DİA.AZ: - "İşçilərinizin demək olar ki 80% ilə məcburi müvəqqəti Əmək Müqaviləsi bağlamısınız(bağlayırsınız). Bilmək istərdim bu məcburi( "könüllü") müvəqqəti Əmək Müqaviləsinə işçiyə qol çəkditdirərkən bu maddənin hansı bəndinə istinad edirsiniz?" DİA.AZ bildirir ki, bu sualla "Azneft" İB rəhbərliyinin qarşısında tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib. M. Qəhrəmanlı daha sonra hüquqları tapdanan neftçilərə xitab edir: "Neftçilər! İdarənizin İR üzrə məsul şəxsi sizi müvəqqəti Əmək Müqaviləsinə qol çəkməyə məcbur edərkən, cənabdan aşağıda yazdığım hansı bəndləri əsas götürdüyünü xəbər alın. Yəqin ki,barmağını yuxarı tuşlayacaq: ☝️yuxarıdan tələb edirlər ARƏM Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b)təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...