Ardını oxu...
İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qasım Süleymani (1957-2020) yanvarın 3-də ABŞ prezidenti Donald Trampın əmri ilə Bağdad Hava Limanının yaxınlığında Amerika dronunun raket zərbələri nəticəsində qətlə yetirildi. Qasım Süleymani ilə yanaşı daha doqquz nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də həlak oldu.
Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib.
2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.
1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi Qasım Süleymaninin adı ilə bağlıdır. Kirmandaki dəfn mərasimində izdiham o qədər sıx idi ki, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı...
BMT bəyan etdi ki, ABŞ generalın qətli ilə beynəlxalq qanunların pozub.
İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq, sualı o vaxt havada fırlanırdı.
Nə ABŞ beynəlxalq hüququ vecinə aldı, nə də İran Qasım Süleymaninin intiqamı üçün konkret bir addım atdı.
Dünya belədir, kim güclüdürsə o haqlıdır.
Bir şeyi də deyim. O vaxt bir xeyli dindar Qasım Süleymanini göylərə qaldırmışdı, onu şəhid elan etmişdilər. Hətta onu türk kimi təqdim edənlər də vardı. Halbuki o, erməni terrorçusu, ASALA-nın əsas fiquru olan Monte Melkonyanla iş birliyində olub və I Qarabağ Müharibəsində Azərbaycanın bəzi rayonlarının işğalında ermənilərə kömək edib.
Ümid edirəm ki, İranın ermənilər üçün çıxardığı bu qədər oyunlardan sonra bu kimi nağıllara inanaların sayı kəskin şəkildə azalıb...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Ermənistan Laçın yolunda keçirilən aksiyaya qarşı “humanitar fəlakət” iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdinə davam edəcək, xüsusilə “faktaraşdırıcı missiya”nın cəlb edilməsi məsələsini aktual saxlamağa çalışa bilərlər, çünki buna nail olmaq imkanı “beynəlxalq sülhməramlılar” istəyi ilə müqayisədə az da ola mümkün görünür.
Bakı bu həmləyə qarşı BMT “faktaraşdırıcı missiyasını” Laçın yoluna özü dəvət edə bilər.
Birincisi: missiyanın göndərilməsi BMT TŞ-nin bütün üzvlərinin razılığı ilə mümkündür və Rusiyanın buna veto qoyacağı məlumdur, lakin bunu Bakının istəməsi Ermənistanın manevr imkanını azalda bilər;
İkincisi: Bakının bu təklifi yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin “humanitar fəlakət” iddialarının önünə keçə bilər;
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
İl ərzində Fransa prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gedib bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr apardılar.
Bu səfərləri birləşdirən əsas amil – Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar, düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir.
Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir.
Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə Kremlin İrəvana təzyiqini iki tələblə izah edib: “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib”.
Armen Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsiylə bağlıdır. Qriqoryan sentyabr ayında Azərbaycanla Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsiylə izah edib. Armen Qriqoryanın müsahibədəki sonuncu cümləsi də Kremlə atmacadır:
“Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib”. Qriqoryan bu cümləsi ilə demək istəyib ki,
1) Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar;
2) İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb.
Armen Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib. Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu.
Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir.
İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diqtə etmək üçün geniş manevr imkanları yaradır.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
“Proletarski” ya tələyə düşmüşdü, ya da Moskvaya qayıtmaqdan qorxurdu...
1954-cü ilin aprelində böyük rezonans doğuran hadisə baş verdi. Avstraliyadakı sovet səfirliyinin xırda vəzifəli əməkdaşı, əslində isə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) polkovniki olan Vladimir Petrov bu ölkədən siyasi sığınacaq istədi. Zabitin arvadı Yevdokiya da Avstraliyada idi. KQB əməkdaşları onun ölkədən çıxarmaq istəyərkən yerli polisin müqaviməti ilə üzləşdi.

Bu hadisə Avstraliya və SSRİ arasında diplomatik münasibətlərin pozulmasına səbəb oldu.


***

Vladimir Petrov 1907-ci ildə Tobolsk quberniyasında dünyaya gəlib. Amma anadan olanda adı belə deyildi, Afanasi Şoroxov idi. 1929-cu ildə soyadını inqilabi şəklə salaraq Proletarski edib. Adını da Vladimirə dəyişib. Mənbələr bunun səbəbi barədə bir şey yazmırlar. Yəqin, Leninlə adaş olmaq istəyib.

O, hələ Şoroxov olarkən komsomola, sonra da kommunist partiyasına üzv olub. Əmək fəaliyyətinə Tümen vilayətini Vikulovo kəndində kitabxana müdiri kimi başlayıb. Eyni zamanda, savadsızlığın ləğvi ilə məşğul olub. 1929-cu ildə artıq Poletarski soyadı ilə Baltik donanmasında şifrləyici işləyir.

Şoroxov-Proletarski 1933-cü ildə kəşfiyyat orqanlarının diqqətini çəkir, OQPU-nun (Dövlət Birləşmiş Siyasi İdarəsi) Xarici şöbəsinə cəlb olunur. Məhz burada Yevdokiya ilə tanış olur və az sonra onunla evlənir. İlk xarici səfərinə 1938-ci ildə yollanır. Bir il Çində şifr bölümünə rəhbərlik edir. Qayıdandan sonra Qırmızı Ulduz ordeninə layiq görülməsi işinin öhdəsindən yaxşı gəldiyini sübut edir.

İkinci ezamiyyəti isə artıq müharibə illərinə təsadüf edir. 1942-ci ildə arvadı ilə birlikdə bitərəf İsveçə göndərilir və bu zaman soyadı Petrova çevrilir. O zaman bütün bitərəf ölkələr kimi, İsveç də döyüşən ölkələrin kəşfiyyatının xüsusi fəallıq göstərdiyi yer idi.

Müharibədən sonra bir müddət Moskvada işləyən Petrovun hərbi rütbəsi polkovnikə qədər yüksəlir. İddialara görə, o, Beriyanın sevimli kadrlarından idi və sürətli yüksəlişi də bununla bağlıdır. 1951-ci ildə Petrovlar Avstraliyaya göndərilirlər. Vladimir burada formal olaraq üçüncü katib və mədəniyyət attaşesi vəzifəsini tutur. Əsl vəzifəsi isə sovet kəşfiyyatının rezidenti idi. Yevdokiya da şifrləyici olur.

***

Vladimir Petrovun Avstraliyaya tərəf keçməsinin motivləri barədə müxtəlif versiyalar mövcuddur. Əsas versiyalardan biri bundan ibarətdir ki, Stalinin ölümündən az sonra Lavrenti Beriya həbs olundu və güllələndi. Onun ardınca sovet kəşfiyyatında önəmi vəzifələr tutan bir çox zabitlər repressiyaya məruz qaldılar. Petrov da eyni aqibətlə üzləşəcəyindən qorxduğu üçün əks tərəfə keçdi.

Başqa bir əsas versiyaya görə isə polkovnik Avstraliyanın xüsusi xidmət orqanının (ASİO) içki və qadın məclisləri vasitəsilə qurduğu tələyə düşüb və əməkdaşlığa cəlb olunub. SSRİ-də baş verən proseslər onun qərarına əlavə təsir edib və Avstraliya əks-kəşfiyyatına müraciət edərək, bildiyi sirləri bölüşmək müqabilində siyasi sığınacaq istəyib.

Əsl səbəb nə olursa olsun, Vladimir Petrov 1954-cü il aprelin 3-də Avstraliyadan siyasi sığınacaq istədi və aldı. Maraqlıdır ki, o bunu arvadı olmadan etdi. Yevdokiyaya deməkdən çəkinmişdimi, yoxsa elə tək qaçmaq istəyirdi, hər halda, sığınacaq üçün müraciət edən gün arvadı başqa şəhərdə idi. Hadisənin əsas rezonansı da elə bundan doğdu.

Petrovun qaçışından 16 gün sonra, aprelin 19-da diplomatik kuryer rolunda çıxış edən, əslində isə sovet xüsusi xidmət orqanlarının əməkdaşı olan iki nəfər jurnalistlərin gözü qarşısında Yevdokiya Petrovanın qolundan tutaraq Kanberra hava limanında zorla təyyarəyə mindirdilər. Avstraliya orqanları buna əvvəlcə mane olmadılar. Amma ayaqlarında ayaqqabı belə olmayan ağlayan qadının şəkli geniş əks-səda doğurdu. İctimaiyyət hərəkətsizliyinə görə hökuməti qınadı.

Ardını oxu...

Yevdokiyanın bəxtindən o zaman təyyarələrin fasiləsiz uçuş məsafələri çox deyildi. Ölkəni tərk etmək istəyən təyyarələr çox vaxt şimalda enərək, yenidən yanacaq doldururdular. Petrovanı aparan təyyarə də Darvin şəhərində yerə endi. Bu zaman polislər içəri daxil oldular və təyyarəyə qanunsuz silah keçirmək bəhanəsi ilə kuryerləri tərki-silah etdilər. Daha sonra isə Yevdokiyadan Avstraliyada qalmaq istəyib-istəməməsini soruşdular. Qadın əri ilə telefon danışığından sonra qalmaq qərarı verdi.

Siyasi sığınacaq alan Petrovlar Melburn yaxınlığında mühafizə altında yaşamağa başladılar. Təhlükəsizlik məqsədilə Petrov dördüncü dəfə ad-soyadını dəyişdirdi, bu dəfə Sven Ellison oldu. 1956-cı ildə onlara Avstraliya vətəndaşlığı verildi.

Baş verən hadisə Moskvada kəskin etiraz doğurdu. Hadisələr hətta iki ölkə arasında diplomatik münasibətlərin 5 il müddətində kəsilməsinə səbəb oldu. Sovetlər hətta Petrovun oğurlanaraq SSRİ-yə aparılmasını və üzərində “ibrəti-aləm” məhkəmə qurulmasını planlaşdırırdılar. Amma naməlum səbəblərdən buna cəhd edilmədi.

***

Vladimir Petrov əks tərəfə keçərkən özü ilə xeyli məxfi sənədlər götürmüşdü. Bundan əlavə, Yevdokiya sovet kəşfiyyatının şifr və kodları barədə qiymətli məlumata malik idi. Ər və arvad bir il ərzində Avstraliya və Britaniya kəşfiyyatçıları tərəfindən dindirildilər. Onların informasiyası əsasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 600-ə qədər sovet casusu aşkar edildi.

Vladimir Petrov məşhur “Kembric beşliyi”ndən iki nəfərin – Qay Börcess və Donald Makleynin taleyinə aydınlıq gətirdi. Britaniya XİN əməkdaşı olan Börcess və Makleyn ifşa qorxusu səbəbindən hələ 1951-ci ildə SSRİ-yə qaçmışdılar. Bu, Londonda ehtimal edilsə də, dəqiq bilinmirdi. İndi Petrov onların hər ikisinin sağ-salamat Moskvada olduğunu deyirdi.

1956-cı ildə Petrovların xatirələri əsasında ASİO əməkdaşı Maykl Tveytos “Qorxu imperiyası” adlı kitab yazdı. 1970-ci illərin əvvəllərində bir neçə insult keçirən Vladimir Petrov ömrünün son 17 ilində məhdud hərəkət qabiliyyətli idi. O, 1991-ci ildə, SSRİ-nin süqutu ilində vəfat etdi. Yevdokiya Petrova isə ərindən sonra daha 11 il yaşadı.
Yadigar Sadıqlı
pressklub
 
 
 
Ardını oxu...
Satıcı mağazanın piştaxtasının arxasında dayanıb, fikirsiz halda küçəyə baxırdı. Bir balaca qız mağazaya tərəf gəldi və sözün əsl mənasında pəncərəyə yapışdı. Axtardığını görəndə gözləri parıldadı. O, içəri girdi və firuzəyi boyunbağının göstərilməsini istədi.
- Bu bacım üçündür. Onları gözəl şəkildə bağlaya bilərsinizmi? - qız soruşdu.
Satıcı inamsızlıqla qızcığaza baxıb soruşdu:
- Bəs sənin nə qədər pulun var?
Qız cibindən dəsmal çıxarıb açdı və bir ovuc pulu piştaxtanın üstünə tökdü. O, ümidlə soruşdu:
- Bu kifayətdirmi?
Cəmi bir neçə xırda pul var idi. Qız qürurla davam etdi:
“Bilirsiniz, mən böyük bacıma hədiyyə etmək istəyirəm. Anamız vəfat edəndən bacım bizə baxır, özünə vaxtı yoxdur. Bu gün onun doğum günüdür və əminəm ki, o, belə bir boyunbağı almaqdan xoşbəxt olacaq, onlar gözlərinin rənginə çox uyğundur."
Kişi boyunbağını götürdü, mağazanın dərinliyinə girdi, qutunu gətirdi, firuzəyi boyunbağını içinə qoydu, lentlə bükdü və bağladı.
- Tut! - qıza dedi. - Və diqqətli ol!
Balaca qız qaçıb evə tərəf getdi. İş günü sona çatan zaman mağazanın qapısını cavan bir qız açdı. O, piştaxtanın üstünə satıcıya tanış olan qutunu, ayrıca bükülmüş kağızı və bağlanmamış lenti qoydu.
— Bu boyunbağı buradan alınıb? Nə qədərə başa gəldilər?
- Xanim - mağaza sahibi dedi, - mağazamdakı istənilən məhsulun qiyməti həmişə mənimlə müştəri arasında olan məxfi razılaşmadır.
Qız dedi: Lakin bunlar əsl firuzədir və çox bahalıdırlar. Bu bizim imkanımızdan xaricdir.
Kişi qutunu götürdü, qablaşdırmanı böyük zəriflik və hərarətlə bərpa etdi və qıza uzatdı və dedi:
"O, ən yüksək qiyməti ödədi... İstənilən böyüklərin ödəyə biləcəyindən daha çox: o, onda olan hər şeyi verdi ..."
 
Ardını oxu...
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən Milli həmrəylik
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan
ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər.
Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi
proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi
yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş
tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə
məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə
məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından
məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla
görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci
illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq
üçün səylərini artırdı.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya
azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar
qəbul edildi və Azərbaycan Respublikası Ali Sovetinə müraciət edildi.
Dekabrın 25-də Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq,
dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
olunması barədə qanun qəbul etdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I
Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun
güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin
və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin
böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm
ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik
məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki
xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya
azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına
uyğun olaraq 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər
toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi
istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mən dünyada
yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi
daha da möhkəmləndirdi. Xalq-iqtidar birliyini inkişafının, xalqımızın
möhkəm həmrəyliyinin məntiqi nəticəsi kimi Qarabağda erməni işğalına son
qoymaq üçün 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən
Vətən müharibəsində qazanılan Qələbə ilə işğala birdəfəlik son qoyuldu.
Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağın ürəyi sayılan
Şuşanın azad olunması xəbərini verdikdən sonra bu xəbər nəinki
ölkəmizdə, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının
böyük sevinc və bayramına cevrildi. Ön cəbhədə ordumuzun, arxa cəbhədə
mülki vətəndaşlarımızın əzmkarlığı bu Vətən müharibəsində böyük bir
dastanın yazılmasına gətirib çıxartdı. Bu dastanın müəllifi isə heç şübhəsiz,
Prezident İlham Əliyevdir. Bu il 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü artıq 3-cü dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd
olunacaq.
Həmrəyliyin əbədi olsun Azərbaycan xalqı!

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az
 
Ardını oxu...
Azərbaycan sinəsində bütün millətlərə,dinlərə qucaq açıb əvəzində kürəyindən ən çox bıçaq yarası yeyən ölkədir. Bu Qum şəhərinin palçıq poxitoloqlarının nə dediyinin əhəmiyyəti yoxdur, adamı dilxor edən bunlara dəstək verən bizdən olub bizə oxşamayanlardır. 10.000.000-luq xalqın içində nə çox xain varmış. Adamı qurd içindən yeyər, bu kərməçilərə kərmə olan iki gözümün biri olsa mərhəmət göstərmərəm.
Səfurə Həsənli
Teref.az

 
Ardını oxu...
Aleksandr Nepomnyaşiy: “Ümid edək ki, yaxın gələcəkdə İranda çoxdan gözlənilən dəyişikliklər baş verəcək”

İliya Kusa: “İran həm Azərbaycanın, həm də Türkiyənin regional rəqibidir”

Bakı Sosial Araşdırmalar Mərkəzi (SAM) dekabrın 5-dən 11-dək keçirdiyi ictimai rəy sorğusu zamanı Azərbaycan vətəndaşlarının İran və İsrailə münasibətini öyrənib. Sorğunun nəticələrinə görə, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin İranla bağlı çıxışları kifayət qədər müsbət qiymətləndirilir.

Respondentlərə sual verilib: Siz Prezidentin “İranda azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik, onlar bizim millətin bir hissəsidir” ifadəsini dəstəkləyirsinizmi? Respondentlərin 67,2%-i “bəli, dəstəkləyirəm”, 19%-i “əsasən dəstəkləyirəm” cavabını verib. 2,1%-i ümumilikdə dəstəkləmədiyini, 6,7%-i ümumiyyətlə dəstəkləmədiyini, 5,1%-i suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

İranda baş verən son etirazlara münasibətin təhlili maraqlı məqamları üzə çıxarıb. Respondentlərin 21,3%-i qonşu ölkədə etirazların “İran dövlətinin parçalanmasına”, 31%-i isə “rejim dəyişikliyinə” gətirib çıxara biləcəyini irəli sürüb. Rəyi soruşulanların 12,8%-i etirazların rejimi dəyişməyəcəyini, əksinə, iranlıların hüquq və azadlıqlarının müdafiəsində səsini gücləndirə biləcəyini qeyd edib. Sorğu iştirakçılarının 14,2%-i etirazlardan ciddi nəticə gözləmədiyini bildirib.

Sorğunun nəticələrinə görə, Azərbaycanın İsraildə səfirlik açması müsbət qarşılanıb. “Azərbaycanın İsraildə səfirlik açmasına münasibətiniz necədir?” sualına respondentlərin 61%-i “İsrail etibarlı tərəfdaşdır və mən səfirliyin yaradılmasını vacib hesab edirəm” cavabını seçib. 11,3% isə İranın yaxınlığını nəzərə alaraq, bu məsələdə diqqətli olmaq lazım olduğu fikrini bildirib. 4,1% İsraildə səfirliyin açılmasını qətiyyən dəstəkləmədiyini deyib. Respondentlərin 14,6%-i isə “mənə fərq etmir” deyərək, neytral mövqe nümayiş etdirib. Rəyi soruşulanların 9%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Tədqiqatda 18 yaşdan yuxarı 390 respondent iştirak edib. Sorğular telefon müsahibəsi formasında aparılıb və Azərbaycanın 12 iqtisadi rayonunu əhatə edib.

Belə ki, sorğu Azərbaycan xalqının İran və İsrailə münasibəti ilə bağlı çox maraqlı nəticələr göstərib. Bu tənzimləmə nə deyir? Cəmiyyətdə əhval-ruhiyyə necədir? Əgər azərbaycanlılar prinsipcə uzaqda olan İsrailə münasibətdə qonşu ölkəyə - İrana daha pis münasibət bəsləyirlərsə, regionda vəziyyəti nə dərəcədə sağlam adlandırmaq olar?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıb.

İsrailli publisist Aleksandr Nepomnyaşiy:

“SAM-ın keçirdiyi sorğu göstərdi ki, orada iştirak edən azərbaycanlıların əksəriyyətinin İsrailə münasibəti müsbətdir. Hesab edirəm ki, bu, təəccüblü deyil, çünki ölkələrimiz bir çox sahələrdə, o cümlədən təhlükəsizlik və iqtisadi məsələlərdə uzun, sıx və qarşılıqlı faydalı əməkdaşlıq edir. Bundan əlavə, bildiyiniz kimi, İsraildə Azərbaycanla mədəni və tarixi yaxından bağlı olan böyük bir icma yaşayır (və burada hələ Azərbaycana səfər edən və sizin isti və qonaqpərvərliyinizlə bağlı müsbət xatirələri özləri ilə aparan çoxsaylı israilli turistləri demirik), bu da xalqlarımızın yaxınlaşmasına töhfə verir.

İrana münasibətə gəlincə, hesab edirəm ki, sorğu göstərdi ki, sorğuda iştirak edənlərin əksəriyyəti indi orada baş verən inqilabi etirazlar nəticəsində İran rejiminin dəyişəcəyini, hətta yıxılacağını gözləyir. Təəccüblü deyil ki, öz xalqını sıxışdıran, bütün regionda sabitliyi pozan fanatik İran rejimi haqlı olaraq qonşularının razılığını qazanmır. Eyni zamanda, hesab edirəm ki, İranın hazırkı ekstremist gücünün tezliklə süqut etməsinin gözləntiləri azərbaycanlıların İran xalqının özünə münasibətini əks etdirmir.

Başqa sözlə, sorğu azərbaycanlıların İsraillə tərəfdaşlıq sayəsində güclənən və İranda indiki inqilabi etirazlar nəticəsində hakimiyyət dəyişikliyi baş verərsə, daha da artacaq regional sabitlik istəyini tamamilə təbii göstərdi. Ümid edək ki, yaxın gələcəkdə İranda çoxdan gözlənilən dəyişikliklər baş verəcək və bu, hər üç xalq: israillilər, azərbaycanlılar və iranlılar arasında səmərəli tərəfdaşlığa başlamağa imkan verəcək”.

Ukrayna Gələcək İnstitutunun analitiki, Yaxın Şərq regionu üzrə ekspert İliya Kusa:

“Bu ictimai rəy sorğusu Azərbaycanın və digər ölkələrin yürütdüyü siyasətlə, yəni ümumilikdə regional vəziyyətlə yaxşı uyğunlaşır. Hazırda sirr deyil ki, Azərbaycan İrandakı etirazları müəyyən mənada dəstəkləyir, çünki oradakı vəziyyəti onu zəiflətmək şansı kimi qəbul edir. Birincisi, İran həm Azərbaycanın, həm də Türkiyənin regional rəqibidir. İkincisi, İran Ermənistanın müttəfiqidir, ona görə də, məsələn, Azərbaycan-Ermənistan münaqişəsi məsələsində Ermənistanın tərəfini tutur.

Aydındır ki, belə bir vəziyyətdə İranı zəiflədən, onu xarici siyasətdən daha çox daxili işlərlə məşğul olmağa məcbur edən etirazlar Azərbaycana sərf edir və siyasi müstəvidə onlara dəstək verəcək. Sorğunun da göstərdiyi kimi, ictimaiyyətdə də. Yəni, ictimai səviyyədə də konyuktura var.

İsrailə gəlincə, Azərbaycanla bu dövlət arasında münasibətlər əvvəllər o qədər də yaxın olmayıb və ictimai anlayışda yəqin ki, İsrail uzaqda olan bir yer hesab olunub. Bu, prinsipcə təəccüblü deyil, çünki hər iki ölkə müxtəlif subregionlarda, müxtəlif siyasi, sosial-iqtisadi, geosiyasi mühitlərdə yerləşir.

Mən gözləmirdim ki, Azərbaycanın İsrailə qarşı mənfi münasibəti olacaq, çünki onların münasibətlərində İsrailin ərəb dünyası ilə münasibətlərində olduğu kimi zəhərli şleyf yoxdur. Ərəb ölkələrində bu dövlətin yaranma tarixi, ərəblərlə toqquşması, üç müharibə olması səbəbindən İsrailə qarşı mənfi münasibət formalaşıb.

Və bu sorğuya əsasən, İsrailin etibarlı tərəfdaş kimi qəbul edilməsi son illərdə bu dövlətlə yaxınlaşma, o cümlədən hərbi-texniki əməkdaşlığın gücləndirilməsi ilə üst-üstə düşür. İranla Azərbaycan arasında münasibətlərin korlanmasının səbəblərindən biri də budur, çünki Tehranın nöqteyi-nəzərindən Azərbaycanla İsrailin yaxınlaşması pisdir. Onlar hesab edirlər ki, İsrail Azərbaycan vasitəsilə İrana təzyiq etmək imkanı əldə edir. Yəni, bir növ gizli əməliyyatlar həyata keçirmək, ordusunun hərəkətlərinə nəzarət etmək, bəlkə də, təxribat törətmək üçün imkan əldə edir.

Azərbaycan da öz növbəsində hesab edə bilər ki, İsraillə tərəfdaşlıq İranın təsirinə qarşı bir tarazlıqdır. Yəni burada situasiya baxımından Azərbaycan və İsrail İranın zəifləməsi və cilovlanması ilə bağlı maraqlarını birləşdirir.

Əslində, heç də bütün ölkələr qonşuları ilə yaxşı rəftar etmir və etməməlidir, çünki belə yaxınlıq avtomatik olaraq onlar arasında tam qarşılıqlı anlaşmanın olması demək deyil. Rusiya və Ukraynanı misal göstərmək olar. Biz qonşuyuq, üstəlik, ortaq dilimiz, mədəni məkanımız və daha çox şeylərimiz var idi, amma buna baxmayaraq, münasibətlərin çox pis olduğunu görürük. Burada işləyən amillərin birləşməsi var.

İran-Azərbaycan münasibətləri həmişə çətin olub. Bu ölkələrin bir-birini istisna edən çox fərqli idarəetmə modelləri var. Qarşılıqlı şübhələrin artdığı, normal ünsiyyətin, kommunikasiyanın olmadığı, regionda ambisiyalı dövlətlərin çox olduğu bu vəziyyət müxtəlif sarsıntılarla doludur. Region təbii ki, gərgindir. Hər kəsin öz məqsədləri var və hamı hesab edir ki, indi buna nail olmaq olar, xüsusən də Rusiyanın Ukraynadakı müharibəsi fonunda, Rusiya Federasiyası zəiflədikcə, hər kəsin doldurmaq istədiyi müəyyən təsir vakuumu yaranır”.

Müəllif: Rauf Orucov
 
Ardını oxu...
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu döyüş tapşırıqlarını yerinə yetirdi və hərbi qələbəni əldə etdi. Fəqət müharibədə əldə edilən dominantlığı diplomatik sahədə qazana bilməmişik.

Hərbi sahədə dominantlığa gələk. Qələbədən sonra Azərbaycan ordusu bir çox mövqeləri hətta şillə-təpiklə əldə etdi. Ardınca Fərrux, Sarıbaba, Qırxqız yüksəklikləri nəzarətə götürüldü. Bunlar nə zaman baş verirdi? O zaman ki diplomatiyada tıxac yaranırdı, sərt güc nəfəslik rolunu oynayırdı. Dərhal qarşı tərəf öz cəmiyyətinin belə tənqid etdiyi bəyanatlar verməyə məcbur olurdu.

Azərbaycan diplomatik sahədə istənilən nəticəni əldə edə bilmir. Prosesləri diqqətlə izləyənlər açıq şəkildə müşahidə edə bilər ki, qarşı tərəf hansısa addım atır, Azərbaycan buna yalnız cavab verməklə məşğul olur. Lap elə hazırda davam edən Şuşa-Xankəndi yolundakı aksiyanı götürək. Azərbaycanın nümayəndə heyəti lazım olan əraziyə getdi, onları sözdə narazı işçilər və ermənilər qarşıladılar. Azərbaycanlı fəallar da buna cavab olaraq aksiyaya start verdi. Problem burasındadır ki, Azərbaycan ictimaiyyəti də, bu sahə ilə məşğul olan qurumlar da ancaq həmin aksiyaya fokuslanıblar. Bu, sistemsizlikdən, heç kimin öz işi ilə məşğul olmamasından xəbər verir. Yəni dövlət hansı mesajı verirsə, hər kəs o istiqamətə yönəlir.

Azərbaycanla İran arasında gərginlik artan xətt ilə gedirdi. İş o yerə çatdı ki, rəsmi Bakı cənubdakı soydaşlarımızın hüquqlarından, onların azadlıqlarından danışdı və onları müdafiə edəcəyini bəyan etdi. Mətbuat, alimlər, vətəndaş cəmiyyəti nümayədələri, QHT-lər İrana fokuslandı. Alimlər, siyasətçilər, jurnalistlər danışdı, yazdı, ideyalar ortaya atdı. TV-lərin canfəşanlığından danışmağa belə gərək yoxdur. Mərhum prezident Elçibəy sağ olsaydı, əli üzündə qalardı. Çox gözəl! Sual olunacaq ki, Şuşa-Xankəndi yolundan İrana necə keçdin? Niyəsi çox sadədir. Şuşa-Xankəndi yolundakı aksiya ilə cənubdakı problemdən nə danışan var, nə yazan, nə də göstərən. Bunun adı sistemsizlik deyil, bəs nədir?

Dövlət hansı istiqamətə mesaj verirsə, ancaq həmin sahəyə yönəlmə var. İxtisaslaşma şərtdir! Müharibə vaxtı da bunun çox şahidi olmuşuq. Hərblə yaxından-uzaqdan əlaqəsi olmayan quruma zəng edib söz soruşurduq, deyirdi, başımız müharibəyə qarışıb. Bir neçə mətbuat xidmətinə hətta telefonda da demişdim ki, müharibədən sizə nə? Cəbhədəsən? Yox! Ordu ilə bağlı hansısa iş görürsünüz? Yox! Qardaş, bəs sənin başın müharibənin harasına qarışıb? Cavab yoxdur…

Təkcə dövlət qurumları belə deyil axı. Elə vətəndaş cəmiyyəti nümayədələri, QHT-lər, jurnalistlər də bu gündədir. Müharibə olur, hamı hərbə yönəlir, dünya çempionatı olur, hamı futbola, İranla bağlı mesaj verilir, cənuba, Şuşa-Xankəndi yolunda aksiya olur, Şuşaya, Zəngəzur dəhlizi ilə bağlı dövlət mövqe ortaya qoyur, hər kəs Zəngəzura yönəlib dəhlizçi olur, xəyali yollar açır.

“Azərbaycan yumşaq gücü davam etdirməlidir”, – deyirik. Necə? Təkcə Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirməklə? Düşünmürəm! Azərbaycan tərəfi təşəbbüsü ələ almaq üçün gedişləri artıq özü etməlidir. Misal üçün qanunsuz erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı vaxt verilə bilər. Ardınca cinayətlərdə əli olanların beynəlxalq axtarışını təmin etmək olar. İşıqla, qazla, su ilə bağlı müxtəlif addımlar atmaq olar. Təkcə bu da deyil. Qarabağdakı mədənlərdə işləyən xarici şirkətlərlə bağlı da müxtəlif işlər görmək mümkündür. Ermənistan tərəfinin vurduğu ziyana görə təzminat ödənilməsi ilə bağlı beynəlxalq qurumlara, məhkəmələrə mürciətlər etmək mümkündür. Qısacası, o qədər fərqli istiqamətlərdən hücumlar etmək olar ki, qarşı tərəfin başını qaşımağa belə vaxtı qalmaz. Bunun hərəsini bir qurum öz üzərinə götürsə, nəinki Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirmək olar, cənubdakı soydaşlarımızın hüquqları ilə bağlı da müzakirələri davam etdirə bilərik.

Son günlər Naxçıvanda ciddi dəyişikliklər baş verir. İndi də hər kəs naxçıvanşünas olub.

Bir neçə kəlmə də Naxçıvanda baş verənlər barədə. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin getdiyi deyilir, hətta layihənin 2024-cü ildə bitəcəyi açıqlandı. Layihənin Azərbaycandan keçməsi Azərbaycanın olması anlamına gəlmir. Çindən gələn mallar Londona qədər gedəcək, milyardlar məlum yolla axacaq və Naxçıvanda xan idarəetmə üsulu davam edəcəkdi? Bu qədər saf ola bilməzsiniz.

Heç kəsə sirr deyil ki, tez-tez yön dəyişdirənlər, hər tezis uğrunda can qoyanlar ələbaxanlardır. Bunları başa düşürük. Bəs ixtisaslaşmış qurumlar, təşkilatlar, şəxslər niyə bu qədər ağızabaxımlılıq edir? Bu cür davranışlar cibə xeyir edə bilər və edir də! Bunun ictimaiyyətə və dövlətə vurduğu zərəri kim düşünəcək?

Səxavət Məmməd
 
 
 

Dünyapress TV

Xəbər lenti