Ardını oxu...
"Bəziləri prosesə qatılmağın mənasız olduğunu düşünərək, namizədliklərini geri çəkiblər"
Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata avqustun 9-dan start verilib.

Əvvəllər seçkiqabağı təbliğat və təşviqat kompaniyası daha çox media üzərindən aparıldı. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən verilən məlumata əsasən də seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtı, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində isə ödənişsiz dərc üçün yer ayrılıb. Eyni ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 58 media qurumundan təqdim olunan məlumat da MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib. Amma hazırda parlament seçkilərində iştirak edən namizədlər mediadan yan qaçırlar. Onlar, daha çox öz feysbuk və tiktok sosial şəbəkə hesablarında təbliğat-təşviqat kompaniyasını yerinə yetirirlər. Həmçinin, təbliğatla bağlı şəkil və videolarını tiktok səhifələrində paylaşırlar.

Mövcud vəziyyətlə bağlı “Sherg.az” “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyevin fikirlərini öyrənib.

- Mehman bəy, parlament seçkiləri ilə bağlı ümumi prosesi necə qiymətləndirirsiz?

- Parlament seçkiləri ilə bağlı mövzuları dəyərləndirmirəm. Çünki heç maraqlanmıram da. Bu seçki prosesi deyil. Ümumiyyətlə seçki yoxdur. Parlament təyinatla formalaşdırılır.

- Namizədlərin təbliğat və təşviqat kompaniyasında mediadan daha çox sosial şəbəkəyə üz tutmasının səbəbi nədir? Maliyyə xərcləri ilə bağlıdırmı?

- Bu gün auditoriya daha çox sosial şəbəkələrdə cəmləşib. Ona görə də sosial şəbəkə vasitəsilə işləmək daha rahatdır. Belə olan halda isə namizədlər təbliğat-təşviqat kompaniyasını sosial şəbəkə üzərindən aparırlar. Fikrimcə, burada maliyyə xərcləri ikinci məsələdir.

- Bildiyimiz kimi təbliğat və təşviqat kompaniyasından əvvəl bəzi namizədlər seçkilərdə iştirak etməkdən geri çəkildilər. Bu nə ilə əlaqədər ola bilər?

- Bayaq qeyd etdiyim kimi, bizdə təyinatlı seçki prosesidir. Formal şəkildə həyata keçirilir. Kimin seçilib-seçilməyəcəyi xalqdan yox, hökümətdən asılıdır. Buna görə də bəziləri prosesə qatılmağın mənasız olduğunu düşünərək, namizədliklərini geri çəkiblər.

-Bəs yeni parlamentdən gözləntiləriniz varmı?

- Parlamentdən heç bir gözləntim yoxdur. Parlamentin siyasi, sosial, iqtisadi və daxili həyata heç bir təsiri yoxdur.
 
 

 


Ardını oxu...
 

Politoloq Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılmasını şərh etdi

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyi müqaviləsindən çıxarılması  barədə fikirlər səsləndirib. Onun sözlərinə görə, hər iki tərəf sözügedən bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirməklə bağlı razılığa gəlib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, İTV-nin “Diqqət mərkəzi” proqramına qonaq olan politoloq Eldar Namazov mövzunu şərh edərək bunun çox vacib qərar olduğunu açıqlayıb.

“Bu qərar Azərbaycanın mövqelərini möhkəmləndirir, Ermənistanı daha da çətin vəziyyətə salır. Burada bir hadisədən söhbət getmir - bu, təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil, ümumiyyətlə, kommunikasiya məsələləri müqavilədən çıxdısa, hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər. Əslində isə burada bir neçə vacib hadisə baş verdi. Azərbaycanla Ermənistan arasında 3 kommunikasiya müzakirə olunurdu. Biz daha çox Zəngəzur dəhlizi haqqında danışırdıq. Ermənilər daha çox Culfaya dəmir yollarının açılması və Culfa vasitəsilə İranla dəmir yollarına birləşməsi haqqında danışırdılar. Ermənistan özünün sanki Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib oyunçusuna çevriləcəyi haqqında bəyanatlar verirdi. Həmçinin İcevan-Qazax dəmir yolunun açılmasını istəyirdilər. Belə çıxır ki, hər 3 məsələ bir az təxirə salınır”, - politoloq bildirib.

E.Namazov vurğulayıb ki, E.Əmirbəyovun müsahibəsindən sanki ermənilərin qarşısında bir yol xəritəsinin qoyulduğu aydınlaşır: “Yəni get əvvəlcə konstitusiyanı dəyiş, konstitusiyandan Azərbaycana qarşı ərazi iddialarını çıxar, bəzi qanunlara düzəliş et. Bütün bunlardan sonra Ermənistanla sülh sazişi imzalana bilər. Və bundan sonra kommunikasiyalar məsələsinə baxa bilərik”.

Politoloq bildirib ki, əslində biz “onların düşdükləri dalanın qapısını bağlayırıq və açarı da cibimizə qoyuruq”: “Paşinyan bir müddət əvvəl bəyanat verdi ki, yeni konstitusiya hazırlanmalıdır. Bunun üçün 2026-cı ilin sonuna qədər Ermənistan hakimiyyətinə vaxt verib. Əgər konstitusiya o vaxt hazırlansa, referendum 2027-ci ildə olacaq. Ondan sonra kommunikasiya məsələsini müzakirə edə bilərik. Bu onu göstərir ki, onların qarşısına yol xəritəsi, şərt qoyulub.

Belə vəziyyət yaranır ki, ermənilər yaxın 3-4 ildə öz daxili işləri ilə məşğul olmalıdır. Azərbaycan isə həm Avropa İttifaqı və Çinin dəstəyi ilə Gürcüstanla bir yerdə Orta dəhlizi genişləndirməlidir. Zəngəzur dəhlizindən aşağıda Araz dəhlizi deyilən yer var, biz oradan İran ərazisindən Türkiyəyə yol açacağıq. Bakı-Tiflis-Qars yolumuz da var idi ki, indi modernizə olunur. Bu isə ikinci yoldur. İran tərəfi də elan edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycandan keçəcək. Artıq bununla bağlı qərar verilib.

Bir müddət əvvəl Şoyqu Azərbaycana gələndə onun yanında İqor Levit oturmuşdu, o, Putinin beynəlxalq dəhlizlər üzrə köməkçisidir. O, həm Tehrana, həm Bakıya gəlmişdi. Burada bir məqsəd var idi, Astara-Rəşt məsələsi həll olunur, Azərbaycan Rusiya-İran və bütün dünya arasında mühüm rol oynayacaq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas oyunçusuna çevrilir. Bu qərarların hamısı eyni vaxtda elan olundu. Bundan sonra biz bütün dəhlizləri açırıq və genişləndiririk".

E.Namazov əlavə edib ki, Azərbaycan ilk növbədə Şimal-Cənub Nəqliyyat Dəhlizinin Ermənistandan deyil, Azərbaycandan keçəcəyini təsdiqləyir. Araz dəhlizini açır, Orta dəhlizi genişləndirir. Bundan sonra isə Zəngəzur dəhlizini açacağıq. Bütün bunlar onu göstərir ki, biz öz planlarımızdan imtina etmirik.

“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Britaniyanın “Teleqraf” qəzetinin Azərbaycanla bağlı iddiası müzakirə olunur. Həmin iddiaya görə, İran Prezidenti Məsud Pezeşkian SEPAH generallarına birbaşa İsraili yox, bu ölkənin Azərbaycan və İraqdakı bazalarını (?) vurmağı təklif edib. Sizcə, bu iddianı kimlər ortaya atır, məqsəd nədir və nə qədər doğrudur?

- Əslində, informasiyanın mənbəyinin nə dərəcədə mötəbər olması ciddi şübhə yaradır. Nəzərə almaq lazımdır ki, elə son bir ayda Yaxın Şərqdə baş verən proseslərlə bağlı kifayət qədər bilgi çirkliliyi müşahidə olunur. Diqqət edin, əvvəl “Teleqraf” Pezeşkianın adından bu iddianı yaydı, bir neçə gün sonra elə həmin informasiya kanalları vasitəsilə guya Azərbaycan və Gürcüstan ərazilərində mövcud olan İsrail hərbçiləri ilə bağlı dezinformasiya dövriyyəyə buraxıldı. Şübhəsiz ki, bunlar biri-birləri ilə əlaqəlidir.

Bir informasiya müharibəsinin aparıldığını görürük və burada heç bir əsas olmadan ölkəmizin də adı məqsədli şəkildə hallandırılır.

Birincisi, Pezeşkianın belə bir təkliflə çıxış etməsi inandırıcı deyil, ən azı, Azərbaycanın adını çəkməsi şübhəlidir. İran-Azərbaycan münasibətlərinin yaxşılaşacağına ümidlərin artdığı vaxtda Pezeşkianın belə bir təkliflə çıxış etməsi absurd olardı.

İkincisi, bütün dünya ictimaiyyətinə, hətta münaqişədə olan tərəflərə də məlumdur ki, Azərbaycanın ərazisində heç bir əcnəbi hərbçi yoxdur. Baş verənlər fonunda İrana qonşu ölkələrlə bağlı iddiaların ortaya atılması gərginliyin daha da artırılmasına hesablanmış ola bilər.

Ümumiyyətlə, təxminən son bir ayda Yaxın Şərqdəki gəlişmələrlə bağlı ciddi dezinformasiya axını görürük. Məsələn, Suriya-Türkiyə əlaqələrinə dair müsbət mesajların verildiyi zamanda bir uşağa təcavüzlə bağlı manipulyativ kontentlərin dövriyyəyə buraxılmasının və ardınca nələr yaşandığının şahidi olduq. Qərb xüsusi xidmət orqanları həmişə olduğu kimi, yenə də mediadan assimetrik savaşda başlıca təsir və yönəltmə aləti kimi istifadə etməkdədir. Sosial şəbəkələr və media üzərindən fikirləri qarışdırmaq, beynəlxalq ictimai rəyi yönəltmək, ölkələr arasında gərginlik və çaşqınlıq yaratmaq başlıca məqsəddir.

Ümid edirik ki, İran yaxın zamanlarda Pezeşkianın adından yayılmış bu məlumata rəsmi münasibət bildirəcək. Digər tərəfdən, İran daxilində də ciddi proseslər gedir, yeni nazirlər kabineti formalaşır, Cavad Zərif istefa verdi. Parlel olaraq, İran-İsrail və İsrail-“Hibzullah” gərginliyi qarışıq mənəzərə yaradır. Bu fonda da belə dezinformasiyalar yaymaqla ictimai rəyi aldatmaq və yönəltməyə çalışırlar.

- Yəni İsrailin “Kan” telekanalının iddiasına da siz dediyiniz kontekstdə baxmalıyıq? Artıq Medianın İnkişafı Agentliyi (MEDİA) də bunu təkzib edib, dezinformasiya olduğunu bildirib.

- Bəli, həmin dezinformasiya kampaniyasının tərkib hissəsidir. Hazırkı gərginlik fonunda belə dezinformasiyalar ön plandadır.

Dediyim kimi, əvvəlcə Pezeşkianın adından “İsrailin Azərbaycandakı bazalarını vurmaq” iddiası yayıldı, sonra Azərbaycanda guya İsrail hərbçilərinin olması ilə bağlı dezinformasiya dövriyyəyə buraxıldı. Halbuki Azərbaycanda nəinki İsrail, ümumiyyətlə, heç bir başqa ölkənin baza və ya hərbçisi yoxdur. Azərbaycan ərazisində, yalnız Qarabağımızda Rusiyanın sülhməramlı kontingenti var idi ki, onlar da torpaqlarımızı tərk ediblər. İndi Azərbaycan ərazisində heç bir ölkənin əsgəri yoxdur.

İnformasiya müharibələrində belə texnologiyalardan çox istifadə olunur. Söhbət ortaya atılmış bir dezinformasiyanın inkişaf etdirilməsi və ya davam etdirilməsindən gedir. Hazırda da bu texnologiyanın tətbiqinin şahidiyik. Təəssüf ki, bu zaman Azərbaycanın adı hallandırılır. Məqsədlərdən biri də İran-Azərbaycan münasibətlərinə təsir göstərməkdir. Bu cür iddialar Yaxın Şərqdə baş verə biləcək hansısa gəlişmənin Cənubi Qafqaza daşınması ehtimalı və bunun üçün zəmin yaratmaq məqsədilə gündəmə gətirilir.

- Bəs İran-İsrail gərginliyi necə bitəcək? Qərb mediası günlərdir İranın tezliklə hücuma keçəcəyini yazır. Əgər İran hücum qərarı veribsə, niyə gecikir, yaxud nəyi götür-qoy edir?

- İranla İsrail arasında müharibə ehtimalının olmadığını hər zaman bildirmişəm. İranın hücum edəcəyini, bununla da irimiqyaslı, birbaşa müharibənin başlayacağını şərtləndirən amillər mövcud deyil. Hətta Haniyənin Tehranda öldürülməsi də buna səbəb ola bilməz.

Bəli, İran öz nüfuzunu qorumaq üçün addımlar atacaq. Ola bilər ki, bu, aprel ayında İsrail ərazisinə edilən raket hücümlarından bir qədər böyük miqyasda olsun. Yaxud proksi qüvvələr vasitəsilə hansısa cavablar verilsin. Amma bu, birbaşa və genişmiqyaslı müharibəyə əsas verəcək hücum səviyyəsində olmayacaq.

Unutmayaq ki, Pezeşkianın seçkilərdə qalib gəlməsini şərtləndirən əsas amillərdən biri İran sisteminin Qərblə dialoqa getmək istəyindən irəli gəlirdi. İran Qərblə dialoqa getmək istəyir, bunun üçün islahatçı namizədlərdən birinin qalib gəlməsi lazım idi, o da Pezeşkian oldu.

İranda seçki keçirilərkən ABŞ-dən də bir açıqlama gəldi ki, Vyana razılaşmasına qayıtmağa hazıdırlar. Vurğulamaq istərdim ki, Tramp dönəmində nüvə anlaşmasından ilk çıxan ölkə məhz ABŞ idi. İran bundan bir müddət sonra nüvə müqaviləsindən çıxdığını bəyan etmişdi. Bu gün isə Bayden administrasiyasının İranla dialoqa hazır olduğunu sezirik, İran da bunu istəyir. Qalib gələn islahatçı qanadın namizədi ilə bu məsələni həll etməyə çalışırlar.

Bütün bunların fonunda isə Haniyənin öldürülməsinin şahidi oluruq. Bu o deməkdir ki, həm İran, həm Qərb, həm də bəzi Yaxın Şərq ölkələrinin özündə bu dialoqun baş tutmasını istəməyən ciddi qüvvələr var. Suriya və Türkiyə prezidentlərinin görüşünü istəməyən qüvvələr kimi... Həmin qüvvələr mövcud gərginlikdən hər cür istifadə etməyə çalışırlar.

Digər yandan, Yaxın Şərqdə baş verənləri yalnız bölgədə olan və regionda marağı olan dövlətlərin xarici siyasət prioritetləri kimi görmürük, bunların həm də daxili siyasətdə ciddi təsir faktoruna çevrilməsinin şahidi oluruq.

- Bunu necə izah etmək olar?

- Məsələn, noyabrda ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu fonda Respublikaçılar və Demokratların bir-birlərinə qarşı istifadə etdikləri ən ciddi təzyiq arqumentləri Yaxın Şərqdə baş verənlərlə bağlıdır. İsrailə dəstək və İranla münasibətlərin gələcəyi kimi... Tərəflər bu mövzulardan bir-birlərinə qarşı istifadə edirlər.

İrandakı sistem də bu gərginlikdən öz maraqları üçün istifadə edir. Son zamanlarda İran daxilində gedən proseslərlə bağlı ciddi informasiyalar gəlir. Məsələn, SEPAH-ın yeni seçilmiş prezident və komandasına təzyiqinin artırması, Cavad Zərifin istefası və sair. Yəni İranda da tərəflər bu mövzudan bir-birlərinə qarşı istifadə edirlər.

Eyni proses İsrail daxilində də gedir. Netanyahu hökuməti vəziyyəti daha da gərginləşdirməklə öz hakimiyyətinin müddətini artırmağa çalışır. İsrail daxilində kifayət qədər ciddi siyasi qüvvələr var ki, müharibə tərəfdarı deyillər. Söhbət təkcə İsrail-İran gərginliyi yox, həm də Qəzzada baş verənlərdən gedir.

Bir sözlə, Yaxın Şərqdə baş verənlərin ayrı-ayrı ölkələrin daxili siyasətlərində ciddi təzyiq alətlərinə çevrildiyini görürük. Bu fonda həm İran, həm də İsraildə kifayət qədər praqmatik düşünən qüvvələr var. Onlar bilirlər ki, bu müharibə təkcə İran və İsrail yox, bütün bölgədə dağıdıcı fəsadlara gətirib çıxaracaq. Buna görə də, belə bir müharibənin olacağını düşünmürəm.

Apreldə də belə olmuşdu. O zaman da İsrail bir addım atdı, İran da ona hansısa formada cavab verdi. İndi yenə oxşar durum yaranıb.

- Hansı qüvvələrdən söhbət gedir?

- Əsasən kənar qüvvələrdir. Qərb mediası iki həftədir İranın bu gün-sabah hücum edəcəyini yazır. Halbuki “Hizbullah” lideri Nəsrullah da öz çıxışında bəzi eyhamlar vurdu. Bildirdi ki, bəli, cavab veriləcək. Amma bu cavab hansı şəkildə və ya miqyasda olacaq? İran cavab verməsə, Yaxın Şərqdəki nüfuzu sorğuya alınacaq, eyni zamanda nəzarətdə saxladığı proksi qüvvələrin mərkəzdənqaçma prosesi baş verə bilər ki, bu, Tehran üçün qəbuledilməzdir.

Buna görə də, İran cavab verməyə məcburdur, amma bir daha təkrar edirəm, bu hansı formada və miqyasda olacaq?

- Hansı forma və ya miqyasda ola bilər?

- Apreldə yaşananların bir qədər fərqli şəkildə təkrarlanmasının şahidi ola bilərik: bir az daha geniş formada. Həm İsrail, həm də İran tərəfi gözəl anlayır ki, bu iki ölkənin müharibəsi Yaxın Şərq üçün ən arzuolunmaz ssenaridir. Ortada bir böhran var, amma idarəolunandır. Müharibə isə prosesləri nəzarətdən çıxarda bilər. Bu səbəbdən İranın hücumu ilə irimiqyaslı müharibə gözlənilən deyil.

Başqa bir ssenari də mümkündür. Biz nədənsə elə İranın hücumundan danışırıq, daha doğrusu, dünya mediası bundan yazır. Amma ilk hücum edən tərəf İsrail olsa necə? Xatırlatmaq istərdim ki, son günlərdə belə açıqlamalar da var: İsrailin İrana yönəlik qabaqlayıcı tədbirlər görəcəyi ilə bağlı. Belə bir addım atılarsa, nəticələri necə ola bilər? Bu, qorxunc ssenaridir. Nəzərə almaq lazımdır ki, Netanyahu hökuməti bura qədər də yetərincə kəskin və sərt qərarlar verib.

ABŞ-nin son günlərdə diplomatik görüşləri istensivləşdirməsinə, ərəb ölkələri ilə müzakirələrin aparılmasına diqqət çəkmək istərdim. Bir neçə gün əvvəl Baydenin Netanyahu ilə telefon danışığı haqda belə bir məlumat yayıldı ki, ABŞ prezidenti İsrail baş naziri ilə qeyri-diplomatik şəkildə söhbət edib və geri addımlar atmasını tələb edib. Bu isə həm də belə bir təhlükənin mövcud olmasından xəbər verir.
         
Ardını oxu...
Mətbuatda yayılan məlumatlara görə, ilin birinci yarısında əlamətdar hadisə baş verib. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi dəmir yolu ilə daşınan yüklərin payını üstələyib.

Bu, Azərbaycanın nəqliyyat sistemi üçün nə deməkdir və hansı dəyişikliklər baş verir?

Tribunainfo.az xəbər verir ki, “Haqqin.az” saytı bu və digər məsələlərlə bağlı “Alliance Logistics” şirkətinin baş direktoru, iş adamı Natiq Heydərovla danışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

— Son dövrlərdə yük avtomobilləri ilə 3,9 milyon ton, dəmir yolu ilə isə 3,8 milyon ton tranzit yük daşınıb. Fərq azdır, amma ekspertlərlə söhbətdən sonra başa düşdüm ki, bu, çox vacib xəbərdir. Bunu necə şərh edərdiniz?

— Bəli, tamamilə haqlısınız, bu mühüm göstəricidir. Məsələ burasındadır ki, bütün dərsliklərə, nəzəriyyələrə və təcrübələrə görə, uzaq məsafələrdən danışırıqsa, dəmir yolu avtomobil nəqliyyatından daha ucuz və səmərəli hesab olunur. Adətən, avtomobillər 500 kilometrə qədər məsafələr üçün sərfəlidir, uzun məsafələrdə isə onlar istər-istəməz dəmir yolundan aşağı olurlar. Məncə, Azərbaycanda tranzit avtomobil yükdaşınmasının dəmir yolunu üstələməsi dəmir yolu sistemindəki dərin böhrandan xəbər verir. Biznes daha ucuz və rahat olan yerə gedir. Bütün dünyada dəmir yolu nəqliyyatı ən cəlbedici olaraq qalır. Amma Azərbaycanda bu, mümkün deyil.

— Bu yaxınlarda mətbuatda (Demokrat.az xəbər saytında – red) sizin şirkətinizin başlatdığı məhkəmə işi ilə bağlı antiinhisar xidmətinin qərarı dərc olundu. Bu da qeyd etdiyiniz mövcud vəziyyətin bir hissəsidirmi?

— Bəli, doğrudur. “Azərbaycan Dəmir Yolları” QSC antiinhisar qanunvericiliyinə uyğun olmayan hərəkətlərə görə cərimələnib. Bu hərəkətlər rəqabət prinsiplərini pozur və özəl sektorun, o cümlədən şirkətimizin hüquqlarını pozur.

Qeyd etmək çox vacibdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin təbii inhisar statusu ilə heç kim mübahisə etmir, lakin sözdə ekspeditorluq, yəni ekspeditorluq ayrıca bir işdir. Belə olan halda, “Azərbaycan Dəmir Yolları” QSC tarifi topdan satır, bizim kimi şirkətləri isə pərakəndə satışa çıxararaq, son müştərilərə ödənişi təxirə salmaqla təmin edirlər.

Təəssüf ki, “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi bu sahədə öz törəmə şirkətlərinə üstünlük verir, özəl şirkətlərə rəqib kimi yanaşır. “Azərbaycan Dəmir Yolları” QSC bu qarşıdurmada uduzanda isə inzibati təzyiqə əl atır.

— Bəs “Azərbaycan Dəmir Yolları” QSC-nin bu cür addımları dəmir yolu tranzitinə necə təsir edir?

— Sualınızın cavabı çox sadədir: yüksək keyfiyyətli nəqliyyat xidmətləri yalnız sağlam rəqabət şəraitində mümkündür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu yaxınlarda qəbul etdiyi qərardan misal çəkəcəm. Təxminən bir il əvvəl şirkətimiz çox aktiv marketinq kampaniyası həyata keçirdi və nəticədə Azərbaycan Dəmir Yolları vasitəsilə daşınan konteynerlərin sayına görə “ADY Konteyner”i (red. qeyd: “ADY Konteyner” törəmə müəssisədir) dəfələrlə qabaqladı. Bundan sonra “Azərbaycan Dəmir Yolları” QSC bizim üçün 43 daşınma sorğusunu ləğv etdi ki, belə “məcburi” üsullar nəticəsində müştərilərimiz onların törəmə təşkilatı tərəfindən aradan götürüldü.

Eyni zamanda, konteynerlərimiz həftələrlə sərhəddə boş dayanır. Nəqliyyat dünyası kiçikdir, şirkətlər belə xaosu yaxşı bilir və bizim dəmir yollarına qarışmaq istəmirlər. Fakt odur ki, iri yük sahibləri öz həcmlərini və marşrutlarını əvvəlcədən, aylar öncədən planlaşdırırlar. Və planlaşdırmağa mane olan qeyri-şəffaf idarəetmə ilə qarşılaşsalar, tədricən marşrutu tərk etməyə başlayırlar. Bizim nümunəmizdə real mənzərə budur. Yük dəmir yolundan şosseyə axır və çox vaxt sadəcə Azərbaycandan yan keçir. Bu isə “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz hərəkətlərinin yalnız bir nümunəsidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hər bir belə faktı ətraflı araşdırıb, yekun qərarda hər şey öz əksini tapıb. Yeri gəlmişkən, “Azərbaycan Dəmir Yolları” QSC-nin istintaq zamanı aşkar edilmiş daha bir həyasız hərəkətini xatırlatmaq yerinə düşər. “Azərbaycan Dəmir Yolları” QSC şirkətimizin öz müştəriləri üçün daşıdığı yüklərin tranzit tarifini 2 dəfə artırdı, ancaq sonradan özünün törəmə müəssisəsi üçün eyni tarifi 2 dəfə azaltdı. Bu tamamilə qanunsuzdur. “Azərbaycan Dəmir Yolları” QSC-nin bu davranışına görə iri qlobal nəqliyyat şirkətləri yüklərin Azərbaycan Azərbaycan Dəmir Yolları üzərindən yan keçərək daşınmasına üstünlük verirlər.

— “Azərbaycan Dəmir Yolları” QSC mütəmadi olaraq “uğurlar və artan həcmlər” haqqında ictimaiyyətə məlumatlar verir. Sizcə, bu, nəyə hesablanıb?

— Bilirsiniz, mən iş adamıyam və indi mən hesabatları dinləməyə deyil, statistikaya və faktlara diqqət yetirirəm. Faktlar onu deyir ki, son illər “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyət mənfiyə düşüb. Əvvəlcə ətrafımızda baş verənləri, yəni beynəlxalq siyasətə nəzər salaq. Ukraynadakı müharibə, Qırmızı dənizdə husilər və s. Bütün bunlar Azərbaycana alternativ nəqliyyat dəhlizi kimi üstünlük gətirir. İki il əvvəl başlayan hadisələrə görə Azərbaycanın müstəqilliyinin bütün illərində tranzitin inkişafı üçün ən yaxşı şərait yaranıb. Həcmi ən azı 5 dəfə artıra bilərik və bunuu etməliyik də. Bu gün logistikamızda keyfiyyət dəyişikliyinin əsası qoyulmalıdır. Bəs biz nə görürük?

Ötən il dəmir yolu tranziti 8% azalıb, bu il isə 9% artıb. Təmiz durğunluq! Neft məhsullarının tranzit payının artmasına baxmayaraq, yükdaşıma bazasının diversifikasiyası baş vermədi. Bu kontekstdə yüklərin qatarlardan yük maşınlarına keçməsi aysberqin görünən hissəsidir.

“Azərbaycan Dəmir Yolları” QSC bütün cəbhələrdə məğlubiyyətlər yaşayır. Fakt odur ki, yük təkcə magistral yollara getmir, alternativ yollara da gedir. Azərbaycan tranziti ilə fəal rəqabət aparan bir neçə marşrut var. Orta dəhlizdə bunlar Gürcüstan və İran marşrutlarıdır. Onların hamısı yüksək sürətlə, orta hesabla ildə on faizlə inkişaf edir.

Bundan əlavə, son bir neçə ildə biz Şimal-Cənub marşrutu üzrə lider mövqeyimizi itirmişik, çünki orada iki alternativ qol – Xəzər dənizi ilə dəniz yolu və Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu var. Cəmi bir neçə gün əvvəl Rusiya, Qazaxıstan, Türkmənistan və İran bizim yer almadığımız daha bir müqavilə imzaladılar!

Bütün bunlar onu göstərir ki, biz çox gözəl imkanları əldən veriririk. Bizi hər tərəfdən mühasirəyə alırlar. Dövlətin bizim tranzit infrastrukturumuza verdiyi böyük dəstəyi nəzərə alsaq, bu, “Azərbaycan Dəmir Yolları” QSC üçün ikiqat məsuliyyət yaratmalıdır. Bütün hesablara görə, biz regionda ən qabaqcıl və inkişaf etmiş nəqliyyat şəbəkəsinə sahibik. Geridə qalan isə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyidir.

— Sizcə, hazırkı böhranın səbəbləri nədir?

— Müsahibənin əvvəlində də dediyim kimi, “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin öz ekspeditorlarına güzəştə getməsi, inzibati üsullarla bizim kimi özəl şirkətləri sözün əsl mənasında “çürütməsi” inkişafa çox mənfi təsir göstərir. Məsələn, bizim kimi özəl şirkətlər ilkin ödənişin məbləğində nəzərə alınmayan depozitdən əlavə, ilkin ödəniş sistemi ilə fəaliyyət göstərir, törəmə şirkətlər isə “Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlarının özlərinin dediyinə görə, təşkilata 10 milyon manata yaxın borcludurlar. Xarici yükləri dəhlizimizə cəlb etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi işə kiçik alverçilər kimi deyil, ölkənin mühüm infrastrukturunun operatoru kimi yanaşmalıdır.

Digər neqativ amil isə Bakı-Tbilisi-Qars marşrutunun qəfil təmirə bağlanması olub. Məlum oldu ki, ölkəmiz üçün strateji bir qol hər zamankindən daha çox ehtiyac duyulduğu bir vaxtda tam iki il ərzində əlçatmaz olub. Təbii ki, əvvəllər onunla gedən yük başqa marşrutlar tapıb. Bu ilin mayında isə bir sıra gecikmələrdən sonra “Azərbaycan Dəmir Yolları” QSC təntənəli şəkildə 5 milyon ton ötürmə qabiliyyətinə malik BTQ-ni işə saldığını elan etdi. Mənim “Azərbaycan Dəmir Yolları” QSC-yə bir neçə sualım var.

Birincisi, may ayından ora nə qədər yük daşınıb?

Cavab sizi məyus edəcək.

İkinci sualım odur ki, “Azərbaycan Dəmir Yolları” QSC vəd etdiyi 5 milyon tonu bu marşrutla nə vaxt daşımağa söz verir?

Konkret müddətlər qeyd olunmayıb, lakin mən hesab edirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC müddətlər və həcmlər baxımından öhdəliklər götürsə, ədalətli olardı. Bununla belə, mən qəti şəkildə şübhələnirəm ki, konkret bir tarixi heç vaxt söyləməyəcəklər. Baxmayaraq ki, BTQ bizim üçün həqiqətən çox vacibdir. Bu, strateji bir yoldur. Lakin “Azərbaycan Dəmir Yolları” QSC-nin bu layihə ətrafında anlaşılmaz manevrləri təkcə bizim üçün sual doğurmur; regionun bütün nəqliyyat işçiləri “Azərbaycan Dəmir Yolları” QSC-nin strategiyasını başa düşmürlər.

Əslində çoxlu problemlər var, sadəcə bir neçəsinin adını çəkdim.

— Sizcə, “Azərbaycan Dəmir Yolları” QSC-nin düzgün qərarları hansılardır?

— Qərarlar aydındır. Və ən əsası, onlar yeni deyil. Bizə ilk növbədə şəffaf və başa düşülən tarif siyasəti lazımdır. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC regionun ən bahalı dəmir yoludur. Əksər qonşulardan dəfələrlə bahadır. Amma buna baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC heç vaxt özünü saxlaya bilməyib və dövlətdən asılı olaraq qalır. Halbuki yüksək tarif siyasəti çox şeyi fərqli şəkildə etməyə imkan verir. Məsələn, marşruta yeni yüklərin cəlb edilməsi üçün düzgün endirim sistemindən istifadə etmək olar. Amma bunun üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin monopolist təşkilatdan sağlam nəqliyyat xidməti həyata keçirən şirkətə çevrilməsi lazımdır.


Demokrat.az
 
Ardını oxu...
“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

O, aparıcının Gürcüstan millisi AÇ-2024-ün final mərhələsinə qatıldığı halda, Azərbaycan yığmasının niyə bunu bacarmadığı haqda sualını cavablandırıb:

“Onlara afərin! Onlar haqqında yalnız xoş sözlər deyə bilərəm. Avropa çempionatının final mərhələsinə yüksəlmək həqiqətən böyük nəticədir.

Azərbaycandakı çatışmazlıqlar haqda ətraflı danışmaq istəmirəm. Bir şeyi deyə bilərəm ki, hər kəs üzərinə düşən işi görməlidir, buna çalışmalıdır.

Qurban Qurbanov “Qarabağ”da öz işini layiqincə görür. Bunu hamı görür.

Rəşad Sadıqov 4 ildir “Zirə”nin baş məşqçisidir. Bu müddətdə komanda iki dəfə ölkə kubokunun finalına yüksəlib. O da Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir.

İndiyə qədər hamı öz işini görsəydi, nəticə əldə etmək olardı. Çox az adam Azərbaycan futbolu haqda düşünür”.
 

 

Ardını oxu...
Bu yaxınlarda həbsdən çıxan aktyor, rejissor Rza Rzayev ilk müsahibəsini BTV-yə verib.

O, müsahibədə həbsdə olduğu müddətdə yaradıcı insan kimi orda da azad olduğunu bildirib:

“Çöldəki azadlığımı içəridə də qorumuşdum. Yəni içəri çölün kiçik şəklidir. Orada darıxmağı daha çox hiss edirsən, o da zamanla keçib gedir, insan ona da öyrəşir. Yəni yaradıcı insanların bir xəyal gücü var və o bizə içəridə kömək edirdi”.

R.Rzayev həbsdə qaldığı müddətdə qaydalara tam olaraq əməl etdiyini deyib:

“Hansısa vasitələrdən istifadə edib dustaq yoldaşlarıma öz üstünlüyümü göstərmək istəmədim. Həbsdə olunduğum müddətdə bir dəfə də olsun rejim qaydasını pozmadım. Qapıdan keçəndə dustaq olduğumu dərk etdim. Mənim üçün ən ağır şey orda əlim arxamda dayanmaq idi”.

Aktyor məmurların mənfi imicinə görə gənclərin kriminal dünyanın liderlərinə pərəstiş etdiyini bildirib:

“Cinayətkar aləmin ünlü isimlərinin dəfn mərasimlərini görmüşük. Onların dəfn mərasiminə yüz minlərlə insanlar qoşulur. Bunun səbəbləri var. O insanların dəfninə insanlar təsadüfən getmirlər ki... Siz mənə Azərbaycanda rayon prokuroru, polis rəisi, yaxud da nazir göstərə bilərsinizmi ki, dəfnində o qədər insan iştirak etsin?! Buş sual doğurur. Rövşən Lənkəranskinin dəfnində yüz minlərlə insan iştirak edib. Demək həmin insanların həyatında Rövşən Lənkəranskinin təsiri və əməlləri var idi.

Biz istəyirik ki, cinayətkar aləmdən film çəkək. Onda belə çıxır ki, biz cinayətkar aləmi müdafə edirik? Mən Rövşən Lənkəranski haqqında film çəkmək istəyirdim. Mənə iki dəfə xəbərdarlıq oldu, bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldım.

Bir gənc həyatda prokurorun, hakimin, polisin ədalətsizliyin görəndə kimə meyl etməlidir? Əlbəttə, o sahəyə üz tutacaq. Ona elə gələcək ki, ədalət o tərəfdədir. Vəzifədə olanlar insanlar kömək edib o hörməti qazansınlar. Niyə qazan bilmirlər? Bəs onda gənclik kimi özünə kumir seçsin?”

R.Rzayev bu gün Azərbaycanda çəkilən filmlərin ailə dolandırmağa hesablandığını bildirib:

“Kino çox pul aparan bir sahədir. Milyonlarla pul xərclənir. Azərbaycan kinoya milyonlar qoyub, amma pulu geri qaytarmaq mümkündürmü? Xeyr. Azərbaycanda çəkilən filmlərə film demək olmaz. Çox aşağı büdcəylə nəyisə şəkilləndirirlər, adını da qoyurlar film. Bu sahənin insanlarının başqa yolları yoxdur. Bəs ailələrini nəylə dolandırsınlar? Otuz ildir ki, biz kinoda və təhsilimizdə olan problemləri həll edə bilmirik. Çünki həmin problemlər zamanında həll olunmalıydı. Hər dövrün özü yeni problemlər gətirir axı...”

Xatırladaq ki, Rza Rzayev 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə təqsirləndirilərək həbs edilib. Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib. O, iki il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Ardını oxu...
Azərbaycan hökuməti Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsindən çıxarılmasına razılıq verib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov açıqlamasında deyib. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da təsdiqləyib. Onun sözlərinə görə, İrəvan və Bakının qarşılıqlı razılığı əsasında regional kommunikasiyalar haqqında maddə sülh sazişi layihəsindən çıxarılıb.

Kommunikasiyalar blokdan açılmadan sülh sazişinin mümkünlüyü, Zəngəzur dəhlizi olmadan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsi ilə bağı yaranmış çoxsaylı sualları “Cümhuriyət” qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

- Azərbaycan sülh sazişində kommunikasiyaların blokdan açılmasına böyük önəm verib. Bu baxımdan, strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsinin mətnindən çıxarılmasına Azərbaycan nə üçün razılıq verdi?

- Mən Azərbaycanın Zəngəzur dəhlizindən imtina etməsi barədə fikirlə razı deyiləm. Azərbaycan Zəngəzur dəhlizindən imtina etmir. Sadəcə olaraq, ilkin çərçivə sazişi üzərində iş aparılır. Yəni bu, yekun sülh sazişi deyil. Zəngəzur dəhlizinə dair razılaşma 2020-ci il 10 noyabr tarixli Bəyanatda öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, həmin bəyanatda məsələnin siyasi tərəfləri deyil, hərbi-texniki mövzular müzakirə olunub. İndi isə sülh prosesinin ikinci mərhələsidir.

Tərəflər gələcək danışıqlar üçün prinsipləri müəyyənləşdirməyi qərara alıblar. Müxtəlif istiqamətlərə aid müzakirələr də bu prinsiplər çərçivəsində aparıla bilər. Bura delimitasiya və demarkasiya prosesi, humanitar məsələlər, siyasi məsuliyyət, sülh prosesinə mane olan hüquqi problemlərin həlli və sair treklər üzərində danışıqlar daxildir. İndi həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsinin mətninin 80-90 faizinin razılaşdırıldığını bildirir. Bunu nəzərə alaraq, sülh prosesinə müsbət təkan vermək üçün daha çox qısa və mahiyyətcə yekun sülh sazişi deyil, bəyannaməyə oxşayan bir sənədin imzalanması mümkün ola bilər.

Bəziləri bunu COP29-a qədər, bəziləri isə COP29 çərçivəsində imzalanmasını təklif edirlər. Bu razılaşmaya nail olmaq üçün tərəflər fikir müxtəlifliyi olan mövzuları çərçivə sazişindən çıxartmağı vacib hesab ediblər. Yoxsa Zəngəzur dəhlizi yaddan çıxmayıb. Təbii, biz istərdik ki, çərçivə sazişində Zəngəzur dəhlizinə dair hansısa bənd yer alsın. Amma ermənilər bunu istəmir. Belə olan halda biz deyirik ki, Zəngəzur dəhlizini mətndən çıxaraq. Onsuz da 10 noyabr Bəyanatında bu məsələ mövcuddur. Digər tərəfdən, baş nazirlərin müavinləri səviyyəsində başqa format da var. Gələcəkdə lazım gələrsə, bu format çərçivəsində də danışıqları davam etdirmək olar.

Lakin regional kommunikasiyaların açılması məsələsinin müvəqqəti sənədə daxil edilməməsi bunun yekun sənəddə öz əksini tapmayacağını ifadə etmir. Bu mümkün deyil. Qərb siyasətçiləri çərçivə sazişini şişirdərək səhvən sülh müqaviləsi kimi təqdim edir.

- Azərbaycanın sülh sazişi ilə bağlı təqdim etdiyi 5 prinsipdən biri kommunikasiyaların açılmasını nəzərdə tutur. Həmin təklifdən imtina edilir, yoxsa qüvvədə qalır?

- Mənim qənaətimə görə, tərəflər bu prinsiplə bağlı razılığa gəlməyiblər. Azərbaycan bu mövzuda 10 noyabr sənədində müəyyən nəticələrə nail olub. İndi ermənilər istəyirlər ki, qeyd edilən məsələ başqa şəkildə öz həllini tapsın. Görünür, Ermənistan kommunikasiyaların açılması ilə bağlı məsələnin çərçivə sazişinə 10 noyabr Bəyanatında olduğu kimi daxil edilməsini istəmir.

Fikir ayrılığı digər mövzularda da ola bilər. Məsələn, Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini qarşılıqlı şəkildə tanımaq niyyətini nümayiş etdirir. Amma söhbət hansı sərhədlərdən gedir? Sərhədlər hələ müəyyən olunmayıb. Delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Azərbaycan məntiqi baxımdan deyir ki, sərhədlərin tanınmasını prinsip kimi çərçivə sazişinə salmaq olar. Ancaq ermənilər razılaşmır və bunu yalnız Almatı Bəyannaməsi çərçivəsində mümkün hesab edir. Halbuki Almatı Bəyannaməsində sərhədlərə aid iki kəlmə söz yazılıb.

Onlar bu sənədi bir cür başa düşür, biz başqa cür. Bu da Ermənistanın etirazı üçün əsas ola bilməz. Yəni bir çox mövzular prinsip kimi qəbul olunmaq üçün hələ hazır deyil. Ola bilsin ki, prosesə siyasi təkan vermək üçün bəzi ölkələrin təzyiqi, daha doğrusu, çağırışları ilə COP29-a qədər müsbət nəticə əldə etməyə çalışırlar. Lakin bu, sülh müqaviləsi deyil. Söhbət bəyanata bənzəyən prinsiplərdən gedir.

Azərbaycan Prezidenti də demişdi ki, bu, üç-dörd səhifəlik qısa bir sənəddir. Ermənilər də Zəngəzur dəhlizi məsələsini istəmir, nə edək... Onlar öz maraqlarına uyğun mövzuları sənədə salsınlar. Azərbaycanın da öz tələbləri var. Ermənilər gedib Qərbdə təbliğat aparırlar ki, Azərbaycan danışıqları qəsdən uzadır. Azərbaycan da deyir ki, Ermənistan Konstitusiya referendumundan yayınmaqla sülhə mane olur. Əgər belə deyilsə, çərçivə sazişinə Ermənistan konstitusiyasında sülhə mane olan maddələrin ləğvinə dair bəndin salınmasına razılıq versinlər. İndi tərəflər bir-birini ittiham edirlər. Azərbaycan sülhü hamıdan çox istəyir. Ermənistan isə təzyiq altında sülhə gedir.

- Hansı tərəfin təzyiqi altında?

- ABŞ COP29-a qədər tərəflərin hansısa sənədi imzalamasına nail olmaq istəyir. Ona görə də təzyiq Vaşinqtondan gəlir. ABŞ-də seçkilərə qədər bir sənədin imzalanmasına nail olunmasını istəyirlər. Çünki nə Ukraynada, nə də Yaxın Şərqdə ciddi irəliləyiş baş verib. Demokratlar COP29-a qədər və ya həmin tədbir çərçivəsində bir çərçivə sazişinin imzalanmasını təşkil etməyə çalışırlar. Sonra da deyəcəklər ki, baxın, biz sülhə nail olmuşuq.

- Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirir ki, kommunikasiyaların açılması sülhün və iqtisadi inkişafın mühüm hissəsi olaraq. Bu da “Sülh kəsişməsi” layihəsində öz əksini tapıb.

Prezidentin köməkçisi Elçin Əmirbəyov isə bildirir ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin olunması məsələsi gələcəkdə ayrıca müzakirə olunacaq. Yəni Azərbaycan Zəngəzur dəhlizi məsələsinin müqavilədən çıxarılmasına razılıq verməsi müqabilində gələcəkdə Naxçıvanla əlaqə yaratmaq üçün “Sülh kəsişməsi” layihəsinə dəstək verə bilərmi?

-Xeyr, bunun baş verəcəyinə inanmıram. Ermənistan kommunikasiyaların Zəngəzurdan deyil, başqa istiqamətlərdən keçməsinin tərəfdarıdır. Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi birmənalıdır. Rusiya, ABŞ, İran, Türkiyə və digər ölkələrin Zəngəzurla bağlı müxtəlif maraqları var. Azərbaycanın isə mövqeyi çox sadədir. Vaxtilə bolşeviklər qanunsuz şəkildə Zəngəzuru Ermənistana verməklə Azərbaycanı iki hissəyə bölüblər. Bizim də məqsədimiz Sovet dövründə mövcud olmuş ədalətsizliyi aradan götürmək və buna son qoymaqdır. Digər qanunsuzluq ondan ibarətdir ki, Azərbaycan Göyçə gölündən məhrum olub. Halbuki, bolşevik işğalından qabaq Azərbaycanın sərhədləri Göyçə gölünün ortasından keçirdi. Biz sülh məsələsində konstruktiv mövqedə olduğumuzu göstərməliyik.

- Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri, ABŞ hərbçilərinin Zəngəzura yerləşdirilməsi kimi hadisələrlə Azərbaycanın Zəngəzur dəhlizi məsələsindəki kompromis addımı arasında bir əlaqə görürsünüzmü?

- Şoyqunun səfərinin detallarını dəqiq deyə bilmərəm. Amma İran Şimal-Cənub dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzadır. Lakin Azərbaycan, Rusiya və İran dövlət başçıları Astara-Astara-Rəşt dəmir yolu xəttinin inşası məsələsini bir neçə dəfə müzakirə ediblər, sənədlər də imzalanıb. Sovet dövründə Azərbaycan Culfası ilə İran Culfası arasında dəmir yolu xətti fəaliyyət göstərirdi. Bunu yenidən gündəmə gətirmək Şoyqunun marağında idi. Çünki Rusiya cənub istiqamətində tranzit imkanlarını genişləndirmək istəyir.

Bu yolda Azərbaycan Rusiya üçün ən vacib tərəfdaşdır. Yəqin ki, Şoyqu bununla bağlı hansısa mesajları rəsmi Bakıya çatdırıb. Konstruktiv dialoq əsasında öz maraqlar balansını əldə edə biliblər. ABŞ hərbçilərinin Ermənistana gətirilməsi isə İran-İsrail qarşıdurması ilə bağlıdır. Hamıya məlumdur ki, İrəvanda ABŞ-nin böyük səfirliyi var. Orada 2000 nəfərə yaxın işçinin olduğu bildirilir. Aydındır ki, ora kəşfiyyat mərkəzidir. Məncə, indiki gərgin vəziyyətdə Zəngəzura müəyyən avadanlıqların gətirilməsi də bu məqsədə xidmət edir.

Zəngəzurda amerikalıların yerləşməsi mənasız addımdır. Çünki bu regionda Qərbin ən böyük dayağı NATO üzvü olan Türkiyədir. Ona görə də orada hərbçilərin yerləşdirilməsi məndə şübhə doğurur. Amma Ermənistana da bəzi avadanlıqların verilməsi istisna olunmur. Lakin biz bundan təşvişə düşməməliyik.

- 10 noyabr Bəyanatının siyasi taleyi necə olacaq? Çünki həmin sənədin 9-cu bəndi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin olunmasını nəzərdə tutur. Əgər Ermənistan indiyə qədər bundan yayınırdısa, sözügedən razılaşmadan sonra ümumiyyətlə, əməl etməyəcək.

- Regional kommunikasiyaların açılması məsələsi çərçivə sazişinə daxil edilmirsə, deməli, Azərbaycan əvvəlki razılaşmaya üstünlük verir. Ermənistan bunu istəmir. Əgər yeni bir razılaşma yoxdursa, deməli, əvvəlki qüvvədə qalır.

- Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizi məsələsini sülh sazişi layihəsindən çıxarılmasına razılıq verməsi müqabilində Ermənistan konstitusiyasına dəyişiklik edilməsinə nail olmaq istəyir...

- Bu məsələdə razılaşma əldə etmək olar. Yəni çərçivə sazişində qeyd edilə bilər ki, gələcəkdə sülhə mane olan hüquqi qərarlar ləğv edilməldir. Ermənistan belə bir öhdəlik götürməlidir. Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməyi tələb edəndə, onlar bizi sülh istəməməkdə ittiham edirdilər. İndi Azərbaycan kiçik güzəştə getməklə müvəqqəti sənədə imza atmağa razılıq verib. Əsas məsələlər bu sənəddə əksini tapmayıb, amma öhdəliklər prinsip kimi təsbit oluna bilər.
Ardını oxu...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-nin Zəngəzurda, Ermənistanın İranla sərhədinə yaxın ərazilərdə canlı qüvvə və texnikalar yerləşdirməsi barədə məlumat var. Üstəgəl, ABŞ-nin hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat və texnika gətirdiyi bildirilir. Həmin məlumata görə, bu, apreldə Brüsseldə Avropa Birliyi, ABŞ və Ermənistan arasında imzalanmış məxfi anlaşma çərçivəsində həyata keçirilib. Əgər bu məlumat doğrudursa, sizcə, burada məqsəd nə ola bilər?

- Prinsipcə, Ermənistan hökuməti və şəxsən Baş nazir Nikol Paşinyan Rusiya ilə hərbi əməkdaşlıqdan uzaqlaşmaq istəyirsə və yaxın gələcəkdə KTMT-dən çıxmağa çalışırsa, alternativ yol tapmalıdır. Görünür, alternativ də ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməkdir.

Bu çərçivədə Fransadan hərbi texnikalar alınıb, ABŞ ilə hərbi təlimlər keçirilib. Düzdür, hələ istəklərinə nail ola bilmirlər, Rusiyadan asılılıq qalır, amma istisna etmirəm ki, ABŞ rəsmiləri ermənilərlə təhlükəsizlik təminatları və birgə təlimlərin sayının artırılması ilə bağlı danışıqlar aparırlar. Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi üçün belə bir gedişat ola bilər.

Əslində, ABŞ və Ermənistan arasında baş verənlərdən ən çox narahat olan iki dövlət var: Rusiya və İran. Moskva həmişə mövqeyini bildirir, Ermənistanı bu siyasətinə görə tənqid edir. Amma həmişəki kimi, İrandan səs çıxmır. İranın dini lideri Xameneyi bir neçə gün əvvəl yeni prezidentin andiçmə mərasimində iştirak edən Paşinyanla görüşdü.

Dini lideri bu görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı bizi hədələməkdənsə, Paşinyanı hədələməliydi ki, siz nə edirsiniz, bizim əsas düşmənimiz Amerikanı bölgəyə gətirirsiniz, bu, İran və Cənubi Qafqaz üçün təhlükəlidir. Əslində, buna mövqe bildirməli olan ilk ölkə İrandır. Amma görünür, söhbət Azərbaycandan gedəndə “Şeytan” adlandırdıqları qüvvələrlə birləşməyə hazırdırlar.

Belə xəbərlərin sayı artarsa, Rusiya yenə də öz narahatlığını bildirəcək. Baxmayaraq ki, indi Rusiyanın başı Ukraynada qarışıb, amma Amerikanın hərbi baxımdan Cənubi Qafqazda möhkəmlənməsini istəməz. Üstəgəl, Ermənistan hələ də KTMT-nin üzvüdür, Rusiyanın orada hərbi bazaları var, rus sərhədçiləri hələ də bu ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur, Rusiyadan iqtisadi asılılıq davam edir və sair.

Bütün bunlar varkən, Ermənistanın addımları Rusiyanı narahat edəcək. Ermənistanın ABŞ ilə hərbi cəhətdən yaxınlaşmaq cəhdləri özü üçün də risklər yaradır. Rusiya görsə ki, Nikol Paşinyan bu siyasətindən vaz keçmir, Ermənistanı qarışdırmaq üçün alətlərini işə sala bilər.

- Rusiya və ABŞ-nin hərbi cəhətdən təmsil olunduğu ölkələrdə həmişə savaş və toqquşmalar olub. Məsələn, Ukrayna, Gürcüstan, Suriya və sair. Bəs Ermənistanla bağlı durum necə olacaq?

- Bəli, böyük dövlətlərin müxtəlif bölgələrdə maraqları toqquşur. Məsələn, keçmişdə Cənubi Qafqazda Gürcüstanda olmuşdu. İndi Gürcüstanla bağlı durum fərqlidir, Qərb Tiflisi Rusiyaya yaxınlaşmaqda ittiham edir. Halbuki Gürcüstan 2008-ci il müharibəsindən sonra Rusiya ilə heç diplomatik əlaqələrini bərpa etməyib. Burada yenə də maraqlar toqquşur, indi də Ermənistan.

Azərbaycan bu iki ölkədən fərqli olaraq elə siyasət yürüdür ki, burada maraqlar toqquşmasın. Biz maraqları uzalaşdırmağa çalışırıq. Bizim Rusiya ilə yaxın, ABŞ ilə yaxşı əlaqələrimiz var, Avropa Birliyini tənqid etsək də, əsas ticarət tərəfdaşlarımız birlik üzvləridir. Təkcə Fransa ilə anti-Azərbaycan siyasətinə görə əməkdaşlıqdan vaz keçmişik. Amma qalan dövlətlərlə münasibətlərimiz normaldır.

Cənubi Qafqaz maraqların toqquşduğu məkana çevrilə bilər, buna yol vermək olmaz. Biz burada sabitliyə çalışırıq. Prezident İlham Əliyevin də Paşinyana təklifi odur ki, gəl, sülh müqaviləsini imzalayaq və Qafqaz Evi yaradaq. Bu, bölgədə sabitlik və inkişaf üçün daha yaxşı şərait yaradar. Amma yenə də, bizdən asılı olmayan səbəblərə görə maraqlar toqquşur. Təkcə Cənubi Qafqaz yox, Ukraynada da görürük ki, müharibə davam etdikcə oyunçuların da sayı artır.

Yaxın Şərqdəki hadisələr də göz qabağındadır. İndi də İran-İsrail qarşıdurması ehtimalı artıb. Düzdür, İran götür-qoy edir, çünki İsraillə bacara bilməyəcək, amma hansısa yolla qonağının evində öldürülməsinin qisasını almağa çalışır. Hələlik alınmır, intiqamdan danışılsa da, heç bir reaksiya yoxdur. Çünki İsrail hərbi cəhətdən İrandan daha güclüdür. Buna görə də, hələlik bu yöndə aktivlik yoxdur. Amma bölgədə başqa müharibələrin şahidiyik: Qəzzada müharibə davam edir, İsrail “Hizbullah”ın Livandakı obyektlərini vurur, “Hizbullah” da İsarili və sair.

Yaxın Şərq də Azərbaycandan çox da uzaq olmayan bölgədir. Bizə qonşu və tərəfdaş olan üç ölkə arasında gərginlik yaşanır. İran qonşumuz, Türkiyə strateji müttəfiqimiz, İsrail də tərəfdaşımızdır. İndi bu üç ölkə arasında durum yaxşı deyil, əlbəttə, biz seçim qarşısında qalmaq istəməzdik. Amma gərginlik artır – həm Yaxın Şərq, həm də Ukraynada. Asiyada vəziyyət stabil deyil, məsələn, heç kimin gözləmədiyi halda bir gündə Banqladeşdə ara qarışdı, yüzlərlə insan həlak oldu.

Banqladeşdə də böyük dövlətlərin maraqları toqquşur. Ümumiyyətlə, dünya və beynəlxalq münasibətlərdə vəziyyət gərgindir.

Soyuq müharibə illərində ikiqütblü dünya vardı, qütblər pis-yaxşı anlaşa bilirdilər. Amma soyuq müharibə arxada qalıb, ABŞ-nin də fövqəldövlət statusu da getdikcə kiçilir, sanki birqütblü dünya dönəmi başa çatmaq üzrədir. Çoxqütblü dünya da heç kimə təhlükəsizlik vəd eləmir, əksinə, vəziyyət getdikcə gərginləşir, çünki hər kəs öz ətrafında öz qaydalarını formalaşdırır. Bu da dünya üçün daha böyük təhdidlər yarada bilər.

- Rusiya sərhədçilərinin Kərki və Arazdəyən istiqamətindən çıxması da bir neçə gündür Ermənistanda müzakirə mövzusudur. Erməni mənbələrinin iddialarına görə, bu, sözügedən iki kəndin Azərbaycana təhvil verilməsi ilə əlaqəlidir. Siz bu haqda nə düşünürsünüz?

- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən günlərdə Bakıda oldu, İrandan qayıdarkən burada dayandı. İlham Əliyev Şoyqu ilə görüşdə önəmli açıqlamalar verdi. Prezident bildirdi ki, Rusiya ilə tərəfdaşlıq güclənib, aramızda heç bir mübahisə yoxdur.

Keçmiş və yaxın tarixdə Rusiyanın siyasətindən narazılıqlarımız olub, indinin özündə də Rusiyanın Ukraynada apardığı müharibədən vətəndaşlarımız arasında narazılıq var. Amma buna baxmayaraq, reallıq da mövcuddur.

Reallıq da bundan ibarətdir ki, İkinci Qarabağ Maharibəsində Rusiya bizə mane olmadı. Üstəgəl, hərbi qüvvələrini Qarabağdan vaxtından əvvəl çıxardı, bunların da münasibətlərə müsbət təsiri oldu. Əgər indi Rusiya siz dediyiniz istiqamətlərdə də sərhədçilərini çıxarıbsa, bu da müsbət addım kimi qiymətləndirilə bilər. Çünki biz Ermənistandan bu ərazilərin Azərbaycana təhvil verilməsini tələb edirik. Bu ərazilərin Ermənistana aidiyyəti yoxdur.

Ermənilər çox ümid edirdilər ki, Rusiya hərbçiləri onları qoruyacaq, Azərbaycanı Qarabağı azad etməyə imkan verməyəcək. Amma biz ərazilərimizi azad etdik, Qarabağ üzərində suverenliyimiz təmin etdik, ərazi bütövlüyümüz bərpa olundu.

Bizim növbəti hədəflərimiz də var. Məsələn, Zəngəzur dəhlizi açılmalıdır, 4 anklav qaytarılmalıdır. Əgər Rusiya bu məsələlərin həllində bizə mane olmayacaqsa, bunun da münasibətlərə müsbət təsirləri olacaq.

- Ermənistan KTMT-nin son hərbi təlimlərindən də imtina etdi, paralel olaraq, Rusiyanın “Zvartnots” hava limanındakı sərhədçiləri çıxarıldı. Rusiya və KTMT ilə hərbi əməkdaşlıqdan imtina edən Ermənistanın ABŞ ilə birgə təlimlərinin artması da diqqət çəkir. İrəvandan Avropa Birliyi yönündə də fəal addımlar var. Ermənistanın avrointeqrasiya macərası necə bitəcək, Rusiyanın cavab addımlar hansı formada olacaq?

- Ermənistan hökuməti və Paşinyan çox çalışır ki, Rusiyanı ABŞ, Avropa Birliyi və Fransa ilə əvəzləsin. Avropa Birliyi bu işə yaramır, çünki hərbi yox, iqtisadi strukturdur. Ermənistan isə iqtisadi zəmində tamamilə Rusiyadan asılıdır.

Ermənistan istəsə də Rusiyadan uzaqlaşa bilməyəcək. Ermənilər azsaylı məhsullarının hamısını ancaq Rusiya bazarında sata bilirlər. Bu məhsulları Fransa və ABŞ almayacaq. Amma Paşinyan beyninə yeridib ki, KTMT-dən çıxmaq lazımdır. Bunu deyir, amma addım atmağa cəsarəti çatmır, qorxur.

Ermənistan KTMT-nin tədbirlərinə qatılmır, nə zaman çıxacağını da demir. Paşinyan başa düşür ki, Rusiya buna görə Ermənistanı cəzalandıra bilər. Çünki bu, Rusiyanın nüfuzuna zərbə olacaq, bunun baş verməməsi üçün də Paşinyana təzyiqi artırıblar. Əgər Paşinyan KTMT-dən çıxmaq qərarı versə, Rusiya iqtisadi zəmində Ermənistana problemlər yaradacaq, bunun üçün imkanları da çoxdur.

Paşinyan hərbi baxımdan Rusiyanı tənqid eləsə də, şübhəli şəkildə iki ölkə arasında ticarət, idxal-ixrac əməliyyatları artır. Bu da Ermənistanın sanksiyalardan yayınan Rusiyaya yardımı ilə bağlıdır. Rusiya sanksiyalar altında olan bəzi strateji məhsulları Ermənistan vasitəsilə alır.

Paşinyan üçün çətindir, o deyir ki, KTMT-ni tərk edə bilərik, amma Avrasiya İqtisadi Birliyində qalacağıq. Rusiya da bir gün ona cavab verəcək ki, belə ola bilməz, iqtisadi baxımdan məndən faydalanırsan, hərbi baxımdan Qərbə sığınırsan. Gürcüstan nümunəsi var. Keçmiş prezident Saakaşvili qarşısına NATO üzvlüyünü qoymuşdu, Rusiya gəlib Gürcüstanı dağıtdı, Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi. İndi Gürcüstan NATO-nun üzvüdürmü? Heç nə vaxt olacağı da məlum deyil, əksinə, NATO-Gürcüstan əlaqələri gərginləşib.

“Mən NATO üzvü olacam” deməklə, NATO üzvü olmaq mümkün deyil. NATO üzvlüyünə ən yaxın dövlət Ukraynadır. Amma müharibə gedir, əraziləri işğal olunub, NATO da vəd verə bilmir ki, nə vaxt üzv olacaq. Ermənistan da istəsə belə, mümkün deyil. Başqa bir maneə də var, Ermənistan ordusundakı Rusiya hərbi kəşfiyyatı güclüdür. Bunu Paşinyan da etiraf edib, erməni zabitlərinin mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiya hərbi məktəblərinin məzunlarıdır, Moskvaya bağlı adamlardır. İndi bu zabitləri bir ay və ya bir ilə necə NATO standartlarına keçirmək olar?

Biz bu problemi böyük ölçüdə həll etmişik, son otuz ildə Türkiyə hərbi akademiyalarını bitirən zabitlər indi Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrdədir. Rusiyanın hərbi tədrisindən qurtulmuşuq, Türkiyə və ya NATO standartlarına keçmişik. Amma biz qarşımıza məqsəd qoymamışıq ki, NATO-ya üzv olacağıq. Maraqlarımız da uyğun deyil, desək belə, götürməyəcəklər və vəziyyətimiz ağırlaşacaq.

Ermənistan KTMT-dən çıxsa və NATO-ya yaxınlaşsa, əlbəttə, Rusiya buna seyirçi qalmayacaq. Rusiya Paşinyanı çoxdan devirərdi, amma hələlik bunu bacarmır, gücü çatmır, müxalifət də zəifdir. Amma Paşinyan belə bir addım atsa, Rusiya iqtisadi zəmində Ermənistanı boğmağa çalışacaq.
Ardını oxu...
HafizTimes.com-un bu dəfəki müsahibi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Cümhuriyyət Ordusunun podpolkovniki, Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri olan İsmayıl xan Ziyadxanovun doğma nəvəsi Aydın Ziyadlıdır. Uzun illərdir ki, İsveçdə, Stokholm şəhərində yaşayan Aydın Ziyadlı musiqişünas alim, piyanoçudur. O həmçinin Dünya Azərbaycanlıları Konqresinin fəal üzvüdür. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Aydın Ziyadlı ailəsi ilə bağlı uzun illər gizli qalmış məqamları da açıqlayıb. Qeyd edək ki, Aydın Ziyadlı Gəncə xanı Cavad xanın da kötükçəsidir.
Ardını oxu...
(İsmayıl xan Ziyadxanov)

– Necə oldu ki, İsveçə köçmək qərarını verdiniz?

– Bu, çox çətin sualdır. Vətəni tərk etmək ağır məsələdir. Mən Azərbaycan Dövlət Konservatoriyasında 30 ilə yaxın dərs demişəm, çoxlu tələbələr yetişdirmişəm. İsveçə köçməyimiz isə yəqin ki, iqtisadi məsələlərlə bağlıdır.

– Oradakı həyat şəraitindən razısınızmı? Sizi necə qane edir?

– Sözsüz ki, qane edir. Oradakı həyat şəraiti elə qurulub ki, adam adam kimi, problemsiz yaşaya bilir. İsveçdə həyat çox sakitdir. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini həm piyano, həm də nəzəriyyəçi kimi bitirdim. Bakıda konsertlərlə bağlı müəyyən məhdudiyyətlər ola bilir. Amma İsveçdə xeyli konsert verirəm, bütün Balikyanı ölkələri də gəzirəm. Orada maaş da elə hesablanıb ödənilir ki, bir ay müddətində insanın bütün ehtiyaclarını ödəyir.

– Cavad xanın və İsmayıl xan Ziyadxanovun ailəsini təmsil etmək sizə nələr qazandırıb? Ailənizlə bağlı məlumat verərdiniz.

– Bizim rütbəmiz “xan”dır, “bəy” deyil. Mən də İsmayıl xan Ziyadxanovun oğlu Əbülfət xanın oğluyam. İsmayıl xan mənim doğma babamdır. Adil xan Ziyadxanov, Şahverdi xan Ziyadxanov da babamın qardaşlarıdır.

Bu, mənə hörmətdən başqa heç nə qazandırmayıb. Bütün ömrüm boyu onları təmsil etmişəm. Babam İsmayıl xan Ziyadxanovla bağlı kitab da yazmışam. Mən həmçinin Gəncə xanı Cavad xanın ailəsini təmsil edirəm, onun kötükçəsiyəm. Bu, mənim üçün böyük fəxrdir.

Ardını oxu...

– İsmayıl xan Ziyadxanovla bağlı siz nələr bilirsiniz? Ailəniz sizə onunla bağlı nələr danışıb?

– Babam İsmayıl xan Ziyadxanov Rusiya imperiyası Dumanın buraxılmasına etiraz edən deputatların “Vıborq bəyənnaməsini” imzaladığına görə, üç aylıq həbs cəzasına məhkum olunub və Dumaya seçilmək hüququndan məhrum edilib. Qeyd edim ki, həmin müraciəti imzalayanların arasında Əlimərdan bəy Topçubaşov da olub. 1907-ci ildə Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması barədə qərar qəbul edilib. İsmayıl xan Rusiya fevral burjua inqilabından sonra (1917-ci ildə) Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və Gəncə şəhər polisinin rəisi təyin edilib. Onun rəhbərlik etdiyi polis dəstələri şəhərdə asayişi qoruyublar. Babam camaatı müdafiə edib. Onun çoxlu silahları da olub. Həmin silahların mənbəyi də açıqlayacam. Dünya müharibəsi başa çatdıqdan sonra rus əsgərləri öz ölkərinə qayıdırmışlar. Həmin vaxt onların üzərində xeyli silah-surtsat da olub. Babamgil həmin əsgərləri Gəncə, Tərtərdə saxlayıb, tərk-silah edib, öz ölkələrinə yola salırlarmış. Nəticədə, babamgilə xeyli silah-sursat qalıb.

Qeyd edim ki, İsmayıl xanın rəhbərlik həmin polis dəstələri Şamaxı camaatını da müdafiə edib. Bu barədə bizə atam danışardı. 1918-ci ilin qanlı mart hadisələri zamanı İsmayıl xanın polis dəstələri Şamaxının müdafiəsinə də qoşulublar. Tezliklə Şamaxını rus-erməni quldurlarından azad ediblər. Həmin vaxtlarda erməni Stepan Şaumyan babam İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam elan edib.
Ardını oxu...
(Atam Əbülfət xan və mən)

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti quruldu. İsmayıl xan Ziyadxanov da Cümhuriyyətin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil oldu, daha sonra isə Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. İsmayıl xan 1919-cu ilin əvvəllərində İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına da rəhbərlik edib. Bu danışıqların nəticəsində, Azərbaycan və İran arasında bir müqavilə imzalanıb, Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bəzi məntəqələrində konsulluqların açılmasına qərar verilib.

– İsmayıl xan Ziyadxanovu XI Qırmızı Ordu tərəfindən Azərbaycan işğal edildikdən sonra Nargin adasında güllələyiblər? Ailəniz onun ölümü ilə bağlı sizə nəyi açıqlayıb?

– Babamın necə öldürülməsi hələ də naməlumdur. İllər öncə arxivlərə gedib araşdırma apardım. Dövlət Təhlükəsizlik Komitəsinin arxivində də oldum. Oranın o vaxtkı rəisi ilə qohum çıxdıq. Mənə şərait yaratdı ki, gedib arxivdə tam araşdırma aparım. Çox təəssüflər olsun ki, həmin arxivdə babam İsmayıl xan Ziyadxanovla bağlı bir cümlə də olsa məlumat tapa bilmədim. Hamısını itiriblər. Elə bil ki, bu insan heç olmayıb. O vaxtlar ədliyyə generalı Akif Rəfiyevin özü əli ilə Nargini adasını göstərib deyirdi ki, İsmayıl xan Ziyadxanov məhz orada güllələnib.
Ardını oxu...
(İsmayıl xan Ziyadxanov)

Mən sizə bir vacib məqamı da açıqlamaq istəyirəm. Atam deyirdi ki, Gəncə üsyanı zamanı İsmayıl xan Ziyadxanov da Gəncədə olub. XI Qırmızı Ordu Bakıya rahat şəkildə gəlib, şəkilləri də var. Bakıdakı ermənilər XI Qırmızı Ordunu xoş qarşılayıblar. Amma gəncəlilər bunun tam əksini ediblər. Gəncədə üsyan qaldırıblar. Orada əsl döyüşlər gedib. Silah-sursat, top, tüfəngdən də istifadə olunub. Bu üsyan zamanı 12 min nəfərə yaxın insan həlak olub.

İsmayıl xanın qardaşı Şahverdi xan Ziyadxanov Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti idi. Gəncə üsyanı ilə bağlı bir mühüm məqamı da qeyd etmək istəyirəm. Şahverdi xan Ziyadxanov öz hərbi birliyi ilə birlikdə Peterburqdan Bakıya qayıdıb. Görüb ki, Bakıda hər yerdə bolşeviklərdir. Həmin vaxt deyib ki, “bura mənim yerim deyil. Mənim yerim Gəncədir”. Silah-sursatlı, hərbi texnikalı olan öz heyətini də başına yığıb Gəncəyə gedib. Bunu mənə atam danışıb. Bütün silah-sursatını, hərbi texnikasını da Gəncədə qardaşı İsmayıl xan Ziyadxanova təhvil verib. Gəncə üsyanında da Şahverdi xan Ziyadxanovun verdiyi həmin silahlar, top-tüfənglə döyüşüblər.

İsmayıl xan Ziyadxanova da xəbər veriblər ki, səni axtarırlar. Yaxın adamları İsmayıl xanı Gəncədən çıxarıb Bakıya aparıblar. Bakıda da vəziyyət gərgin imiş. Qeyd edim ki, İsmayıl xan Ziyadxanovun doğma bacısı Qəmər xanım Bakı Şəhər Dumasının sədri Kamil bəy Səfərəliyevin həyat yoldaşı idi. Atam deyir ki, Kamil Səfərəliyev İsmayıl xanı xoş qarşılayıb, evində qonaq edib. Deyib ki, “səni burada tez tapacaqlar”. Kamil bəyin tapşırığı ilə İsmayıl xanı Pirşağıya aparıblar. Orada ona gizli bir ev də veriblər. Deyiblər ki, “İsmayıl xan, sən bu evdə yaşa, amma buradan bayıra çıxma, birdən sənin yerini satarlar”. Ona yemək, ərzaq da veriblər. Təəssüflər olsun ki, babamı yerini satıblar. Onu tutub Bayıl həbsxanasına aparıblar. Bunu atam bizə danışıb. Hətta atam da bir dəfə Bayıla gedib, İsmayıl xanla görüşüb. İsmayıl xan oğlunu sığallayıb, əzizləyib deyib ki, “darıxmayın, hər şey yaxşı olar”. Amma heç bir şey yaxşı olmadı…

Atamgil dəmiryolu stansiyasının arxa tərəfində yaşayırmışlar. Bir gün qapı döyülüb. Açanda görüblər ki, iki nəfər qapının önündə dayanıb, əllərində isə bir dəst kostyum və bir saat olub. Onları da atamgilə veriblər. Deyiblər ki, “bunlar sizə çatmalıdır, götürün”.

İsmayıl xanın həyat yoldaşı, yəni ki, mənim nənəm Xurşidbanu Natəvanın doğma nəvəsi idi. O, səs-küy salıb deyib ki, “bəs İsmayıl xan haradadır?!” Onlar da deyiblər ki, “bizə tapşırıq veriblər ki, bu əşyaları aparıb ailəyə təhvil verin”. Daha sonra biz komitəyə dəfələrlə müraciət edib İsmayıl xan Ziyadxanovla bağlı məlumat öyrənməyə çalışdıq. Amma heç bir məlumat verilmədi. O vaxt onların hamısını aparıb sıra ilə güllələyiblər.
Ardını oxu...
– İsmayıl xan Ziyadxanovla bağlı sizi narahat edən başqa məqam nədir?

– Çox təəssüflər olsun ki, babamın adına hansısa binanın üzərində bir lövhə də yoxdur. Fətəli xan Xoyskinin yaşadığı binanın üzərində isə belə bir lövhə var. Amma babam İsmayıl xan Ziyadxanovdan heç nə yadigar qalmayıb. Xalq Cümhuriyyəti zamanı dövlət ona ev də verib. Həmin evi axtarıb tapmaq lazımdır. Ora yazmaq lazımdır ki, “Burada İsmayıl xan Ziyadxanov yaşayıb”. İllər öncə, mən bununla bağlı dövlət orqanlarına da məktub yazdım. Heç bir nəticəsi olmadı.

– Babanızla bağlı məlumatlar nə vaxt, niyə arxivdən yoxa çıxıb?

– Əvvəl adamı yox edirdilər. Daha sonra onunla bağlı bütün sənədləri də itirirdilər. Elə bil ki, bu adam heç yaşamayıb. Babamgil varlı mülkədar, milyonçu olublar. Bu fakt ensklopediyada da qeyd olunub. Atam da Gəncəyə gedən zaman bu barədə bizə danışardı. İsmayıl xan Moskvada təhsil alıb, hüquqşünas olub. Rusiya İmperiyası Dumasına da deputat seçilib. Gəncədə İcra Hakimiyyətinin binası ilə üzbəüz onların sarayları da olub. Həmin sarayımız da sökülüb. Yerində isə müxtəlif idarələr tikilib.

– İsmayıl xan Ziyadxanovun bacısı, sizin bibiniz Məleykə xanım Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə ailə qurmuşdu? Bu barədə nələr bilirsiniz?

– Bəli, onlar ailə həyatı qurmuşdular. Atam deyirdi ki, onlar Moskvada Qorki küçəsində yaşayıblar. Bibim onun soyadını daşıyırdı. Daha sonra onlar boşanıblar. Bundan sonra da bibim soyadını dəyişmədi. Onların övladı olmayıb. Yəqin ki, xasiyyətləri uyğun gəlməyib. Ondan sonra bibim heç vaxt ailə qurmadı, övladı da yoxdur. O, xeyli ömür sürdü, amma Fətəlibəyli-Düdənginski ilə bağlı heç vaxt danışmadı.

– Sizi ən çox qürurlandıran hansı şəxsiyyətin varisi olmaqdır?

– Əlbəttə ki, Cavad xan tarixi şəxsiyyətdir. Amma İsmayıl xan mənim qəlbimdədir. Şaumyanın dediklərindən sonra İsmayıl xan Ziyadxanov “xalq düşməni” kimi təqdim olunurdu. Hətta evimizdə də İsmayıl xanın adı çəkilmirdi, qadağan idi. Babamın xatirəsini yaşatmağı mən özümə borc bilirəm. Çox istəyirəm ki, onun xatirəsi də əbədiləşdirilsin. Türkiyədəkilər deyirdilər ki, Adil xan Ziyadxanov qardaşı İsmayıl xana yalvarırmış ki, Türkiyəyə gəlsin. Adil xanın Türkiyədəki nəvəsi Leyla xanımla da görüşdüm, bu barədə xeyli söhbətimiz olmuşdu. Türkiyədə yaşayan Adil xan qardaşı İsmayıl xan üçün çox darıxırmış. Amma İsmayıl xan heç vaxt öz vətənini tərk etməyib. Vətənpərvər bir şəxsiyyət olub. O da bir şəhiddir. Özü də bilə-bilə şəhid oldu.

“İsmayıl xan Ziyadxanovun həyat yoldaşı Sənubər xanım Xurşidbanu Natəvanın doğma nəvəsidir”

– Nənəm də ziyalı bir insan idi. Şeir yazırdı, kitab oxuyurdu. Həmişə deyirdi ki, “İsmayıl xanı gəlib apardılar”. İsmayıl xanın portreti də ömürboyu onun otağında qaldı. Bir məqamı da qeyd etmək istəyirəm. O vaxt nənəmə deyiblər ki, “İsmayıl xandan sonra sizi də həbs edəcəklər. Ona görə uşaqları da götürüb qaçın”. Atam, bibim, nənəm Lənkəranın bir kəndinə qaçıblar. Orada da vəziyyət gərgin imiş. “Xan” soyadını danışmaq çox təhlükəli idi. Həmin vaxt nənəm deyib ki, “xan”ı müvəqqəti götürək, soyadımız “Ziyadlı” olsun. Amma indi mənim övladlarım, oğlum da “Ziyadxanov” soyadını daşıyırlar. Hətta mən babamın adını öz oğluma da qoydum: İsmayıl Ziyadxanov. Bizdən hər şeyi alıblar, bir dənə “xan” rütbəsini ala bilməyiblər.

– Şanlı Azərbaycan Ordusunun Qarabağı, Şuşanı düşmən işğalından azad etdikləri günləri necə xatırlayırsınız?

– Bizim ailə Şuşa ilə 3 tərəfli bağlıdır. Həm Xurşidbanu Natəvan, həm Abbas Mirzənin oğlu Bəhmən Mirzə, həm də ana babam tərəfindən Şuşaya bağlıyıq. Ulu babam Bəhmən Mirzənin Şuşada sarayı da olub, ermənilər yandırıblar. Mən Şuşada olmuşam. Orada olan zaman böyük qürur hissi yaşadım. Azərbaycan Ordusu ilə fəxr edirəm.

Hafiz Əhmədov

HafizTimes.com
 

Ardını oxu...
Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət məktubunun bir nüsxəsini də, Dəryaz qəzetinin redaksiyasına göndəriblər və ictimailəşdiriməsini xahiş ediblər,
Müraciətnamədə bildirilir:
“Möhtərəm cənab Prezident İlham Əliyev,
Hörmətli Azərbaycanın birinci Xanımı, El Anası Mehriban xanım Əliyeva
Sizə Qərb bölgəsindən, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin bir qrup mədəniyyət işçiləri adından müraciət edirik. Onu qeyd edək ki, Regional İdarə özündə beş rayonu birləşdirir — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Bildiyiniz kimi, biz mənfur ermənilərlə sərhəd bölgədə yaşayırıq. Ölkəmizin ən çətin zamanlarında biz düşmənlə üz – üzə dayanaraq öz torpağımızdan heç bir yerə getmədik. Çünki ölkə rəhbərimizə inanırdıq. Bilirdik ki, Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan, nəyi necə və nə vaxt etməyi yaxşı bilir. Budur, Sizin sayənizdə biz qalib xalq olduq. Biz mədəniyyət işçiləri Prezident seçkilərində fəal iştirak etdik. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” — deyən İlham Əliyevə səs verdik.
Möhtərəm cənab Prezident!
Bu gün biz üzləşdiyimiz problemlə bağlı Sizə müraciət edirik. Üç aydır bizdə Malliyə Nazirliyi yoxlama aparır. Yoxlamanın bu qədər uzun çəkməsi bizi narahat edir. Düzdür, iş olan yerdə nöqsan da olur. Lakin bu qədər uzun çəkməsi yoxlamanın qərəzli olması barədə bizdə şübhə yaradırdı. Bu yaxınlarda biz bunun şahidi olduq. Bir nəfər (qadın olduğu üçün adını çəkmək istəmədiyimiz) şəxs məlumat verdi ki, yoxlama ona görə bu qədər uzun çəkir ki, bizim sahədə güclü ixtisar gözlənilir. Kim ixtisara düşüb işini itirmək isrəmirsə, Şəmkir rayon uşaq musuqi məktəbinin keçmiş direktoru Rizvan Məmmədovu “görməlidir”. Onun oğlu Muxtar Məmmədov Gəncə Regional Malliyə Nəzarət İdarəsində rəis müavini vəzifəsində çalışır. Hal – hazırda maliyyə yoxlamasının başında duran odur. Bütün yoxlama sənədləri onun tapşırığı ilə imzalanır. Bundan başqa, Rizvan Məmmədovun bacısının yoldaşı Cavanşir Yusifov Maliyyə Nazırliyində aparat rəhbəridir. Məmmədovun vasitəsiylə bunlar bizim işdə qalmağımıza köməklik edə bilərlər…
Biz — bir neçə nəfər mədəniyyət işçiləri deyilənlərin doğru olduğunu araşdırmaq üçün Şəmkir rayonuna yollandıq. Öyrəndik ki, bəli, Rizvan Məmmədov həqiqətən arxalı adamdır. Belə ki, 65 yaşı olmağına və dövlət qulluqcusu olmadığına baxmayaraq, Düyərli kənd icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. Onu da öyrəndik ki, bacısının həyat yoldaşı Cavanşir Yusifovun köməyi ilə bizim zonada çox adamlara iş düzəldir. Maliyyə yoxlaması mədəniyyət sahəsində bütün müəssisələri əhatə etməsinə baxmayaraq, Rizvan Məmmədovun musiqi məktəbinə direktorluq etdiyi dövrü yoxlamayıb, onun fəaliyyəti dövründə guya heç bir catışmamazlıq olmayıb. Bu, onu sübut edir ki, həqiqətən Rizvan Məmmədovun qohumları ona himayədarlıq edirlər.
Möhtərəm cənab Prezident!
Biz işimizi itirmək istəmirik. Cünki bir çoxlarımız tək ailə başçısıyıq, himayəmizdə övladlarımız var, həmçinin elə bir yaşdayıq ki, ixtisara düşsək, iş tapmağımız çətin olacaq. Biz Sizdən kömək istəyirik. Xahiş edirik, Maliyyə Nazirliyində aidiyyatı şəxslərə tapşırıq verəsiz, ixtisarlara yol verilməsin. Biz nəyə görə Rizvan Məmmədovdan kömək istəməliyik? Hal — hazırda biz parlament seçkilərinə hazırlaşırıq. Bizə seçki məntəqələrində müxtəlif vəzifələr həvalə olunub. Biz daima ölkə Prezidentini, onun siyasətini dəstəkləmişik.
Hörmətli Mehriban xanım! Siz bütün Azərbaycan qadınlarının himayədarı, Bizim Mehribansınız. Məktubumuzu oxuyub bizə dəstək olmağınızı xahiş edirik.
Qazax – Tovuz Regional Mədəniyyət idarəsini əhatə edən müəssisələrin əməkdaşları”.
Redaksiyadan: Əlavə olaraq maraqlanıb öyrənmişik ki, Cavanşir Yusifov Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin hamısında fəaliyyətin son dörd ilini yoxlatdırsa da, Rizvan Məmmədovun rəhbərlik etmiş olduğu məktəbin son altı aylıq fəaliyyətini yoxlatdırır. Hansı ki, yoxlamanın əhatə etdiyi həmin dövrdə Rizvan müəllim artıq direktor vəzifəsini tərk etmişdi. İctimai qınağın təsiri ilə Cavanşir Yusifov yoxlamanın əhatə dövrünü son dörd ilə qədər artıracağını vəd etsə də, sonradan bu məsələ unuduldu. Hazırki yoxlama isə Rizvan Məmmədovu əvəzləyən Samirə xanımın fəaliyyətini araşdırıb və guya hansısa uyğunsuzluqlar, maliyyə pozuntuları aşkar edib. Halbuki, Samirə xanım Rizvan Məmmədovun tərtib etdiyi proqram və tərtibat üzrə fəaliyyətini davam etdirdiyi halda necə olur ki, Rizvan müəllimin 3 il 6 ayda bir manat da olsa belə maliyyə yeyintisi olmadığı halda Samirə xanımın altı ayda 16000 manat maliyyə mənimsəməsi aşkarlanır.
Bölgənin mədəniyyət işçiləri belə qərəzli araşdırma işini həm də onunla əlaqələndirirlər ki, Cavanşir Yusifovun niyyəti Rizvan Məmmədovun qızı, yəni qaynı qızı Şəlalə xanımı atasının yerinə — Şəmkir Musiqi Məktəbinə direktor təyin etdirmək olub. Özü də Rizvanın müəllimin maliyyəçi oğlunun əli ilə. Cavanşır Yusifov Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə yaxın qohumu üçün ağız açsa da, sözü yerə düşüb. Ona görə də acığa düşüb, mədəniyyət müəssisələrində qərəzli yoxlamalar təşkil edib. Şikayətçilər onu da bildirdilər ki, Muxtar Məmmədovun diplomu saxtadır. O, dövlət qulluğuna imtahan versə də, istəyi qəbul olunmayıb.

Bu sualla bağlı Rizvan müəllimə müraciət edib deyilənlərin nə dərəcədə doğru olub olmamağı barədə mövqeyini öyrəndikdə o, bildirdi ki, oğlu Muxtar Məmmədov Gəncə Aqrar Universtitetini bitirib və dövlət qulluğuna verdiyi imtahanda birinci dəfə etdiyi müraciət qəbul olunmasa da ikinci dəfə baş tutub. Bu barədə araşdırmalarımız davam etdiyindən aidiyyatı qurumlara etdiyimiz müraciətə cavab aldıqdan sonra mövzunu davam etdirəcəyik.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti