Naxçıvan səhiyyəsinin yeni “xaç atası” bəlli oldu – “canişin”in ən unikal kadrı Bayram Mikayılov
Naxçıvan MR Səhiyyə Nazirliyindəki mənbələrimizdən aldığımız məlumata görə, nazir Samiq Sadıxovun ən əsrarəngiz və unikal kadrı Bayram Mikayılova yeni strateji vəzifə həvalə ediblər. Culfa regional tibb mərkəzinin icraçı direktoru olan Bayram müəllimə Naxçıvan həkimlərini şəxsən seçmək görəvi tapşırılıb.

Bildirilir ki, o, bu yaxınlarda yeni və gənc kadrları seçmək məqsədilə Bakı Tibb Universitetində olub və kolxoz bazarı piştaxtasından alma seçərcəsinə həkim seçib.

Maraqlıdır ki, Bayram Mikayılovun tibb təhsili yoxdur. Bəs o, hansı kriteriyaları əsas götürüb Naxçıvan üçün yararlı həkimləri seçə bilir?

Bu sualımıza cavab verməkdə çətinlik çəkən mənbəmizin daha maraqlı bir detala aydınlıq gətirmək istədi: “Bildiyiniz kimi, Bayram Mikayılov Culfa regional Xəstəxanasının icraçı direktorudur. Özü də tibb mütəxəssisi deyil. Yeri gələndə Naxçıvanın tibbi personal ehtiyacını tam olaraq bilmir. Adətən belə məsələləri ya nazirin şəxsən özü, ya da onun müavinləri edirlər. O zaman, Samiq Sadıxov və müavinləri bir kənarda durduqları halda, Bayram Mikayılova niyə belə mühüm məsələlər tapşırılıb? Olmaya, Samiq Sadıxov və komandası artıq göz ardı edilib? Əgər elədirsə, bir müddətdən sonra Bayram Mikayılovun Naxçıvan Səhiyyə naziri təyin olunması xəbərini eşitsək, təəccüblənməməliyik”.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708274975_2.jpg
Sual oluna bilər: Naxçıvan səhiyyəsinin yeni “xaç atası” sayılan Bayram Mikayılov kimdir?

Bayram Mikayılov: 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.

Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. Fəqət qəhrəmanımız, daha doğrusu “canişin” əfəndinin Bakıdan xüsusi reys ilə gətirdiyi göz bəbəyi bu dəfə də hansısa yolla məsuliyyətdən yayınıb.

2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Di gəl ki, əli yenə dinc durmayıb. Vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.

Buna baxmayaraq, tale onun üzünə yenə gülümsəyib. 2022-ci ilin ortalarında hansısa yolla TƏBİB-in qılığına girə bilib. TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. Amma bu səfər də onunku gətirməyib. Bəzi mərdümazar media qurumları məsələ ilə bağlı TƏBİB-ə müraciət edib. Qurum hal-qaziyədən xəbər tutan kimi “canişin” həzrətlərinin göz bəbəyini yenə işdən qovub.

Bu dəfə isə “canişin”in idarə etdiyi Naxçıvan torpağında bəxtini sınamağa çalışıb və istəyinə də nail olub. “Canişin”in Səhiyyə naziri Samiq Sadıxov bu əvəzsiz kadra Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru vəzifəsini bəxş edib. İndi isə deyəsən özünü Samiq Sadıxovun yerinə hazırlayır.

Ən maraqlısı isə odur ki, həm Culfa, həm də Ordubad sakinlərinin sağlamlığına baxan Bayram Mikayılov öz işlədiyi kollektivdən belə familiyasını gizlədirmiş. Görünür, kimliyinin faş olacağından çəkinirmiş.
Ovqat.com
 
 
 

Dünyapress TV

Xəbər lenti