Xəbər verdiyimiz kimi, ötən gün Şuşanın icra başçısı Bayram Səfərovla jurnalist arasında mübahisə yaranıb. Jurnalistlərdən biri icra başçısından sonuncu dəfə Şuşaya nə vaxt getdiyini soruşub. Bu suala qəzəblənən Səfərov jurnalistə "sənə dəxli yoxdur", - deyə cavab verib. Jurnalist isə icra başçısından hesab sormaq haqqının olduğunu söyləyib.
Məsələ ilə bağlı media eksperti, Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, hər iki tərəf düzgün münasibət və davranış sərgiləməyib:
"Birincisi, Bayram Səfərovun birbaşa vəzifəsidir ki, jurnalistlərin məhz bu məsələlərlə bağlı suallarını cavablandırsın. O, Şuşanın icra başçısıdır. Ümumiyyətlə, ictimaiyyətin onun Şuşada tez-tez olması və ya olmaması ilə bağlı maraqlanmağa haqqı-hüququ var. Əlbəttə ki, Bayram Səfərov bu cür suallara təmkinlə, ədəb çərçivəsində, kobudluq etmədən qabalıq etmədən, mədəni, mərifətli adam kimi cavab verməlidir bir məmur, vəzifəli şəxs kimi. Təəssüflər olsun ki, o bu yanaşmanı sərgiləmədi. Kobudluq, qabalıq edərək, Prezidentin etimad göstərdiyi bir məmura yaraşmayacaq davranış sərgilədi. İkinci tərəfdən jurnalistin sualı qoymaq tərzinə gəlincə, əlbəttə ki, heç bir jurnalistin heç kimdən hesabat sorma kimi vəzifəsi, yaxud da ixtiyarı yoxdur. Jurnalist soruşa bilər, araşdıra bilər və bu zaman da nəzakət çərçivəsində, özəlliklə də media etikası çərçivəsində davranmalıdır. Bu halda isə jurnalist faktiki olaraq özünü bir növ müstəntiq də deməzdim, ümumiyyətlə bu situasiyaya hər hansı formada yapışmayacaq şəkildə aparır, yəni jurnalist kimi davranmır. Jurnalist soruşa bilər, amma heç kimdən hesab sormaq deyə bir tələbi ola bilməz. Bu baxımdan, hər iki tərəf qeyd etdiyim kimi, Bayram Səfərov öz kobudluğu, qeyri-adekvat reaksiyası ilə (əsəb, təmkindən kənar davranışı ilə) digər tərəfdən də jurnalist o cür sual qoymasıyla yumşaq desək sinifdə qaldılar. Şuşa kimi strateji bir rayona niyə hələ də Bayram Səfərov kimi dünyadan xəbərsiz bir adam başçılıq etməlidir?! Bu cür bir adamın Şuşanın icra başçısı vəzifəsində qalması mənə elə gəlir ki, bizim zərərimizə işləyir. Zatən onun başçı kimi olması zərərimizə işləyirdi, çünki 44 günlük savaşdan öncə erməni icması olduqca aktiv idi. Dünyanın hər tərəfindən onlar təbliğat aparırdı, amma Bayram Səfərovdan səs də yox idi, hər hansı təbliğat qurmurdu. Hansı iş gördüyümüzdən xəbərimiz olmurdu. O baxımdan düşünürəm ki, artıq bu məsələ də öz həllini tapmalıdır".