Bərpası dövlət büdcəsinə 35 milyona başa gələn Ağdamın Sarıcalı kəndində tikilən evlərə su damıb.
Yenicag.az bu barədə araşsırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalist su daman evlərin tikintisi ilə bağlı maraqlı detallar açıqlayıb.
O bildirib ki, Sarıcalıdakı evləri tikən şirkət “6-cı mərtəbə” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Jurnalistin sözlərinə görə, “6-cı mərtəbə” şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.
“O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur.
35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində – “VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ” MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur. Şahbaz Təhməzli “6-cı mərtəbə”nin sahibi Ataş Təhməzlinin oğludur. Şahin Vəliyev İsrafil oğlu isə hamımızın yaxşı tanıdığımız oliqarx deputat, “Kristal Abşeron”un sahibi Ağalar Vəliyevin qardaşıdır”, – deyə jurnalist qeyd edib.