb. Son ümid yeri kimi əllərində ancaq Ermənistan qalıb. Məhz Ermənistan vasitəsi ilə bölgəyə daxil olmaq istəyirlər. Ona görə də, həmin qüvvələr getdikcə daha çox azğınlaşır. Fransa prezidenti Emmanuel Makron bu məsələdə daha çox azğınlıq göstərir. Paris Yay Olimpiya oyunlarını belə siyasi müstəviyə çəkə bildilər.

- Sizcə, bölgədə yeni müharibənin başlaması tərəflər üçün nə vəd edir?

- Azərbaycan qəti şəkildə müharibə tərəfdarı deyil. Çünki yeni başlayacaq müharibə çox böyük təhlükələrə yol açacaq. Azərbaycan-Ermənistan qarşıdurması bölgədə iki ölkənin münaqişəsi səviyyəsində qalmayacaq. Bu, az qala üçüncü dünya müharibəsi üçün hüquqi bir status yaratmış ola bilər. Çünki Azərbaycanın etibarlı dostları Türkiyə, Pakistan faktoru var. Eyni zamanda bölgədə Çin, Rusiya və digərlərinin böyük maraqları mövcuddur. Məqsədləri Ukrayna müharibəsi ssenarisini bura daşımaqdır. Ermənistan isə artıq bu ssenariya hazırdır. Çalışırlar ki, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə, eyni zamanda Formula və COP29-a qədər qədər qarşıdurma olsun.

- Bakı İrəvan qarşısında daha çox iki prinsip üzərində dayanıb. Bunlar Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Sizcə, qarşı tərəf bu məsələlərin hansının daha tez həllində maraqlıdır?

- Görünən odur ki, Ermənistan Minsk qrupundan imtina edəcək. Bu, o qədər də ciddi hüquqi, mənəvi dəyişiklik yaratmır. Həmsədrlərdən imtina edilsə də, Fransa Ermənistanın dəstəkçisi olaraq qalır. Sadəcə olaraq İrəvan üçün ən təhlükəli dayaq Rusiyanın itirilməsidir. Azərbaycan isə Ermənistan konstitusiyasında dəyişiklik edilməsə, sülhə getmək niyyətində deyil. Bu halda imzalanacaq sülh müqaviləsinin heç bir əhəmiyyəti olmur. Ermənistan bir dövlət kimi kənar qüvvələrin layihəsi olduğu üçün onun qanunvericiliyi də bu müddəalara əsaslanır. Vaxtilə Vudro Vilsonun (Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti 1913-1921) layihəsi var idi ki, buradan Ermənistan üzərindən Türkiyə ərazilərinə qarşı da iddialar olunurdu. Sadəcə olaraq bu layihə alınmadı. Qars müqaviləsində isə Ermənistan tərəf deyildi. Çünki tarixdə heç vaxt Ermənistan adında dövlət olmayıb.

- ABŞ-nin davamlı olaraq sülh açıqlamları nəyə hesablanıb? Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin də Zəngəzur dəhlizinin açılmasının ölkəsi üçün maraqlı olmadığını açıqlamışdı. Vaşinqtonun dəhlizlə bağlı iddiası nədən ibarətdir?

- Hazırda ABŞ-də vəziyyət çox qarışıqdır. Demokratlar partiyasının təmsilçiləri özlərinə haqq qazandırmaq üçün üzdə özlərini sülh tərəfdarı kimi təqdim edir. Amma onların sülh mövqeyinə inanmaq olmaz. Öz maraqlarına görə, faktiki olaraq Gürcüstanı, Ukraynanı satdılar. Ermənistan üzərindən isə oyun oynayırlar. Amerikanı idarə edən dərin dövlət, yəni anqlo-sakslar Türkiyənin bölgədə güclənməsinə qarşı çıxır. Azərbaycanın İsrail, Pakistan və Rusiya ilə münasibətlərinə qarşı qısqanc yanaşma var. Bakı ilə Pekin arasında münasibətlər yaxşılaşmağa başlayandan Amerika ardıcıl olaraq sülhdən danışır. Amma Ağ Ev paralel olaraq Ermənistana hərbi yardım edir. Ona görə də, heç bir halda Amerikanın Qafqazla bağlı maraqlarında onun səmimiyyətinə inanmaq olmaz.
Ardını oxu...
Ermənistan ordusunun gücləndirilməsi istiqamətində Qərbdən yardımların artırılması, qarşı tərəfin Hindistandan yüz milyonlarla dollarlıq silah-sursat alması Azərbaycanda narazılıq və narahatlıqla qarşılanır. Çünki Azərbaycanla sülh sazişi imzalanamaqdan yayınan Ermənistan ordusu silahlanma fonunda şərti sərhəddə hərbi təxribatlara da başlayır.

Ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ermənistana təxribatları ilə bağlı xəbərdarlıq edib. Nazirliyin bəyanatında qeyd edilib ki, Azərbaycana qarşı təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

Bildirilib ki, Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib: “Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".

Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər.

"Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”, - xəbərdarlıq mesajında vurğulanıb.

Müdafiə Nazirliyi təxribatla bağlı bu gün səhər daha bir məlumat yayıb. Bildirilib ki, iyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib: “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”.

Təxribatların artması bölgədə yeni savaş riskini də artırmaqdadır. Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ramil Məmmədli əvvəlcə Ermənistanın silahlanmasının yaratdığı təhlükələri sadalayıb:

- Hələ 44 günlük müharibənin sonlarında deyirdik ki, savaşdan sonra düşmənlərimiz daha da çoxalacaq, daha böyük qüvvələrlə üz-üzə qalacağıq. Artıq həmin dövrdəyik, həmin dövrdə yaşayırıq. 2021-ci ilin sonlarından başlayaraq Ermənistan ordusunun yenilənməsi istiqamətində ciddi addımlar atılmağa başlanıldı. Ermənistanın qarşısına qoyduğu məqsəd bu istiqamətdə Qərblə əməkdaşlıq idi.

Təbii ki, Ermənistan ordusunun zabit-gizir heyəti sovet-rus hərbi şinelindən çıxanlardır. Onların bu illər ərzində istifadə etdikləri silahlar Rusiya standartları əsasında hazırlanan silahlar idi. Ona görə də Ermənistan birdən-birə Amerika, NATO standartlarına uyğun silah və texnikadan inteqrasiya edə bilməz. Birinci mərhələdə daha sadə silah və texnikalara üstünlük verilməsinə başlanıldı. Bu xüsusda, zirehli transportyorlar alındı, həmçinin ordunun artilleriya qüvvələrinin standartlarında dəyişikliyə başlanıldı. Paralel olaraq, Rusiya standartlarına daha yaxın silah və texnikalardır ki, onun da dünyada əsas istehsalçılarından biri Hindistandır. Biz görürük ki, Ermənistan Hindistandan bir neçə yüz milyon dollarlıq silah müqavilələri imzalayır, onları tədarük edir. Demək istədiyim odur ki, Ermənistanın silah alması və ona havadar olan qüvvələrin İrəvanı silah-sursatla təmin etməsi gözlənilən idi.

- Ermənistanın silahlanmasının məqsədi yeni müharibəyə hazırlıq anlamı vermirmi?

- Məncə, əsas məqsədləri Rusiya təsirini maksimum azaltmaq və silah arsenalını maksimum müstəqilləşdirməkdir. Ermənistan yaxşı anlayır ki, Azərbaycanla müharibə aparmaq qüdrətində deyil.

- Amma Ermənistan bu günlərdə ABŞ-la birgə hərbi təlimlər keçirdi, Kəlbəcər istiqamətində təxribat törətdi. Eyni zamanda, bu gün Laçın istiqamətində daha bir təxribat baş verdi. Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü Ermənistana xəbərdarlıq açıqlaması oldu...

- Azərbaycanın narahatlığı əslində Ermənistanın silah arsenalını gücləndirməsi ilə bağlı deyil. İndiki silahlardan daha güclü silahlar 2020-ci ilədək Ermənistanın arsenalında olub. “İskəndər” silahı, “Smerç” yaylım atəş sistemi kimi komplekslər Ermənistan ordusunun sərəncamında idi. Amma Azərbaycan Ordusu müharibə zamanı qarşı tərəfin ordusunu darmadağın etdi, qələbə qazandı. Azərbaycanın narahatlığı və narazılığı ona görədir ki, Ermənistan regionda yaranmış sülh və sabitlik şansını təhlükəyə atır. Rəsmi İrəvan sülh və sabitlik şansını əlinin tərsi ilə itələyir və kənar qüvvələri, imperialist siyasət yürüdən ölkələri Cənubi Qafqaza gətirməyə çalışır. Bu isə bölgədə daha əvvəl olan güclərlə - Rusiya, İran kimi qüvvələrlə Qərb qüvvələrinin böyük konflikt yaranması təhlükəsini artırır. Azərbaycan isə bölgədə müharibədə maraqlı deyil. Yoxsa ki, Azərbaycan Ermənistanın hansısa yaylım atəş sistemi almasından elə də narahat deyil. Əgər Ermənistan ordusunun arsenalında “Sezar” silahı varsa, Azərbaycanda ona adekvat silahlar mövcuddur. 44 günlük müharibədə Ermənistan əlində olan bütün silahlardan Azərbaycana qarşı istifadə etdi, nə qazandı ki?!

Təbii ki, Azərbaycan birinci narahatlığı odur ki, yenidən istər lokal, istərsə də genişmiqyaslı hərbi toqquşma ola bilər. Çünki sülh üçün bu qədər cəhdlər olub, danışıqlar aparılıb, bir çox müsbət irəliləyişlər baş verib. Hər halda, Bakı ilə İrəvanın gəldiyi bir nöqtə var ki, toqquşma, hərbi əməliyyatlar əldə edilənləri bir anda məhv edə bilər. Bunda Azərbaycan maraqlı deyil. İkincisi, kənar qüvvələrin bölgədə süni şəkildə güclənməsinə ehtiyac yoxdur. Amma proseslər gərginliyə doğru gedir.

- Yəni Cənubi Qafqaz qlobal güclərin savaş meydanına çevrilir?

- Region böyük güclərin müharibə meydanına sürüklənir. Biz bilirik ki, Cənubi Qafqazda Rusiyanın, İranın, Türkiyənin maraqları var. Hazırda Rusiya-Gürcüstan münasibətlərində yaxşılaşma müşahidə edilir. Azərbaycan-Rusiya münasibətləri heç vaxt olmadığı qədər yaxşıdır. İran-Azərbaycan münasibətlərində müsbətə doğru addımlar atılır. Belə bir şəraitdə Fransanın hərbi-siyasi imkanlarının Ermənistanda səfərbər edilməsi, ABŞ-ın davamlı olaraq Ermənistanla birgə hərbi təlimlər keçirməsi bölgə ilə bağlı təhlükəli ssenarilərdən xəbər verir. Baş verənlər Cənubi Qafqazın düşmən münasibətdə olan böyük güclərin savaş meydanına çevrilməsi risklərini artırır.
 

Dünyapress TV

Xəbər lenti