Türkiyədə baş verən dəhşətli zəlzələ qanunsuz tikintilərin, inşaat zamanı tikinti normalarının pozulmasının insanlar üçün necə böyük faciəyə yol açdığını əyani şəkildə bir daha göstərdi. Eləcə də istismar qaydalarının pozulması, binaların, obyektərin təyinatının dəyişdirilməsi, bu zaman dayaq bloklarının, istinad divarlarının sökülməsi fəlakətin miqyasını genişləndirən amillərdəndir.
Hazırda hüquq-mühafizə orqanları məsuliyyət daşıyan tikinti maqnatlarını, onların sifarişlərini yerinə yetirən podratçı şirkətlərin rəhbərlərini kütləvi şəkildə həbs edir. Əlbəttə, nəzarət qurumları vaxtında öz işlərinə məsuliyyətlə yanaşsaydılar, bəlkə də faciənin miqyası bu qədər olmazdı. Sonradan görülən tədbirlərin faydası az olur...
Ötən 20 ildə yaşanan neft bumu Azərbaycanın, xüsusən paytaxt Bakının simasını tanınmaz dərəcədə dəyişib. Minlərlə yeni çoxmərtəbəli yaşayış binaları, villalar, fərdi evlər, ticarət mərkəzləri, restoranlar, iş mərkəzləri tikilərək istifadəyə verilib. Paytaxtın hazırkı mənzərəsi bu tikililərin bir çox hallarda qanunsuz, elementar tikinti normalarına riayət edilmədən ərsəyə gəldiyini göstərir. Bir-birinin içinə girən binalar, harada gəldi tikilən ticarət mərkəzləri, restoranlar, paytaxtın parklarını, bağlarını, dövlət qurumlarının ərazilərini zəbt etmiş villalar bundan xəbər verir.
Onların bir çoxu potensial təhlükə mənbəyidir, bəzən onlara təcili tibbi yardım, yanğınsöndürən maşınlarının yaxınlaşması belə mümkün deyil. Bir çoxlarının təyinatı dövlət qurumları ilə razılaşdırılmadan dəyişdirilib, bu zaman adi yanğın təhlükəsizliyi qaydalarına belə əməl olunmur. Məsələn, “AzPolitika.info”ya daxil olan şikayət xaraketli məlumatların birində belə obyektlərdən bəhs olunur. Qeyd olunur ki, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi 9 ünvanında yerləşən “Mingis” restoranı əvvəllər villa olub, daha sonra təyinatı dəyişdirilərək restoran kimi fəaliyyət göstərir. Amma bu barədə aidiyyatı dövlət qurumlarından hər hansı rəy, razılıq alınmayıb. Eyni zamanda yanğın təhlükəsizliyi ilə bağlı FHN-də qeydiyyata da götürülməyib. Yəni hazırda sənəddə yaşayış evi kimi qeyd olunsa da, iaşə xidməti göstərən obyekt olaraq fəaliyyətdədir.
Qaydalara görə, yaşayış üçün nəzərdə tutulmuş binalar, tikililər ticarət, iaşə obyektləri kimi fəaliyyət göstərirsə, dövlət qurumlarının rəyi alınmalıdır. Təyinatına uyğun olaraq bina istismara uyğunlaşdırılmalı, daxili rekonstruksiya zamanı tikinti normalarına, təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Belə obyektlərin sahibləri bir çox hallarda həm təyinatın dəyidirilməsi ilə bağlı rüsumu ödəməkdən, həm də kommunal haqları sahibkar kimi deyil, adi abonent kimi ödəməklə artıq məsrəflərdən yayınmağa çalışırlar. Məlumdur ki, ticarət, iaşə xidməti göstərən sahibkarlıq subyektləri işıq, qaz, su üçün daha yüksək tariflərlə ödəniş edirlər. “Mingis” restoranı kimi təyinatını dəyişdirmədən işləyən obyektlərdə əsas məqsədlərdən biri bu cür yayınmalara yol verməkdir. Əlbəttə, araşdırma aparılarsa, villanın restorana çevrilməsində, vergi, sosial ödənişlərdən tutmuş başqa “qənaət” faktları da tapmaq olar.
Qeyd edək ki, sözügedən şikayətdə yer alan iddialarla bağlı “Mingis” restoranı rəhbərliyinin mövqeyini almaq mümkün olmadı.