Ardını oxu...
Bir neçə gün əvvəl Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində qalmaqal yaşanıb.
Reportyor.info xəbər verir ki, iki vətəndaş Mərkəzə müayinəyə gəlib. Onların hərəsində 30 manat pul alınıb, lakin qəbz təqdim edilməyib.
Vətəndaşlar bunun qeyri-qanuni olduğunu iddia ediblər. Onlardan biri baş verənləri videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.
Həmin görüntüləri təqdim edirik.


Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılmasına dair anlaşmanı pozmaqda ittiham etdi. İrəvan da cavabında Moskvanı sülh prosesini sabotajda günahlandırdı. Lavrovun bu mesajı dəhlizin açılması üçün təzyiqdir, ya məsələni ABŞ və Avropa Birliyi ilə müzakirə edən İrəvana xəbərdarlıqdır?

- Əlbəttə, Rusiya Zəngəzur dəhlizinin 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə uyğun şəkildə açılmasında maraqlıdır. Həmin bəndə görə, dəhlizdə nəzarət funksiyasını Rusiya həyata keçirməlidir.

Ermənistan müxtəlif manipulyasiyalarla bu maddəni gündəmdən çıxarmağa çalışır və buna xeyli dərəcədə nail olub. Təbii ki, Rusiya bundan məmnun deyil və zaman-zaman bu barədə fikirlər səsləndirir. Amma Lavrovun son açıqlaması konkret oldu, açıq şəkildə həqiqətləri dilə gətirdi.

Rusiya məsələ ilə bağlı Ermənistana mesajlar verir və sətiraltı xatırladılır ki, götürülən öhdəliklər yerinə yetirilməlidir və sabotaj siyasətindən əl çəkilməlidir. Bu, İrəvanda isterika ilə qarşılanacaq, qarşılandı da. Amma biz bu toplumun ruh halını da bilirik, oradakı siyasətçilər və ekspertlərin də mövqeləri bəllidir. Həmişə öhdəliklərini pozmalarına bir yolla bəraət qazandırmağa çalışırlar. Amma fakt budur ki, Ermənistan bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, bunu geosiyasi rəqabət faktoruna çevirdi.

Hazırda Qərb, xüsusən də ABŞ bu dəhlizlə bağlı maraqlarını həyata keçirməyə, nəzarət funksiyasını öz üzərinə götürməyə çalışır. Burada möhkəmlənərək Azərbaycan, Türkiyə, Çin, Rusiya və Ermənistana təzyiq etmək istəyirlər. Rusiya və Vladimir Putin də Qərbə mesaj verir ki, Moskva Cənubi Qafqazda qalmaq niyyətindədir və buradan çıxmaq fikri yoxdur, bunun üçün də lazım olan addımları atmağa hazırdır. Vladimir Putinin Bakıda verdiyi bəyanatı bu cür şərh edərdim.

İrəvanda Lavrovun açıqlamasının necə qarşılanmasından asılı olmayaraq, deyilənlər həqiqət və faktdır. Bu, həm də Ermənistana mesaj və xəbərdarlıqdır.

- Ermənistan mediasının iddiasına görə, Ermənistan hökuməti açılacaq dəhlizə nəzarətin Hollandiyaya verilməsi barədə düşünür və müzakirələr aparır. İddia doğrudursa, niyə Hollandiya – bu seçimin izahı nədir?

- “Hollandiya” deyirsinizs, elə zənn edin ki, “Fransa” deyirsiniz. Hollandiya rəsmiləri və siyasilərinin 44 günlük savaş və bundan sonrakı açıqlamalarına baxsanız, bu ölkənin siyasətində Fransa izlərini görərsiniz. Sadəcə ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan Fransa və düşmən mövqeyində dayanan digər dövlətlərin nəzarətinə razı olmayacaq, buna görə də Hollandiyanı “nisbətən bitərəf ölkə” kimi önə çıxarmağa çalışırlar.

Bizim üçün önəmli odur ki, 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq, Naxçıvanla əlaqəmizin maneəsiz və təhlükəsiz olmasına təminat verilməlidir. Əlbəttə, biz o ərazilərdə Ermənistanın suverenlik hüquqlarını tanıyırıq, eyni zamanda da, ondan öz əhdliyini yerinə yetirməsini tələb edirik.

- Zəngəzur dəhlizinin sülh müqaviləsindən kənarda həll ediləcəyi bildirilir. Bu həll forması nə vədir edir, məsələn, nəzarət problemi Bakı və İrəvan arasında necə çözüləcək?

- Belə bir qərarın alınmasında Azərbaycanın kifayət qədər ciddi rolu olub. Çünki məhz Zəngəzur dəhlizini bəhanə edərək, uzun müddət Azərbaycana qarşı qaralama kampaniyası aparıldı. Qərb və ABŞ rəsmilərinin, o cümlədən müxtəlif beyin mərkəzlərinin dillərindən guya Azərbaycanın Ermənistana hücum edərək dəhlizi zorla açacağına dair spekulyativ dezinformasiyalar yayılırdı.

Azərbaycan bunu dəfələrlə təkzib eləsə də, necə deyərlər, dəyirman öz işindəydi, informasiya mərkəzləri süni şəkildə aranı qatmaqla məşğul idilər.

Dediyim kimi, artıq Zəngəzur dəhlizi məsələsi müxtəlif geosiyasi maraqların toqquşma nöqtəsinə və qlobal güclərin rəqabət meydanına çevrildiyi üçün Azərbaycan məsələni başqa müstəviyə çəkdi, sülh müqaviləsindən ayrı müzakirəsi təklif olundu. Bu, Azərbaycana qarşı dezinformasiya kampaniyasının qarşısının alınması üçün mühüm addımdır, həm də məsələni geosiyasi rəqabət müstəvisindən kənara çəkdi.

Ümid edirik ki, nəhayət Ermənistan özündə güc və cəsarət taparaq ikitərəfli formatda öz öhdəliklərini yerinə yetirəcək, dəhlizdə Azərbaycan vətəndaşları və yüklərinin maneəsiz keçidi və təhlükəsizliyini təmin edəcək. Bu, gələcəyin məsələsidir.

Digər yandan, Azərbaycanın İranla da bir anlaşması var. Zəngəzura paralel olaraq, Araz vadisində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən bir yol çəkilir. Prinsipcə, Naxçıvanla əlaqəmizin bu xətlə təmin etmək imkanımız da var. Bu istiqamətdə salınan yol və çay üzərində tikilən körpülərin yükgötürmə qabiliyyətləri kifayət qədər yüksək miqyasadır. Bununla Naxçıvanla yanaşı, Türkiyə ilə də əlaqə qurmaq imkanı əldə edirik.

Ermənistan yenə də prosesi pozmağa çalışacaqsa, bu, onun öz ziyanına olacaq, məsələn, ciddi rəqəmlərlə ölçülən tranzit gəlirlərindən məhrum qalacaq. Həmçinin növbəti regional layihələrdən kənarda saxlanılacaq. Vaxtilə neft-qaz kəmərlərinin Ermənistandan keçmək imkanları vardı, amma onun işğalçı mövqeyi buna imkan vermədi, nəticədə böyük layihələrdən kənarda qaldılar. İsrarlarını davam etdirsələr, bu vəziyyət dəyişməyəcək.

Bölgədə həyata keçirilən növbəti böyük layihələrdən biri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladığı anlaşmadır. Həmin anlaşmaya görə, Azərbaycan, eləcə də Orta Asiyada istehsal ediləcək bərpaolunan enerjinin Avropaya ixracı həyata keçiriləcək. Ermənistan da bu layihədə maraqlıdır və qoşulmaq istəyir. Əlbəttə, Zəngəzur dəhlizi açılmayacaqsa, Azərbaycan Ermənistanın bu projeyə qoşulmasını bloklayacaq.
 

Ardını oxu...
“Bu kino ki, var...” tavtologiyası ilə başlamayacam, aqressiv tamaşaçılar kimi “kino yoxdur” da deməyəcəm. Kino çəkilir, son vaxtlar hətta tez-tez çəkilir. Mətbuatda müzakirə də olunur. Sadəcə, istədiyimiz odur ki, daha çox və daha keyfiyyətli kino olsun. Müstəqil Azərbaycanın kinosu sovet Azərbaycanının kinosunu kölgədə qoysun. Yaxşı arzu oldu...

Kinorejissor Tahir Əliyev də bunu istəyər. Bəlkə istədiyi başqa şeylər də var, hər halda, söhbət əsnasında onun da nə istədiyi bəlli olar. Pressklub.az-ın qonağı kinorejissor Tahir Əliyevdir – sosial şəbəkələrdən Tahir Tahiroviç kimi tanıdığımız kino adam...

- Sizi oxucuya mən təqdim edim, yoxsa özünüz təqdim edirsiniz? Rejissor aktyor deyil və bizim reallıqda öz-özünə populyarlıq qazanmır, ona görə təqdimata ehtiyac var.

- Məncə, xüsusi təqdimatıma ehtiyac yoxdur. Azərbaycanın kino sahəsində məni az-çox tanıyırlar. Azərbaycan kinosu, cəmiyyəti, ictimai-siyasi həyatı üçün indiyə qədər gördüyüm işlər bunu deməyə müəyyən qədər əsas verir. Yalnız borcumu deyil, həm də vicdan borcumu yerinə yetirmişəm. Sənət borcu ilə vicdan borcu fərqli məfhumlardır. Rahat vicdanla yaşaya bilərəm. O ki qaldı populyarlığa, ona ehtiyac yoxdur, bizim sənətə aid də deyil. Bizim sənət kamera arxası sənətdir, publik deyil, ona görə populyar olmamaq normaldır.

- Azərbaycanda rejissor olmaq nədir?

- İndi rejissor olmaq çox asandır. Ətrafında peşəkar kinematoqrafçılar olsa, başqa məsələ, amma Azərbaycanda asan məsələdir, çünki son 20 ildə kino rejissorluğu sənətdən peşə səviyyəsinə düşüb. İstənilən adam film çəkə bilər. Heç bir qadağa, sərhəd yoxdur. Yəqin özümüz bu peşəyə sahib çıxmadıq. Məsələn, musiqimizi qoruyub saxladılar, sənətdən peşəyə düşmədi. Musiqimizin yiyəsi oldu. Bəstəkarlar İttifaqının üzvü olmaq asan deyil. Orda qoymazlar ki, mühəndislik təhsili ilə gəlib İttifaqa üzv yazılasan. Musiqi təhsilin yoxdursa, sənə heç əsər təqdim etməyə imkan verməzlər. Kinoda isə açıq qapıdır. Bəstəkar kino çəkir, memar da rejissorluq edər, heç kim də deməz ki, sən rejissor deyilsən. Həm də kinomuzun şəxsiyyət problemi hələ də davam edir. Təəssüf...

- Niyə rejissor oldunuz?

- Sovet İttifaqı dağılmasaydı, təyyarəçi olacaqdım. Ya da coğrafiyaçı. Qismət elə gətirdi ki, rejissor oldum. Amma peşman deyiləm. Azərbaycan kinosu məni elmə yaxınlaşdırdı. Dünyanı gəzdim, yaxşı insanlarla ünsiyyətdə oldum. Bacardığım qədər Azərbaycan sənədli filminə töhfə verdim. Artıq yaş ötür. Bundan sonra istərdim ki, Azərbaycan kinosunda bir neçə bədii film çəkim. Çalışacam bunun öhdəsindən gəlim.

- Siz maarifləndirici sənədli filmlərin rejissoru, bəzilərinin həm də ssenari müəllifisiniz. O filmlərin ki, həm mövzu etibarı ilə, həm də sənət baxımından keyfiyyətli və maraqlı işlərdir, xüsusən Cümhuriyyət mövzusunda. Hətta “Tahir sənədli filmlərin atasıdır” - deyirlər. Sonuncu filminiz isə səhv etsəm, düzəldin, lütfən, “O, Xarqo idi” adlı filmdir, 2021-ci ildə çəkilib. Aradan 3 il keçib. Niyə film çəkmirsiniz, qarşınızda maneə var?

- Deməzdim ki, sənədli kinoda birincilərdənəm. Sadəcə, çalışmışam sənədli kinoda öz sözümü deyim. Ətrafımdakı ziyalı insanlar bu sarıdan mənə çox kömək olublar. Xüsusən, Ramiz Abutalıbovun mənə inamı, dəstəyi. İkinci dünya müharibəsi ilə bağlı “Salnamə” film studiyasında 9 film çəkmişəm. Festivallarda qazandığım uğurlara görə də bu mövzuya minnətdaram. 10 ilə yaxındır ki, Cümhuriyyət dönəmini araşdırıram. Həm araşdırmaçı kimi işləyirəm, həm də o mövzuda ssenarilər yazıram. XX əsrin əvvəlləri Azərbaycan tarixi ilə bağlı filmlərin hamısını Ramiz Abutalıbovla işləmişəm. Dediyiniz sonuncu filmim əslində 2020-ci ilin filmidir, sadəcə olaraq, pandemiya ilə bağlı bir il gec təhvil verdik.

3 ildir film çəkmirəm, çünki 15 il çalışdığım “Salnamə” studiyasının fəaliyyətinin səngidilməsi bizə, bu sahədə çalışan insanlara, o cümlədən mənə ağır oldu. Bir gözləntim də yoxdur.

- Ümid yaxşı şeydir, gözlənti də hər zaman var, məncə... Bir rejissor, ssenarist, ümumiyyətlə, kino adamı kimi bu gün Azərbaycan kinosunun vəziyyətini necə dəyərləndirirsiniz?

- Bu sualı hazırda film çəkən rejissora versəniz, deyəcək hər şey yaxşıdır. Hazırda film çəkmiş olsam da belə, çatışmazlıqları deməyə bilmərəm. Vəziyyət təxminən bu cürdür: “Sən mənim canım, dinmə”, “Qoy nazirlikdə layihən keçsin”. Kino hikkə ilə, inzibati qaydalarla idarə olunmaz, sərbəst idarə olunmalıdır.

- Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunursunuz, iki qurum birləşdi, bu yaxınlarda yeni vahid sədr də seçildi. Sizcə, bu qurum Azərbaycan kinosu üçün hansı funksiyanı yerinə yetirməlidir və onu edə bilirmi?

- AKİ ictimai təşkilatdır. Bacardığı qədər kinematoqrafçılara kömək edir. Söz yox ki, əlimizdə daha çox resurs olsa, daha effektli işləmək olar. “Nizami” kino mərkəzini İttifaqın idarəçiliyinə verilsə, inanın ki, iş daha səmərəli olar.

- Azərbaycan Respublikasının Kino Agentliyi də var...

- ARKA publik hüquqi şəxsdir. Əslində, ARKA dövlət kino agentliyi olmalı idi, amma yenə şöbə səviyyəsindədir. Nazirlikdə sektora tabedir. Heç olmasa, ARKA rəhbəri nazir müavini statusunda olmalıdır. ARKA böyük anlamda müstəqil olmalıdır. Bir də ki, biz kino sahəsini ümumilikdə Mədəniyyət Nazirliyindən də gözləməli deyilik. Televiziyalar da kino istehsalında susmamalıdırlar. İTV və AzTV-dən savayı, o biri televiziyalarda, demək olar, sənədli filmlər istehsalı yoxdur. 2016-2020-ci illərdə ARB “Aranfilm” yaradıcılıq mərkəzində ard-arda müxtəlif janrlarda 97 film istehsal etdik. Mədəniyyətimiz və ictimai həyatımız üçün xeyli töhfələr verdik. Amma qısqanclıq ucbatından işlər yarımçıq dayandı. Təbii ki, bunların bir səbəbi var. Televiziya rəhbərliyi. Onlara bu sahə maraqlı deyil.

- Bir də nəsil problemi var, qocamanlar gəncləri, gənclər qocaman kinematoqrafçıları qəbul edə bilmirlər? Niyə?

- Yalan söhbətdir, Azərbaycan kinosunda o problem yoxdur, o söhbət bitib, qocalar qalmayıb. 3-4 nəfər var, onlar da tədbirlərdə qabaq sırada otururlar, arada qalxıb sağlıq deyirlər. İndi Azərbaycan kinosunda çox istedadlı gənclər var, rejissorlar, ssenaristlər, operatorlar. Sadəcə, onlara yiyə çıxmaq lazımdır.

- Kino sahəsində hamı və hər şey yerindədir, sizcə? Xilas yoluna haradan başlanılmalıdır? Hansı sahəsindən - rejissordan, aktyordan, ssenaridən, bəlkə prokatdan, yaxud reklamdan?

- Kinomuz diridir hələ. Ən yüksək kateqoriyalı festivallara da qatılırıq. Bunu genişləndirmək, filmlərin sayını artırmaq lazımdır. Bununla yanaşı, “Azərbaycanfilm” kinostudiyası, “Salnamə” studiyası bərpa olunmalıdır. Deyəndə adamı qınayırlar, deyirlər bilirik, düzəldəcəyik, amma yenə həmin qaydada davam edirlər.
 

Ardını oxu...
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri dünyanın gündəmindədir. Əsas sual da budur ki, Kursk və Ukraynada durumun ağır olduğu vaxtda Rusiya lideri Bakıya niyə gəldi?

- Putin hazırda bir sıra ölkələrlə əlaqələrin yaxşı olmasında və daha da yaxınlaşdırılmasında, eləcə də bəzi layihələrin reallaşmasında maraqlıdır. Çünki Rusiya beynəlxalq sanksiyalar altındadır, faktiki olaraq, təcrid vəziyyətindədir.

Amma bizim Rusiya ilə özəl münasibətlərimiz var. Bu, həm də tarixdən gələn əlaqələrlə bağlıdır, eləcə də humanitar, iqtisadi, mədəni, ticari və digər sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Siyasi münasibətlər də yüksək səviyyədədir.

Belə layihələrin həyata keçirilməsi hər iki dövlətin maraqlarına cavab verir. Məsələn, Şimal-Cənub layihəsi. Bu, həm Azərbaycan, həm də Rusiyanı qane edən projedir. Bu layihədə İran və Türkiyə kimi qonşularımız da iştirak edir.

Putinin Azərbaycan kimi ölkəyə ehtiyacı var. Çünki Azərbaycanın xarici siyasəti çoxvektorludur, tərəfdaşlarının sayı kifayət qədərdir. Məsələn, Azərbaycan həm Ukraynanın ərazi bütövlüyünü tanıyır, həm də ona humanitar yardım edir, həmçinin biz Rusiya ilə münasibətlərimizi də qırmaq fikrində deyilik.

İndi Ukrayna ilə münasibəti Rusiyanın öz işidir, bizi Cənubi Qafqazdakı təhlükəsizlik və stabillik maraqlandırır. Azərbaycan Rusiya ilə münasibətlərində həm də bu amilə diqqət yetirir.

- Sizin də qeyd etdiyiniz kimi, Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə Şimal-Cənub nəqliyyat dəhlizini də müzakirə elədi. Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi məsələsinə toxunulmadı, halbuki Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr sənədinin 9-cu bəndi bununla əlaqəlidir. Rusiya bu dəhlizdən imtina edir?

- Mən belə deməzdim. Çünki Putinlə birlikdə Bakıya Rusiyanın bir çox nazirləri də gəlmişdi. Xarici işlər naziri Sergey Lavrov da onların içindəydi. Lavrov Bakıda maraqlı bəyanatlar verdi. Bəyanatlardan birində Ermənistana qarşı açıq ittihamlar səsləndirdi. Lavrov dedi ki, bu dəhlizin açılmamasında günahkar Ermənistandır, o, 10 noyabr bəyanatının müvafiq bəndinin yerinə yetirilməsindən boyun qaçırır, bu məsələnin həllində adekvat davranmır. Bu, Rusiyanın rəsmi mövqeyidir.

Biz artıq bəyan etmişik ki, Zəngəzur dəhlizi gec-tez açılmalıdır. İndi kimsə sərhəddə bu dəhlizə nəzarət etmək fikrindədirsə, olsun. Hazırda orada Rusiya sərhədçiləri var, Amerikadan da gəliblər. Ermənilər də öz sərhədçilərini orada yerləşdirmək istəyirlər, özləri bilər. Bizə bu dəhlizin açılması lazımdır.

Şübhə etmirəm ki, biz Rusiya prezidentinin burada olarkən məsələ ilə bağlı öz qəti mövqeyimizi bildirmişik.

- Putin Rusiyanın sərhəd və sülh məsələlərində Bakı və İrəvana kömək etməyə hazır olduğunu söylədi. Maraqlıdır ki, hər iki proses ikitərəfli qaydada davam edir və müsbət nəticələr də var. Belə bir vəziyyətdə Moskva niyə prosesə vasitəçi kimi daxil olmaq istəyir?

Ətraflı
- Bir çox ölkə vasitəçi olmaq istəyir və bu məqsədlə prosesə müdaxilə edir. Bura Rusiya ilə yanaşı, ABŞ və Avropa Birliyi də daxildir. Qarabağ məsələsi həll olunmasına baxmayaraq, Minsk qrupu yenə də öz fəaliyyətini dayandırmaq istəmir. İrəvan təklifimizi qəbul etmir ki, Minsk qrupu hüquqi tərəfdən də buraxılsın. Digər oyunçular da var, İran da buna cəhd edirdi.

Rusiya hesab edir ki, Ermənistan onun Cənubi Qafqazdakı əbədi forpostu və müttəfiqidir. Həmçinin Rusiya Azərbaycanla əlaqələrini yaxşı səviyyədə saxlamaqda maraqlıdır. Rusiyada anlayırlar ki, Azərbaycan bölgədə söz sahibi və ən güclü dövlətdir.

İkinci Qarabağ Müharibəsindən sonra ərazi bütövlüyümüzü tam bərpa etmişik. Rusiya da çox istəyərdi ki, bölgədəki mövqeyini yenidən gücləndirsin. Bu baxımdan, Rusiyanın mövqeyi bəzi Qərb dövlətlərinin mövqeyindən heç nəyi ilə fərqlənmir, onlar da bunu istəyirlər.

Avropa Birliyinin müşahidəçiləri uzun müddətdir Ermənistandadır, bəs onlar orada nə edirlər? Amerikalılar da gəlib Ermənistanda təlim keçirlər, Müdafiə Nazirliyində öz təmsilçilərini yerləşdirirlər. Bu nə məsələdir? Yəni hər bir aparıcı dövlət burada öz mövqelərini gücləndirmək istəyir. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesindən də bu məqsədlə istifadə etməyə çalışırlar.

- Yeri gəlmişkən, ABŞ-ın hərbi cəhətdən Ermənistanda yerləşməsi ilə bağlı İran da İrəvana xəbərdarlıq edib. Bu məsələ İran-Ermənistan əlaqələrinə necə təsir göstərəcək?

- İran bunu çoxdan etməliydi. Çünki Fransa və Hindistan Ermənistan silah göndərir, ABŞ orada təlim keçirir və mütəxəssislərini Müdafiə Nazirliyində yerləşdirir. İran bu xəbərdarlığı çoxdan etməli idi. İran həmişə İsraillə əlaqələrimizə görə bizi tənqid edirdi. Bəs Ermənistan? Bunu indiyədək deməliydilər, görünür indi ayılırlar.

Ermənistan Cənubi Qafqazda İranın yaxın tərəfdaşıdır. Əgər İran həqiqətən də Ermənistana xəbərdarlığında səmimidirsə, bu etirazını kəskin şəkildə bildirməli və tələb etməlidir. İran Ermənistandan izahat istəməlidir ki, əgər mənimlə yaxın tərəfdaşlıq istəyirsənsə, Qərbin burada nə işi var, onunla əlaqələrin niyə hərbi-texniki xarakter alıb? Əslində, bu, İranı həqiqətən də narahat etməlidir.

- Ermənilərin axır vaxtlarda şərti sərhəddə artan təxribatları nə ilə bağlıdır, hansı məqsədi güdürlər?

- Görünür, Ermənistan ABŞ-dan gələn kömək və Fransadan hərbi texnikaların göndərilməsinə görə ruhlanır. Bura bəzi Qərb dövlətlərinin Ermənistana dəstək bəyanatları da daxildir. Həmçinin düşünürəm ki, bunlar kəşfiyyat xarakterli addımlardır. Bizi sınaqdan keçirmək istəyində ola bilərlər.

Niyyətləri bu ola bilər ki, bizim müdafiə sistemlərimizin işi, ümumiyyətlə, bizim müdafiə qabiliyyətimiz hansı yerdədir. Məncə, bu da Ermənistanda gündəmdə olan bir amildir. Hətta güman edirəm ki, erməniləri buna təhrik edən qüvvələr də var, onlar da Azərbaycanın hansı formada, nələrlə və necə cavab verdiyini görmək istəyə bilərlər.

Ermənistanın bu təxribatları bizi narahat etməməlidir, biz adekvat cavabımızı veririk. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi gec-tez imzalanmalıdır. Əgər onlar problemli vəziyyətdən çıxmaq istəyirlərsə və bölgədə sabitliyin bərpa olunmasında maraqlıdırlarsa, gəlib bu sazişə imza atsınlar.

Həmçinin bunun üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdırlar. Sülh bu durumda yarana bilər, əks halda, gərginlik bundan sonra da davam edəcək.
 
Ardını oxu...
“Mercedes-Maybach” öz məhsul çeşidinə yeni modeli daxil edib.

“SL 680 Monogram Series” adlanan model ultra lüks sedan və ya SUV deyil, “Maybach”ın ilk idman avtomobilidir.

Yeni “Maybach” modelinin kuzov dizaynı iki fərqli variantda təklif olunur: “Red Ambience” və ya “White Ambience”.

Hansını seçsəniz, “Maybach”ın xüsusi işıqlandırılmış barmaqlığı və ön şüşənin altından ulduza qədər uzanan parlaq xrom zolaq standart olaraq təqdim olunur.

Digər detallara faralara inteqrasiya olunmuş qızılı hissələr və parlaq xrom materialdan hazırlanmış iki fərqli dizayna malik 21 düymlük təkər diskləri daxildir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

TV Müsavat-ın efirində aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, verilişin qonağı siyasi ekspert Elçin Alıoğlu olub. Elçin Alıoğlu Ukraynanın Kurska hücumundan və buradakı döyüş taktikasından danışıb. 

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
1995-ci ildə Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə yüksək təhsil göstəriciləri, həmçinin ictimai fəallığına görə 2013-2015-ci illərdə "İlin ən yaxşı tələbəsi” adına layiq görülüb, fəxri fərmanla təltif edilib.
2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun molekulyar biologiya ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub. 2018-2019-cu illərdə İslam İnkişaf Bankının PHD doktorantura təhsili üzrə təqaüd proqramının qalibi seçilib.
Müsahibimiz İngiltərənin Oksford Universitetində Onkologiya ixtisası üzrə təhsil alan yeganə azərbaycanlı tələbə Gülnar Abdullayevadır. O, doktorantura təhsilini bu il bitirib.
Müsahibimizin uğurları bununla da bitmir. 2019-cu ildə gənc bioloqların qış məktəbində birinci yeri tutub. Eyni zamanda, "FameLab" beynəlxalq elm müsabiqəsində Oksford Region finalçısı seçilib. HelloBio "Science Snapshots" adlı yarışmada mikroskop altında çəkdiyi şəklə görə birinci yerə layiq görülüb. 2023-cü ildə mühüm elmi nəticələr əldə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "ilin gənc alimi” diplomu ilə təltif olunub. Bununla yanaşı, Oksford Universitetinin iki il müddətində St Cross Kollecində Tələbə Nümayəndələr Komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb. İngiltərədə Azərbaycan Qadınlar Assosiasiyasının üzvüdür. 2024-cü ildə elm sahəsində xüsusi fərqləndiyinə görə gənclər üçün Prezident mükafatına layiq görülüb.
- Gülnar xanım, elmə olan marağınız haradan qaynaqlanır?
- Elmə olan marağım ailəmdən gəlir. Ailəmlə daima mütaliə etmişik, mənə maraqlı nağıllar, kiçik hekayələr danışıblar. Məktəb mühitində də müəllimlərimin verdiyi təlim-tərbiyə elmə olan marağımı daha da artırıb. Düşünürəm ki, həm mühit, həm də ailə bu prosesdə xüsusi rol oynayır. Məktəbdə texniki fənlərə çox böyük marağım olmasına baxmayaraq, humanitar fənləri və xarici dilləri də yaxşı oxuyurdum. Hətta müəllimlərim məni həvəsləndirirdilər ki, humanitar sahəyə yönəlim. Amma sonda qərar verdim ki, texniki sahəni seçməliyəm.
- Bəzən təhsil sistemimizin geri qaldığını deyirlər, necə düşünürsünüz, sizcə haqlıdırlar?
- Elə düşünmürəm. Çünki bakalavr və magistr təhsilim zamanı qazandığım bilik və bacarıqlar həyatımda çox böyük rol oynayır. Bakı Dövlət Universitetində bakalavr təhsilim zamanı məndə Molekulyar Biologiya ixtisasına qarşı xüsusi maraq akademik İradə Hüseynovanın bizə tədris etdiyi mühazirələr və təşkil etdiyi seminarlar sayəsində yarandı. Bununla, mən magistratura pilləsində Molekulyar Biologiya istiqamətini seçməyi qərar verdim. Təhsil müddətində əldə etdiyim biliklər, məlumatlar sayəsində imtahanlardan, müsahibələrdən uğurla keçərək dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul əldə etdim. Azərbaycanda aldığım bilik bazasının, elm bünövrəsinin möhkəm olmasının nəticəsində Oksford universitetində doktorantura təhsilimi müvəffəqiyyətlə tamamladım. Azərbaycanda təhsil sistemi çox yüksəkdir.
- Tədqiqatçı alim olaraq ilkin tədqiqatlarınızın mövzusu nə olub?
- İlkin tədqiqatlara Bakı Dövlət Universitetində bakalavr təhsili zamanı başlamışam. Mütəmadi tədqiqat işlərim magistratura pilləsində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında həyata keçirilib. Mənim magistr dissertasiya mövzum Azərbaycanın buğda genotiplərindən DREB transkripsiya faktoru geninin ayrılması və xarakterizə olunmasına həsr olunub. Magistratura tədqiqat işimdə əldə etdiyim nəticələr müxtəlif nüfuzlu elmi jurnallarda nəşr olunub.
- Doktorantura pilləsində onkologiya ixtisasını seçməyinizin xüsusi səbəbi varmı?
- Magistratura pilləsində təhsil aldığım zaman insan xəstəliklərinin molekulyar və genetik əsaslarının öyrənilməsinə çox böyük maraq göstərirdim. Magistraturanı bitirdikdən sonra qarşıma məqsəd qoydum ki, bu sahə üzrə təkmilləşəcəyəm və qazandığım bilik-bacarıqları azərbaycanlı tələbələrlə paylaşacağam. Əsas maraq sahəm xərçəng xəstəliyinin inkişafına səbəb olan tənzimləyici yolların molekulyar mexanizmlərinin öyrənilməsi istiqamətində idi. Bu sahədə bir çox alimlərin elmi fəaliyyətləri ilə maraqlanmağa başladım. Professor Volter Bodmerin tədqiqat işləri ilə yaxından tanış olduqdan sonra qərara gəldim ki, məhz bu laboratoriyada fəaliyyətimi davam etdirmək istəyirəm. Test müsahibələrindən və mərhələli intervyulardan keçərək professor Volter Bodmerin rəhbərlik etdiyi "Xərçəng və İmmunogenetika” laboratoriyasında doktoranturada pilləsində təhsil almaq və tədqiqat işi aparmaq imkanı qazandım. Bu, mənim üçün çox qürurverici bir haldır.
- Volter Bodmerin laboratoriyasında tədqiqatlar aparmaq, xərçəng xəstəliyini araşdırmaq sizə hansı bilikləri qatdı?
- Oksford Universitetində elmi rəhbərim professor Volter Bodmer onkologiya sahəsində nəinki İngiltərədə, bütün dünyada tanınmış alimdir. Onun rəhbərlik etdiyi laboratoriya iki əsas istiqamətdə fəaliyyət göstərir. Birincisi yoğun bağırsaq xərçənginin molekulyar və genetik əsaslarının öyrənilməsi, ikinci istiqamət isə yoğun bağırsaq xərçənginin müalicəsində immunoterapiya üsullarının tədqiqidir. Doktorantura mövzum yoğun bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsinə həsr olunub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoğun bağırsaq xərçəngi dünyada ən çox yayılan üçüncü xərçəng tipidir və dünyada xərçənglə əlaqəli ölümlərin ikinci aparıcı səbəbi kimi yer alır. Doktorantura təhsilim zamanı xərçəng xəstəliyinin öyrənilməsində və müalicəsində tətbiq edilən ən müasir metodlara yiyələnərək tədqiqatlar aparmışam və mühüm nəticələr əldə etmişəm.
- Tədqiqatlar sayəsində əldə etdiyiniz kəşflərdən, uğurlardan bəhs etdiniz. Bəs bu sahədə heç uğursuzluqlar olmur?
- Müəyyən bir məqsədə doğru gedəndə həmişə maneələr olur və bu, normaldır. Amma bu problemləri sırf təcrübə kimi qəbul edəndə, onların öhdəsindən asanlıqla gəlirsən. Səbir və əzmkarlıq əsas şərtlərdəndir. Laboratoriya şəraitində hər təcrübə istədiyimiz nəticəni vermir. Amma təcrübə mühitinin özəlliyi də budur. Hər uğursuzluqda təcrübənin müxtəlif variantlarının verdiyi nəticələrlə tanış olursan. Əgər təcrübə ilk dəfədən alınsa, bu zaman hər kəs hər şeyi asanlıqla kəşf edər. Elmin sirləri də hər kəsə açıq olar. Məsələn, doktoranturada oxuduğum müddətdə bir eksperimentin aylarla təslim olmadan müxtəlif variantlarını sınayaraq sonda çox uğurlu nəticəyə gəlib çatdım. Yoxladığım təcrübə variantlarını digər laboratoriya əməkdaşlarım ilə də paylaşaraq, eksperimental işin sürətlənməsinə vəsilə oldum.
- Dayanmadan öyrənmək, təcrübələr aparmaq sizi yormur?
- İnformasiya çoxluğu bəzən insanda stress yarada bilir. Amma onlar müəyyən müddətlik çətinliklərdir ki, səni məqsədinə daha da yaxınlaşdırır. Həmişə öyrəndiyim biliklər mənə az kimi görünür. Öyrənmə aclığı həmişə mənimlədir. Yaş artdıqca, böyüdükcə, o da böyüyür. Çünki öyrəndikcə başqa suallar yaranır. Hər yeni məlumatda "niyə”lər daha da artır.
- Elm sahəsində təhsilini davam etdirmək istəyən xanım tədqiqatçı olaraq hansı çətinliklər yaşadınız?
- Əsas çətinliyim maliyyə ilə bağlı idi. Çünki xaricdə təhsil çox yüksək məbləğ tələb edir. Həm təhsilhaqqı, həm tədqiqat ödənişi, viza prosesi çox bahadır. İstər Azərbaycanda, istərsə də Oksford Universitetində təhsil aldığım müddətdə mənə həm maddi, həm də mənəvi dəstək olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Ailəm elmə olan marağımı daima yüksək qiymətləndirib və mənə həmişə dəstək olub. Bu, mənim həyatımda çox mühüm amildir. Xaricdə təhsil almaq, orada sərbəst yaşamaq, mühitə adaptasiya həm ailəmdən, həm də müəllimlərimdən gələn dəstək sayəsində mümkün oldu. Bu dəstək sayəsində mən uğurlarımı davam etdirirəm.
- İngiltərədə Azərbaycan Qadınlar Assosiasiyasının üzvüsünüz. Qadınların cəmiyyətdəki rolunu necə görürsünüz?
- Qadınların həyatımızın hər sahəsində böyük rolu var. Bu assosiasiyaya qatılmaqda əsas məqsədim Azərbaycan qadınlarının həyatımızın müxtəlif sahələrində uğurlu fəaliyyətləri ilə tanış olmaq və öz təcrübələrimi də onlarla paylaşmaq idi. Elm sahəsində qadınların böyük xidmətlərinə aid çoxsaylı nümunələr gətirmək olar. İki dəfə Nobel mükafatına layiq görülmüş Meri Küri mənim ilham aldığım qadınlardandır. Düşünürəm ki, qadınlara potensiallarının üzə çıxması və istədikləri məqsədlərə doğru çatmaqda həm ailə üzvləri, həm də cəmiyyət daima dəstək olmalıdır.
- Elm sahəsi ilə yanaşı, həmçinin könüllü sahədə də fəalsınız...
- Könüllülük fəaliyyətim zamanı qazandığım təcrübələrin mənim həyatımda xüsusi rolu var. 2022-ci ildən Oksford Keen təşkilatında könüllü olaraq fəaliyyət göstərirəm. Qurumun əsas məqsədi xüsusi məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası ilə bağlıdır. Bu təşkilatda aktiv fəaliyyətimə görə medal və sertifikatla təltif olunmuşam. Eyni zamanda, Oksford Universitetində tələbə elmi cəmiyyətinin vitse-prezidenti kimi fəaliyyətim mənə müxtəlif ixtisaslarda təhsil alan tələbələrlə birbaşa ünsiyyət qurmaqda və onlara Azərbaycanın tarixi həqiqətləri, mədəniyyəti, milli adət-ənənələri, və bayramları haqqında məlumat verməyimdə çox mühüm rol oynadı.
- Gələcəkdə elmi təcrübənizi necə daha da paylaşmağı düşünürsünüz?
- 2024-cü ildə elm sahəsində xüsusi fərqləndiyimə görə gənclər üçün prezident mükafatına layiq görüldükdə çox böyük qürur və sevinc hissi keçirdim. Gələcək hədəflərim sırasında həm Azərbaycan universitetlərində, həm də Oksford Universitetində tədris və elmi-tədqiqat sahəsində fəaliyyət göstərmək istəyirəm. Əsas məqsədim elm sahəsində Azərbaycana Nobel mükafatını gətirmək, cəmiyyətə töhfə vermək və ölkəmizin adını daha da yüksəklərə qaldırmaqdır.
Mənbə: "Kaspi" qəzeti
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İrəvan Minsk qrupunun ləğvi ilə bağlı rəsmi Bakının tələbinə belə cavab verib ki, bu məsələyə sülh sazişinin imzalanması çərçivəsində baxa bilərlər. Ermənistan həll edilmiş Qarabağ münaqişəsi ilə bağlı yaradılmış bir qurumu hansı səbəbdən sülh prosesinə calamağa çalışır?

- Əslində, bu, məsələni sülh prosesində alver predmetinə çevirmək cəhdidir. Zatən, ATƏT-in Minsk qrupu de-fakto ləğv edilib, sadəcə bunun de-yure rəsmiləşdirilməsi qalır. Həmsədrlərin heç bir fəaliyyətləri yoxdur, heç fəaliyyət üçün əsas yarada biləcək biri durum da yoxdur.

Buna görə də, Ermənistan çalışacaq ki, Azərbaycanla gələcək danışıqlarda bunu hansısa formada alver predmetinə çevirsin. Çalışacaq ki, bunu Azərbaycana güzəşt kimi təqdim etsin, əvəzində bizdən də hansısa güzəşt qoparsın. Məncə, məsələnin sülh prosesi ilə əlaqələndirilməsi bununla əlaqəlidir.

Artıq dünya da, İrəvan da bilir ki, Minsk qrupu ölü bir quruma çevrilib, bunun danışıqlara, Ermənistan-Azərbaycan münasibətlərinə aidiyyəti ola bilməz.

- Ermənistan “konstitusiya dəyişikliyi daxili işimizdir” deyərək, Azərbaycanın bu tələbindən də yayınmağa çalışır. Bakının mövqeyi isə birmənalıdır: sülh müqaviləsi konstitusiya dəyişikliyindən sonra imzalana bilər. Bu durum prosesə necə təsir göstərəcək?

- Nədənsə belə bir fikir var ki, bütün məsələlər sülh müqaviləsi ilə həll ediləcək. İndiyədək sülh müqaviləsi imzalamayan və yanaşı yaşayan ölkələr də var. Məsələn, hələ də Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Amma bu o demək deyil ki, Azərbaycanla Ermənistan da elə olmalıdır.

Mən düşünürəm ki, sülh müqaviləsi imzalanmağa hazır olan məsələlərin yekunu kimi mümkün ola bilər. Yəni müəyyən protokolların imzalanması mümkündür. Məsələn, delimitasiya və demarkasiyanın prinsipləri ilə bağlı. Hansı ki, Tavuş-Qazax istiqamətində sərhədin müəyyənləşdirilməsi ilə bağlı öz prinsiplərimizi Ermənistana qəbul etdirdik və proses oradan başladı.

Proses eyni prinsiplərlə başqa bölgələrdə də davam edə bilər. Yəni ayrıca bir protokolun olması mümkündür. Sülh müqaviləsinin tərkibində ayrı-ayrı bəndlər şəklində olmaqla yanaşı, belə bir məsələ gündəmə gələ bilər.

Konstitusiya məsələsinə gəlincə, Azərbaycan demir ki, bu, onların daxili işi deyil. Əlbəttə, Ermənistanın daxili işidir, amma Azərbaycana aid olan hissələr bizə toxunur. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alırsa, bu, haqlı olaraq bizim narazılığımıza səbəb olur. Digər məsələlər isə daxili işləridir, özləri bilər. Amma bizə aid bir-iki cümlə var ki, haqlı olaraq bunların konstitusiyadan çıxarılmasını tələb edirik. Ermənistan tərəfindən bunu təbliğat formasına çevirmək cığallıqdır.

- Ermənilər yenidən Naxçıvan istiqamətində atəşkəsi pozmağa başlayıblar, bir neçə həftə öncə də bu yöndə təxribata əl atmışdılar. Artan pozuntular nədən xəbər verir və niyə Naxçıvan?

- Ermənistanın Azərbaycanla sərhədinin digər hissələrində Avropanın müşahidəçiləri var. Azərbaycan zaman-zaman bununla bağlı öz etirazlarını bildirsə də, həmin missiya əvvəllər Ermənistanın Azərbaycanın atəşkəsi pozması ilə bağlı yalan məlumatlarını təzkib eləmişdi. Yəni de-fakto o missiyanın sərhəddəki fəaliyyəti Azərbaycana böyük ziyan gətirmədi. Yeri gəlmişkən, Rusiya bundan daha çox narazı oldu, nəinki Azərbaycan. Amma Naxçıvanla sərhəddə o missiya yoxdur.

Naxçıvan istiqamətində Ermənistanla razılaşdırılmış əsasda Rusiyanın 4 poliqonu yerləşdirilib. Çünki bu yöndə həm də Ermənistanın Türkiyə və İranla sərhədləri də var, bunları da ruslar qoruyur. Bunu Ermənistan da etiraf edib, hətta Rusiyadan xahiş edib. Rusiya da bunu gizlətmir. Yəni orada monitorinq olmadığına görə, ərazidəki yerli komandir və generalların kimə tabe olduqları sual altındadır.

Rusiyanın onlara nə qədər təsirinin olub-olmadığı naməlumdur. Atəşkəsin Rusiya sərhədçilərinin yerləşdikləri istiqamətlərdə pozulmasının özü də əlavə suallar yaradır.

Maraqlı situasiyadır, çünki son zamanlarda sərhədin digər istiqamətlərində hansısa problemlər yaşanmır. İndi atəşkəsin o bölgədə pozulması müəyyən mənada ona işarədir ki, burada sərhəd Ermənistan hərbçilərinin nəzarətində deyil. Ermənistan rəhbərliyi bu nəzarəti təmin etmək üçün iş görməlidir.

- Fransa Prezidenti Emmanuel Makron sentyabrda Ermənistana gələcək. Bu səfərdə məqsəd nədir, ümumiyyətlə, niyə Fransa xarici siyasətində Cənubi Qafqaz, yaxud Ermənistanı ön plana çıxarıb?

- Məncə, Ermənistan-Fransa yaxınlaşması təkcə erməni lobbisinin fəaliyyəti və Parisin Azərbaycana anlaşılmaz, mənasız və pis münasibətinin nəticəsi deyil. Əlbəttə, bunların da təsirləri var, amma əsas məsələ bir az fərqlidir.

Tarixə baxdıqda həmişə Britaniya və Fransa arasında bir daimi rəqabət görürük. Hətta bu rəqabət orta əsrlərdə iki ölkə arasında Yüzillik Müharibəyə də səbəb olmuşdu. İngilislər və fransızlar bir-birləri ilə ən çox müharibə edən xalqlardır. İndi Britaniya-Azərbaycan münasibətlərinin çox yaxşı olması sanki Fransada bir narahatlıq yaradır, buna görə Azərbaycanın qarşısında – Ermənistanda mövqeyini gücləndirməyə çalışır.

Fransa Cənubi Qafqaza başqa yerlərdən girə bilməyəcəyini anlayır. Azərbaycan və Gürcüstan üzərindən mümkün deyil, bu səbəbdən də Ermənistan üzərindən Cənubi Qafqazda söz sahibi olmağa çalışırlar. Bundan başqa, nə qədər sözdə ciddi qarşıdurma olduğu hiss edilsə də, Fransanın həmişə İranla da özəl münasibətləri olub. Bu özəl münasibətlər bu gün də davam edir. Fransa İranla birlikdə bəzi layihələrin Ermənistan üzərindən həyata keçirilməsini düşünür.

Bir sözlə, məsələ bir yox, çoxtərəflidir. Onu da demək lazımdır ki, artıq Makronun siyasi karyerası bitib. Ən yaxşı halda iki il Fransa prezidenti olmaqda davam edəcək, bundan sonra özünün də, partiyasının da siyasətdə qalmaq şansları sıfıra bərabərdir. Makron həddindən artıq qeyri-populyar prezidentdir. Dediyim kimi, o, sadəcə Ermənistan üzərindən Cənubi Qafqazda, həmçinin digər bölgələrdə söz sahibi olmaq istəyir, bununla qlobal oyunda əlini gücləndirməyə çalışır.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb. Artıq döyüşlər təkcə Ukrayna ərazisində deyil, həm də Rusiya ərazisində gedir. Belə ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətində irəliləməyə başlayıb. Ertəsi gün Rusiya Təhlükəsizlik Şurasının fövqəladə iclasında Baş Qərargah rəisi Valeri Gerasimov Putinə Ukrayna ordusunun tam “məğlubiyyətini” təmin edəcəyinə söz verərək, işğalçı qrupun sayı ilə bağlı etibarsız məlumat verib. O, həmçinin dövlət başçısını əmin edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə daha da irəliləməsi “dayandırılıb”.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının onlarla yaşayış məntəqəsini nəzarətə götürüb və təslim olan Rusiya hərbi qulluqçularının dəqiq sayını indi demək mümkün deyil: Rusiya və Ukrayna “Telegram” kanalları hər gün təslim olmanın yeni video sübutlarını dərc edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığındakı hücumu zamanı Rusiyanın itkilərini də qiymətləndirmək çətindir. Rusiya ərazisində başlayan və Kremli təəccübləndirən hərbi əməliyyatlar fonunda Rusiya Federasiyasının üç regionunda - Kursk, Belqorod və Bryansk vilayətlərində “antiterror əməliyyatı” rejimi tətbiq edilib. Rusiya Müdafiə Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin hücumuna qarşı heç nə edə bilməməsi Moskvada narahatlıq yaradıb və Vladimir Putini və Rusiya komandanlığını “əsəbləşdirib”.

“Bloomberg” Rusiya kəşfiyyatının iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində gözlənilən sərhədi pozmasından xəbərdar olduğunu yazıb və qeyd edib, lakin Valeri Gerasimov bütün xəbərdarlıqlara məhəl qoymayıb və Putini bununla narahat etməməyə qərar verib.

İndi isə Ukrayna ilə sərhəd ərazilərindən Rusiya vətəndaşlarının köçürülməsinə başlanılıb. Ekspertlər hesab edirlər ki, Rusiya başını itirib və 10 gündür ki, hansısa uğur əldə edə bilmir. Baş verənlərin müharibənin gedişini dəyişəcəyi proqnozları artır.

Baş verənləri AYNA-ya müsahibəsində şərh edən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, faktiki olaraq, artıq müharibə Rusiya ərazisində gedir:

- Baxmayaraq ki, başda Putin olmaqla, Rusiya rəsmiləri bunu “genişmiqyaslı təxribat” adlandırır, amma bu, müharibədir. Rusiya təbliğatçıları isə bunu “terror aktı” kimi təqdim edirlər. Amma Rusiya baş verənləri Ukraynaya qarşı addımlarının adekvat cavabı kimi qəbul etməlidir. Bu gün Rusiya öz məhvərindən çıxmış, reallıqları itirmiş, çaşqın cəziyyətdir. Görünür ki, Kremldəkilər baş verənləri dərindən anlamaqda çətinlik çəkirlər. Ona görə də ağıla gələn və gəlməyən addımlar barədə bəyanat verirlər. Rusiyada ilk dəfədir ki, qaçqınlar yaranıb. Onların sayı da kifayət qədərdir. Çünki məsələ təkcə Kurskla yekunlaşmır, orada Belqorod, Bryansk, Ukrayna sərhədinə yaxın ərazilərin sakinləri də qaçqın durumuna düşüblər. Bu gün baş verənlər gözlənilən idi. Bundan sonra Rusiya üçün daha ağır nəticələr olacaq. Demirəm ki, Ukrayna Kursku işğal edəcək, amma uzun müddət ərazilər Ukrayna ordusunun nəzarətində olacaq.

- Məlumatlar var ki, Rusiya yeni səfərbərliyə hazırlaşır...

- Rusiya buna məcburdur. Rusiya ilin sonunadək yeni səfərbərlik dalğasına başlayacaq. Bu gün Rusiyanın səfərbərliyə böyük ehtiyacı var. Çünki Rusiya ordusu darmadağın vəziyyətdədir. Onu da deyim ki, Rusiyada hərbi xidmətə getmək istəyənlər yoxdur, qaçırlar. İndi müqavilə ilə əsgərlər cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atırlar, onlara pul mükafatları vəd edirlər. Amma düşünürəm ki, bu tədbirlər effekt verməyəcək.

Baş verənlər Rusiya ordusunun çürük vəziyyətdə olmasını dünyaya əyani şəkildə göstərdi. Hesab edirəm ki, bu gün tarixi hadisə baş verir: Rusiya imperiyası dağılmaqdadır.

- İmperiya dağılır demişkən, ruslar hərbi xidmətə getmək istəmirlər, Kursk Ukraynanın nəzarətinə keçdi, qaçqın ordusu yaranıb və s. Bunlar Rusiya daxilində etirazları gücləndirə, Putini hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilərmi?

- Bu ehtimal böyükdür. Putinin keçirdiyi iclaslarda əsəbi vəziyyəti də onu deməyə əsas verir ki, Rusiya Prezidenti hakimiyyətinin sonunun gəldiyini anlayır. Məsələ burasındadır ki, Kursk məsələsində ordunun Baş Qərargah Rəisi Valeri Gerasimov Putini aldadıb, yalan danışıb, rəhbərdən reallığı gizlədib. Bu da onu göstərir ki, Kreml daxilində çatlar əmələ gəlib. Rusiya siyasi elitasında müharibəyə qarşı olan şəxslər var. Düzdür, onlar açıq şəkildə ittiham səsləndirmirlər, qorxularından danışmırlar. Amma elə məqam yetişə bilər ki, həmin elitanda olanların özləri Putini hakimiyyətdən sala, hətta onu fiziki məhv edə bilərlər.

Bu gün “dünyanın ikinci ordusu” rəzil durumdadır, əsgərləri silahı yerə qoyur və təslim olur. Onlar anlayırlar ki, mənasız müharibədir, haqsız müharibədir, işğal müharibəsidir. Ona görə də döyüşməkdən imtina edənlərin sayı artır. Rusların böyük əksəriyyəti Putinin avantürası üçün ölmək istəmirlər. Rus əsgər analarının yerlərdə etirazları vüsət alır. Onların səsi mətbuata çıxmır, çünki Kreml bu kanalları bağlayıb. Amma etirazlar var və bunu Rusiya hakimiyyəti yaxşı bilir. Əlbəttə, bu hadisələr sonda Rusiyanın məğlubiyyətinə gətirəcək və Putinin sonu olacaq.

- Belarusun müharibəyə qoşulması ehtimalı barədə məlumatlar var. Bunu necə qiymətləndirmək olar?

- Bilirsiniz, Belarusla bağlı məsələ aydındır. Burada Belarusun bu avantüraya qatılmasından söhbət gedə bilməz. Minskin müharibəyə qoşulmaq qərarı verəcəyinə inanmıram. Müharibə artıq iki il yarımdır ki, davam edir. Bu müddətdə dəfələrlə Rusiya Belarusu müharibəyə cəlb etmək istəyib, amma niyyətinə çata bilməyib. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenko təcrübəli siyasətçidir və o, bu avantüradan ustalıqla yayınıb. Hesab edirəm ki, Lukaşenko reallığı dərk edir, bunun Belarus üçün hansı mənfi nəticələr verə biləcəyini gözəl bilir. Lukaşenko bir növ Putini aldatmağı bacarırı, prosesdən yayına bilir. Belarus xalqı da Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşıdır.
 
Ardını oxu...
Donald Tramp İlon Maska müsahibəsində nələr dedi?

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd və keçmiş Prezident Donald Tramp özünün “X” sosial şəbəkəsində amerikalı milyonçu İlon Maska canlı yayımda müsahibə verib. Verilişi milyondan çox istifadəçi izləyib. Müsahibə kütləvi kiberhücum səbəbindən 40 dəqiqədən çox gecikmə ilə başlayıb. Mask və Tramp ABŞ-dakı seçki yarışını, Ukraynanın Rusiya, Rusiya Prezidenti Vladimir Putinlə hərbi münaqişəni davam etdirmək imkanlarını və bəşəriyyət üçün əsas təhlükələri müzakirə ediblər.

Tramp seçkilərdəki rəqibi, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisin səriştəsizliyini növbəti dəfə bəyan edib. Siyasətçi miqrasiya böhranının Prezident Co Baydenin və xüsusən də daxili siyasətin bu sahəsinə nəzarət edən Harrisin özünün siyasətinin birbaşa nəticəsi olduğunu vurğulayıb.

Tramp Baydenin seçki yarışından geri çəkilmə mövzusuna da toxunaraq, prezidentin sadəcə olaraq Demokratlar Partiyası tərəfindən sıxışdırıldığını və bunun “ABŞ Prezidentinə qarşı çevriliş” olduğunu söyləyib. Tramp Baydenin "tərəvəz vəziyyətinə yaxın olduğunu" da söyləyib və bu, məzuniyyətindən olan görüntülərdə nəzərə çarpır. Eyni zamanda, siyasətçi vitse-prezident Harrisi Ağ Evin indiki rəhbərindən də səriştəsiz hesab edir.

“Bayden ayrılmaq istəmədi və Demokratlar Partiyası dedi: "Biz bunu gözəl edə bilərik, ya da sərt edə bilərik".

ABŞ prezidentliyinə namizəd bildirib ki, o, Rusiya lideri Vladimir Putinlə yenidən anlaşmağa ümid edir, çünki bu, Vaşinqton üçün faydalı olacaq. Tramp vurğulayıb ki, o, “Putini çox yaxşı tanıyır”, onunla yaxşı münasibətdə olub və Ağ Evi zəbt edən zaman ona hörmətlə yanaşıb. Siyasətçi Rusiya Prezidentini “yaxşı danışıq aparan” adlandırıb.

Tramp hesab edir ki, Ukraynanın Rusiya ilə hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər hərbi personalı yoxdur. O, həmçinin vurğulayıb ki, “xüsusi hərbi əməliyyatın” başlanmasına görə məsuliyyət Putinlə danışıqlara başlamaq əvəzinə 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində “axmaq şeylər danışmağa” başlayan Co Baydenin üzərinə düşür.

Tramp müsahibəsində Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisini əngəlləyənin məhz o olduğunu bildirib.

O, Baydeni Ağ Evi ələ keçirən kimi layihə üzərində işin qarşısını aldığına görə qınayıb. Trampın sözlərinə görə, bloklama Amerikanın “Keystone XL” layihəsini dəstəkləmək üçün lazım idi, onun tikintisi isə öz növbəsində Bayden tərəfindən əngəllənmişdi.

ABŞ prezidentliyinə namizəd Mask ilə sui-qəsd cəhdini müzakirə edib və deyib ki, “başının üstündən güllələr uçarkən” ABŞ Məxfi Xidməti peşəkarcasına hərəkət edib.

“Sürreal bir şey oldu, əvvəllər heç yaşamadığım bir şey. Dərhal mənə aydın oldu ki, bu güllədir və zərbə çox güclüdür”, Tramp vurğulayıb.

Trampın sözlərinə görə, agentlər onu ört-basdır edib, çox tez və cəsarətlə hərəkət ediblər, lakin koordinasiyadan məhrum olublar.

Tramp ABŞ-Çin münasibətlərinə diqqət yetirib. Onun fikrincə, Bayden Çini Rusiyaya doğru sövq edib ki, bu da Vaşinqtonun maraqlarına ciddi təhlükə yaradır. Siyasəti xüsusilə nüvə silahının inkişafı narahat edir: Tramp hesab edir ki, Çin bu tip silahların həcminə görə asanlıqla Rusiya və ABŞ-ı tuta bilər. Trampın sözlərinə görə, ABŞ-ın Rusiya Federasiyası və Çinə müqavimət göstərə biləcək “ağıllı prezident”ə ehtiyacı var və o, Rusiya lideri Putin və Çin lideri Si Çinpinlə yaxşı qurulmuş münasibətlər sayəsində şəxsən buna nail olub.

“Hər şey Çinin bizi tutması və bəlkə də üstələməsi ilə bitəcək”, - prezidentliyə namizəd vurğulayıb.

Mask və Tramp iqlim məsələlərini də müzakirə ediblər. Bu barədə danışan siyasətçi bildirib ki, onu artıq qlobal istiləşmə deyil, “nüvə istiləşməsi” narahat edir. Tramp əmindir ki, üçüncü dünya müharibəsi başlayarsa, nüvə silahının istifadəsi ilə aparılacaq və “görünməmiş dağıntılar” gətirəcək.

Bu arada, CNN jurnalistləri Trampın qlobal iqtisadiyyat və xarici siyasətlə bağlı bir sıra açıqlamalarını sürətlə yoxlayıblar və ABŞ prezidentliyinə namizədi qeyri-dəqiqlikdə ittiham edib. Xüsusilə, o, Venesuelada cinayət nisbətini aşağı qiymətləndirib və Afrika ölkələrində miqrasiya ilə bağlı vəziyyəti yanlış qiymətləndirib.

Trampın yanlış bəyanatlarının əksəriyyəti vitse-prezident Kamala Harrisin hərəkətləri ilə bağlı olub. ABŞ prezidentliyinə namizəd ölkənin cənub sərhədindən qeyri-qanuni keçidlərin sayını xeyli şişirdib: o, hər gün “milyonlarla qaçqının” keçdiyini, baxmayaraq ki, hətta miqrasiya böhranının pik dövründə bu rəqəm gündə 370 mini keçib. Tramp həmçinin hesab edirdi ki, Bayden dövründə ABŞ-a 20 milyon qeyri-qanuni miqrant gəlib və Harris daxili siyasətin bu sahəsinə nəzarət etdiyi üçün buna görə məsuliyyət daşıyır. Jurnalistlər bu halda Trampın qeyri-qanuni mühacirlərin sayını ikiqat artırdığına diqqət çəkib.

Müəllif: Ayna.az
 
 
 

Dünyapress TV

Xəbər lenti