
TEREF yazır ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə deyilir:
"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 09.08.2024-cü il tarixində yaşadığım ünvanda aparılan monitorinq zamanı istifadəmdə olan "Avtotəmizləmə xidmətləri" zərfi çərçivəsində nəzərdə tutulan əmlakdan müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyim iddia olunaraq barəmdə məhkəməyə müraciət edilmişdir. Əlbəttə bu, tamamilə əsassız, eyni zamanda qərəzlidir. Belə ki, sözügedən agentliklə mənim aramda 01.04.2022-ci il tarixli 2022/ÖM/00443 nömrəli müqavilə bağlanaq "Avtotəmizləmə xidmətləri" ilə təmin olunmuşam. Həmin əmlakdan bir neçə ay ərzində qaydalara uyğun şəkildə istifadə edərək maddi dolanışığımızı qarşılayırdıq.
"Özünüməşğulluğun təşkili Qaydası"nın 8.2.-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Yuxarıda qeyd etdiyim müddət ərzində aparılan monitorinq zamanı müqavilənin tələbini pozmağıma dair hər hansısa bir əsas qeydə alınmamışdır. 1 (bir) il ərzində Dünya Bankının Azərbaycan ofisi üzrə nümayəndəsi tərəfindən aparılmış monitorinqin nəticələri gizlədilmiş, bu haqda heç bir məlumat qeyd olunmamış. Deməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində bildirilən "Vəzifə saxtakarlığı"na yol verilmişdir. Yaşadığım ünvanda sonuncu monitorinqi 09.08.2024-cü il tarixində aparıldığını qeyd edir. Hansıki, müqavilə müddəti 01.04.2023-cü il tarixində başa çatmışdır. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətt nömrəsinə, Mərkəzi Aran Regional Məşğulluq Filialının Göyçay Rayon Xidmət Şöbəsinə məlumat verməyimizə baxmayaraq, müqavilə müddəti başa çatdığı zaman verilən aktivlərin sonuncu monitorinqi aparılmamışdır. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsinə əsasən verir.
Nəzərinizə çatdırım ki, özüm evdar qadınam. Böyük oğlum müddətli həqiqi hərbi xidmət dövründə sağlamlığını itirdiyi üçün hazırda 1-ci qrup hərbi əlildir, mən isə 1-ci qrup əlilə qulluq edirəm. Həyat yoldaşım ağır ürək-damar xəstəliyi səbəbilə 2-ci qrup əlildir. Balaca oğlum məhkumdur, 2016-cı ildə 12 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 1-ci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsində "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır." qeyd olunub. Sizin göstərişinizlə bizim kimi kasıb və işsiz insanların özünüməşğulluğunu təmin etmək məqsədilə nəzərdə tutulan aktivlərin Dövlət Məşğulluq Agentliyi tərəfindən geri istənilməsinin arxasında vətəndaşlarda dövlətə qarşı narazılıq yaratmaq kimi məkirli planlar dayanır. Mən Sizə və dövlətimə güvənirəm. Barəmdə məhkəməyə müraciət edən Agentliyin bir çox əməkdaşlarının özləri barəsində araşdırma aparılsa, bizdən fərqli olaraq dəbdəbəli villaya, bahalı avtomobillərə, yüksək var-dövlətə sahib olduqları ortaya çıxacaqdır. Hesab edirəm ki, bu Agentliyin başına Sizin Dəmir Yumruğunuz dəymədikcə, onlar düzələn deyil.
Cənab Prezident, mətbuat vasitəsilə Sizdən artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların obyektiv və hərtərəfli araşdırılması, ailə vəziyyətimizin nəzərə alınması, barəmdə məhkəməyə müraciət edən Dövlət Məşğulluq Agentliyinin əsassız iddiasının geri çəkilməsi və sözügedən Agentlik haqqında geniş araşdırılmalar aparılması üçün tapşırıq verəsiniz. Sizə öz adımdan və ailəmiz adından sonsuz təşəkkürlərimizi bildirirəm. Allah Sizdən razı olsun."
TEREF