Hörmətli oxucular! Bir neçə gün bundan öncə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərindən bəzilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazdıqları şikayət ərizəsinin bir surəti daxil olmuşdu. Kənd sakinləri şikayət ərizəsində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlini bəzi məsələlərdə ittiham edib, bu şəxslə bağlı müəyyən iddialarını irəli sürmüşdülər. Yəni, sakinlər iddia edirdilər ki, Mədət Nəzərli Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, hətta sakinlərin istifadə etdikləri örüş sahəsini də kənar şəxslərə satıb. Bundan əlavə, sakinlərə məxsus örüş sahələrinin müəyyən hissəsi Mədət Nəzərlinin “xeyr-duası” əsasında, Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən zəbt olunub. Hətta, Pərviz Ağacanov Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsini də metal torla çəpərləyib. Sakinlərin irəli sürdükləri iddialardan biri də ondan ibarət idi ki, Mədət Nəzərli rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, hansısa şəxsin müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Şikayətçi şəxslərin daha bir iddiası ondan ibarət idi ki, Mədət Nəzərli Qarağac kəndi ərazisində təqribən 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə o, özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Bu şəxsin iki oğlundan heç biri həqiqi- hərbi xidmət keçməyib və s. kimi iddialar irəli sürmüşdülər. Hörmətli oxucular! Bütün bunlar Qarağac kənd sakinlərindən bəzilərinin irəli sürdükləri, hətta dilə gətirdikləri iddialar idi. Söz yox ki, gundemxeber.az saytı olaraq şikayət ərizəsində qeyd olunan belə bir iddialar əsasında, 05 may 2023-cü il tarixdə “Cəlilabadda icra nümayəndəsinin hökmü qanundan keçərlidir- NARAZILIQ” başlıqlı məqalə yayımladıq. Onu da qeyd edək ki, bir media qurumu olaraq belə bir başlıq adı altında məqalə yayımlasaq da, şikayətçi şəxslərin iddia etdikləri faktları araşdırmağı, bu yöndə əsl həqiqətləri üzə çıxarmağı qarşımıza məqsəd qoyduq. Məqalə yayımlandıqdan bir neçə gün sonra isə, Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndə Mədət Nəzərli redaksiyamızla əlaqə saxladı və o, şikayətçi şəxslərin iddiaları ilə bağlı jurnalist araşdırmaları aparmağı, əsl həqiqətləri üzə çıxarmağı məsləhət gördü. Söz yox ki, belə bir addımın atılmasını KİV haqqında Qanun da tələb edir. Belə bir səbəbdən də, təqribən iki gün bundan öncə Qarağac kəndi ərazisində olduq. Apardığımız ümumi araşdırmalar zamanı bəlli oldu ki, Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu Birinci Qarabağ müharibəsi iştirakçısıdır və 1997-ci ildə həyata keçirilən torpaq islahatı zamanı bu şəxsə komissiyanın qərarı ilə 0,36 ha həyətyanı torpaq sahəsi verilir. Hal-hazırda həmin sahə adı çəkilən bu şəxsin şəxsi istifadəsindədir. Amma, ona diqqət yetirmək lazımdır ki, kadast idarəsinin əməkdaşları 0,36 ha həyətyanı torpaq sahəsini qərbdən vurduqları üçün, həmin sahə rəsmi sənəddə örüş sahəsi olaraq qeyd olunur. Yəni, kadastr idarəsi əməkdaşlarının günahı ucbatından həmin sahə xəritədə örüş sahəsi kimi göstərilir. O halda sual oluna bilər ki, görəsən bu məsələdə Pərviz Ağacanov hansı günahın sahibidir? Əslində, kadast idarəsi əməkdaşları etdikləri səhvi qaydaya salmalı və həmin sahə xəritədə həyətyanı torpaq sahəsi kimi göstərilməlidir. Bu gün isə şikayətçi şəxslər iddia edirlər ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mədət Nəzərli, 0,36 ha torpaq sahəsini hansısa marağı çərçivəsində Pərviz Ağacanova satıb və ona görə də bu şəxs istifadə etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, örüş sahəsi Qarağac kənd sakini Qətibə xanıma məxsus fərdi yaşayış evinin qərb hissəsindədir. Şikayətçi şəxslər digər iddialarında qeyd edirlər ki, Pərviz Ağacanov kənd sakinlərinə məxsus örüş sahəsində tövlə inşa etdirmiş və orada özləri üçün mal-qara təsərrüfatı yaratmışdır. Elə ki, qeyd olunan ərazidə olduq, o zaman bəlli oldu ki, şikayətçi şəxslərin iddia etdikləri mübahisəli torpaq sahəsində Pərviz Ağacanovun ailəsinə məxsus fərdi yaşayış evi var və evin həyətində mal-qara tövləsi yerləşir. Mal-qara tövləsində isə cəmi iki baş iribuynuzlu heyvanın və bir neçə toyuq-cücə olmasının şahidi olduq. Yəni, gördüklərimiz bizi belə qənaətə gəlməyə vadar etdi ki, Ağacanovlar ailəsinə qarşı iddialar tam şəkildə əsassızdır.
Onu da qeyd edək ki, Qarağac kənd sakini Pərviz Ağacanovun oğlu Elnur Ağacanov 44 gün davam edən Vətən müharibəsi başlayarkən o, RF-dan ölkəmizə qayıdır və könüllü olaraq hərbi xidmətə yola düşür. Bu şəxs müharibə dövründə həyata keçirilən bir neçə döyüş əməliyyatlarında yaxından iştirak edir və 2021-ci ilin yanvar ayında ordu sıralardından təxris olunur. Az sonra o, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Kəlbəcərin azad olunmasına görə” və “Vətən Müharibəsi” medalı ilə təltif olunur. Bəli, bu şəxs digərlərindən fərqli olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Ona görə də, Elnur Ağacanova qarşı göstərilən diqqət və qayğı hər kəsin borcu olmalıdır.
Qarağac kəndindən olan şikayətçi şəxslər onu da qeyd ediblər ki, Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndə Mədət Nəzərli, Qarağac kəndi ərazisində təqribən 10-15 ha torpaq sahəsini zəbt etmiş və o, orada özü üçün üzüm bağları, taxıl sahəsi yaratmışdır. Qeyd olunan əraziyə baxış keçirilən zaman bəlli oldu ki, həmin sahədə Mədət Nəzərlinin ailə üzvlərinə məxsus fərdi yaşayış evi yerləşir və evin yerləşdiyi sahənin ətrafında isə, cəmi 1,50 ha sahəni əhatə edən üzüm bağı var. Bu şəxsin iki oğlundan heç birinin hərbi xidmətdə olmadıqları məsələsinə gəlincə onu qeyd edə bilərik ki, Mədət Nəzərlinin bir oğlu hal-hazırda tələbə olduğu üçün hərbi xidmətə getməyib, digəri isə qaraciyər problemi ilə üz-üzə qalan xəstələrdəndir. Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndənin müavini Firudin müəllimin qızının bələdiyyə sədri olması məsələsinə gəldikdə isə, onu qeyd edə bilərik ki, bu şəxsin qızı bələdiyyə şurasının üzvü olmadığından, bələdiyyənin sədri də deyil. Şikayətçi şəxslərin iddialarından biri də o idi ki, təqribən beş-altı il bundan əvvəl rayonun Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan yeni tam orta məktəb binasının bir ildən sonra təmir olunması məsələsi idi. Yəni, iddialarda bildirilirdi ki, bu məktəbin binası rayonun maliyyə şöbəsinə rəhbərlik edən şəxslə Mədət Nəzərlinin birgə işbirliyi sayəsində “təmir olunur” və bu ad altında büdcə vəsaitləri mənimsənilir. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, Xəlilabad kənd orta məktəbi 2010-cu ildə təhvil verilir və məktəblərlə bağlı təmir işlərinin həyata keçirilməsi məsələləri təhsil şöbələrinə həvalə olunur. Deməli, Xəlilabad kənd orta məktəbində hansısa təmir-bərpa işlərinin həyata keçirilməsi işləri Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndəliyinin səlahiyyətdə olmayan məsələlər olur. Bütün bunlara baxmayaraq, son günlər elə media qurumları var ki, onlar redaksiya əməkdaşlarımızın ərsəyə gətirdikləri yazını gundemxeber.az saytına istinad edib yaysalar da, müəyyən anlaşılmazlıqlara da yol verirlər. Yəni, həmin şəxslər yayımladıqları yazılara RİH başçısının şəkilini yerləşdirib, bu yolla gündəmi hansısa formada dəyişməyə, yaxud da müəyyən çaşqınlıq yaratmağa çalışırlar. Düşünürük ki, bu cür addımlar jurnalist olan şəxslərin peşə fəaliyyətlərinə heç də başucalığı gətirməz.
Onu da bildirək ki, yuxarıda qeyd olunan torpaq iddiası ilə bağlı Cəlilabad RİH-i tərəfindən bir neçə dəfə məsələlərə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, “Örüş-otlaq sahələri bələdiyyənin mülkiyyəti hesab olunur və ərazi nümayəndəsinin həmin torpaq sahəsini satmağa və icarəyə verməyə ixtiyarı yoxdur. Sözügüdən mübahisəli torpaq sahəsi şəxsi mülkiyyət sənədləri olduğu iddia olunan Vətən müharibəsi iştirakçısı Elnur Ağacanovun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsindən verilən məlumata əsasən, yaxın müddətdə Qarağac kəndində elektron uçot işləri aparılacaqdır. Həmin işlər yekunlaşdıqdan sonra mövcud torpaq mübahisəsi öz həllini tapacaq”. Bəli, belə bir cavabın verilməsinə, qeyd olunan mübahisəli torpaq sahəsinə aid problemin həll olunmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin səlahiyyətinə daxil olmasına baxmayaraq, şikayətçi şəxslər tərəfindən bu gün də ortaya əsassız iddialar qoyulur, bəzi media qurumlarında hüquqi əsası olmayan yazılar yayımlanır. Əslində bu cür yanaşmalar qərəzçilikdən başqa bir şey deyil. Daha yaxşı olar ki, hər kəs həqiqətə düz baxmağa çalışsın. Eyni zamanda məsələ və problemlərə öz düşüncəsindən deyil, hüququn verdiyi prizmadan baxmağı bacarsın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.