Misir Mərdanov məktəblərdəki rüşvətdən danışdı: -
Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi çağırış edib. Bildirilir ki, 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib:

“8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.

Qeyd edək ki, uzun illərdir ki, məktəblərdə müəllimlərə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlər tərəfindən hədiyyələrin təqdim olunması reallıqdır.

Sadəcə olaraq bir vaxtlar müəllimlərə təqdim olunan hədiyyələrin məbləği yüksək deyildi. Müəllimə bir gül təqdim etmək belə, hədiyyə sayılırdı. Ancaq təəssüf ki, bu gün bəzi müəllimlər bu “kiçik” hədiyyələrə qane olmur, valideynlərdən daha bahalı hədiyyələr gözləyirlər.

Ümumiyyətlə, ötən illərdə müəllimin aldığı hədiyyə ilə bağlı hansısa cəza tətbiq olunubmu?

Məsələ ilə bağlı 1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov "Cebheinfo.az"-a bildirib ki, çalışdığı dövrdə də belə hallar, söz-söhbətlər, xoşagəlməz hadisələr olub:

“O zaman mən məktəb direktorlarının iştirakı ilə iclas keçirirdim və onlara bildirirdim ki, belə hallara yol verməyin. Yəni bu təbrik gətirib rüşvətə çıxarmasın. Çalışmaq lazımdır ki, belə hallar olmasın. Bu kimi hallar həmişə olub və yəqin ki, indi də var. Ancaq mən istəməzdim ki, belə hallar məktəbi və müəllimi nüfuzdan salsın. Elə etmək lazımdır ki, bu, müəllimə utanc gətirməsin. Hər bir məsələnin ölçüsü var və mənə belə gəlir ki, ölçüdən kənara çıxmamaq lazımdır. O hədd daxilində çox şey etmək olar. Həmin həddi qoruyub saxlamaq lazımdır”.

Sabiq nazir bildirib ki, onun çalışdığım dövrdə də belə hallar olurdu:

“Biz onlara cəzalandırırdıq. İndi kim və neçə nəfər olduğunu xatırlamıram. Ancaq bu hallar olub. Cəza tədbirlərinə gəldikdə isə elə müəllim olub işdən çıxarmışıq, yaxud töhmət vermişik”.
 

Dünyapress TV

Xəbər lenti