“Aztelekom”da iş vaxtı QUMAR MƏSƏLƏSİ...
Ağcabədi rayonu, N.Nərimanov küçəsi, ev 179 ünvanında yaşayan Fətəliyev Səfər Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Aztelekom” onun oğlunu haqsız yerə işdən çıxardıb.
“Hörmətli redaksiya!

Yazaraq bildirirəm ki, oğlum Fətəliyev Vüqar 20 ildən artıq Ağcabədi rayon telekommunikasiya qovşağında elektrik montyoru işləyirdi. 2020-ci il aprel ayının 22-də saat 23 radələrində oğlum axrana otağında olarkən görüb ki, kimsə qovşağın hasarından həyətə keçdi. Baxıb ki, qovşağın rəis əvəzi Mamedov Elməddin Ənvər oğludur. O, gəlib oğlumdan növbədə olanları soruşub. Vüqar deyib ki, burda idilər, mən generatorun yanacağına baxmağa getdim, gələndə görmədim. Əlavə edib ki, yəqin yuxarı çıxıblar, indi gələrlər.

Rəis əvəzi oğluma deyib ki, "arxamca gəl". İçəri girəndə görüblər ki, “kart” oynayırlar, amma qarşılarında pul yoxdur. Rəis əvəzi onları telefonla videoya çəkməyə başlayıb. Çəkiliş vaxtı oğlum Vüqar bayırda olub.

Səhərisi videonu və "kart" oynayanların adlarını həm rayon polis şöbəsinə, həm də "Aztelekom" MMC-nin sabiq direktoru Suat Paşayevə göndərib. Yəni "kart" oynayanların siyahısına oğlumun da adını salıb.

Polis müstəntiqi qərar çıxarıb ki, nə qovşağa, nə də işçilərə heç bir ziyan dəymədiyi üçün işə xitam verilsin. Polisin qərarından "Aztelekom" şikayət verib. İşi başqa müstəntiqə verdilər. O da 5 nəfərə inzibati xəta maddəsi tətbiq edib, məhkəməyə göndərdi. Bu müstəntiq də oğlum Vüqarı təqsirsiz bildi. Hətta rəis əvəzi belə, öz izahatında bildirib ki, mən gələndə Vüqar "axrana" otağında idi.

Buna baxmayaraq, "Aztelekom"un sabiq direktoru Suat Paşayev 3 nəfəri, o cümlədən oğlum Vüqarı da 31 may 2020-ci il tarixdə 70-ci maddənin "ç" bəndi ilə işdən çıxardı. Biz Yasamal rayon məhkəməsinə müraciət etdik. Məhkəmə 03.09.2020-ci il tarixli qətnaməsilə Vüqarı işinə qaytardı. 26.10.2020-ci il tarixdə qətnamə qüvvəyə mindi. Həmin ayın 28-də “Aztelekom” apelyasiya şikayəti verdi, yəni 2 gün sonra. Maraqlısı budur ki, “Aztelekom” adından şikayəti Apelyasiya Məhkəməsinin hakimi, Suat Paşayevin tanışı Emin Mehdiyev yazıb və Suata imza etdirərək, gətirib Yasamal məhkəməsinə verib. Sənədləri öz əli ilə aparıb öz icraatına yazdırıb. Bildiyiniz kimi hər iki halda poçt vasitəsilə göndərilməlidir.

Etiraz etməyimizə baxmayaraq, nəticəsi olmadı. 16.03.2021-ci ildə Yasamal məhkəməsinin qətnaməsindən Ali məhkəməyə müraciət etdik. Hakim Əhməd Əhmədov bizə və Bakıda yaşayan vəkilimizə çağırış göndərmədən işə baxıb. Yazıb ki, "gəlmədikləri üçün işə onlarsız baxılsın". O da qətnaməni qüvvədə saxlayıb.
Ali məhkəmənin plenumuna müraciət etdik. Plenum hakimi Aqil Abbasov işi geri qaytardı ki, rüsum pulu keçirilməyib. Zəng edib köməkçisiylə danışmışam ki, bu işdə rüsum yoxdur, varsa neçə manatdır, keçirim. Kimdənsə soruşublar ki, mən düz deyirəm, təzədən zəng ediblər ki, xahiş edirik, yenidən sənədləri gətirin. Nəticədə əvvəlki qərarları qüvvədə saxladı. Qətnamənin nə günü, nə ayı, nə ili var. Üstünə, tikilən məktubda yuxarıda oğlumun və vəkilin adı yazılıb. Bu da Ali məhkəmənin plenum hakimi Aqil Abbasovun savadı.

Oğlum Vüqarın 3 azyaşlı övladı var, onun ikisi məktəblidir, biri də bu il gedəcək. Həyat yoldaşı işləmir. Mən birinci qrup əliləm, yataq xəstəsiyəm, həyat yoldaşım ağır sümük əməliyyatı keçirib yeriyə bilmir. Pensiyamız dərmanımızı ödəmir. Hansı dövlət təşkilatına müraciət edirik, deyirlər ki, maddə ilə çıxmısan. Qalmışıq ac-yalavac. Məktəbli uşaqların geyimini belə, kredit götürüb almışıq. Yoxlaya bilərsiniz.
Xahiş edirik, “Aztelekom”rəhbərliyi oğlumun üstündə olan bu töhməti götürsün. Axı, sübütlar da var ki, oğlum günahsızdır. Onlardan iş istəmirik. Heç olmasa hardasa bir işə girsin. Ailəmiz böyükdür, 8 nəfərik. Hər yerə müraciət etmişik. Cənab prezidentə, xanımına, heç bir cavab almamışıq. Ümidim sizədir. Bu haqsızlığın sona yetməsində bizə kömək edin".
 

Dünyapress TV

Xəbər lenti