Hər il Azərbaycanda oktyabrın 5-də Müəllimlər günü kimi qeyd edilir. Bu təqvim bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri də müəllimə hədiyyə almaq və ya bunun üçün valideynlər arasında pul toplamaq mövzusudur.
Artıq uzun illərdir ki, məsələ öz həllini tapmır. Məktəblərdə qeyri-rəsmi şəkildə pul yığımlarının ləğv edildiyi deyilsə də, bunun qarşısı alınmır.
Sual yaranır: Elm və Təhsil Nazirliyi niyə bu prosesin qarşısını almır? Gücü çatmır, ya istəmir? Bu qədər yığılan vəsait hara və kimin cibinə gedir?
TEREF xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Globalinfo.az-a bildirib ki, müəllimlər günündə pul yığılması ilə bağlı mütləq sübut lazımdır.
Onun sözlərinə görə, nazirlik pul yığıldığını eşitsə belə, ortada şikayət olmalıdır:
“Məsələn, valideynlər pul yığır. Gəl, indi sübut et ki, onlara məktəbdən müəllim, rəhbərlik və ya başqa kimsə bu cür tapşırıq verib. Qarşı tərəf deyəcək ki, heç nədən xəbərimiz yoxdur, valideynlər özləri pul yığır və s. Nazirliyin xəbəri oldu-olmadı, bu məsələ cəmiyyətimizdə olan köklü problemdir. İnsanların çoxu buna adi hal kimi baxır. Əksəriyyət deyir ki, hə, nə olsun, pul vermək lazımdır da. Ona görə də, məsələlər üzə çıxmır”.
Qeyd edək ki, ümumtəhsil məktəblərində yalnız Müəllimlər günü üçün pul yığılmır. 8 mart, Yeni il, Novruz bayramı, direktorların doğum günləri, məktəbin təmiri, təhsil müəssisələrinə qonaqların gəlməsi, hətta yerli icra hakimiyyətlərinin hansısa tədbiri adı altında hələ də pullar yığılır. Hər dəfə mediada bu məsələ gündəmə gətirildikdə Elm və Təhsil Nazirliyindən “xəbərimiz yoxdir” tipli açıqlamalar verilir. Bu isə o deməkdir ki, ETN tabeliyindəki qurumlardakı qanunsuz fəaliyyətə ya göz yumur, ya da üzərinə düşən işin öhdəsindən gələ bilmir.
Nazir Emin Əmurullayev də jurnalistlərin aidiyyəti suallarına qeyri-müəyyən cavablar verməklə, mövzudan yayınır. Əksər rəylər isə belədir ki, nazir də, nazirlik də istəsə bu qeyri-qanuni fəaliyyətin qarşısını alar.