
Paytaxt sakinlərinin rastlaşdığı problemlərdən biri də səkilərlə bağlıdır.
Bu problem hazırda Bakı küçələrinin bir çoxunda müşahidə edilir. Belə ki, küçələrdə səkilərin əksəriyyəti ya avtomobillər, ya da ofislər tərəfindən zəbt edilib. Bu gün Bakı küçələrində hər addımda nəinki yol kənarları boyunca düzülən, həmçinin bununla kifayətlənməyib, səkilərə “dırmaşan” avtomobilləri görmək mümkündür.
Əgər hansısa bir avtomobilin sahibindən niyə məhz səkidə saxladığını soruşsaq, ya evinin, ya da sahib olduğu obyektin, dükanın, ofisinin qarşısı olduğunu deyir. Sürücülər üçün məhz onun maşınının rahat, toxunulmaz bir yerdə dayanması daha önəmlidir, nəinki piyadaların rahat hərəkəti. Eləcə də yol kənarındakı obyektin sahibləri səkinin üzərində pilləkanlar quraşdıraraq vətəndaşların səkidə hərəkətinə mane olurlar.
Beləliklə, hərəkət etməyə səki tapa bilməyən sakinlər avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, nəticədə həyatlarını təhlükə qarşısında qoyurlar. Yol qəzalarının bir qismi də məhz yolda hərəkət edən piyadaların vurulması ilə nəticələnir. Səkilərin zəbt edilməsi ilə bağlı problemə dəfələrlə toxunulmasına baxmayaraq, bu problem nəinki həllini tapmır, daha da genişlənir.
Problemi necə həlli etmək olar? Ümumiyyətlə, səkilərə hansı qurum nəzarət edir? Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, bununla bağlı digər qurumlara müraciət etmək lazımdır. Yəni səkilərlə bağlı vəziyyətə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), yerli icra hakimiyyətləri nəzarət edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdikdə isə bildirilib ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənəddə göstərilir ki, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.
Dövlət Proqramına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Maliyyə Nazirliyi (MN), Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi (ƏƏSMN), Daxili İşlər Nazirliyi (DİN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), NƏŞ birlikdə 2025-2026-cı illərdə Tədbirlər Planının icrasını təmin etməlidir. Görünən odur ki, səkilərlə bağlı problem hələ də davam edir. Məsələnin Dövlət Proqramında əksini tapmasına baxmayaraq, burada adıçəkilən qurumların nə mövcud problemdən, nə də Dövlət Proqramı ilə üzərlərinə düşən vəzifədən xəbəri var.