Məlumdur ki, SSRİ-nin son illərində böyük miqyasda olmasa da rüşvət halları yayılmağa başlamışdı. Həmin illərdə, yəni 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn, yəni Azərbaycan Kommunist Partiyasının 1-ci katibi seçilən Heydər Əliyev ilk olaraq rüşvətxorluğa, o zamankı dillə desək, möhtəkirliyə qarşı mübarizə aparmağa başladı. Hətta o vaxtlar xalq arasında Heydər Əliyev barəsində bu barədə əfsanələr dolaşırdı.
Bu barədə Heydər Əliyev öz çıxışlarının birində deyirdi ki, o vaxtlar qəzetdə çıxan xəbərlə bağlı araşdırma apartdırdım, hətta "raykom" katiblərini (indiki icra başçıları) iclasda ayağa qaldırdım: “Onlara dedim ki, əllərinizi qaldırın, saatlarınıza baxacam, siz bunu necə, hansı pulla alıbsınız?” Gördünüzmü, hətta bəyənmədiyimiz SSRİ dövründə qəzetlərdə məmurlar barəsində gedən 1 cümlə ciddi araşdırmaya səbəb olurdu. Hətta Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra iclasda nazirlərdən birini ayağa qaldırıb, ona “Deyəsən saatı yenə dəyişibsən” deyə, xəbərdarlıq etmişdi. Amma bu gün ölkə mediası hansısa məmurla bağlı aylarla serial tənqidi, araşdırma yazıları dərc edir, amma nə hüquq-mühafizə orqanları, nə prokurorluq reaksiya vermir. Bax, əsas səbəblərdən biri, birincisi budur.
İkincisi, Ulu Öndər hətta o zaman məmurdan qolundakı bahalı saatı necə, hansı pulla aldığını soruşur... İndi deyirlər ki, məmurlar öz gəlirləri barəsində deklarasiya-filan verməlidir. Amma ortada real heç bir nəticə yoxdur. Bu gün nəinki məmurun qolundakı bahalı saat, heç onun xaricdəki, milyonluq biznesi, ölkədəki mülkləri barədə sorğu-sual aparan yoxdur. Bir media yazır ki, Vasif Talıbovun oğlunun 1 milyard dollar pulu İsveçrədə...başqa bir media yazır ki, filan məmurun oğlunun Riqada bankda 1 milyard pulu tapıldı...
Maraqlıdır ki, bu xəbərlərə bircə dövlət qurumu reaksiya vermir. Bu hələ harasıdır..? Hətta son vaxtlar bəzi məmurların məhkəmə yolu ilə müsadirə olunmuş əmlakları özlərinə qaytarılır. Hətta bu günlərdə oxuduğumuz bir neçə xəbər bizi şoka saldı. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan Dövlət Gömrük Komitəsinin polkovniklərini bir müddət öncə məhkəmə azadlığa buraxdı. Bu hələ harasıdır..?
İki ay öncə, daha bir maraqlı xəbərlə rastlaşdıq. Belə ki, külli miqdarda mənimsəmədə ittiham olunan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hansı ki, məktəb direktoru şagirdlərə guya gündə 50 kub metr həcmində su içirtməklə bağlı müqavilə bağlayaraq 121 min 500 manatı mənimsəyib.
Təsəvvür edirsiniz 50 kub metr. Bu hələ harasıdır..?
Məktəb direktoru, mühasib, müavin əlbir olaraq müxtəlif adlar adı altında 200-300 min manat pulu mənimsəyiblər. Və... Onlar məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilən məktəb direktoru Gülnarə Abdullayeva cinayət məsuliyyətindən azad edilib. Onun barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri və "vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri də ləğv olunub. Məhkəmə təqsirləndirilən digər şəxslərə də bəraət verib. Onların müsadirə olunan mülkləri özlərinə qaytarılıb.
Təsəvvür edirsiniz bu boyda cinayət əməllərindən sonra bəraət, hətta məktəb direktoru vəzifəsində qalıb. Əlavə şərhə ehtiyac varmı...?