Artıq öyrəncəliyik, qiymətlər, kommunal ödənişlər, tariflər bir gecənin
içində qaldırılır, pensiyalar, təqaüdlər, əməkhaqqılarının ilboyu artırılacağı
söylənilir. Beləcə hansısa “eks, növbədənkənar” deputatın, hökumət
üzvünün “artım nağılları” bir il əhalinin başını qatır, medianın manşetinə
çevrilir, növbəti ilin Novruz bayramına düşən ayında “göydən 3 -5 faizlik
illik artım alması” düşür”. Sonra yenə də qiymətlər, tariflər sosial- iqtisadi
əsaslandırılmadan birdən Tarif Şurasının qərarı ilə qaldırılır, əhaliyə isə yeni
nağıllar danışılır. Köhnə nağıllarsa hələ də deputatların, məmurların dilində
dolaşır. Ən böyük nağıl 80 manatlıq veteran pulları haqqındadır. Bir də
verilməyən uşaq pulları ara-sıra gündəmə gəlir.
30 sentyabrda Milli Məclisin payız sessiyasının ilk iclasının keçiriləcəyi,
gündəliyin vəsiqələrin verilməsi və komitələrin formalaşması olması
bildirilib. Düzü, hamı kimi, bizim də yeni tərkibli qanunverici hakimiyyətdən
pozitivə doğru bir gözləntimiz yoxdur. Məclisin yeri dağ başı olsa da, özü
dağın dibindən- PA-dan idarə olunur. Dılğır bir məmurun rüşvət,
mənimsəmə qərarını qanundan aşağıda tutan, “biz neyləyə bilərik” ritorik
sualı ilə deputatlıq edən qanunverici orqandan , tərkibi köhnə olsun, yeni
olsun, nəsə gözləmək olarmı?
“Veteranlar haqqında” qanunun yalnız bir maddəsi Qarabağ veteranlarına
tətbiq edilir , onu da Tarif Şurası ləğv edib. Qanunun 11-ci maddəsinə görə,
müharibə veteranlarının istifadəsində olan dövlət bağları və
bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların (müharibə
veteranlarının) şəxsi MÜLKİYYƏTİNƏ verilir”. Bu ƏVƏZSİZ
MÜLKİYYƏT hüququnu QEYDİYYAT ÇIXARIŞI (“kupça”) ilə gerçəkləşdirməyə
borclu olan İqtisadiyyat Nazirliyi, yanındakı ƏMDX ( Əmlak Məsələləri
Dövlət Xidməti) isə sözün gerçək anlamında dələduzluqla məşğuldur.
Dələduzluq xidmətinə baxın, ƏMDX rəsmi məktublarla bildirir ki, əvəzsiz
olaraq şəxsi mülkiyyətə verilmə hüquqların dövlət qeydiyyatına
alınması demək deyildir. Tarif Şurasının 31.07.2023 tarixli qərarı ilə
daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dövlət
rüsumundan əlavə 236,96 manat xidmət haqqı müəyyən edilib və
bu qərar QANUNDAN DA, KONSTİTUSİYADAN DA ÜSTÜNDÜR. (?) Bu
absurdluğu bir ay DƏDKR-in rəis müavini Elvin Məmmədov, növbəti bir
ay Elşad Məmmədov bildirib. Baş prokurorluqdan, DTX-dan, Korrupsiyaya
qarşı mübarizə baş idarəsindən qanuna zidd olaraq rüşvətxorluğundan,
korrupsiyasından şikayət edilən ƏMDX-ya göndərilən müharibə
veteranlarının kollektiv şikayətini isə müavin Rüstəm Şahbazov
27.09.2024-cü il tarixli məktubla cavablandırıb. Əvvəllər də rəsmi
məktublarla “JEK”-in, ƏMDK-nın hansısa məktubunun (?),
şəhadətnaməsinin (?) , saxta-doğru “kupça”nın-qeydiyyat çıxarışının
QANUNDAN, KONSTİTUSİYADAN, MƏHKƏMƏ QƏRARINDAN
ÜSTÜNLÜYÜNÜ (?) bildirən Rüstəm Şahbazov yenə də ənənəsinə sadiq
qalıb. Bu yekəlikdə xidmətin müavini yazır ki, əvəzsiz şəxsi mülkiyyətə
verilmə hüquqların RÜSUMSUZ və XİDMƏT HAQQISIZ olaraq dövlət
qeydiyyatına alınmasına əsas vermir. Çünki “ Dövlət rüsumu
haqqında” qanunda müharibə veteranlarının bağlarının dövlət
qeydiyyatına alınmasının dövlət rüsumundan azad edilməsi yazılmayıb.
Qanunun aliliyinə, Konstitusiyanın ən yüksək qüvvəsinə saymazlığa baxın,
bəs “Dövlət rüsumu haqqında” qanunda Tarif Şurasının qərarı ilə
rüsum bəlirləmə yazılıb? Özü də bağ sahələrinə aid olmayan qərarla?
İndi söz Milli Məclisdə, qanunvericidədir. Ya bu “Veteranlar haqqında”
qanunun 11-ci maddəsini də ləğv etsin, ya da “Dövlət rüsumu haqqında”
qanuna müharibə veteranlarının bağ sahələrinin dövlət qeydiyyatına
alınmasının rüsumdan azad edilməsini əlavə etsin. Di gəl, Tarif Şurasının
qərarını Konstitusiyadan, qanundan, Prezident fərmanından, NK qərarından
üstün tutan xidmətin dələduzluğundan əl çəkəcəyi inandırıcı görünmür.
Məğrur Bədəlsoy
ЕУКУА