Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər dəyişikliyindən sonra pensiyalara, sosial müavinətlərə və əlillik dərəcələrinə də münasibət dəyişdi. Xeyli adamın pensiyası kəsildi. Sosial yardım almaq çətinləşdi. Əlillik dərəcəsi əldə etmək şərtləri müərəkkəbləşdirildi. Bizimyol.info xəbər verir ki, əlillik üçün müraciət edənlərin yarıdan çoxuna “yox” cavabı verilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız 43 faiz halda müsbət reaksiya göstərirmiş. Əlillik üçün müraciət edənlərin 57 faizi əliboş qalır. Agentlik müraciətlərin əksərinin motivlərinin doğru olmadığını hesab edir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Anar Bayramovun fikrincə, saxta rəylərin verilməsi belə mənzərə ortaya çıxarır. Dövlət qurumu etiraf edib ki, tibb müəssisələrində saxta rəy verilməsi halları var və olduqca çoxdur. Anar Bayramov ziddiyyətli danışıb. Bir tərəfdən deyir ki, saxta rəylərə görə müraciətlərin daha böyük hissəsinə rədd cavabı veriblər. Digər yandan da əlilliyin təyinatında kəskin artım qeydə alındığını dilə gətirib. Onun sözlərinə görə, ilkin əlilliyin təyinatında ötən illərlə müqayisədə 27 faiz artım olub. “50 min 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər birinci qrup üzrə əlillik 6 faiz olurdu. Gördüyünüz kimi, burada 4 dəfə artım qeydə alınıb. Əlillikdə əsasən göz və pxisi xəstəliklər əsas yer tutur”. Ziddiyyət ifadələrdə aşkar hiss olunur. Agentlik rəsmisi hər vəchlə vəziyyətin yaxşılığa doğru dəyişdiyini göstərmək istəyib. Amma ifadələri də ziddiyyətli səslənib. Anar Bayramov bildirib ki, təyinat zamanı təqdim olunan bütün sənədlər daim dəqiqliklə yoxlanılır: “Ümumilikdə, ötən il təyinatla bağlı 70 mindən yuxarı müraciət olub. Bununla yanaşı, il ərzində təkrar əlilliyə görə müraciətlərin sayı iki dəfə azalıb”. Agentlik rəsmisi çox şey deyə bilər. Ölkədə vəziyyəti əksəriyyət yaxşı anlayır. Sahil Babayev nazir postunu tutandan pensiya və müavinətlərlə bağlı məsələ çətinləşib. Pensiyalar ləğv olunur, sosial yardım verilmir və əlillik dərəcəsi almaq cəhənnəm əzabına çevrilir. Elə bil qarşıya məqsəd qoyublar ki, insanlara mümkün qədər az pul versinlər.