11 illik təhsilin sonuna gələnlər bu günlərdə imtahan həyəcanı ilə yaşayır. İmtahan da, onun həyəcanı da normaldır. Alınan biliyin, sərf edilən vaxtın və ən əsası enerjinin hesabatı olmalıdır. Təhsil ekspertləri hesab edir ki, bu hesabat məsələni qəlizləşdirmədən, sadə və rahat olmalıdır.
Keçirilən buraxılış və qəbul imtahanlarının həddən artıq çətin, fənlərin çox olması, əzbərçiliyə qapı açması kimi problemlər şagirdlərin yuxusunu ərşə çəkir. İmtahanların, sualların çətinliyi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov Bizim.Media-ya mövcud problemlərdən danışıb:
“İnsan nəyə görə təhsil alır, bilik qazanmaq istəyir? Bunu gələcəkdə əldə etdiyi biliyi kapitala çevirməklə, loru dildə desək, öz çörəyini qazana bilmək üçün edir. Yəni, mənəvi dəyərdən başqa, biliyini həm də maddi dəyərə çevirə bilmək üçün edir. Dəyərlərin içərisində ən dəyərlisi sağlamlıqdır ki, onu heç bir kapitalla əldə etmək olmur”.
Müsahibimiz övladlarımıza münasibəti dövlətimizin gələcəyinə olan münasibətlə müqayisə etməyin vacibliyini vurğulayıb:
“Biz uşaqlarımızı bu imtahanlarla, bəlkə də gələcəkdə onun həyatında heç bir rolu olmayacaq o çətin suallarla hara aparırıq? Onların sağlamlığı ilə oynamırıqmı? Psixologiyasını zədələmirikmi? Gərginlik altında saxlamırıqmı? Mövzu yetişməkdə olan nəsildir. Onların inkişaf edən, təsirlərdən daha çox zərər gördüyü dövrdə biz bu uşaqlara nəyə görə bu qədər əziyyət veririk? Həqiqətən duşundurücudur. İmtahan belə ola bilməz və belə olmamalıdır.
Universitetlərə qəbul prosesinin sadələşdirilməsinin tərəfdarıyam. Bizim övladlarımız beynəlxalq, dünyada nüfuzu olan ali məktəblərə imtahan verir. Tutaq ki, beynəlxalq SAT imtahanı verir. Burada sadəcə iki əsas fəndən-riyaziyyat, məntiq və dil imtahanı verir. Suallar da kifayət qədər rahatdır. Bu suallarla nəticə qazanan bizim gənc gedib dünyanın ən məşhur universitetlərində təhsil ala bilir.
Amma gəlib Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilmir. Bu şərtlərlə Bakı Dövlət Universitetində təhsil almaqdansa, Türkiyədə daha adi universitetə oxumağa üstünlük verir.
Fikirləşir ki, bu universitet mənə bilik, peşəkar vərdişləri verə bilmir. Ona görə də bizim gənclərimiz xaricə üz tuturlar və bir çoxu da geri qayıtmır.
Həqiqətən gənclərlimizlə çox pis rəftar edirik. Əlimdə imkan var,- deyə bu uşaqlarla bu cür rəftar etmək nə dərəcədə doğrudur? Birinci kursa qəbul olan uşaqların siması çox yorğun, əzgin görünür”.
Sabah övladlarımız bizi bağışlamayacaq
Biliyi verən qurum imtahanı da etməlidir. İlqar Orucov düşünür ki, imtahanlarla bağlı çox maraqlı təzad yaranıb:
“Təhsili Elm və Təhsil Nazirliyi verir, sualı Dövlət İmtahan Mərkəzi tərtib edir. DİM-in ləğvinin tərəfdarı deyiləm. Kifayət qədər şəffaf bir qurumdur. Amma nəyə görə sualları tərtib etməlidir? DİM yalnız imtahanların texniki işlərini həyata keçirməlidir”.
Müsahibimiz DİM-in suallarının SAT imtahanları ilə müqayisəsindən danışıb:
“Mənim övladım SAT imtahanı verib. Suallar rahatdır. Şagirdlərin baza biliklərinə malik olmasının tərəfdarıyam. Bunu onsuz da məktəblər verməlidir. Amma qəbul və buraxılış imtahanını bu qədər çətinləşdirmək doğru deyil. Bizim universitetlərə qəbul olmaq çox çətindir. Amma bitirmək asandır. Deputat Musa Qasımlının sözü ilə desəm, universitetin hüquq fakültəsinə 100 nəfər qəbul olur, 500 nəfər məzun olur.
Dünyanın heç bir yerində belə şey yoxdur. 100 nəfər qəbul varsa, onlardan 20-sinin diplom ala bilməsi göstəricidir. Bu üsulu dünyanın ən nüfuzlu universitetləri edir. Təəssüf ki, biz öz övladlarımızın üzərində eksperiment edirik. Sabah həmin övladlar bizi bağışlamayacaq. Onlara Vətən sevgisindən necə danışa bilərik? Biz bu torpağı onlara əmanət etməliyik”.
Qəbulda yeni yanaşmalar olmalıdır
İ. Orucov deyir ki, imtahanlarla bağlı mütləq yeni yanaşmalar olmalıdır: “İmtahan suallarının tərtibini Elm və Təhsil nazirliyi həyata keçirməlidir. Çünki biliyi onlar verir və proqramın məzmununu onlar tərtib edir. DİM texniki funksiyanı üzərinə götürməlidir. Hətta bu test məsələsi də çox zərərlidir. Universitetlərin də çoxunda bu üsul var. Savadlı gənclər tanıyıram ki, onlar yaza, fikirlərini ifadə edə bilmirlər. Testologiyaya hədəfləniblər, əzbərçiliyə meyilləniblər.
Vaxtilə də imtahanlarda neqativliklər var idi. Amma necə oldu ki, biz 30 il ərzində yaxşı müəllimlər yetişdirə bimədik? Ali təhsil müəssisələrində çalışanları mələk hesab etmirəm. Dünənə kimi onların arasında rüşvətin içində çabalayan çox olub. Amma biz yeni nəsilləri gətirməliyik. Təəssüf ki, universitetlərin strategiyaları yoxdur.
18-20 il rektor olan bir müəllimə imtahanları nə üçün hələ də testlə apardıqlarını soruşdum. “Etibar etdiyim müəllimlər yoxdur”-deyir. Necə olur ki, bu qədər vaxtda müəllim yetişdirə bilmirlər. Qapını istedadlı insanlara təmənnasız açmaq, xaricə göndərmək lazımdır ki, yaxşı müəllimlər yetişsin. Bunları etmirik və beləcə uşaqlarımızı, gənclərimizi incitməkdən sanki zövq alırıq.
Onlar sabah Ali Baş Komandanın bir əmri ilə ayağa qalxacaq gənclərimizdir. Məmurların onlara qarşı bu cür yanaşmasını təəssüf içində seyr edirəm. Övladlarımıza yeni biliklər ardınca qaçmağı öyrətmək əvəzinə, onlara şablon biliklər verməklə gələcəyə hazırlıqsız yola salırıq. Ortada övladlarımızın sağlamlığı imtahana çəkilirmiş kimi görüntü var”.
Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, imtahanların uşaqlarda yaratdığı gərginlik, stress onları çətin vəziyyətə salır:
“Gərginlik və stresli halı imtahanı uğurlu verən də, verməyən də yaşayır. Uşaqlar uzun aylar imtahanlara hazırlaşır. Bir tərəfdən dərslər, digər tərəfdən imtahan hazırlığı onları gərgin vəziyyətdə saxlayır. Eyni zamanda, bunun üstünə imtahan həyəcanı gəlir. İmtahanı verdikdən sonra isə gözləməyin nigarançılıq və həyəcanı başlayır.
Neçə suala düz cavab verdiklərinə əmin ola bilmirlər. Bir tərəfdən də evdəkilərin gözləntisi, uşaqların üstünə gəlməyi, hər dəfə bu mövzularda sual vermələri uşaqlarda bezginlik və stress yaradır. İnsanlar arasında intihar hallarının artması aprel- may-iyun aylarına təsadüf edir.
Valideynlər bunu mütləq nəzərə almalıdırlar. İmtahanla bağlı çox suallar vermək olmaz. Nəzərə alaq ki, buraxılışdan sonra qəbul imtahanlarının həyəcanı başlayır. Eyni həyəcan davam edir”.
Psixoloq bildirib ki, hazırda abituriyentlər çox gərgin vəziyyətdə olduqlarına görə, valideynlər övladlarına çox ehtiyatla yanaşmalıdırlar. Bizim.Media