Türkiyədə baş vermis, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində də narahatlıq və suallar yaradıb. Yaşanan dəhşətli zəlzələdən sonra Bakı sakinlərinin yaşadıqları binanın necə tikilməsi ilə bağlı narahatlığı yenidən artmağa başlayıb.
Sosial şəbəkədə Xırdalandakı "Blue residence" şirkətinə məxsus binanın yarımtikili şəklindəki fotoları "Elə bil beton yerinə qamışdan istifadə ediblər" başlığı altında paylaşılıb. Diqqətlə baxdığımızda binanın sütunlarının bir mişar daşının enindən belə nazik olduğu görünür. Müzakirəyə qatılanlar binanın beton sütunlarının bu qədər nazik qata malik olması ilə bağlı etirazlarını bildiriblər. Dolayısı ilə zəlzələyə davamlılığın zəif olduğunu qeyd edirlər.
Əməkdaşımız "Blue residence" şirkətinə məxsus binanın yerləşdiyi ərazidə olub. Uzaqdan baxdığımızda həqiqətəndə yarımtikilinin sütunları çox nazikdir. Görəsən, sözügedən şirkət binanı bu şəkildə inşa etməkdə məqsədi nədir?...Türkiyədə baş verən zəlzələdə minlərlə insanın həyatını itirməsi dərs olmadımı?...
Çoxmərtəbəli binanın o hala düşməsi lap faciədir. Dar və nazik sütunların qoyulması, konstruktiv möhkəmliyin zəif olması nəticəsində binalar təbii fəlakətə tab gətirə bilmir. Ucuz başa gəlsin deyə konstruksiya baxımından texniki şərtləri ixtisara salmaq belə, fəsadlara gətirib çıxara bilər. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb.
Bu kimi halların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları, Memarlıq və Şəhərsalma Baş İdarəsi mübarizə aparmalıdır. Çünki təbii fəlakətlər olanda nəticəsi çox acınacaqlı olur.
"Blue residence" şirkətinə məxsus binanın sütunlatının nazik formada olması və zəlzələyə davamlılığı insanlarda qorxu yaradıb. Ümid edirik ki, aidiyyatı orqanlar sözügedən binanın zəlzələyə davamlılığını yenidən yoxlamalıdır. Yoxsa gələcəkdə baş verən faciələrdən qurtulmaq heç də qaçılmaz olmayacaq.
Mütəxəssislərin fikrincə, şəhərsalma qaydalarına zidd olaraq, yüksək mərtəbəli yaşayış binalarının yaxın məsafədə tikilməsi, zəlzələ baş verərsə, fəlakətə səbəb ola bilər. Onların fikrincə, hətta özülü möhkəm bina zəlzələyə davam gətirsə belə, yanındakı bina aşarsa, onda da fəsad yaradacaq, hətta bəlkə aşıracaq da.
Unutmayaq ki, bu cür məsuliyyətsiz hərəkətlər gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər.
Ps. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Amia.az//