Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. DİA.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 16 min 584 manat olan tender müsabiqəsinin qalibi “Delta 10 LT” MMC (VÖEN- 1102638281) olub. “Delta 10 LT” MMC AMEA-ya stellaj üçün dayaq (12 ədəd) və rəf (450 ədəd) satacaq. Nizamnamə kapitalı 10 manat olan “Delta 10 LT” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanova Vüsalə Vaqif qızıdır. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Delta 10 LT” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay yarım əvvəl dövlət qeydiyyatına alınıb. AMEA tender müsabiqəsini (Kotirovka sorğusu) sentyabr ayının 15-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Delta 10 LT” MMC isə iyun ayının 22-də dövlət qeydiyyatına alınıb. Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Cəmi 3 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil. Onu da qeyd edək ki, iyun ayının 22-də Sultanova Vüsalə Vaqif qızının qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşən daha 3 şirkət – “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN - 1102638151) və “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) də dövlət qeydiyyatına alınıb.