Ötən həftə bir tədbirdə dəvətli olaraq iştirak edirdim. Mənim əyləşdiyim masada çox yaxınımda iki şəhid anası əyləşmişdi. Hər ikisi əsəbi və yorğun görünürdü. Çıxış edənlərdən biri 'şəhid ailələrinə göstərilən diqqət və qayğı"dan bəhs etməyə yenicə başlamışdı ki, analarını ikisi də daha dözə bilməyib gileylənməyə başladılar.
Hər ikisi unudulduqlarından, övladlarının şəhidlik zirvəsinə ucalmasından sonra təqribən bir il hörmət, qayğı görsələr də, sonradan tədricən o, qayğıların azaldılmasından narazılıq edirdilər.
Soruşdum hansı rayon ərazisində yaşayırsınız, onlardan biri əslən Şamaxı rayonundan olduğunu və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığını dedi.
Bütün Şamaxı sakinləri kimi ana da Şamaxı rayonunu Milli Məclisdə güya təmsil edən Tamam Cəfərovanın yalnız adını eşitdiyini, ümumiyyətlə o, rayonun rəhbərliyindən heçolmasa mənəvi dəstək belə görmədiklərini dedi.
Suraxanı rayonuna gəldikdə isə...
Bəli, burda da vəziyyət heç də Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılan xəbərlər qədər təqdirəlayiq deyil.
2021-ci ilin dəqiq xatırlamıram yanvar, yoxsa fevral ayı idi Suraxanı rayonunda bir şəhid məclisində olarkən, 1-2 şəhid ailəsi icra başçısı barəsində gözəl sözlər deyərək, ondan razılıq etmişdilər.
O, zaman da "DogruXeber.az" adımızın məsuliyyəti ilə tədbir barəsində yazdığım materialda Əziz Əzizovun da adını xüsusi qeyd edərək, şəninə təriflər yazmışdım.
Əslində bu gün də o cür yazmaq istərdim, amma...
Bəli, bu əmmanı yaradan son vaxtlar şəhid ailələrinə qarşı diqqət və qayğıda "simic"lik edən rayon rəhbəri Əziz Əzizovun özüdür.
Anadan soruşdum ki, "axı orada mən tədbirdə olanda bir neçə nəfər razılıq edirdi.
Ananın verdiyi cavab bu oldu ki, "əvvəllər eləydi, sonradan yaddan çıxdıq. İndi mənim yaşadığım küçə bərbad gündədir, dəfələrlə müraciət etmişəm, düzəltmirlər. Azəravtoyol-a da müraciət etmişəm, elə deyirlər düzəldəcəyik, amma dəyişən bir şey yoxdur".
Azəravtoyol-a müraciət etmək sizcə ananın işi idi?
Rəhbərlik etdiyi ərazi sakinlərinin problemlərini aidiyyatı qurumlardan tələb etmək rayon rəhbərliyinin, ərazi üzrə millət vəkilinin işi deyilmi?
Amma, dəfələrlə icra hakimiyyətinə müraciət edib, hər dəfə vədlərlə yola salınan ana özü əlacsız qalıb aidiyyatı qurumlara müraciət edib.
Adətim üzrə yazını yazmadan öncə Əziz Əzizovun barəsində internet üzərindən kiçik araşdırma apardım.
Tramvay ustası işləməkdən başlayıb, işini mühəndisliyə, ardından sahibkarlığa qədər böyüdən Əzizov, sahibkarlıqdan birbaşa keçid edib Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə.
Sizcə bu təsadüfdürmü?
Əlbəttə yox, Kərəm Həsənov kimi "day-dayı" olduğu deyilən Əzizovun heç xüsusilə ilk dəfə Cəlilabad rayonuna başçı getməsi də təsadüf deyil.
Yerli medianın yazdığına görə sahibkar fəaliyyəti olan Əzizov bu rayonda özünə böyük fermer təsərrüfatları qurub, rayonun problemlərindən çox özünün və himayədarının təsərrüfatlarına nəzarət edib. Hətta, saytların yazdığına görə onun sözügedən rayonda özünə məxsus şərab zavodu belə var.
Orada torpaq sahələrinin qanunsuz satışı ilə xeyli sərvət toplayan Əzizovun "bezrazmer" nəfsi o yerə gətirib çıxardı ki, vətəndaşlara məxsus pay torpaqlarını da müxtəlif yollarla əllərindən alıb, bir başqalarına satacaq qədər "gözü böyüdü". Hətta, deyəsən bir ara "nəfsi başına bəla olmuşdu ". Yerli medianın yazdığına görə, iş adamı Fərhad Əliyevin biznesinə yiyələnmək istəyi Əzizova "cızza" təsiri bağışlamışdı. Necə deyərlər, "daş qayaya rast gəlmişdi".
Ümumiyyətlə, Əzizovun Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə xeyli sayda Cəlilabad sakinləri dərdini götürüb mətbuata axışmışdı. Onlardan "Kanal14"ə danışan Hüseynov Aydın İman oğlu və Hüseynov Aqşin Aydın oğlunun Əzizov haqqında, "biz onu Alverçi" kimi tanıyırıq deməsinə səbəb, onların da rəsmi sənədlər əsasında özlərinə məxsus olan pay torpaqlarının əllərindən alınıb, başqasına satılması idi.